MƏN DƏ PUL iS-TƏ-Yi-RƏM!..

ƏBÜLFƏT MƏDƏTOĞLU
28560 | 2007-04-05 23:36
Dost-tanış hamı bilir ki, qayğılar başımdan aşır, bir əlim həkimlərin cibindədi, bir ayağım xəstəxanalarda. Necə deyərlər, gecə-gündüzüm yoxdur. Ev-eşik, yurd-yuva da qalıb ermənilərin "umuduna". Umuduna deyəndə ki, top-tüfənglə qovub çıxarıblar məni yurd-yuvamdan. Bu başqa mövzudu. Məsələ ondadır ki, yurdsuz-yuvasız adamın öynəsini yola verəcək məvacib problemləri də olur. İllah da ki, ailə-uşaq əl-ayağa dolaşan vaxt.
   
   Baxmayın, uşaq böyük olanda özləri özləri üçün nə isə fikirləşə bilirlər, amma balacaları ovutmaq-aldatmaq günü-gündən çətinləşir. Qonşuda nə görsələr ağızucu da olsa andırıb istəyirlər. Qalırsan içindən qırıla-qırıla. Belə məqamda bir, yumşaq desəm, binamusluqdan başqa hansı işi təklif etsələr- yer belləmək, daş daşımaq, su suvarmaq, qum ələmək, palçıq qatmaq, küçə süpürmək, daha nə bilim nələr, fərqinə varmadan qulpundan yapışmağa hazır oluram. Və bax elə bir məqamda da ürəyini boşaltmağa həmsöhbət də axtarıram. Özüdə təkcə mən yox... elə siz də, sən də axtarırsan... Axtarırsan ki, ağrılarını da danışasan, çətinliklərini də... bir az yüngülləşəsən.
   
   Doğrusu, bu mövzuda o qədər danışmışam ki, day dost-tanışın qulağı dolub. Elə dünən də təzəcə ağzımı açıb danışmaq istəyirdim ki, Oqtay Salamov "Bakı-xəbər" qəzetiylə sözümü kəsdi. Dedi, sənə yaxşı bir iş təklif edirəm. Maraqlan, sərf eləsə şərtlərini mənə də deyərsən. Qəzeti nə təhər qamarlayıb əlindən aldımsa özü də səksəndi. Birnəfəsə oxudum. "Taliyət Əliyev "ADP üzvlərinə" pul paylayır". Çox maraqlı xəbər idi. Nə qədər cəhd etdim Taliyət bəylə əlaqə saxlaya bilmədim, ona görə də fikirlərimi qəzet vasitəsilə ona çatdırmaq qərarına gəldim.
   
   Həmin yazıdan öyrəndim ki, parçalanmış ADP-nin bir qanadında, yəni Sərdar Cəlaloğlunun yanında olan tərəfdaşlar qurultaya hazırlaşırlar. Qurultayın möhtəşəm keçməsi üçün təbii ki, tərəfdaşlar da çox olmalıdır. Tərəfdaşların da çox olması üçün cibdə pul və yaxşı da rəhbərlik labüddür. Az-çox son çəkişmələrdən, siyasi fəaliyyətdən mənə bəllidir ki, ADP-də özünü tanıtmış, təsdiq etmiş siyasi fiqurlar var. Özü də bölgü elə gedib ki, parçalanmış hər iki qanadda təmsil olunmaq mümkündür. Hələlik Taliyət bəyin təmsil olunduğu qanad maraqlı bir təkliflə çıxış edib və bu təklif şəxsən mənim ürəyimdəndir. Sadəcə, bir az qaranlıq məqamlar var, onları öyrənmək istəyirəm.
   
   Deməli, həqiqətən də qəzetlərin yazdığı kimi, Taliyət bəy ADP-yə üzv olmaq istəyənlərə 20 yeni AZN verirsə, biz ailədə beş nəfərik, onların dördü necə deyərlər, şəxsiyyət vəsiqəsi, seçib-seçilmək hüququ olan insanlardı, bütövlükdə valideynlərimi, qardaş-bacılarımın ailəsini nəzərə alsaq (mən hələ nəslimizi demirəm) rahat 50-60 nəfər üzvlüyə hazır vəziyyətdə dayanıb gözləyən insanlar mənim bir işarəmə bənddi. Əgər doğrudan da Taliyət bəy hərəmizə 20 yeni AZN versə, biz məmnuniyyətlə ADP-də təmsil oluna bilərik, çünki bizim üçün hansı partiyada olmağın elə bir önəmi yoxdur, təki çörək pulu çıxsın. Özü də ADP-yə ona görə üstünlük veririk ki, bu partiyada bəzi iqtidar mənsublarının etiraf etdiyi kimi, partiyaya zorla yazılmaq məsələsi qabardılmayıb, yəni könüllülük prinsipidir.
   
   Bax, biz də könüllü olaraq özümüzü, əlimiz həmin o veriləcək pula dəyən andan ADP-li saymağa hazırıq. Üstəlik qurultayda da təmsil oluna bilərik. (Mitinqdə iştirak etməyin pulu ayrıdı, çünki orda dubinka məsələsi var). Şəxsən özümün bir çıqqanaq savadım var, yazı-pozu da bacarıram, partiyanın sözçüsü də ola bilərəm, təki pulumu bir az artırsınlar.
   
   Açığı tay bezmişəm oturub pul yolu gözləməkdən, müxtəlif qəzetlərə yazı yazıb oxucu iradlarını eşitməkdən. Hayıf deyil, əli-ayağı quru "vedmosta" qol çəkib çörək pulunu gətirəsən evə, uşağın da yanında hörmətin ola, evin xanımının da (evə pul gətirəndə evdəkinə xanım da demək olar).
   
   Bəli, mən indi səbirsizliklə Taliyət bəyin pulu harda və hansı şərtlərlə verəcəyini gözləyirəm. Ümid edirəm ki, heç olmasa bu arzum gerçəkləşəcək. Əgər başqa partiyalardan daha babat pul təklifi səslənsə, onlara da üzv olmağa ailəlikcə hazırıq. Necə deyərlər, təki pul çıxsın. "Pul oldu - məsələ həll olundu, pul olmadı - üz danlandı", bizim evin prinsipi budur.

TƏQVİM / ARXİV