adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

SA?LAM OLA BiLMiRƏM

OQTAY SALAMOV
23835 | 2007-04-10 04:54
Əgər yazının janrını "elegiya" müəyyənləşdirmişəmsə, gərək ürək ağrıdan, yaş çıxaran sözlər yazam, sinə vurub şaxsey-vaxsey məqamlarını təsvir edəm. Amma zaman dəyişib, tələblər dəyişib, indi elegiyanı da satirik yazmaq olar və lazımdır. İndi ağını gülə-gülə demək moddadır.Bayram-bayrama qarışmışdı. Son iki gündə həm peyğəmbər əleyhissəlamın Mövlud günü idi, həm xristianların və yəhudilərin Pasxa bayramı idi, həm Əmir Teymurun doğum günü idi, ...həm də Ümumdünya Sağlamlıq Günü idi. Bu bayramların hər birini özünəməxsus və marağı dairəsində qarşılayanlar var idi. Hamısına "Mübarək!" deyib birinin üzərində bir az gəzişək.
   
   Ayın 7-si idi. Ümumdünya Sağlamlıq Günü. Amma şəhərdə bayraqlar asılmamışdı, şüarlar gözə dəymirdi. Heç bazarlarda qiymətlər də qalxmamışdı. Deyəsən millət bayramdan xəbərsiz idi. Deyəsən heç həkimlərin də bayramdan xəbərləri yox idi. Yazıq bayram...
   
   Marşrut avtobusda elə bil bomba partladı. Çox qabaritli bir kişi ağzını ayırıb nə təhər "haapppççii!!!" elədisə, az qala "rul" sürücünün əlindən çıxacaqdı. Sürücü çaşdığından şüşətəmizləyənləri işə saldı. Amma "şotkalar" quru şüşədə xardıldayanda başa düşdü ki, şüşə içəri tərəfdən islanıb. Əsgini çıxarıb sildi. Arxa tərəfdən yavaşca "öz başını ye" sədası eşidiləndə yandakılar dava düşməsin deyən səs-səsə verdilər":: "Sağlam ol". Kişini od götürdü":: "Nətəər sağlam olum, hansı pula, hansı dərmana sağlam olum?"...
   
   Elə bil arı yuvasına çöp saldılar. Hamı başladı danışmağa"::
   
   -O birini tutanda dedik təzə gələn ibrət götürər, bu ondan da Allahsız oldu ki...
   
   -İngilislərin bir şirkətinin sorğusuna görə Bakı dünyanın 215 şəhəri arasında tibbi xidmətə və sanitar şəraitin səviyyəsinə görə axırıncı yerdədir.
   
   -Gəncədə bir qadına saxta "Forzestin" satıblar, az qala zəhərlənib ölürmüş. Özü də dərmanı əldən yox, "Kaçak Farma"nın Gəncə deposundan alıblarmış. Deyir, dərmanı yazan həkim satışdan 30 faiz pul alırmış...
   
   -Əşi bu firma dərmanları camaatı ağlar günə qoyur, həm ciblərini soyur, həm də heç bir xeyiri olmur.
   
   -Rusiyada hər doğulan uşağa görə anaya 250 min rubl verirlər, bizdə doğum evinə gedəni elə soyurlar ki, bir də bura gəlməyəcəyinə tövbə eləməli olur...
   
   -Sən hələ "operasiya"lardan danış, doxdur deyəni verməsən, mələyə-mələyə stolun üstündəcə ölərsən, dodağına yaş pambıq sürtən tapılmaz...
   
   -Xəstəxanaya sağlam gedən xəstə qayıdar, hər şey pulnandır, özü də yazırlar ki, filan xəstəliklər pulsuz müalicə olunur. Harada olunur, Azərbaycanda?
   
   -Yazıq həkimlər nə maaş alırlar ki, onları da başa düşmək lazımdır...
   
   -Hə də, oxumağa bir ətək pul veriblər, işə düzəlməyə nə qədər xərcləri çıxıb, işlədikləri yerdə şöbə müdirinə, qlavvraça verməlidirlər, yazıqlara nə qədər qəzet-jurnal yazdırırlar...
   
   -Ay onları yazıq ilan vurusun, guya müəllim elə deyil, dərzi elə deyil?..
   
   Gördüm söhbət yavaş-yavaş siyasiləşməyə üz tutur, başladım əlimdəki qəzeti oxumağa. Elə oradan da bildim ki, bu gün Ümumdünya Sağlamlıq Günü imiş. Sən demə, 1850-ci ildən üzü bu yana hər il aprelin 7-si qeyd olunan samballı bir bayram imiş bu gün. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu gün yaranıbmış. İndi ÜST-ü 193 ölkə idarə eləyir.
   
   Mən əvvəlcə elə bildim ki, bu ÜST ancaq üstdə olan ölkələr üçün nəsə bir iş görür, altdakılar onun heç yadına da düşmür. Amma belə deyilmiş, BMT-nin Azərbaycandakı agentlikləri bayram münasibəti ilə bir sıra tədbirlər keçiririş":: "Azərbaycanda əksər risk qrupları arasında HİV-ə görə ikinci nəsil epidemioloji nəzarətin aparlıması" seminarı (müəllim şagirdin kütlüyündən gileylənir":: "Bir dəfə dedim, qanmadı, iki dəfə dedim, qanmadı, üç dəfə dedim, özüm qandım, uşaq qanmadı"...), "Psixi sağlamlığa qoyulan sərmayə sağlam gələcəyə qoyulan sərmayədir" adlı dəyirmi masa (bir dostum demişkən":: sərmayəni yeyim sənin!), "Səhiyyə sahəsində beynəlxalq təhlükəsizlik" mövzusunda da bir dənə dəyirmi masa (deyəsən bu bir az uzunsov masa olub) keçiriblər. Bayram da elə belə olur dana!..
   
   Avtobusdan düşəndə o pəzəvəng kişinin adi qrip olduğu, yoxsa, Allah eləməmiş, hansısa daha ağır yoluxucu xəstəliyə tutulduğundan başqa heç nə düşünə bilmirdim. Heç bayramı da. Heyf ki, səhər şirinçay içmişəm, yoxsa gedib şəkərimi yoxladardım. Siz biləni, bayram günü analizi pullu götürürlər, yoxsa pulsuz?..
   
   

TƏQVİM / ARXİV