adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

MƏNiM BAHARLA GÖRüŞüM VAR...

OQTAY SALAMOV
18508 | 2007-03-20 01:52
Redaksiyanın qapısından girər-girməz müdir məni yanına çağırtdırdı. Dedim yəqin bayram hədiyyəsi verəcək. Verdi. Hədiyyə yox, tapşırıq verdi ki, Novruz bayramı münasibəti ilə bayram ovqatlı yazı yazım. Mən sözü göydə tutan adamam, bildim ki, sözaltı məna ilə deyir ki, tənqid olmasın, təhqiri özümə rəva bilmərəm, mənlik deyil, heç kimin bostanına daş atmaq məsləhət deyil, camaat bayramqabağı daşları yığışdırır... Bazardan danışmaq məsləhət deyil, millətin bayram əhval-ruhiyyəsi korlanar, qiymətlərin bahalığından şikayətlənmək məqsədəuyğun deyil, çünki özülünü Tarif Şurası (ə.s.),i yəni hökumətimiz qoyub, millət də təşəbbüsü davam eləyib elə bir qıraqdan qaldırır. Qiymətləri deyirəm...
   
   Düz bir həftə bayram eləyəcəyik. Deməli elə bir yazı yazmalıyam ki, düz bir həftə ən azından oxucuların kefini "podderjka" eləsin. Ay qardaş, bir həftə də bayram olar? Yox ey, kefi yuxarı olanlar üçün lap bir ay da, elə 365 gün də bayram olar - onsuz da bayramdır. Amma günəmuzd işləyən üçün bir həftə bayram borca araq içmək kimi bir şeydir, nə əməlli-başlı ləzzət ala bilirsən, nə də pulunu necə verəcəyin yadından çıxır. Nə isə, dedik ki, yaxşı şeylərdən yazmaq lazımdır. Yaxşı... yaxşı... yaxşını tapmaq asandır bəyəm?..
   
   Deyirəm, heyf deyildi köhnə vaxtlar?! Xalq necə yaşadığını, hansı kefləri çəkdiyini qəzetdən, televiziyadan bilirdi. Yazırdın ki, firəvanlıq xirdəkdəndir, görürdün səhər çoxları boğazı bağlı gəzir ki, firəvanlığına göz dəyməsin. Naxırın buzovlarını bir inəyin yanına yığıb lentə çəkirdin, millət xilasedici kəmər axtarırdı ki, süd gölündə boğulmasın. İndi hamı ağıllı olub, yalana əl çalsa da, daha inanmaq istəmir. Hələ durub etirazla danışanlar, mitinq eləyənlər də ... yox, olmadı, yenə kompüterin şriftləri bayrama uyğun olmayan hərfləri vurur..
   
   Görəsən yarmarkadan yazsam xeyirə yozular, yoxsa şərə? Əslində gərək xeyirə yozula":: yar da yaxşı şeydi, marka da, nemesin keçmiş puluna da marka deyirdilər. Yarnan marka bir yerdə olanda da pis deyil, amma pis olan bircə şey var ki, toyuqlar vətənpərvərilik göstərmirlər və siyasi səbatsızlıqlarını göstərirlər. Bilirlər ki, yumurtaya tələbat bir az artıb, özlərini qoyublar naza, hələ ətlərini də eləyiblər matah, qiymətinə yaxın düşmək olmur. Amma yarmarka yaxşı şeydir, ən azından ona görə ki, yarmarka adı ilə gətirilən məhsulun yol kirəsi az olur, özü də seçilir, bazara getməlisi bazara gedir, qalanı da... yox, yenə yazının ağzı əyri çıxır...
   
   Tapdım, ən gözəl sözlər, ən tənqidsiz yazı bizim mətbəximiz, yeməklərimiz haqda ola bilər. Doğrudan da bizim yeməklərimizə çatan heç bir mətbəx yoxdur. Neçə cür plovumuz, dürlü-dürlü kabablarımız, ət-xəmir xörəklərimiz, qutablar, piti, ləvəngi, dolmalar cürbəcür, ağılı başdan çıxaran şirniyyatlarımız, şərbətlərimiz... Rəngli televizor çıxaranın atasına lənət, ekranda elə gözəl təamlar göstərirlər ki, umsuqların əlindən xəstəxanada ucuz palata da tapmaq olmur. "Çorno-belı" vaxtında nə bu qədər yemək göstərirdilər, nə də onların görkəmləri belə cəlbedici olurdu. İndi hansı kanala çevirirsən -qaynar qazan, isti tava, ilıq boşqab, soyuq şərbət... Əslində onları da qınamağın yeri yoxdur, yeməkdən başqa nə göstərsələr axırı siyasətlə qurtarır. Millət də yeməkdən olmasa da, siyasətdən yüz faiz toxdur. Yox, deyəsən mən müdirin sifarişini onun bəyəndiyi kimi yerinə yetirə bilməyəcəm, üzdə görünməsə də, yazının altında bir azca bayrama uyğun olmayan ruh görünür.
   
   Tənqidsiz təbiətdən, bahardan və Bakımızdan yazsam yaxşı olar. Təbiətin nəyini tənqid edəcəksən ki? Hər gözəlin bir eybi olduğu üçün, bizim təbiətin də bircə eyibli sahəsi ekologiyadır, meşələrin qırılmasıdır, atmosferin çirklənməsidir ki, bayram günü onu deməmək də olar. Amma ürəyiniz qısılsa, nəfəsiniz təngisə, öskürək sizi boğsa, bilin ki, bayram tonqallarının tüstüsündəndir. Bakımız da çox gözəldir, oxuyan fontanımız da var, yumruqlaşan deputatlarımız da. Deputat demişkən, Novruzda küsülülər barışır axı, görəsən deputatxanada döyüşən deputatlarımız bu bayramda barışacaqmı?.. Amma hər halda barışsalar yaxşıdı, ikisi də xoş niyyətli olub; biri cammatın xeyirinə danışmaq istəyib, o biri də Milli Məclisimizdə qayda-qanun yaratmaq, daha doğrusu onu bərpa etmək istəyib. Barışıb yumurta döyüşdürmək, dalaşıb yumruq döyüşdürməkdən yaxşıdır. "Tem bolee" çəki dərəcələri də müxtəlifdir... (Amma bu yazı çap olunanda siz tamam başqa şeylərin ən azından qulaq şahidi olacaqsınız)
   
   Amma martın 20-26 arası doğulanların kefidir haa!.. Evdə ən azı papaqdan çıxan qafiyə, bağışlayın, şirniyyat-filan var, "denrojdeniya"ya çağırdıqlar da bəhanə edə bilməz ki, işdəydim, vaxtım olmadı, nə bilim nə... Bayram günü doğulanlar ikiqat xoşbəxtdirlər, adları hazır":: oğlandısa Novruz, Bayram, qızdısa Bahar, Gülyaz, Təravət... Ad günlərində də mütləq süfrə açılır, payı da var, daha Bayram necə olur ki?..
   
   Yazının bu yerində istədim qəzetlərin bayramqabağı nə yazdıqlarına baxım və kiminsə rastına çıxmayan xəbərlə onu bizim qəzetdə xoşbəxt edim. Bu başdan deyirəm ki, mən Sirus Təbrizlinin YAP və onun funksionerləri haqda dediyi sözləri təkrar etməklə, deputat Gülər Əhmədovanın Yasamal rayon icra başçısı ilə nəyisə bölüşdürə bilmədiyini və hər ikisinin bir-birini qarşılıqlı ittaham etdiyini, Bakıda yüksəkmərtəbəli binaların törətdiyi fəsadlar, müəllimlər institutnun savadsız müəllimlər hazırladığı haqda deputat fikri, erməni idmançıların Türkiyədə kef eləməsi, aptek sahiblərini rüşvət verməsi kimi məsələlərdən danışıb bayram əhvalınızı pozan deyiləm. Mən qəzetlərdən çox şad bir xəbəri sizlərə çatdıracam. Bilin və agah olun":: bütün "spor"lara baxmayaraq ilaxır çərşənbənin vaxtı dəyişilmir. Baş dini idarəmizdən konkret olaraq deyiblər ki, martın 20-si həm ilaxır çərşənbə, həm də bayram axşamıdır. Martın 21-i səhər saat 04.07.26-da il qaban üstə təhvil olur və yurdumuza bahar gəlir.
   
   Ola bilsin ki, "quş qripi" (kompüterin klaviaturasında "q" və "n" yan-yanadır, bəzən barmaq səhv gedəndə "nuş qripi" yazılır) qorxusundan qaranquşlar bir az gecikdi, amma mahnıdan fərqli olaraq bahar qaranquş-maranquş hərləmir, dini idarəmizin dediyi vaxtda məmləkətin sərhədlərini keçir. Özü də nə gömrük sayır, nə vergi sayır, nə varlı tanıyır, nə kasıb - hamı üçün gəlir. Bayramınız mübarək!
   
   P.S. Əvvəlcə bu yazının başlığını "Sifarişli yazı" qoymuşdum, yarımbaşlıqda da yazmışdım ki, "Müdir tapşırığından çıxan ya özü müdirlik iddasındadır, ya da dünyadan bixəbər adamdır" . Sonra dini idarəmizin xəbəri başlığı belə dəqiqləşdirməyə ehtiyac yaratdı...
   
   P.P.S. İl ərzində "Günün lətifəsi" rubrikamızda dostlarımızın ünvanına etdiyimiz zarafatların bəzilərini "Novruz ("nevroz") təbəssümləri" adı altında təkrar etməyimiz güman ki, hamınızın ürəyindən olar. Əsasən də lətifə "qəhrəmanları"nın...
   
   

TƏQVİM / ARXİV