adalet.az header logo
  • Bakı 18°C

CƏMiYYƏTiN VƏRƏMLƏYƏN DƏRDi

OQTAY SALAMOV
21290 | 2007-03-14 23:42
Bilmirəm lətifədi, ya ibrətamiz hekayətdi, amma belə nəql eylədilər":: Bakıda məşhur bir yəhudi həkim tibb bacısına tapşırır ki, mən istirahət edəndə müraciət edən xəstələrə münasibətin belə olsun; yəhudi gəlsə məni narahat eləməyi ağlına da gətirmə, rus gəlsə, gördün ki, çox təkid eləyir, məni oyadarsan, gördün ki, azərbaycanlı gəlib, yorğunluğuma, yuxluluğuma baxma, təcili məni çağır. Tibb bacısı elə düşünür ki, həkim yəhudiləri sevmir, ruslardan qorxur, azərbaycanlılar üçün canını da verməyə hazırdır. Amma həkim səbəbini izah eləyəndə hər şey məlum olur":: yəhudi ən azı altı aydan bir heç bir ağrı, zəiflik hiss etməsə də həkimə müraciət edir. Rus bir balaca narahatçılığı olanda həkimə müraciət edir. Azərbaycanlının üstünə molla çağırılmalı olanda həkimin yanına gətirirlər...
   
   Azərbaycanda vərəm epidemiyası təhlükəsi var. Bunu Səhiyyə Nazirliyinin hazırladığı "Milli Vərəm Proqramı"(??) və Elmi Tədqiqat Ağciyər Xəstəliklərin İnstitutunun direktoru Faiq Ağayevin sözaltı həyəcanlı sözləri də təsdiq edir. Faiq həkim söyləyir ki, hazırda Azərbaycanda 8 minə yaxın vərəm xəstəsi var. Bunlar ancaq rəsmi qeydiyyatda olanlardır. F.Ağayevin fikrincə, respublikada belə xəstələrin sayı daha çoxdur. Bizim fikrimizcə isə, bu rəqəm Azərbaycanda vərəm xəstələrinin iyirmidə birindən də az göstərilib və fəlakətin dərəcəsi haqda mümkün olan qədər sakitliklə danışılır. Dediklərimizi əsaslandırmağa çalışaq"::
   
   Səhiyyə Nazirliyinin hazırlamağa məcbur olduğu "Milli Vərəm Proqramı" bu sahəyə çox ciddi nəzarətə ehtiyac olduğunu göstərir. Əslində burada "Milli" sözü qətiyyən yerinə düşmür. Vərəmin nə millisi, qeyri-millisi? Yeri gəlmişkən, Azərbaycan Respublikası Milli Onkologiya İnstitutu ifadəsi də istehzaqarışıq bir təəssüf doğurur. Bunları sözgəlişi dedim. Almaniya hökumətinin maliyyə yardımı ilə Azərbaycanda Milli İstinad Laboratoriyasının tikilməsi və respublikada 12 regional vərəm dispanserinin yaradılacağı haqda məlumat da Azərbaycanda vərəmin miqdarı və təhlükəsinin xarici dövlətləri belə narahat etdiyindən xəbər verir.
   
   "Azərbaycanda vərəmə qarşı mübarizə" üzrə Birinci Respublika konfransında belə bir fikir səsənib ki, vərəm xəstələrinin heç də hamısı qeydiyyata düşməyə həvəs göstərmirlər. Kifayət qədər həqiqətə uyğun olsa da, birtərəfli yanaşmadır. Vərəmli xəstələrin bir hissəsi qohum-tanışlardan utanaraq (!!!) xəstəliyini gizlədirsə, çox böyük bir hissəsi, bəlkə də əksəriyyəti imkansızlıq ucbatından həkimə müraciət edə bilmirlər. Axı vərəm kasıbların və məhbusların xəstəliyidir. Bəli, yazılan plakatlara, deyilən sözlərə biz də inanırıq ki, "VƏRƏM MÜALİCƏ OLUNUR". Bəs müalicə olunmağa hamının pulu varmı? Axı heç yerdə yazılmayıb ki, "vərəm pulsuz müalicə olunur", lap yazılsa da biz "pulsuz təhsil" və "pulsuz səhiyyə"nin nə olduğunu gözəl bilirik.
   
   Görəsən Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanlarının vərəm dispanserlərində baş verənlərlərdən xəbəri varmı? Soruşa bilərsiniz ki, hüquq-mühafizə orqanlarının vərəmə nə dəxli var. Tələsməyin, deyirəm. Vərəm dispanserlərində axşamlar qeydiyyatda olan xəstələrin böyük əksəriyyətini yerində tapa bilməzsiniz. Biri "çimmək üçün elə indicə icazə alıb evinə gedib", birinin "xalası oğlunun toyudur, gedib nəmər yazdırmağa", birinin "uşağının qızdırması var idi"... Dispanserdə ancaq ayaq üstə durmağa taqəti olmayanlar, evdəkiləri və ətrafdakıları yoluxdurmaq məsuliyyətini başa düşən istisna adamlar və kimsəsizlər (kompüterdə bu söz "kisəsizlər" getmişdi ki, bu da həqiqətə tam uyğundur), atılmışlar gecələyirlər. Gedənləri ala gözünə, qara qaşına aşiq olub buraxmırlar, evd qalmağın öz qiyməti, nırxı var. Məlumdur ki, SPİD (QİÇS) xəstələri bilərəkdən başqasını xəstəliyə yoluxdurursa, onu cinayət məsuliyyəti gözləyir. SPİD adətən cinsi yolla ötürüldüyü üçün onun yoluxdurulması bir, uzaq başı iki adam üçün təhlükədir. Amma toya gedən vərəmli bircə gedişlə 300-500 adamı yoluxdura bilər. Deməli, hüquq-mühafizə orqanları üçün də iş var.
   
   Konfransda qeyd olunub ki, xəstəliyi ilkin tutanlar üçün dərmanlar sahəsində problemin demək olar ki, olmadığı halda, ikinci sıra dərmanlarla vəziyyət çox gərgindir. Yəni xroniki xəstələr üçün vacib olan bu dərmanlar Azərbaycanda yoxdur. Hələ bu azmış kimi, gələn ildən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də Azərbaycana vərəm sahəsində göstərdiyi dəstəyi dayandıracaq. Beynəlxalq Qlobal Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri Rəsul Əfəndiyev deyir ki, Azərbaycanda vəziyyəti elə də ağır olmayan vərəmli xəstələr üçün birinci sıra dərmanlar gətirilib, yaxın vaxtlarda isə ağır vərəm xəstələri üçün nəzərdə tutulan ikinci sıra dərmanların gətirilməsinə başlanılacaq":: "Bu dərmanlarla penitensiar sahədə 20 nəfər müalicə olunucaq".
   
   Deməli, yazının əvvəlində danışdığım hekayətə əsasən, Azərbaycanda rəsmi olaraq 8000 vərəmli xəstə var. Bunlardan 20-sinə dərman gətiriləcək. Nədi ki, qalır 7980-i. Hər il 20 xəstəyə dərman gətirilsə, 200-cə ilə Azərbaycanda vərəmin kökü kəsilər. Bəşərti ki, bu andan etibarən vərəmlə xəstələnmək qəti nadağan olunsun. Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 8 milyon adam vərəmlə xəstələnir, 2 milyon adam vərəmdən ölür və hər saniyə yer üzündə kimsə vərəm çöpləri ilə yoluxur.
   
   BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı Martin Amaşer bildirib ki, aprel ayında ilk dəfə olaraq vərəmli məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsində rezistent (vərəmin daha ağır forması) vərəmə görə yüksəksəviyyəli müalicənin tətbiqinə başlanılacaq. Onun fikrincə, vərəmli xəstələrin müalicəsi məqsədilə həbsxanalarda həyata keçirilən pilot-layihə mümkün qədər qısa müddətdə mülki sahədə reallaşmalıdır. Yəni hələlik vərəmin ağır formasından müalicə olunmaq üçün yeganə yol ən azından bir cinayət törədib həbsxanaya düşməkdir...

TƏQVİM / ARXİV