ARTIRAN SÖZ QƏDRiNi ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
23864 | 2007-04-04 23:18
Son vaxtlar redaksiyamıza şer gətirənlərin sayı yaman çoxalıb. Ha istəyirəm bu şer sözünü dırnaqda yazım, amma böyük şerə hörmətimdən əlim gəlmir. Buna baxmayaraq, redaksiyamıza gətirilən həmin o şerləri bəzən istəməsəm də oxumalı oluram. Ən azı ona görə ki, həmin o şerlərin müəllifləri ya başımın üstündə dayanıb nə deyəcəyimi gözləyir, ya da rahatca əyləşib yandırdığı siqaretə möhkəm həşir gəlməklə gözlərini zilləyir üzümə. Bax, belə hallarda da həvəsim oldu-olmadı həmin şerləri gözdən keçirməli oluram...
   
   Bəli, demək olar ki, hər gün redaksiyamıza şer gətirirlər. Deyəcəksiniz ki, burada qəribə nə var ki. Hələ sevinin ki, sizi sayıb qapınızı açırlar. Üstəlik qəzetinizi oxuyub sizə şer gətirirlər. Haqlı iradlardı, razılaşıram, amma...
   
   Amma indi ədəbiyyatımızın hansı durumda olması qalsın bir kənarda, baxaq yazılan,təqdim olunan şerlərin mövzusuna. Demək olar ki, bütün şerlərin 99,9 faizi Dünya, Fələk, Ölüm və digər bu qəbildən olan mövzulara həsr olunub. Hətta şerin müəlliflərinin orta məktəbin aşağı siniflərində oxumalarına baxmayaraq, o bir qarış boyu olan uşaqlar da dünyadan, ölümdən şerlər yazırlar. Deyə bilərsiniz ki, bu da hardasa anlaşılandır. Yenə razılaşıram, ancaq bu boyda da yox də!!!. Gənclik qaynarlıq, çılğınlıq deməkdir, sevib-sevilmək deməkdir. Eşqin cavanları yerindən-yurdundan oynatdığı, onları dəli-divanə etməsi barədə o qədər yazıblar, o qədər oxumuşuq, o qədər eşitmişik. Amma indi həmin o gəncliyi də, o qaynarlığı da, o sevib-sevilməyi də həmin o Dünya, Fələk, Ölüm, bir sözlə, qəm-kədər alıb caynağına. Cavanlar da, gənclər də o mövzulardan qopub ayrıla bilmirlər, bəs səbəb?
   
   Bu yazını diktə etdiyim an da əlimin altında yalan olmasın bir kitablıq şerlər var idi. Hamısı da dünyadan, fələkdən, ölümdən... Müəllifi də cavan bir oğlan. Dözməyib iradımı bildirdim. Əvvəl tutuldu, elə bildi ki, onu başımdan etmək istəyirəm, amma israrımı görüb özünü çox bilmiş göstərmək ədasıyla dedi ki, müəllim, elə hamı dünyadan, ölümdən, fələkdən yazıb da. Şəhriyar da, Bəxtiyar da, Məmməd Araz da...
   
   Doğrusu, bu əda ürəyimcə olmasa da təsdiq etdim ki, bəli, onlar da yazıb, amma onlar dünyanı dərk eləyib, sonra o dərk etdikləri dünyaya öz böyük ürəkləriylə, fəhmləriylə üz tutublar və həmin şerlərdə də heç də göz yaşları yox, inam, mübarizlik əsas məqam, əsas nöqtə olubdur. Bu gün yazılan şerlərdə isə, ən çox da gənclərin şerlərində başdan-başa ümidsizlik, dünyaya nifrət, fələk qarşısında itaətkarlıq notları at oynadır.
   
   Cavan müəllifin tutulduğunu hiss edən Oqtay Salamov, eləcə də Hidayət Elvüsal başlarını buladılar və hiss etdim ki, nə dedilər. Anladım ki, sən demə, bu günün həmin o basma-qəlib şerləri hər kəsin iç dünyasının kasadlığından və bir də iqtisadi durumundan qidalanır. Yazarlar, təbii ki, sözün həqiqi mənasında yazarlar, iqtisadi burulğanda boğulduqlarından, cavan söz sahibi olmaq istəyənlər isə nəyi necə etmək yolunu tapa bilmədiklərindən qınayırlar, qarğayırlar, söyürlər dünyanı da, fələyi də, ölümü də. Elə bil bununla özləri üçün hardasa bir dinclik qazanmış olurlar, rahatlanırlar. Amma bilmirlər ki, onların bu ümidsiz, bu işığı sönüb, külü sovrulmuş və bəzən də son dərəcə duzsuz iradları Dünyanın, Fələyin, Ölümün heç vecinə də deyil. Necə deyərlər, sadəcə çax-çax baş ağrıdır.
   
   ... Bu gün hər birimizin durumu göz önündədir. Bəzən deyirlər ki, kim nəyə layiqdirsə, elə onu da alır. Amma harda, nə vaxt, necə, o bir az sual doğurur. Buna baxmayaraq bizim durumumuz (söhbət sözə nəfəs vermək istəyən insanlardan gedir) nə qədər anlaşılmaz, dözülməz olsa da haqqımız yoxdur ki, sözü də ayağa salaq. Heç olmasa sözün mərtəbəsini qorumaq inamımızı, ümidimizi yaşatmalıyıq. Yoxsa onda lap yaman günə qalarıq. Və heç kim də bizi xilas edə bilməz. O ki qaldı durum məsələsinə... Gəlin həmin sözün bir mənasını da unutmayaq, o da ayağa durmaq, keşikdə durmaq mənasıdır. Böyük Sözün qarşısında ayağa durmaq, keşiyində durmaq ümidimizi
   
   qoruyaq.

TƏQVİM / ARXİV