adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

NECƏSƏN, QANMAYIM ATAN YANSIN

OQTAY SALAMOV
18130 | 2007-04-11 05:10
Adamlar yaman küt olublar, özlərini arif, qanan göstərməklərinə baxmayın. Hər gün onları ələ salırlar, dolayırlar, onlar isə nəinki bunu duymur, hətta dolayanlara çəpik də çalır, ciblərinin pullarını verib dolayanların məhsullarını da alırlar. O dəqiqə gözləriniz parıldamasın ki, aha, bizi dolayanların adlarını Oqtay çəkəcək və siz də onları məhkəməyə verib təzminat alacaqsınız. Boş xəyallara uymayın, təzminat ala bilsə elə ən çox dolanan Oqtay özü qabağa düşərdi...
   
   Xəbər agentliklərinin göndərdiyi məlumatlar elə bil adamdolama yarışına giriblər. Elə ciddi, elə mötəbər dolayırlar ki, az qalır söymək əvəzinə bir təşəkkür də edəsən. İcazə verin xəbərlərin bir neçəsinin məğzi ilə sizi də tanış və növbəti dolanmalar ilə təbrik edim.
   
   Statistika Komitəsi məlumat verib ki, cari ilin mart ayında yumurta, dondurulmuş kilkə və mineral bulaq sularının qiymətləri ucuzlaşıb. Hurr... , tələsməyin, əvvəl bir olmuş hadisəni danışım, sonrasına Allah Kərimdi. Sovetin vaxtında bir kolxoz sədrini işdən çıxarmaq üçün iclasa Bakıdan nümayəndə gəlir. Kənddə hər şey haqda danışan bir kişiyə söz verirlər. Məsələdən xəbəri olmayan kişi başlayır sədri tərifləməyə: bu çox savadlı adamdır, böyük-kiçiyin yerini bilir, hörmətcildir... On dəqiqə sədri tərifləyəndən sonra yerdən işarə verirlər ki, sədri işdən çıxarmağa gəliblər. Kişi özünü itirmədən deyir: -Hə, bu bunun yaxşı tərəfləri... İndi də keçək...
   
   Yumurtanın, dondurulmuş kilkənin və mineral bulaq sularının qiymətlərinin ucuzlaşması çox yaxşı xəbərdi. Amma... Elə həmin Statistika Komitəsi onu da xəbər verir ki, martda ərzaq məhsullarının qiyməti 1,8, qeyri-ərzaq mallarının qiyməti 0,6, əhaliyə göstərilən pullu xidmət tarifləri 0,3 faiz artıb. Belə ki, martda düyünün, buğda ununun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, ət məhsullarının, balıq və balıq məhsullarının, süd məhsullarının, şəkər və şəkər tozunun, meyvə şirələrinin, spirtli içkilərin, alma, armud, qoz, fındıq, xiyar, pomidor, soğan, kartof kimi istehlak mallarının qiyməti qalxıb. Vallah, mən sizi dolamıram, xəbərdə belə deyilir. O sayılanları almayın, dondurulmuş kilkəni yumurta ilə qızardın, mineral bulaq suyu ilə için, nuş olsun. Olsun?
   
   Bir dənə də dolama xəbər. Milli Teleradio Şurası ölkə telekanallarında efirə verilən qorxulu və milli dəyərlərə zidd filmlərin yayımlanmasına qismən qadağa qoyub. Qorxulu cəhənnəm, bə milli dəyərlərə zidd olana niyə qismən? Özü də bu qismən o deməkdir ki, azyaşlı tamaşaçıların tərbiyəsinə mənfi təsir göstərdiyi üçün erotik, qorxulu, milli dəyərlərə zidd filmlər, tamaşalar, süjetlər gecə saatlarında, saat 23.00-dan sonra göstərilə bilər. Yəni ki, saat 23.00-dan sonra uşaqlarla birgə milli dəyər anlayışı da yatır. Bu da dolamaq deyilsə, bəs onda nəmənədir?..
   
   Mən bir-iki replikamda yazmışdım ki, bir azdan Ruhani İdarəsinin halal möhürü vurduğu araqlar da peyda olsa təəccüblənmərəm. Bu məsələ yenə qabarıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənov da Ruhani İdarəsinin "Halal" adlı kolbasaya zəmanət verməsini qeyri-qanuni adlandırıb. Əvvəl başdan bilməyənlər üçün deyim ki, Metrologiya metrodan danışan sahə deyil, kinologiya da kinodan. Birincisi ölçü standartlarından, ikincisi itlərdən bəhs edir. Bu bunun burası.
   
   İrada cavab verən Ruhani İdarəsinin mətbuat xidmətinin rəhbəri hacı Akif deyib ki, İdarə bütün "Halal" kolbasalarına yox, yalnız "SAB" şirkətinə halallıq verib. Çünki bu şirkətin sahibi hacı Sabir Babayev "elə bir insandır ki, orada başqa şey ola bilməz". Hacı Akif deyib ki, onların nümayəndələri də heyvanların kəsilməsinə nəzarət edir və heyvanlar şəriətə uyğun kəsilir: "Şəriət qaydaları ilə kəsilən heyvan halal deyilsə, onda bu komitə nəyi halal sayır?". Hacı onu da deyib ki, qida sənayesinə nəzarət etmək Metrologiya Agentliyinin işi olduğu kimi, haramla halalın fərqini ayırd etmək də dini idarənin işidi. Sonra da əlavə eləyib ki, "Halal" kolbasasını istehsal edən şirkətin hədəfə götürülməsinin arxasında başqa məqsədlər də dura bilər.
   
   Bax, əgər bu sonuncu sözlər olmasa idi, deyərdim ki hacı Akif təkcə heyvanın kəsilməsinin şəriətə uyğunluğu ilə kolbasanı halal sayırsa, biz də ondan fərqli olaraq kolbasanın inqridiyentləri içərisində dikər maddələrin də, o cümlədən donuz əti və piyi olduğunu da bilirik ki, məncə onların halalı olmur. Və əgər arağın spirtini tökəndə "bismillah" deyilirsə, bu hələ onun halallığına dəlalət eləmir. Hətta bu spirti tökən Məkkədə doğulsa da, 20 qat hacı olsa da dəlalət eləmir. Amma mən bütün bu fikirləri beynimdən keçirsəm də dilə gətirmirəm. Çünki birdən elə bilərlər ki, mənim də başqa məqsədim var...
   
   Dolama haqda hələ başqa misallar da çəkəcəkdim. ?ənc həmkarım Rüstəm Ehtibaroğlu dedi ki, müəllim, çalış halal fikirlər olsun. Noolar cavan olanda, indi cavanların fikirldəri daha düzgün sayılmalıdır. Bilirəm ki, bir şeydən çox danışanda istər-istəməz arasına haram da düşə bilər. Ona görə dolayanlara kiçicik bir mesajla yazını bitirirəm: ?öydən gələni Yer götürür, vay o gündən ki, Yerdən gələ, görək ?öy götürə biləcəkmi?..

TƏQVİM / ARXİV