Messinin Bakıdakı həmyerlisi

ETİBAR CƏBRAYILOĞLU
70141 | 2014-05-24 05:00
Argentina Respublikasının ölkəmizdə ilk səfiri kimi çalışmaq Karlos Dante Rivaya nəsib olub. Cənab Riva ilə "Sahil" Biznes Mərkəzinin 6-cı qatında- Argentinanın Azərbaycandakı səfirliyinin binasında görüşürük.
Söhbət üçün zamanımız o qədər də çox deyil. Qarşıdan Argentinanın Milli Bayramı- May inqilabının növbəti ildönümü gəlir, Bakıda təşkil olunacaq rəsmi qəbulla bağlı görüləcək xeyli iş var. Bu üzdən cənab səfirin vaxt azlığından gileylənməsini başa düşmək olar.
Səfirliyin əməkdaşı Ülkər Həsənovanın yardımı ilə cənab Riva ilə ünsiyyət qurmaqda heç bir problem qalmır. İspan dilli səfir və azərbaycanca danışan jurnalist bir-birilərini gözəl anlayırlar. Ülkər xanım Bakı Slavyan Universitetinin məzunudu, əsl peşəkarlara layiq sinxron tərcüməsinin keyfiyyətinə söz ola bilməz.

Uzaqdan gələn yaxın adam

İxtisasca hüquqşünas olan Karlos Dante Riva ölkəsinin təcrübəli diplomatlarından sayılır.
1980-ci ildən taleyini Argentinanın Xarici İşlər Nazirliyi ilə bağlayıb. Bu illər ərzində Nyu-Yorkda BMT yanında Argentina Respublikasının daimi nümayəndəliyində, ölkəsinin Venesueladakı səfirliyində çalışıb. 1999-2001-ci illərdə Vaşinqtonda Dünya Bankı yanında Sərmayələrə Dair Mübahisələrin Nizamlanması Beynəlxalq Mərkəzində Argentinanın da cəlb olunduğu bir sıra məhkəmə proseslərində ölkəsinin maraqlarını təmin edib.
Argentinanın Azərbaycana təyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri kimi ötən ilin martından Bakıdadı. Ailəlidi, 3 övladı var.


- Argentinanın Azərbaycanda ilk fövqəladə və səlahiyyətli səfiri olmaq necə hissdir?
- Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes de Krişner ölkəmin Azərbaycanda ilk səfiri vəzifəsini həvalə etməklə məni şərəfləndirib. Bakıya ilk gəlişimizdə mən və xanımım Marta qarşımızda minillik mədəniyyətin müasirliklə həmahəng olduğu bir ölkə gördük. Bir tərəfdən sakitlik və tarixlə dolu olan İçərişəhərdə gəzmək, digər tərəfdən isə müasirliyi özündə təcəssüm etdirən Heydər Əliyev Mərkəzini, yaxud da "Alov Qüllələri"ni seyr etmək çox zövqvericidir. Digər bir tərəfdən isə Bakının sürətlə böyüməsini və inkişaf etməsini görmək olduqca xoşdur. Fürsətdən istifadə edərək, vəzifəsindən, peşəsindən asılı olmayaraq mənə və ailəmə göstərdikləri qonaqpərvərliyə və səmimi münasibətə görə Azərbaycan xalqına xüsusi təşəkkürlərimi yetirmək istərdim.
- Artıq il yarımdan çoxdur ki, Bakıdasınız. Ölkəmizdə Sizi ilk təəccübləndirən nə olub?
- Ölkənizdə bir çox şeylər diqqətimi çəkib. Az öncə qeyd etdiyim kimi, İçərişəhər, müasirliyi və memarlıq baxımından göz oxşayan yeni binalar, Dənizkənarı Bulvar, dağların füsunkar təbiəti, Şəki Xan Sarayı... Bir də əlbəttə ki, insanların qonaqpərvərliyi.
- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Gözəl paytaxtınızı gəzirəm, imkan tapan kimi rayonlara səfər edirəm. Qədim və zəngin mədəniyyətinizlə, bu dəyərləri yaşadan insanlarla tanış oluram. Çalışdığı ölkəni, onun insanlarını yaxından tanımaq hər bir səfir üçün çox vacibdir. Təbii ki, boş vaxtımın çox olmasını istərdim, lakin istəklə realıq həmişə üst-üstə düşmür...
- Məsafəcə bir-birindən xeyli uzaq olan iki ölkəni cənab səfir qarşılıqlı əlaqələrlə necə yaxınlaşdırmaq fikrindədir?
- Keçmişdə xalqlar arasındakı uzaq məsafə onların bir-biriləri haqqında məlumat almalarına əngəl törədirdi. Müasir dünyada televiziya və internetin mövcudluğu, istər dəniz, istərsə də hava yolları kimi yeni üsulların meydana çıxması xalqların bir-birilərini daha yaxından tanımalarını asanlaşdırır. Dövlətlərin, xalqların yaxınlaşması tək səfirliklərin deyil bütün cəmiyyətin vəzifəsidir. Elm adamları, idmançılar, siyasətçilər, incəsənət xadimləri, iş adamları da fəaliyyətləri ilə ayrı-ayrı xalqlar arasındakı əlaqələrin möhkəmlənməsi işinə öz töhfələrini verməlidirlər. Səfirliklər də öz növbələrində bu işə xidmət edirlər və bu mənada istər Azərbaycanın Argentinadakı istərsə də Argentinanın Azərbaycandakı səfirlikləri hər iki xalqın yaxınlaşması işinə öz töhfələrini əsirgəmirlər.

"Danışıqlar prosesini dəstəkləyirik"

- Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumatınız nə qədərdir?
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hələ 1993-1998-ci illərdə Argentina Respublikasının BMT-dəki daimi nümayəndəliyində çalışarkən tanış olmuşam.
İstənilən münaqişə sadəcə ikitərəfli aspektə deyil, eyni zamanda region üzərində yaratdığı təsir imkanlarına görə beynəlxalq birlik tərəfindən narahatlıqla qarşılanır. Bu baxımdan diplomatlar münaqişələrin sülh yolu ilə ədalətli və davamlı həllinə çalışırlar. Argentina Respublikası tərəflərin də qəbul etdiyi, Minsk Qrupunun rəhbərliyi altında aparılan və münaqişənin ədalətli, davamlı həllinə istiqamətlənmiş danışıqlar prosesini dəstəkləyir.
- Bildiyimiz kimi, Argentina çoxmillətli, çox mədəniyyətli ölkədir. Bu baxımdan Cənab səfirin fikrincə, Argentina ictimaiyyətinin ölkəmiz haqqında kifayət qədər məlumatlı olması üçün Azərbaycan nə etməlidir və bu işə Bakıdakı Argentina səfirliyi nə kimi töhfə verə bilər?
- Musiqi, rəsm, ədəbiyyat haqqında bilgilərin yayılması, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq, turizm və ticari əlaqələrin inkişafı-bütün bunlar xalqlarımızın bir-birini yaxşı tanımaları üçün səylə çalışmalı olduğumuz sahələrdir. Bu baxımdan, hər iki ölkənin səfirlikləri, həmçinin dövlət qurumları qarşıya qoyulmuş məqsədə çatmaq üçün səylərini səfərbər etməlidirlər.

Roma Papasına uğur arzulayan futbol azarkeşi

- Yeni Roma Papası Fransisk Argentinadandır. Yəqin ki, bütün argentinalılar kimi Cənab səfir də bununla fəxr edir...

- Kardinal Xorxe Mario Berqoqlionun Roma Katolik Kilsəsinin rəhbəri seçilməsi bütün argentinalıları qürurlandırıb. Zənnimcə, onun dialoqa açıq olması və bütün dinlərin, mədəniyyətlərin harmoniya şəklində birgə mövcudluğuna istiqamətlənmiş mövqeyi Pontifik kimi fəaliyyətinə müsbət təsir edəcək. Və mən də bu işdə ona uğurlar arzulayıram.
- Dünya şöhrətli futbol ulduzu Leonel Messi da səfirin həmyerlisidir. Cənab səfir futbolla maraqlanırmı?
- Futbol Argentinada ən məşhur idman növüdür. Öz zamanında Dieqo Maradona kimi indi də Leonel Messi Argentina futbolunun ən məşhur simasıdır. Hər bir argentinalı kimi mən də bu idman növü ilə maraqlanıram və Santa Fe şəhərinin "Union" futbol klubuna azarkeşlik edirəm. Bu baxımdan, cəmiyyətin özək sütunlarından birinin gənclər olduğunu nəzərə alsaq, səfir kimi əsas məqsədlərimdən biri də Azərbaycanda uşaq futbolunun inkişafına töhfə verməkdir.
Bildiyiniz kimi yaxın vaxtlarda futbol üzrə növbəti Dünya Çempionatı start götürəcək. Ümidvaram ki, bu çempionat yaddaqalan olacaq və Argentina yığması sizin azarkeşlik etdiyiniz əsas komandalardan biri olacaq.
- İspaniya La Liqasının builki qalibi argentinalıların duelində məlum oldu. Messi öz yerində, "Barselona"nın da, "Atletiko"nun da sükanı arxasında həmyerliləriniz dururdu...
- Təəssüf ki, çempionun adına aydınlıq gətirən həmin oyunun yalnız birinci hissəsini izləməyə imkan tapa bildim. Oyunun nəticəsinə belə qiymət verə bilərəm- "Barselona"dakı argentinalılar üzüldü, "Atletiko"dakı həmyerlilərim isə sevinən tərəf oldu. Bu şənbə "Real" və "Atletiko" arasında keçiriləcək Çempionlar Liqasının finalını maraqla gözləyirəm.
- Bir neçə gündən sonra Argentina Respublikasının Milli Bayramı- May inqilabının növbəti ildönümü qeyd ediləcək. Bayram münasibəti ilə Cənab səfir, Sizi və diplomatik korpusun bütün əməkdaşlarını təbrik edirəm.
- Təbriklərə və xoş sözlərə görə təşəkkür edirəm. Qəzetiniz vasitəsilə oxuculara fikirlərimi çatdırmağa şərait yaratdığınız üçün səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Çox sağ olun!

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV