adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

KÖHNƏ VA?ZALDAN YAZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
28592 | 2007-03-27 23:03
Həyatda bir şeylə özümə təskinlik verirəm. O da az-çox düşündüklərimi kağıza köçürmək, ifadə etmək imkanımdır. Yerdə qalan daha öyünəsi heç nəyim yoxdur. Təbii ki, bu məmləkətdə hər kəsin öyünən bir ünvanı var - kəndi, evi, yaşadığı ömrün mənası və sairə. Amma acı da olsa etiraf etməliyəm. Ömrün bu çağında kəndinə, doğulduğu evə əli uzanaqlı olmaq, həsrətini çəkmək, ünvanı ilə tanınmaq mənim üçün indi bir xəyaldı. Nə vaxtsa gerçəkləşəcək, yoxsa yox - onu deyə bilmərəm. Və elə deyə bilmədiyimdən təsəvvürümə gətirdiklərim də çox qəribə, bəzən də lap baş-ayaq olur. Lap elə bu yazıda olduğu kimi...
   
   Təsəvvür edin, oturmusan qədim bir vağzalda. Köhnə, cındırı çıxmış bir vağzalda ya qatar gözləyirsən, ya da avtobus. Amma bilirsən ki, heç biri gəlməyəcək. Çünki artıq çoxdan təzə vağzalar tikilib və qatarlar da, avtobuslar da həmin vağzalların yolunu gözyumulu keçib gedirlər. Sən isə hətta biletini də almadığını köhnə, unudulmuş, sahibsiz vağzalda oturub gözləyirsən. Bir az köklü-köməcli düşünsən heç nəyi gözlədiyini də bilmirsən, amma gözləyirsən...
   
   Rahatca on gün kef elədik. Bir çərşənbə hazırlığı, bir bayram ovqatı, bir tonqal sevinci və bir də yazı-pozu həsrəti yaşadıq. Hamı bir-birini təbrik etdi. Quruca sözlə də olsa bir-birinin könlünü sevindirdi. Kimi ürəkdən, kimi dilucu, kim də nəyinsə xətrinə. Mən də təbrik etdim... Məni də təbrik etdilər. Kimin necə qəbul etməyindən asılı olmayaraq mən dilimlə ürəyim arasında əməlli-başlı bir körpü salmışdım. Lap 20 Yanvar metrosunun üstündə salınan möhtəşəm körpü kimi. Bütün təbriklərim ürəkdən dilə heç bir "propqa"sız şütüyüb gedirdilər. Və o təbriklərin səmimiyyəti mənim üçün bir bayram sovqatı qədər, bir alqış kimi, dua kimi doğma idi və onun çatacağı ünvanlara da ehtiramım, diqqətim məhz o səmimiyyətdən, alqışdan qaynaqlanırdı.
   
   Bilmirəm köhnə adətlərdəndir, elə-belə hardasa yaddaşlarda ilişib qalıb, mənim üçün bir məqam son dərəcə önəmlidir. Bu da ondan ibarətdir ki, mən bayram ovqatını ağlım kəsəndən başqa cür görmüşəm. Və o ovqat məni təpədən-dırnağa qədər sevindirib. Bayram notları üstündə kökləyib. Anlamışam ki, əvvəlki günlərdən fərqli bir gün yaşayıram. Amma indi bu ovqatı özüm üçün nə qədər yaratmağa çalışsam da bir-birinə bənzəyən günlərin payız xəzəli kimi ancaq uçub gedib. Küləksiz, eləcə yarpaqlar qopub tökülüb. Doğrudu, kimlərsə etiraz edə bilər, hətta mənimlə bir yerdə çalışanlardan da etiraz edənlər oldu ki, bu günlərdə möhkəm darıxıblar. Evdə oturmaqdan, bekarçılıqdan sıxıntı keçiriblər. Mən onları da başa düşürəm. Amma anlaya bilmədiyim bir məqam da var; biz evdə oturanda və yaxud da iş yerində keçirdiyimiz anlarda nəyi dəyişə bilmişik ki?! Bir-birimizlə danışıb gülmək, hansısa bir yazını yazmaq məgər həyatımızda köklü bir dəyişiklik edib? Axı, bütün həyatımız güzəran dalınca durmadan qaçdığımız çörəklə qiymətləndirilirsə, iqtisadi ehtiyac mənəvi ehtiyacı tapdalayıb keçibsə, onda nə ilə sevinmək olar? Kimsə bu fikirlərə qəm donu, ümidsizlik donu geyindirə bilər. Amma mən heç bir halda bəlağətlə təmtaraqlı sözlərlə barışa bilmirəm. "Yaşayırıqsa buna da şükür" ifadəsi özümüzün özümüzə təsginliyindən başqa bir şey deyil.
   
   Həyat heç də "səhər naxır, axşam axur" atalar sözündən ibarət deyil. Doğrudur, bu ifadə günümüzə bəzən o qədər uyğun gəlib ki, ayrı söz tapmağa, ayrı fikir söyləməyə içimizdə bir ehtiyac hiss eləməmişik. Ona görə də həmin o köhnə vağzalda, lap o cındırından cin ürkən geyiminlə sınıq bir skamyada oturan, barmaqlarının arasından tüstülənən siqaretin işartısında yol gözləyən sərnişinin ümidi bəzən adamda bir vahimə yaradır. Gəlməyəcəyini, bu vağzaldan qatarın, heç bir avtobusun yola çıxmayacağını bilə-bilə oturub sonuncu siqareti çəkmək və o sonuncu siqaretin işığında ümid közərtmək həm son dərəcə böyük dəlilikdi (buna zırrama dəli də deyirlər), həm də son dərəcə böyük inam sahibi olmaq, ümidə güvənmək...
   
   Bilmirəm bu yazını oxuyanlar daha çox hansı notlara kökləniblər. Ümidə, yoxa ümidsizliyə. Təzə vağzalların yolunu biliblər, yoxsa hələ də köhnə vağzalların yollarında qalıblar. Hər halda bu ikisindən biri mütləq var. Məndə isə unudulmuş, lövhələri qoparılmış, relsləri sökülmüş, yollarında ot bitmiş vağzalın çərçivəsində qoparılmış Nuhdan qalma qapısı üstündə oturub düşünmək istəyi daha güclüdür. Bilmirəm bu özü-özünə təsəllidi, yoxsa nastolgiya... Amma hər nədisə mən köhnə vağzalda heç bileti olmayan, daha doğrusu o bileti almağa cibində "qeyrət tükənmiş" adi bir sərnişinəm... Saqqalı dizinə düşən, üç-dörd tükünü də küləklər bir-birinə qarşıdıran, amma hələ ürəyinin bir küncündə ümid közərən sərnişin... İşdi, yolunuz ordan düşsə, fikir verməyin, ötüb gedin... O hələ çox gözləyəcək. Köhnə vağzalın köhnə sərnişinləri kimi...

TƏQVİM / ARXİV