adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BAKIYA MƏCBURi "SƏFƏR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
25945 | 2007-03-15 23:38
Vahid Əlifoğlu xəstəxanadadı. İllərlə yaşadığı və hələ nə qədər yaşayacağı bəlli olmayan çadır şəhərciyində (düzdür, indi adına qaçqın qəsəbəsi deyirlər, özü də son dərəcə önəmli bir adı var":: Qayıdış!) möhkəm xəstələnib və onu Bakıya, Akademik Topçubaşov adına Elmi-Tədqiqat İnstitutunun Xəstəxanasına yerləşdiriblər. İlkin diaqnozu belədir ki, onikibarmaq bağırsağında yara var. Və bu yaraların da üstü açılıb, qanaxma baş verib, şair komaya düşüb, yaxşı ki hayına çatan olub. Onu çətinliklə həyata qaytarıblar.
   
   Bu xəbəri eşidən kimi dərhal yanına tələsdim. Heç onu belə görməmişdim, rəngi ağappaq idi. Gözlərində ona yaraşmayan bir ümidsizlik və bir də lap uzaqlara baxan və bir də baxmaqdan daha çox baxmaq istədiyi yeri axtaran zəif işartı vardı, həyat işartısı. Əvvəlcədən deyim ki, Vahid Əlifoğlu görüşəndə öpüşməyə o qədər də meyl edən adamlardan deyil. Amma mən özümü atdım onun üstünə, möhkəm-möhkəm, lap illər ayrısı kimi görüşdüm onunla. Bir anlıq unutdum ki, qardaşım reanimasiyadadır. Nə deyəcəyini əvvəlcədən bilsəm də yenə də soruşdum"::
   
   - Nə təhərsən?
   
   Gözləri ilə divarları gəzib qayıdandan sonra dedi"::
   
   - Elə gördüyün kimi...
   
   Söz məni yaman tutdu. Özümdən asılı olmayaraq, bir ağsaqqallıq etdim. Məndən yaşda və başda böyük qardaşım "möhkəm ol, heç kimi yox, bir cüt qız balanı fikirləş. Deyilənlərə, həkimin məsləhətlərinə əməl et, hər şey yaxşı olacaq. Bunu mən deyirəm"-dedim. Guya ki, çox böyük bir adamam, lap Allahın bacısı oğluyam və dediklərim də "Qur?an" ayəsidi. Amma həqiqətən də həmin anda mənə elə gəldi ki, mütləq bu sözləri deməliyəm və bunun təsiri olacaq.
   
   Şükürlər olsun ki, ertəsi gün sübh tezdən Vahid Əlifoğluna baş çəkəndə artıq üzündə əməlli-başlı təbəssüm var idi. Həmkarımız, dostumuz Oqtay Salamovla birlikdə Vahidin görüşünə gedəndə hətta bizimlə zarafat da etdi"::
   
   - Oqtay müəllim, qəzetdə şəklini çox görüb, yazılarını oxumuşam. İstəməzdim belə bir yerdə görüşək, amma neyləmək olar. Yəqin belə məsləhətdi.
   
   Xeyli söhbətləşdik və heç vaxt fikirləşdiyini, ürəyində olanı dilindən gizlətməyən Vahid Əlifoğlu bu dəfə də elə Oqtayın yanındaca dedi ki, qağa, sənin dünən dediyin bir-iki söz var idi ha, dərmandan çox o mənə təsir etdi (o sözlərin bir qismini yuxarıda yazmışam, amma bir qismini Vahidlə mən bilirəm) və bir də həkimlərə barəmdə nə demisənsə hamısı mənimlə maraqlanır. Deyəsən mən böyük adamam haa.
   
   Hamımız güldük və elə bu məqamdan da istifadə edib xəstəxanada ilk anda müşahidə etdiyim, amma səbəbini soruşmağa utandığım bir məsələyə də aydınlıq gəldi. Məlum oldu ki, Vahid Əlifoğlu komaya düşəndə onun həyatını xilas etməyə çalışan qohum-əqrəba necə həyəcanlı, tələm-tələsik hərəkətlər ediblərsə, qardaşım üç-dörd dişini qurban verəsi olub. Canı sağ olsun, diş düzələr. İkimizi də narahat edən vacib bir məqam var, onun da çarəsini Oqtay Salamov dedi. Dedi, Vahid, siqareti tulla getsin, arağı da iki aydan sonra yenə başlayarsan Əbülfətlə vurmağa. İki ay gözləməyə yəqin səbrin çatar.
   
   Qardaşımın çırağına elə bil neft töküldü. İki aya dözərəm dedi, yoxsa çəkmə, içmə, bu nə həyatdı? Əsas, yaşadığın ömürdə ürəyin istəyən nədirsə ondan ləzzət almalısan. Yoxsa mənasız yerə beş gün artıq yaşamağın nə mənası var?
   
   Azərbaycanın qaçqın qəsəbələrinin birində, yəni Qayıdışda yaşayan Vahid Əlifoğlunun bir vaxtlar xeyir-duasını aldığı xalq şairləri Məmməd Araz, Bəxtiyar Vahabzadə, eləcə də məktublaşdığı Tofiq Abdin, Rəşad Məcid, Ceyhun Musaoğlu, Hidayət Elvüsal, Oqtay Salamov və digərləri nə qədər cəhd edirdilərsə, onunla Bakıda görüşə bilmirdilər. İndi özü demiş, "skorı"da Bakıya gəlib. Amma bu səfər onun ürəyincə olmadığı kimi, bizim də heç arzulamadığımız, istəmədiyimiz bir səfərdi. Təki Allah şəfasını versin, tezliklə özünün dediyi kimi, qayıtsın Daşburun-Horadiz yolunun üstündə üzü doğma yurda baxan çayxananın "dəyirmi masa"sının arxasına. Bizə elə gəlir ki, həyatımızın da, ədəbiyyatımızın da, dərdlərimizin də mənzərəsi məhz həmin masanın arxasından daha aydın görünür.

TƏQVİM / ARXİV