adalet.az header logo
  • Bakı 20°C

QƏBİRİNƏ ADININ YAZILMASINI İSTƏMƏYƏN VİRTUOZ...

BABƏK YUSİFOĞLU
59392 | 2014-05-27 04:45
Həyat, insanlar haqqında danışanda çox vaxt belə bir "tezisi" önə çıxarırlar ki, dünya təkcə yaxşılardan, humanistlərdən, yaxud pislərdən, zalımlardan ibarət olsaydı yaşamaq son dərəcə yeknəsəq, cansıxıcı təsir bağışlardı. Bu iddianın həqiqətlə nə qədər uyuşduğunu söyləmək çətin olsa da hər halda onu təsdiqləyə bilərəm ki, qarşılaşdığımız müxtəliflik, fərqli rənglər, fərqli səslər, bənzərsiz hadisələr, təkrarsız insan xarakterləri, elə təbiətin də min cür çaları...g mövcud olduğumuz sərhədsiz mühitdəki mükəmməlliyin elementlərdir. Və bütün bunların vəhdəti elə bütövlükdür.
Yəqin ki, dialektikanın Əksliklərin vəhdəti qanunu da bu heyrətamiz müxtəliflik tendesiyası üzərindən yaranıb. Çünki bir bütövün var olması üçün onun müxtəlif tərəflərinin, əksliklərinin mütləq vəhdədi lazımdır. Və mənə elə gəlir ki, ictimai həyatın özü də bütövlükdə həmin qanunauyğunluq üzərində mövcuddur.
İnsanlığın fəlsəfəsində Xeyirlə Şər, İblislə Mələk mübarizəsi yoxdurmu?.. Birinin varlığı, əks tərəfin də varlığını zəruri etmirmi?.. Elə bu əzəli və əbədi qaydalar sivil dünyanın da qanun kitablarında, birgəyaşayış prinsiplərində öz əksini tapmayıbmı? Təkcə bir misal üzərində fikrimizə rəvac verək...
Həqiqətən də qanunun qoruyucuları, polislər, prokurorlar ölüm-dirim savaşı apardıqları, bir sıra hallarda həyatlarını belə itirdikləri oğrulara, cinayətkarlara görə vardırlar. Yəni, qanunu pozanlar olmasaydı, onu qoruyanlar olardımı? Yəqin ki, yox...
Amma əminəm ki, məşhur "Villi" və onun kimilər heç də bu kriminal yolu ona görə seçmirlər ki, qanunu qoruyanlar da var olsunlar. Sadəcə belələri dünyanın fərqli tərəfinin sakinləridi. Öz düşüncələriylə, həyata baxşılayla, həyat tərzləriylə... Elə sıxıntılarıyla da, dərdləriylə də bərabər... Siz "Villi"ni tanıyırsınızmı?..

(Əvvəli qəzetin 20 may sayında)


Əslində uzun türmə həyatı deyərkən heç də hansısa qeyri-müəyyən müddəti nəzərdə tutmuram. Çünki onun həbsdə yatması ilə bağlı konkret rəqəm var: 33 il. Bu qədər zaman onun bütövlükdə həyatının yarısına bərabərdir. Əslində isə bəzi mənbələrdə həmin rəqəmin daha böyük olduğu da göstərilir. Hər halda bütün mənalarda həbsxanaları Sattonun ikinci evi kimi təsəvvür etmək mümkündü.
Lakin Vilyamın situasiya görə səbr etməsi, sakitcə, olub-bitənlərlə barışması elə də inandırıcı görünmürdü. Baxmayaraq ki, orada da aşılmaz problemlərlə qarşılaşmırdı, çünki ətrafdakılar "Villi"ni tanıdığına görə, onunla hörmətlə davranırdılar. O isə sürəkli şəkildə buranı necə tərk etmək haqqında düşünürdü və qısa müddətdən sonra, belə demək mümkünsə, qərarını da vermişdi: yaranacaq elə ilk şansdan istifadə edib qaçmaq. Vəssalam. Sonrası onu ən az maraqlandıran "mərhələydi".
Əvvəldə qeyd etdiyim kimi, "Villi" situasiyaya görə çox əla rola girməyi bacaran, davranışlaryla qarşısındakını necə aldatmağı bilən birisi idi. "Aktyor" ləqəbini elə boşuna qazanmamışdı ki?.. Belə keyfiyyətlərindən başqa "Villi" həm də soyuqqanlı, tədbirli, məntiqli, diqqətli davranmağa daha çox üstünlük verirdi. Məhz bütün bu keyfiyyətlər sayəsində idi ki, o, həyatdaykən bir əfsanəyə çevrilmişdi. Hətta həmin dövrün çox tanınmış oğruları, qarətçiləri belə Sattonla müqayisədə həvəskar kimi görünürdülər.

HƏBSXANADAN QAÇIŞ

Həbsxanadan qaçmaq üçün ilk növbədə odlu silah əldə etməsi çox lazım idi. Və o bütün kriminal əlaqələrini işə salaraq həmin məsələni həll etdi. İndi qalırdı ki, münasib bir zamanı gözləyib qazanmaq. Gözlədi və qazandı da. Fürsət taparaq həbsxana gözətçilərinin birinin üzərinə şığıyıb ustalıqla üzərində gizlətdiyi silahı bir göz qırpımında onun başına söykəyərək girov götürdü və istəyini bacardı. Polislər təqib üçün hərəkətə keçəndə isə artıq geç idi.
Əlbəttə, Satton ilk növbədə əvvəlki yerini dəyişməliydi. Bu məqsədlə o bu dəfə Filadelfiyanı seçdi. Əslində "Villi" aranın nisbətən sakitləşməsinə nail olmaq üçün bir müddət gözləməli, üzə çıxmamalı, növbəti "əməliyyat"larını təxirə salmalıydı. Lakin bu cür passiv yaşam tərzini qəbul etməyən Satton tezliklə yeni qurbanlarını - qarət edəcəyi bankları müəyyənləşdirməyə başladı.
Belə xarakteri haqqında o sorğularının birində çox maraqlı açıqlamalar vermişdi. Ondan nə üçün xüsusi olaraq bankları hədəf seçdiyini soruşduqda belə demişdi: "Mən bankları niyə qarət edirəm?.. Çünki orada pullar var. Ona görə ki, mən bu işi sevirəm. Mən bankdakı pulları qarət edərkən yaşayıram, axı onlar mənə həyatın dadını bəxş edirlər". Vilyam Satton həqiqətən qeyri-adiliyi ilə bir əfsanəyə çevrilmişdig

"POÇTALYON" SATTON...

1934-cü ilin fevralında növbəti "əməliyyatı"nda Satton poçtalyon uniformasını geyinərək banka daxil oldu. Lakin özündən asılı olmayan səbəblər üzündən "Villi" bu dəfə "əməliyyatı"nı istədiyi kimi başa çatdıra bilmədi. Amma bunu həmin bankın şansı kimi dəyərləndirmək olmazdı. Çünki obyektdən uğursuzluqla ayrılan Satton təxminən bir il sonra elə həmin bankın pullarını apardı. Və həmin "iş"in ardınca bir sıra qarətlər də gerçəkləşdirdi. Lakin ilin sonunda nə üçünsə öz ənənəsini pozan "Villi" növbəti dəfə silah oğurluğuna girişdi. Və başarılı ola bilmədi. Hadisə zamanı polislər onu yaxalasalar da "Aktyor"u dəmir barmaqlıqlar arxasında uzun müddət saxlamağı bacarmadılar.
Bu dəfə fərqli yollardan istifadə etdi. Belə ki, digər türmə yoldaşlarıyla bərabər açdıqları yeraltı tunellə aradan çıxdı. Lakin dustaqların törətdikləri əməllərdən vaxtında xəbər tutan həbsxana işçiləri "qaçqın"ların izini tezliklə tapdılar. Digərləri ilə yanaşı "Villi" də elə qaçdığı gün ələ keçirildi və bu uğursuz "qaçış" ona baha başa gəldi. Çünki törətdiyi bütün bu əməllərinə görə, məhkəmə bankların qəniminə çevirilmiş qarətçiyə ömürlük həbs cəzası verdi. Və həmin cəzanın daha etibarlı şəkildə çəkməsindən ötrü Sattonunun yerini də dəyişdirdilər: onu Şərq Dövlət Həbsxanasından Xolmsburq dairə türməsinə köçürdülər. Yeri gəlmişkən onu da qeyd edim ki, "Villi" bir müddət həbsxanada kriminal dünyanın ən öndə gələn mafiya başçılarından olan, məşhur Al Kapone ilə birlikdə yatmışdı.

"HƏR ŞEY QAYDASINDADI !!!"

Əslində cəzası sərtləşdirilən və ağırlaşdırılan Satton üçün bütün bunların elə bir əhəmiyyəti də yox idi. Çünki inanırdı ki, buralarda çox qalmayacaq. Elə belə də oldu. Həbsxanadan qaçmağı planlaşdıran bir neçə dustağa qoşulan "Villi" onlarla birlikdə hərəkətə keçdi. Dəstə 1947-ci ilin fevral ayında çox güclü çovğunun tüğyan etdiyi bir gecədə işə başladı. Belə bir zaman - necə deyərlər, it belə burnunu çölə çıxara bilməyəcəyi məqam - qaçış üçün daha münasib hesab oluna bilərdi.
Əslində qaçış planının bütün əsas elementlərini o düşünüb tapmışdı. Dustaqlar müxtəlif yollarla əldə etdikləri həbsxana gözətçisi geyimlərini geyinərək gecə yarısı "qurtuluş" əməliyyatına başlamışdılar. Amma... Qabaqcadan gizlətdikləri iki uzun nərdivanı hündür həbsxana hasarına söykəyərək üzərinə qalxan dustaqlar gözlənilmədən bir vəziyyətlə qarşılaşdılar. Belə ki, düz hasarın üstündə olduqları an gözətçi qülləsindən onların üzərinə projektor işığı salındı.
Bu o demək idi ki, qaçış iflasa uğradı və onları qarşıda növbəti ağırlaşdırıcı cəzalar gözləyir. Dustaqlar özlərini itirdilər, "Villi"dən başqa. O heç bir şübhə oyatmadan oranın işçiləritək əllərini qüllədəki gözətçilərə tərəf yelləyərək qışqırdı: "Hər şey qaydasındadı!!!" Və sakitcə, guya yoxlama işi görürmüş kimi çııxıb yoluna davam etdi.
Qüllədəkilərin ağlına belə gəlmədi ki, bu uniforma geyinmiş dustaqdır. Yenidən həbsaxanadan qurtulan Sattonu bu dəfə tapmaq asan olmadı. İllər keçdi, kimsə onu gördüm demədi, lakin ara-sıra soyulan banklar haqqında informasiyalar yayılıdıqca təxmin etmək olurdu ki, bu qeyri-adi qarətçi azadlıqdadır. Və o, azadlıqdadırsa, bankların toxunulmazlığı mütləq şübhə altında qalacaqdır: bankı necə qoruyursansa qoru...

SONUNCU HƏBS...

Uzun sürən axtarışlardan sonra polis Sattonun izinə düşə bildi. Əslində onun yeri haqqında Arnold Şuster adlı bir həvəskar-agent Federal Axtarışlar Bürosu (FAB - "FBR") əməkdaşlarına xəbər vermişdi. Bruklində atasının kafesində çalşan 24 yaşlı Şuster təsadüfən bir neçə dəfə Sattonu görmüş və tanımışdı. Çünki axtarışda olanlar üçün afişalarda "Villi" də görüntülənirdi. Həmin vaxt Vilyam Sattonu səssizcə izləyən və onun yaşadığı yeri öyrənən agent-həvəskar bu barədə "FBR"-ə məlumat verdi. Və beləliklə 1952-ci ilin qışında Satton bir də ələ keçdi və bu onun həyatında sonuncu həbs oldu.
Maraqlıdı ki, Sattonun həbsindən düz 17 gün sonra Arnold Şuster işdən çıxıb evə getdiyi küçələrin birində amansızcasına qətlə yetirildi. Polis onun hər iki gözündən güllələnmiş meyitini səkidə qanlar içərisində tapanda ilk şübhələndiyi adam məhz "Villi" olmuşdu. Amma sonrakı araşdırmalar göstərdi ki, həmin gənci öldürən tamam başqa bir şəxs olub. Elə "Villi" də israrla özünün bu işdən xəbərsiz olduğunu bildirirdi. Çox sonralar aydınlaşdı ki, satqınlığı heç cür qəbul etməyən məşhur mafiya liderlərindən biri Albert Anastaziya Sattonu şəxsən tanımasa da qətli peşəkar bir sui-qəsdçiyə sifariş veribmiş.
Vilyam Satton 17 ildən sonra - 1969-cu ildə azadlığa buraxıldı. Əlbəttə, bu azadlıq onun həbsxanada özünün nümunəvi davranışlarına, artıq mübtəla olduğu xəstəlikərinə, bir də vəkillərinin inanılmaz səyinə görə gerçəkləşdi. Bəli, kriminal dünyanın əfsanəsi sayılan bu adam 100-dən çox bankı qarət eləmişdi. Bu zaman onun ələ keçirdiyi pullların məbləği 2 miyon dollardan çox olduğu söylənirdi. Əlbəttə, indiki dövrün şərtlərinə görə bu məbləğ o qədər də böyük səslənməyə bilər, lakin 50-ci illərin şəraitini nəzərə alsaq 2 milyonun çox böyük bir rəqəm olduğunu təsdiqləyə bilərik.

HƏMKARLARINDAN SEÇİLƏN VİRTUOZ

Qəribə də olsa bildirək ki, onun kimi bir məşhur "avtoritet" o zamanın heç bir mafiyası ilə əlaqədə olmamış, nə kimsənin sifarişini yerinə yetirmişdi, nə də haradansa göstəriş almışdı. Həmişə üstündə silah gəzdirən "Villi" ömrü boyu qətl törətməmiş, heç bir qanqster qrupuna bağlılığı olmamışdı. Qarət etdiyi pulları da səxavətlə xərcləmişdi. Sonuncu dəfə evində yaxalanarkən onu ələ keçirdiklərinə inanmayan polisləri özü əmin etmişdi ki, siz "Villi"ni tutdunuz...
Sattonu cinayət dünyasının bütün məşhurlarından fərqləndirən digər xüsusiyyətlərindən biri də onun həm də iki kitab müəllifi olmasıydı. Təsəvvür edin, ömrünün 33 ilini dəmir barmaqlıqlar arxasında, müəyyən dövrünü qarətlərdə, digər hissəsini isə hüquq-mühafizə orqanlardan gizlənməklə keçirən "Villi" həm də "Mən, Villi Satton" və "Pullar haradadı" əsərlərini yazmışdı. Bu, inanılmaz bir iş idi. Yəni, düşünmək olmurdu ki, bir-birinə daban-dabana zidd bu məşğuliyyətlər bir ömürə necə sığmışdı?
Bioqraflar onun şəxsi həyatından bəhs edərkən yazırlar ki, Satton iki dəfə ailə qurub. 1929-cu ildə ilk dəfə evləndiyi Luiza Ledmanndan Cenni adlı bir qızı da olmuş və o, həbsə düşəndən sonra nikahları pozulmuşdu. Sonrakı arvadı Olqa Kovalskaya adlı bir qadın olmuşdu ki, bu evlilik də elə uzun sürməmişdi. Belə ki, 1933-cü ilə təsadüf edən bu evlilik hardasa ilyarımdan sonra bitmiş, bundan sonrakı həyatını isə "Villi" tək keçirmişdi. Düzdü, həyatının son dövrlərində Floridaya gələn "Villi" ailəsindən yadigar qalan kimsəsiz bacısı Yelena Mottola ilə birlikdə yaşamış, xəstə, yaşlaşmış qardaşının qayğısını məhz həmin bacısı çəkmişdi.
Vilyam Sattonun həyatında ən maraqlı məqamlardan biri də onun son dəfə azadlığa buraxıldıqdan sonrakı məşğuliyyətiydi. Bir sıra banklar öz təhlükəsizliklərini təmin etmək, mühafizəni daha etibarlı şəkildə qurmaq məqsədiylə əfsanəvi "Aktyor"un tövsiyyələrindən yararlanır, verdiyi məsləhətləri gerçəkləşdirirdilər. Kriminal aləmdən bəhs edən əsərlərin çapından böyük gəlirlər əldə etməyə çalışan naşirlər canlı əfsanə sayılan "Villi"nin hər kaprizini qəbullanmağa hazır idilər. Əslində onun özü də qocalıq dövründə jurnalistlərin, televiziyaların suallarını cavablandırmağa həvəs göstərirdi.

O DA BİR SON YAŞAMALIYDI...

Bütün çəkdiyi əziyyətlərə, mübtəla olduğu xəstəliklərə, sıxıntılara rəğmən "Artist" Satton dərin qocalıq yaşınadək ömür sürdü. 1901-ci ildə hamı kimi məsum gəldiyi dünyaya "Villi" 1980-cı ildə, 79 yaşında kriminal aləmin ən şöhrətli adamlarından biri kimi əlvida dedi. Vilyam ("Villi", "Artist") Sattonu Bruklindəki Müqəddəs Xaç qəbiristanlığında, ailə məzarlığında dəfn etdilər. Sağlığında xarakterinə görə digər həmkarlarından fərqlənən möhtəşəm "Villi" öləndə yaxınlarından bircə şey istəmişdi: onun adını qəbrinə yazmasınlar. Bəlkə də sağlığında əsl əfsanəyə çevrilmiş Satton istəməmişdi ki, insanlar onun öldüyünü bilsinlər...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV