DİŞ ÇÖPÜ

ƏBÜLFƏT MƏDƏTOĞLU
34805 | 2014-05-24 05:38
Uzun illərdi müşahidə aparıram və gəldiyim nəticə budur ki, dünyada lazımsız, gərəksiz heç nə yoxdug Və lazımsız, gərəksiz heç nəyin olmadığı bu dünyada da mütləq bir ehtiyac anlayışı var. Görünür, elə buna görə müdriklər deyib ki, "saxla samanı, gələr zamanı". Belə baxanda samanla zaman nə qədər həmqafiyə olsa da, burda poetik düşüncəni bir kənara qoyub elə adi bir məntiqlə məsələyə yanaşsaq, onda görərik ki, bəli, zamanı gələndə saman da qızıl qiymətinə olur. Lap elə yenə atalar demişkən, "suda boğulan saman çöpündən də yapışır".
Bəli, bütün bunlar, daha doğrusu, təqdim etdiyim iki atalar sözü quru bir çöpün, yəni samanın nə qədər dəyərli olduğunu heç bir mühakiməsiz, heç bir çək-çevirsiz özü ortaya qoydu. Yəqin oxucu da mənimlə razılaşar ki, həqiqətən o saman çöpü, daha doğrusu, elə çöpün özü də bir quş yuvası olmaq gücündədi. Hələ mən onu demirəm ki, məclislərin lap ortasında, daha doğrusu, süfrələrin lap mərkəzində həmin o çöplərin yer tutumaq imkanı da var. Əvvəllər bu imkan bir az məhdud idi. Amma demokratik cəmiyyətimiz, mənsub olduğumuz özəl azadlıqlar həmin o çöpləri məclisdə üçlük təşkil etməyə - duz, istiot və diş çöpü! - bir araya gəlməsi üçün bütün qapıları açdı. İndi istənilən restoranlarda, hətta lap bərk gedən yerlərdə də həmin "üçlük" öz yerindədi və böyük əksəriyyətimiz də həmin diş çöplərindən yararlanırıqg
Doğrudur, bəzilərimiz qarşımızda əyləşənlərə, ətrafdakılara əhəmiyyət verməyib həmin diş çöpləri ilə dişlərimizin dibində "əməlli başlı quyu qazırıq". Ağzımızı elə açırıq ki, elə bil balıq sudan çıxıb. Amma onu da söyləmək vacibdir ki, bu işi çox məharətlə, ustalıqla görənlər də var. Elə nəzakətlə hərəkət edirlər ki, həmin çöplərdən onların necə istifadə etdiyini ətrafdakılar duymur. Bax, bu, təbii ki, mədəniyyət söhbətidi. Maşallah olsun, biz də ki, etik normalara əməl etməkdə həmişə öz yerimizi gözləmişik. Elə yeri gəlmişkən, burda bir əhvaltı da diqqətə çatdırmaq istəyirəm. Çünki söz sözü çəkir...
Çox hörmətli ürək dostum, həmkarım, dəyərli Flora Xəlilzadə mənə bir dəfə maraqlı bir söhbət etdi. Dedi ki, şəhərimizin filan küçəsində bir qəzet köşkü var. Mən həmişə ordan "Kaspi", "525-ci qəzet", "Ədalət" və "Mədəniyyət" qəzetlərini alıram. Və hər dəfə də həmin köşkə yaxınlaşanda artıq məni neçə illərdi tanıyan satıcı birinci üç qəzeti verib və çox ağır, təmkinli şəkildə "mədəniyyətimiz yoxdu" deyir. Mən onu başa düşürəm, amma hər dəfə də təkrar edirəm ki, barı yadında saxlasın. Heç olmasa növbəti dəfə desin ki, "Mədəniyyət" qəzeti bu gün olmayacaq və yaxud da yoxdu. Bilmirəm, o doğrudan-doğruya nə dediyini dərk eləmir, yoxsa həqiqətən onun mədəniyyəti yoxdu.
Hə, bax indi bu sözün qüvvəti, bu söhbətin davamı kimi mən də elə bugünlərdə bir yoldaşla normal bir şəraitdə nahar edəsi olduq. Həmin o yoldaş bizə xidmət edəni çağırıb sakit bir şəkildə:
- Xanım, bizə çöp də gətir - dedi.
Xanım da çox rahat şəkildə:
- Çöpümüz yoxdu - dedi.
Mən həmin yoldaşın xidmətçiyə tərs-tərs baxdığını sezib söhbətin sonunu gözlədim. Həmin yoldaş bu dəfə bir az səsinin tonunu qaldırıb:
- Ay qız, sənə çöp gətir deyirəm.
Qız da öz növbəsində səsinin dabanını bir az qaldırdı:
- Mən də deyirəm ki, bu gün çöp olmayacaq. Müdir bazarlıq edəndə çöp almağı unudub.
Çörək kəsdiyim yoldaşın əhvalı tamam pozuldu:
- Ə, bura nə təhər yerdi, burda Allahın çöpü də yoxdu.
Mən yerimdən qalxıb qonşu masanın üstündəki diş çöpünü gətirib öz süfrəmizə qoydum. Sanki bununla bayaqdan bir-birinə səsinin dabanını qaldıran müştəri ilə xidmətçi özlərinə gəldilər. Üstlərinə su çilənmiş kimi ikisi də bir-birinə baxıb başını buladı. Həmin an bir-birinə başına bulayan bu adamların ürəyindən nə keçdiyini dəqiq bilməsəm də, ancaq anladığım o oldu ki, sən demə, yeri gələndə diş çöpü qan da qaralda bilirmiş. Nə olsun ki, ondan bir dəfə istifadə olunur. Özü də təkcə bir dəfə istifadə olunub atılmaq diş çöpünün alnına yazılmayıb ki, həyatda o qədər atılanlar var ki... Məncə atılmaqla ətrafı təəccübləndirmək indi mümkün deyil. Ona görə ki, atılmağın kökü "atmaq"dı, onun da kökü "at"dı. Gör indi ortada nə qədər həlqələr var. Qırıla-qırıla getdikcə atlar, atanlar çoxalır...
Bütün sonlar
növbəti
başlanğıclara
istinasız qapıdı...
Bütün qapılar da
öz sonunu bilir -
amma,
bağlansa da,
başqa bir səmtə
başqa bir məqsədə
başlanğıc kimi
açılır...
Deməli,
bütün qapılar
və bütün sonlar
ikiüzlüdü!..

* * *
Yaşadığımız zaman elə bir aura yaradıb ki, burda tək qalmaq da, təklənmək də, özünə çəkilmək də, hər kəsin yanında olmaq da həm adiləşib, həm maraqlı olub, həm də bir növü hay-küyə çevrilib. Yəni zamanın özü yaratdığı auranı şou edibdi. Deyə bilərsiniz ki, hökm edən insandı, zaman burda vasitədi. Amma inanın ki, mən bunu dəfələrlə yazmışam, demişəm və yenə yazıram ki, siz haqlısınız, sizin dediyiniz ən böyük həqiqətdi. Lakin o da bir həqiqətdi ki, zamanın özünün də zamana ehtiyacı var. Çünki zamana uyğun verdiyin qərar bu gün üçün gerçək real olsa da, sabahkı zamandan üzü geri baxanda nə boyda yanlışlıqların baş verdiyini adam ürəkağrısı ilə müşahidə edir. Ona görə də "hər şeyin zamana ehtiyacı var" fikrini mən təkcə aforizm kimi yox, həm də bir reallıq kimi qəbul edirəm və özüm üçün bəlli olan həqiqətin hər birinin içində zaman ehtiyacını saxlamağa çalışıram...
Yazının əvvəlində dediyim kimi, bir dəfə istifadə olunan və süfrədə hansı məqsədə xidmət etdiyi bilinən diş çöpünün yerində olmaması qan-qaraçılığa, dilxorçuluğa səbəb olduğu kimi, onun sonradan atıldığı yer həmin o dilxorçuluğa, qan-qaraçılığa qarşı gülüş doğrur, təbəssüm yaradır. Amma nədənsə başlanğıc, yəni gərək olan anla son, yəni gərəksizlik ovuc içi kimi görünsə də, biz bunun fərqinə varmırıq. Deməli, fərqinə varmadığımız həmin o başlanğıc və son arasında bizim zamana ehtiyacımız olur - düşünmək üçün, özümüzü ələ almaq üçün. Çox təəssüf ki, zaman bizi gözləmir, zaman bizim istəyimizlə oturub durmur. Yəni biz bir şimşək kimi, qığılcım kimi alışıb söndüyümüz anın içində nə olduğumuzu, kim olduğumuzu dərhal büruzə verir və dərhal da zaman bizə qalib gəlmiş olur. İçimiz görünür, əxlaqımız görünür, görünən isə təbii ki, daha inandırıcıdı, daha gerçəkdi...
Bax, bu mənada zaman ehtiyacı, zamana dözmək, zamandan baş çıxarmaq, zamanla ayaqlaşmaq və hətta zamana qalib gəlmək artıq formalaşmış, sözün bütün mənalarında oturuşmuş adamların gücü daxilində olur. O adamlar isə get-gedə azalır, tükənir. Onlara qalib gələn ətraflarında olan həmin o qığılcımlar, həmin o bir anın alışanlarıdı. Çünki onlar çoxdu...
Mən zamana yük olan və yaxud da zamandan incə adamlar da tanıyıram. Bu adamlar bir-birindən yerlə göy qədər fərqli olsalar da, onların hər ikisinin dayaq nöqtəsi yenə zamandı. Bax elə mən də güvəndiyim, bəzən gərdişinə, bəzən surətinə, bəzən yaratdığı şəraitə, aurasına etiraz etdiyim, qarşı çıxdığım zamanın zərbələrini dada-dada çalışıram ki, nə ondan geri qalım, nə də ondan qabağa keçim. Çünki hər iki hal daha çox zərbə almağa aparır. Geri qalanda zərbə alnına dəyir, önə çıxanda kürəyinə! Odur ki, həmin o zərbələrin şəxsən mənim həyatıma, mənim taleyimə etdiyi naxışlar bəzilərinə qəribə gəlir. Hətta bu qədər "naxışın", bu qədər zərbənin dözülən olduğuna şübhə də edirlər. Amma səmimi etiraf edirəm ki, güvəndiyim Tanrım, dostlarım və sevgim mənə həmişə ümid verib - hətta ən dar məqamda da, ən son nəfəsdə də. Mən yazdığım şeirlərimin mayasında da bunu əsas kimi qəbul etmişəm, tanımışam. Bax, elə indi oxuyacağım şeirdə olduğu kimi:

Səni
gözümün didəsində
ürəyimin
tən ortasında
və bir də
ruhumun qanadında -
yaşadıram...
Elə bilmə ki,
gözümün didəsi
ürəyimin tən ortası
və bir də
ruhumun qanadı
sıxıcıdı -
və mən səni bezdirirəm!
Yox! Əksinə
mən düşünürəm ki,
bu candan gələn
sevgimlə
sənə
sevməyi sevdirirəm!..

***
İndi, daha doğrusu, bu yazının bilgisayara diqtə olduğu vaxt hava ürəkbulandıran, can sıxandı, baş açmaq olmur... Bir tərəfdən də təzyiq andır adamı lap girinc edir. Ancaq sevinəsi bir məqam, öyünəsi bir durum da var - o da yanımdakıların anlayışlı olmasıdı. Tərif üçün demirəm. Həqiqətən də səninlə birgə çalışanların, yanında olduğun, yanında olan əgər anlayışlıdırsa, onda dözümün də, müqavimətin də, hətta söz demək həvəsin də artıb çoxalır.
Mən diş çöpü ilə başladığım yazıda bir məqsədi, bir məramı əsas götürmüşdüm. O da məhz gərəkli olmaq, yerində olmaqdı. İndi yazının sonunda söylədiklərim yəqin ki, sizə artıq nə demək istədiyimi çatdırdı... İndi sizə bəlli oldu ki, həqiqətən hər şey sizin üçündü, sənin üçündü. Əgər siz, sən dəyər verirsinizsə, onda zamanla anlaşmaq, yerində olmaq və nəhayət heç olmasa bir dəfə nəyəsə yaramaq çətin olmaz. Hətta sevgidə də dəyərlənmək, həsrəti, vüsalı anlamaq, darıxmağı əzabdan çox ümidə çevirmək yəqin ki, dediklərimin fonunda heç də çətin olmaz. Elə bu notlarla da sənin üçün yazdığımı yenidən sənə oxuyuram.

Neçə fikri sətirlədim
Nəfəs verdim, ətirlədim...
Öz ruhumla çətirlədim -
Sənin üçün...

Neçə günü an elədim
Qaranlığı dan elədim...
Güllər üzdüm - qan elədim -
Sənin üçün...

Dərdi dərdə özül dedim
Dərd də dərdi çözür - dedim...
Ürək vurur, dözür dedim -
Sənin üçün...

Ağdan ağı, göydən göyü
Ayağına çəkdim göyü!
Varlığımda tikdim evi -
Sənin üçün!..

Hə, bilmirəm, diş çöpü ilə başlayan bu söhbət sizə mənim nə demək istədiyimi anlada bildi yoxsa yox, amma problem olsa, nə anlaşılmasa, babalı mənim boynuma. Deməli, düz təqdim edə bilməmişəm.

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV