adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Rövşən

XURAMAN HÜSEYNZADƏ
30480 | 2014-05-24 04:19
Mayın 27-də Rövşənin doğum günüdü. Şair Rövşən Naziroğlunun.
Bu ad ədəbiyyat adamlarına yaxşı tanışdı. İndi ortalıqda az-az görünür Rövşən. Bir ara əməlli-başlı inzivaya çəkilmişdi. Lap "Səfillər"dəki polkovnik Jorj Ponmersinin tənhalığa çəkilib mehrini gül-çiçəyə, öz dünyasına salması kimi...
Səbəbini soruşmağa ehtiyac yoxdu: meydan onun meydanı deyil. Cıdırda indi həşəratlar daha çoxdu... Üz-göz cırmaqlaya-cırmaqlaya, işləri keçənlərə yaltaqlana-yaltaqlana və... insanları özlərindən iyrəndirə-iyrəndirə yaşayanlara baxıb çəkilib öz aləminə.
Rövşəni ilk dəfə "Alatoran" jurnalındakı bu şeirindən sonra tanıdım:

Dürrü-yetim

əruzxanadır vahid poeziya evi
həftənin bazar günləri
əruza məruzxanadır
hər bazar günü
səhər saat 10-da
dillərində dürlü-dürlü
kəlamlar
şeir oxuyur əmimlər
və xalamlar
oxuduqları ustadanə
dürrü-yetim
Azərbaycan mətbəxinə dair
küftəilün dolmailün aşilün
küftəyiyün müftəyiyün
payilün
müftəilün müftəilün payilün

Papaq altda nə şairlər yatır-demişdim o zaman-istedadsızları oyatmamaq üçün oyanmırlar...
Gənc nəsilin içərisində şeirləri Rövşənin şeirlərinin yanından yel olub keçə bilməyən şairlərin meydan sulamasında elə də qəribəlik görməmişdim əslində.
Rövşənin "Alatoran"da çap olunan 6-7 şeiri hələ də danışılır, oxunur. O vaxtdan 10 ildən çox vaxt keçib. Bu zaman ərzində neçə şairin şeir kitabı çıxdı. Unuduldu, getdi... İstedad isə unudulmur, ölmür!
Oxucular onu daha çox erotik şeirlər şairi kimi tanıyır. Bu erotikada bir dərd, yanğı, səmimiyyət var. Və bu şeirlərdə məsələn, Barkov açıq-saçıqlığını görə bilməzsiniz.
"Ssenari" şeirindəki kimi:

Bax burda sən döyməlisən
qapımı
Mən ucadan:
- Buyurun keçin-deməliyəm
Sən məndən bir çimdik
duz istəməlisən
Mən nədənsə sevinə-sevinə
deməliyəm ki
Duz yoxdu
Üzbəüz otaqdan televizorun
səsi gəlməlidi bu ara
Xəbərləri bəhanə gətirib
Keçməlisən dəhlizdən otağa
Oturmalıykən
uzanmalısan divana
Hava haqqında məlumatı
dinləyib
Deməlisən ki, bu gün
hava yaman istidi
Mən də başımla sənin sözünü
təsdiqləməliyəm
əl atıb köynəyinin düymələrini
açmalısan
məni də çağırmalısan divana
sonra...
sonra qalxıb güzgü
qabağında
üst-başını geyməlisən
aram-aram
gedərkən təbəssümünü
su kimi atmalısan üstümə
qonşuluqdakı marketə
getməlisən duz almağa
dükanda ərinlə
qarşılaşmalısan
birgə bazarlıq eləyib
gülə-gülə qalxmalısız pillələri
gecə arxanı ərinə çevirib
özünü yuxuluğa vurub
düşünməlisən
evdə duzun olmaması
nə qədər ləzzətli və gözəldir

"Evdə duzun olmaması..." Duz-halallıqdır. Halallıq olmayan evin qadınının "macərasını" bu cür şeirə çevirmək elə bu şeir qədər gözəldir!
Boşuna yaşayan, riyakar adamlar haqda yazdığı "Müsəlmanın ölümü" şeiri də maraqlıdır:

başın hanı gözün hanı
baxışın hanı
burnun hanı əlin hanı
ayağın hanı
dilin hanı ağzın hanı
qolların hanı
səsin hanı ruhun hanı
gülüşün hanı
saçın hanı çiynin hanı
dişlərin hanı
yanın hanı suyun hanı
aftafan hanı

Azərbaycan ədəbiyyatında şəxsiyyət probleminin olduğu indiki vaxtda "Vicdanımdan başqa hamı məni tərk edə bilər" deyir Rövşən. Və bir də deyir ki, mən bakılı balasıyam, adam sata bilmərəm. Amma bilirəm ki, hansı şəhərin havasını udub, suyunu içməsindən asılı olmayaraq, o, ümumiyyətlə, nanəcib hərəkət etməz. "Mənə xoşbəxt olmaqçün az şey lazımdır. Amma o da az olduğundan tapılmır" - bu da onun sözləridir.
İstedadlı adam haqda çox danışmaq olar. Məlum: bunları bir köşəlik məkana sığdırmaq mümkünsüz. Yubileyini qeyd edən şairi təbrik edir, ona istedad rövşəninin-işığının tükənməməsini arzulayıram...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV