adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"TüRK QORXAQ OLMUR"

OQTAY SALAMOV
21534 | 2007-04-05 23:36
Və türk dilində çox təmiz danışan bu alman üzr istəyərək nəzakətlə gözümün içinə dedi ki, əfəndim, azərilər türk deyil, çünki türk qorxaq olmur. Mən ağız dolusu Koroğludan, Qaçaq Nəbidən, nemeslərin dədəsinə od vuran Mixaylodan danışdım. Güldü, Koroğlunun, Nəbinin özümüzünkülərlə vuruşduğunu və uşaqlarının, nəvələrinin olmadığını dedi, Mixaylonu isə istisna saydı və zarafatla dedi ki, o da nemes paltarında gəzirdi...
   
   Mən bu mövzunu 11 ildir içimdə gəzdirirəm. Yazmaq istəmirdim, qorxurdum ki, düz başa düşülməz. Açığı elə indi də qorxuram, amma bircə şey məni bir az sakitləşdirir ki, daha sözaltı məna ilə danışmağa, yazmağa ehtiyac yoxdur. Çünki millət daha beyninə əziyyət verib sözün arxasında nə durduğunu düşünməyə tənbəllik edir, olanı gərək olduğu kimi deyəsən. Hər halda mənim bu xalqın düşməni olmadığımı ən azından bu 9 ildə yazılarımı oxuyanlar bilir, ona görə də mövzunu yazmağa qərar verdim.
   
   Ötən əsrin sonlarında bir azəri türk "dost"umun zibilinə düşərək 3 il Odessada yaşamağa məcbur oldum. Lünbələnlüt müflis olandan sonra (nahaq yerə ona "Odessa mama" demirlər ki, çoxlarının burnunu ovub yola salıb) üz tutdum Türkiyəyə. Məskən saldım Antalyanın məşhur Kəmər turist mərkəzində. Başladım bir-iki paltar və qızıl dükanında alıcı ruslarla satıcı türklər arasında tərcümanlıq və dəllallıq eləməyə. Allah bərəkət versin, pis deyildi və Ağ dənizin sahilində istirahət eləməyə də vaxt qalırdı. Türkoloq olan bu almanla da burada tanış olmuşdum. Əvvəllər dediklərinin bəzilərini qəbul etmirdim, mübahisələr edirdik. Sonra etiraf etməsəm də, içimdə onun fikirlərinin çoxunun həqiqət olduğunu yəqinləşdirdim.
   
   
   
   Türk qorxaq olmur
   
   
   
   Azərilər oğuz türkləridir. Dilmiz də, adətlərimiz də, mentalitetimiz də bunu sübut edir fikrinə azəriləri bizdən daha yaxşı tanıyan, folklorumuzu, etnoqrafiyamızı gözəl bilən alman "siz türk deyilsiniz, çünki türk qorxaq olmur!" ifadəsini çox qəribə və ağıllı dəlillərlə sübut etdi":: Türk torpaqlar fəth edəndir! Türkün torpağını işğal eləmək olar? Siz torpaqları işğaldan qurtarmırsınız, belə türk olar?
   
   Dünyanın hər yerində uşağı yatırtmaq üçün ona nəğmələr oxuyurlar, gözəl nağıllar danışırlar. Sizdə isə ya "xoxan gəlib səni aparar!" deyib uşağı qorxudursunuz, ya da "Məlikməmməd" nağılı danışırsınız ki, qardaş qardaşın kəndirini kəsib saldı quyuya. Bu başlanğıcla formalaşan uşaqdan hansı qəhrəmanlığı gözləyirsiz?
   
   Yalan deyir bu nemes köpəyoğlu? "Cızz"ın nə oluğunu öyrətmək üçün uşağın barmağını peçə yapışdıran biz deyilik? Uşağın hansı stressi yaşadığının fərqinə vara bilmişikmi? Görürsən qapıda iki qadın durub kiminsə qeybətini qırır, ya da mənasız bir söhbət eləyirlər. Uşaq dəfələrlə anasının ətəyindən dartıb nə isə soruşmaq istəyir. Axırda ana uşağın başına bir qapaz vurub deyir":: "Ay köpəyoğlu, görürsən ki, söhbət eləyirik". Ancaq bizdə olar bu nadanlıq. Rus da, nemes də, ingilis də... uşağın birinci çağırışında əlindəki vacib işi atır, onun sualına cavab verir, problemini həll edir, bizimkilər isə qeybəti saxlamaq istəmirlər...
   
   
   
   Bizim ağıllı vaxtımız olurmu?
   
   
   
   Dedim axı, bu türkoloq alman bizi bizdən yaxşı tanıyırdı. Bir dəfə soruşdu ki, sizin ağıllı vaxtınız nə vaxt olur? Mən də ədəb-ərkanla başa saldım ki, bağ belə, bostan belə, yəni ağıllı görünən söz yığnağı. O isə bizim bir ifadəmizi özümüzə qarşı çox ustalıqla işlətdi":: Uşaq ağılsız iş görəndə deyirsiniz ki, hələ uşaqdır, ağlı kəsmir. Cavan ağılsızlıq eləyəndə deyirsiniz ki, cavandır, beyni qandır. Yaşlı axmaqlıq eləyəndə deyirsiniz ki, qocalıb, xərifləyib, ağlını itirib. İndi məni başa sal görüm, sizin ağıllı vaxtınız nə vaxt olur? İnsanın ömrü uşaqlıq, cavanlıq və qocalıq etaplarına bölünür...
   
   
   
   Türk türkü
   
   hərifləməz
   
   
   
   Nemesin dediklərindən yadımda qalanlar":: Mən dəfələrlə Azərbaycanda olmuşam. Dəfələrlə burada və Almaniyada azərbaycanlıları görmüşəm. Almaniyaya ən çox maşın alverçiləriniz gəlir. Almanlar onları açıqdan-açığa hərifləyib maşın qəbristanlığının tullanmış maşınlarını təmir edərək sizinkilərə satırlar. Sizinkilərin bacardıqları şey ancaq qiyməti aşağı salmaqdır. Alman dəllalar bunu bildiyi üçün elə yuxarı qiymətdən başlayırlar ki, sonda yenə başqasına satdığından iki-üç qat artıq qiymətə sizinkilərə sırıyırlar. Sizinkilər də aparıb Azərbaycanda az qala təzə maşının qiymətinə kosmetik bəzədilmiş salxağı özünüzünkülərə sırıyırlar. Türkiyədə adam sayıb salam vermədiklərini siz Azərbaycanda iş adamı sayırsınız və pulunuzu ona-buna verirsiniz. Çünki bu "türklər" də sizi türk saymır. Siz də buraya gələndə türkü hərifləməyə çalışırsınız. Deməli, siz türk deyilsiniz... Dünyanın hər yerində alverdə artıq qazanmaq istəyi və buna görə də haradasa müəyyən qədər aldatmaq meylləri olur. Amma sizin alver birbaşa aldatmaq, hərifləmək üstündə qurulub. Mən nə qədər çalışdımsa da sizin bazarlarda "təmiz çəki", "halal mal" ifadələrini yanımdakı almana başa sala bilmədim. Bizdə çəki elə həmişə çəkidir, malın haram olanı satışa çıxarılmır...
   
   
   
   Məndən ötən
   
   kimə dəyir?
   
   
   
   -Sən mənim sözlərimdən incimə, sizin Atalar sözlərinin içərisində elələri var ki, özünə hörmət edən millət onu düşmən adına çıxar. "Məndən ötdü qardaşıma dəydi, elə bildim saman çuvalına dəydi" sarsaqlamasını kim atalar sözü adı ilə saxlayar? - nemes mənim könlümü ala-ala atama od vururdu, deyəsən Mixaylonun hayıfını alırdı. Sonra mahnılarımıza ilişdi":: "Pəncərədən daş gəlir, ay bəri bax". Hansı axmaq daş gələn yerə baxar ki, təpəsi partlasın? Qızın oğlana "Get ay batandan sonra gəl, ay oğlan, nənəm yatandan sonra gəl, ay oğlan" deməsini necə xalq mahnısı adı ilə saxlayırsınız?
   
   Nemes türkoloq idi, Azərbaycanı gözəl bilirdi, mən nemesoloq deyildim axı ki, onların da paxırlarını açaydım. Sözsüz ki, hər millətin axsayan yeri olur, amma daha bu qədər də yox dəə.
   
   Türkiyədə əsgər yola salma mərasimlərini gördüm. Əsgər gedənin valideynləri, qohum-əqrabaları bayram eləyir, oğulu başları üzərinə qaldıraraq "Ən böyük əsgər -bizim əsgər!" hayqırırlar. Biz oğullarımızı əsgərlikdən saxlamaq üçün pul veririk, ona dəlilik kağızı düzəldirik. Hərbi komissarlıqlardakı sənədləri qaldırsan, Azərbaycan oğlanlarının yarıdan çoxu "dəlidir"... Belə türk olar?..
   
   ...Bax, ona görə bu yazını yazmaq istəmirdim. Çünki alman deməsə də, mən çox gözəl bilirəm ki, bizə söz deməyin xeyiri yoxdur, çünki biz "osobı" müsəlmanıq. Ulu Mirzə Cəlil deyirdi"::" Müsəlmana sözü yüz dəfə deyərlər, qanmasa eybi yoxdur"...

TƏQVİM / ARXİV