adalet.az header logo
  • Bakı 12°C

"DESƏM ÖLDüRƏRLƏR, DEMƏSƏM ÖLLƏM"

OQTAY SALAMOV
37839 | 2007-04-04 02:48
Nə desin fağır aşıq, sözünün canı qalıbmı? Kimdi onun sözünə qulaq asan, kimə lazımdı onun sözü? Aşığınkı odu ki, salasan başı-... bağlı bir otağa, yeməyini-içməyini verəsən, sazını kökləyə qoşma deyə, gəraylı deyə, təcnis oxuya. Yoxsa mikrafonu dirəyirsən ağzına ki, Amerika İrana hücum eləsin, yoxsa eləməsin, Yuşşenko Radanı niyə buraxdı, Əli Əlirzayevi YAP-da saxlasalar yaxşıdı, yoxsa çıxarsalar?..
   
   Xəbərin var, deyir o gün Milli Məclisin Aqrar siyasət daimi komissiyasının iclasında ləzzətli bir məsələ qaldırıblar. Komissiyanın sədri Eldar müəllim İbrahimov deyib ki, ölkədə qanunsuz zəbt olunmuş torpaqlara görə verilən cəzaları sərtləşdirməyə ehtiyac var. Ə, yox ey, mən də əvvəl sənin kimi düşündüm, elə bildim söhbət ermənilərdən gedir. Doğrudan da onlara qarşı sərt cəzalar verməyin vaxtı çoxdan çatıb. Amma biz onları mənasız sülh danışıqlarına çağırmaq üçün minnətçi düşməklə məşğuluq. Bu düdüklər də istədiklərini eləyirlər, nəinki sərt, heç yumşaq cəza verənləri də yoxdur..
   
   Məlumatı axıra qədər oxuyanda anladım ki, söhbət ermənilərdən getmirmiş. Belə çıxır ki, onların zəbt elədikləri torpaqları daha qanunsuz saymırlar. Qanunsuz zəbt olunmuş torpaq deyəndə özümüzünkülərin tutduqları sahələr nəzərdə tutulur. Ona görə də bu məsələni təhlükəsizlik komissiyasının yox, aqrar məsələlər komissiyasının iclasına salıblar.
   
   Bir məsələni bu başdanca qeyd eləyək ki, şəhərlə kənddə zəbt məsələsi arasında böyük fərqlər var. Kənddə qanuni həyatyanı sahədən əlavə bağ yeri, bostan yeri, ot tarlası zəbt olunmuş torpaq sayılır və bu da əhaliyə əmlak payı paylananda ona düşən ümumi sahədən çıxılaraq "zəbt torpağı" kimi qeyd olunur. Yəni bunu sonradan kəndliyə cinayət işi kimi "oformit" eləmirlər. Ona görə də sərtləşdirilmiş qanunun rayon kəndlərinə o qədər də qorxusu olmayacaq. Vay rayon mərkəzlərində və şəhərlərdə qanunsuz torpaq zəbt eləmiş fağırların gününə! Niyə fağırların? - sonra məlum olacaq...
   
   Əslində şəhərdə də "qanunsuz zəbt olunmuş torpaq", "qanunsuz tikili" anlayışlarına əl gəzdirmək lazımdır. Heç kim qanunsuz olaraq torpağı zəbt eləyə bilməz - dərisinə saman təpmək üçün növbəyə durarlar. Sadəcə olaraq, sənədsiz torpaq, sənədsiz tikinti anlayışları var ki, bu da tamam başqa şeydir. Özünün olmayan ərazini dədəsinin malı kimi adamlara qanları qiymətində pul alıb sırıyanlar sonradan deyirlər ki, bu yer qanunsuz zəbt olunub və ikinci dəfə həmin adamdan pul qoparmaq istəyirlər. İnzibati təşkilatlarımız elə gözüaçıqdırlar ki, heç göbələk də qanunsuz torpaqdan çıxa bilməz. Amma ev tikilir, qazı, suyu, işığı çəkilir, "skorpomoş"u gəlir, vergisi alınır, sonra deyirlər ki, bu tikili qanunsuzdur.
   
   Bəli, qanunsuz işlər çoxdur və onlara görə cəzalandırılmalı adamlar da çoxdur. Amma cəzalananlar yenə də fağırlar olur. Məsəl var, deyir bir başa iki qapaz olmaz. Ə, niyə olmur, bir başa iki yox ey, istədiyin qədər qapaz vurandan sonra tutub basırsan içəriyə, peredaçasını aparandan da pul alırsan.
   
   Kim deyirsə bizim rəsmilərdə yumor hissi yoxdur, böyük səhv eləyir. Sübut üçün elə adıçəkilən iclasa bir də baxaq. Eldar müəllimin çıxışında ən ləzzətli məqam odur ki, deyir qanunda müəyyən dəyişikliklər ediləndən sonra qanunsuz zəbt olunmuş torpaq onun sahibinin əlindən alınmaqla iş bitməyəcək. Həmin torpaqda olan tikinti mütləq söküləcək. Və ən əsası, bu tikintinin, mülkün sökülməsinə xərclənəcək maddi vəsait həmin şəxsdən alınacaq. Yəni sənin bir ətək rüşvət verib aldığın torpaqda iki ətək pul verib tikdiyin daxmanı sökmək üçün xərclənəcək bir cib pul da elə öz canından çıxmalıdır.
   
   Nə deyirsiniz, aşıq bunlardan danışsın? Yoxsa aşıq ondan danışsın ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov son illərdə öz yaxın dostları ilə glörüşməyə vaxt tapmasa da, Ermənistanın xarici işlər naziri ilə saysız-hesabsız dəfə görüşməyə məcbur olub?
   
   Deyir, Böyük Britaniya səfirliyi biometrik vizaların verilməsinə başlayır. Aşığın tərcüməsi":: İngiltərəyə getmək istəyənlərin barmaq izlərini götürüb sonra onlara viza verəcəklər. Amma hamıdan şübhələnmirlər və hamını quldur, terrorçu saymırlar. Məsələn, nazirlərin barmaq izlərini götürməyəcəklər. 5 yaşına qədər uşaqlar da nazirlərə bərabər tutulur, onlar terrorçu ola bilməzlər. Özü də sivil ölkələr üçün təhqir sayılan bu proseduru bizə elə pəh-pəhlə təqdim edirlər ki":: bir neçə saniyə ərzində elektron formada götürürlər, zərərsizdir... Duxun çatır sən də ingilisi barmağının izini götürəndən sonra ölkənə burax, aşıq bundan danışsın?..
   
   Aşıq qəzetdən oxuyur ki, "8 yol polisi rüşvət alarkən yaxalanıb". Yazırlar ki, onların 6-sı sıravi, 2-si zabitdir. Aşıq da "naivni" adam, soruşa bilər ki, yəni yol polisində cəmi 8 adam rüşvət alır? Hələ bu məlumata əsasən bir statistik hesablama da aparar, 8-dən 2-nin neçə faiz olduğunu tapar və iddia eləyər ki, rüşvət alanlarıni 75 faizi sıravilər, cəmi 25 faizi isə rütbəlilərdir. Aşığa peredaçanı kim aparacaq?...
   
   Guya elə bilirsiniz aşıq altı dəfə ay yarımın doqquz ay olduğunu bilmir? Yoxsa deməyə sözü yoxdur? Var! Amma məcbur olub oxumaqdan qıraqda dediyi sözlər heç kimə sərf eləmir axı...

TƏQVİM / ARXİV