adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BƏSDiRiN DƏ, ALƏ

CEYHUN MUSAOĞLU
29117 | 2007-03-17 04:43
Ölkədə üç zırıltı hadisə baş verib":: 21 mərtəbəli binanın sonuncu mərtəbəsi uçub, "Neftçilər"metrostansiyasının pilləkənlərində imam şəkli peyda olub və Sirus Təbrizli bir qaşıq qanını ortaya qoyub, Ramiz Mehdiyevin üzərinə virtual hücuma keçib. Sizi yüz faiz əmin edirəm ki, hər üç hadisənin bir-biri ilə sıx əlaqəsi var. Əgər XXI əsrdə, hər şeyin real olduğu zamanda, yeganə möcüzənin insan düşüncəsi hesab edildiyi dünyada hələ də daşdan imam, peyğəmbər şəklinin zühur elədiyini iddia edən bir millət yaşayırsa, elə o millətin başına 21 mərtəbəli bina uçmalıydı, elə o milləti Siruz Təbrizli kimi provakatorlar pafoslu çıxışları ilə aldatmalıydı.
   
   Eşidin və agah olun":: Siruz Təbrizlini danışdıran Əli İnsanovdur, Əli İnsanovu danışdıran evindən tapılıb, müsadirə olunan qızıllar. Əlaqələri görürsünüzmü? Azərbaycanlı yeganə bir xalqın nümayəndəsidir ki, həmin xalq keçmişi ilə birbaşa bağlıdır. Həmin xalq on əsr qabaqkı hadisələrlə mütləq və mütləq indi də xəbər saxlayır. O hadisələrə zəng edir, konturu qurtaranda vızıv atır. İmkan vermir ki, o hadisələr çürüyüb basdırıldıqları torpağa qarışsınlar. Kim mənə Əli İnsanovla, Hacı Məmmədovla Koroğlunu, Qaçaq Nəbini eyniləşdirməkdə yanlışlığa yol verdiyimi desə, o adama məsləhət görərəm ki, Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsini vərəqləsin. Koroğlunun bütün əməllərində quldurluq, xuliqanlıq, dələduzluq maddələri adamın üzünə durur. Balam, Qaçaq Nəbi deyildi dağdan enib, karvanla mal gətirən ticarətçilərin qabağını kəsib, əllərindən var yoxlarını alan?! Bax, elə ona görə Sirus Təbrizli Əli İnsanovu müdafiə edir. Ondan qəhrəman obrazı yaradır. Bax, elə ona görə Hacı Məmmədovun məhkəməsi zamanı müxalifət qəzetləri bu qulduru cəmiyyətə filosof, alim, çox mütaliə edən insan kimi sırıyırdılar.
   
   Doğrudan da bizə hər şeyi sırıyırlar. Təsəvvür edin, azərbaycanlı "Neftçilər" metrostansiyasının pilləkənlərində imam şəkli görür. Təsəvvür edin, azərbaycanlı 1988-ci ildə Sovetskidəki evlərin birinin darvazasında peyğəmbərin əksi ilə rastlaşır. Təsəvvür edin, azərbaycanlı qoyunun üstündə Allah sözü oxuyur. Təsəvvür edin, azərbaycanlı Lənkərandakı həyətlərin birindəki fındıq ağacının meyvələrinin hər birinin üstündə Quran ayələrinin yazıldığını iddia edir. Bu xarabada gündə yüzlərlə falçı doğulur, yüzlərlə ekstrasens dünyaya gəlir. Telejurnalistlər kameranı, belə jurnalistlər isə diktafonu götürüb bu gic-gic hadisələri, bu gic-gic adamların görüntüsünü, ifadələrini tirajlayırlar. Ay bədbəxtlər, Allahın varlığını daşda, divarda, qozda, fındıqda niyə axtarırsınız? Elə insan özü başdan-ayağa Allahın varlığını sübut etmirmi?
   
   Nətəhər olur e, bu xarabanın daşından-divarından elə imam, peyğəmbər şəkli tökülür? Niyə azərbaycanlı bir dəfə divara baxanda ordan qəşəng, yarıçılpaq qız şəklinin peyda olduğunu görmür? Niyə azərbaycanlı ancaq qara, insanlara yas aşılayan, kədər gətirən hadislərlə ər-arvad kimi yaşamağa üstünlük verir? Doğrudanmı bu məmləkətdə yemək, içmək, gülmək, sevinmək istəyənlər yoxdur? Doğrudanmı bu məmləkət başdan-ayağa yas çadırıdır? Əgər bu xalq ölübsə, birdəfəlik deyin, işimizi bilək. Çıxaq pəncərələrə ürəkdən şaqqanaq çəkib gülək, fərəhlənək, sevinək. Ki, Azərbaycan adlı yarımcoğrafi məkanda yeni xalq yaranacaq.

TƏQVİM / ARXİV