adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

AŞIQ AVDI QAYMAQLI

MƏMMƏD DƏMİRÇİOĞLU
46337 | 2014-05-24 03:08
Açıq Avdı Qaymaqlı, yaratdığı "İnncə gülü" havacıtıyla Azərbaycan ozan sənətimizin qızıl xəzinəsinə yeni bir inci bəxş etmiş sənətkardir. "İncə gülü "havası 72 klassik saz havalarının içinə daxil edilmiş, bu gün də ən çox çalınıb-oxunan havacatların birinə çevrilmişdi.
İranda səfərdə olduğumuz zaman Böyük bəyin qonağı olduq və Böyuk bəy bizi Təbriz aşığlarıyla tanış etmək məqsədi ilə Çəngiz Mehtipurun yenicə təmirdən çıxmış musiqi məktəbinə apardı. Orada olan xeyli ustad və şagird aşıqlarla bizi tanış etdilər. Təbriz aşıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Çingiz Mehtipurla xeyli söhbətlər etdik. O, maraqlı söhbətdən sonra şagirdlərindən birini bizə təqdim etdi. Səsi və saz ifaçılığı ilə bizi heyrətə gətirən bu gənc aşıq ilk olaraq "İncə gülü" havasıyla başladı...
Bunları xatırlamaqda məqsədim budur ki," İncə gülü" havası artıq klassik saz havalarının ən çox sevilən havacatlarının sırasınadır.
Bu havacatın nə zaman və necə yaranması haqda rəvayətlər çoxdu. Amma bu havacatın Aşıq Avdı Qaymaqlıya məxsus olduğunu ilk olaraq televizya ekranlarından, böyuk ustad, aşıq Kamandar elan etmişdi ki, gərək hər kəsin halal haqqını özünə qaytarasan, bu çaldığım hava Aşıq Avdı Qaymaqlının yaratdığı "İncə gülü" havasıdır...
Mən isə bu yazımda "İngə gülü"-nün necə yaranmasını Ağamalı Sadiğin versiyası ilə sizlərə təqdim edirəm.

İNCƏ GÜLÜ

Adətimiz üzrə məclis qurub, yenə mürşüdümüz Ağamalı Sadiqin işığına yığışmışdıq. Tufanası dağılmamış sazı sinəsinə basanda gah Koroğlu olurdu, gah Cünun olurdu, gah Kərəm olub yanır, gah da Xıdır Peyğəmbərin Tərkində göylərə qalxıb qırx günlük mənzili bir an içində Tiflisə gələn Qəribə dönürdü.
Mənim təsvir edəcəyim bu etüddə o aşıq Avdı Qaymaqlı idı.
- Həə... Mənim əzizlərim, vaxt o vaxtıydı ki, bahar fəsli öz qönçə örpəyini aralayıb günəşin əlvan şüalarından nur əmə-əmə ətrafa boylanır, bülbüllərin cəh-cəh səsləri çiçəkləri məst edir, utancaq bənövşələrin meyxoş ətiri xəfif meh havasına qarışıb cənnət ətri qoxuyur, puçurunu açan budaqlar sallanıb şır-şırla axan İncə çayının zümzüməsində çimişirdilər.
"Kərəm" bulağının başında qoşalaşmış iki gənc, sanki bu füsnükar gözəlliyin içindən ayrılıb, daha cazibəli, daha ətirli, daha şirli-sehirli bir məkana qovuşmuş, ətrafda Allahın özünü belə həyrətə salacaq bu mənzərəni görmürdülər sanki.
Mehriban yana çevrilib, üzünün Avdı tərəfini örpəyi ilə yaşmağa almış, nəmli gözlərini çiçək üstündə vurnuxan arıdan çəkə bilməyir, cənc Avdı isə köksünü yırtıb dağıdan sarı bülbülün ah-nalasına qərq olub, illərlə həsrətini çəkdiyi, amma vüsalına yetə bilmədiyi Mehribanına nələr deyəcəyini, nələr oxuyacağını anşıra bilmirdi.
Qəfil çağırış Avdını bu sehirli dünyadan ayırdı. Diksinib ətrafa baxdı. Bir anda ca hər şey adiləşdi sanki. Qüşların cəh-səh zümzümələri, çiçəklərlə sevişən arılar, kol dibinə qısılmış bənövşələr, lilikdə qıvrılan lilparlar, göz yaşları yanağında sellənən Mehribanı bir andaca qeyb olmuşdu bu səsdən. Çağıran anası Kişi Yetər idig
Dərya Məhəmməd İncə dərəsinə çatanda ilkindi vaxtı idi. Çoxdandı dostu Avdı ilə görüşmürdü. "Bir gedim görüm, hal-əhval tutum, bir də Borçalıdan aldığım toy sifarişimizi ona da çatdırım"- deyib Şıxlıdan İncəyə at belində gəlmişdi.(Qeyd edək ki, hələ öz halal haqqını almamış böyük saz-söz ustası Şıxlı Dərya Məhəmməd, aşıq Avdı Qaymaqlı ilə birgə, aşıqlar sultanı, aşıq Sadıq Sultanovdan dərs alıb ömürlərinin sonunacan dost olublar.) Dərya Məhəmməd qapıya çatıb: -Avdı! Avdı-deyə çağırır. Qapıya Avdının anası Kişi Yetər çıxdı:
-Xoş gəldin ay Məhəmməd, xoş gəldin. Atdan düş keç içəri. Avdı aşağı, bağa enib, indi çağıraram- deyib, təpənin başından İncə çayını sinəsinə sıxmış, ağ, narıncı, cəhrayı cicəklərlə bəzənib cənnət bağını xatırladan Leyli dərəsinə üz tutaraq Avdını çağırdı.
Dostunun gəlişini eşidən Avdı bir "Kərəm" bulağına, bir qeyb olan Mehribanının izlərinə, bir də lildə batan lilpara baxıb köks ötürdü. Leyli dərəsini bir nəfəsə qalxıb, Məhəmmədi görmürmüş kimi heç nəfəsini belə dərmədən özünü içəri saldı.
Dərya Məhəmməd:
- Avdı! Avdı! Ayə nə oldu sənə, ölmüş! Hara qaçırsan?- deyib, Yetər ananın üzünə baxdı. Gözləri heyrətdən donmuş Kişi Yetər oğlunun arxasınca baxa- baxa çiynini çəkdi. Sazla geri dönən Avdı dostu Məhəmmədə:
-Məhəmməd, xoş gəldin, ancaq məni dindirmə. Qoy əhvalımı sazla deyim, qulaq as- deyib, sazın zilini zil, bəmini bəm eylədi. Dərya Məhəmməd, Yetər ana mat-mat Avdını seyr edirdilər. Birdənbirə sazdan ilahi bir nalə qopdu, aşıq Avdı dönüb oldu İşıq Avdı, min rəngə boyandı, min ətirə döndü:

Bir gün durdum çıxdım gülşən seyrinə,
Gördüm ki, bülbüllər gülə yalvarır.
Bənövşə boynunu büküb nərgizə,
Nərgiz özü şirin bilə yalvarır.

-Avdı, ayə bu nə havadı çalırsan, bu nə sözdü oxuyursan, evin yıxılmasın? Mən belə bir hava eşitməmişəm, Bu nə həkətdi?
Avdı özündə, sözündə deyildi:

Bir yanda dayanıb xumar gözlü yar,
Bağda hər çiçəyin öz nəşəsi var.
Bir neçə addım da bulaqdan kənar,
Lilpar batıb dərin lilə yalvarır.

Bu səsə, Avdınının həyat yoldaşı Yasəmən xanım da çölə çıxdı. Ərinin belə havalı-havalı oxumasına o da maraqla tamaşa etməyə başladı. Avdının sa gözlərinə həç nə görünmürdü:

Hər otun başında var bir piyalə,
Mehriban dalğındı, batıb xəyala.
Yasəmən çıxanda sorğu-suala,
Avdı yaşın silə-silə yalvatır.

... Mat-qutu qurumuş məclis əhli qulaq asırdı. Mənim sağ tərəfimdə oturmuş Məmməd İlqarın gözləri yumulmuş, başı sinəsinə enmişdi. Bilmək olmazdı həmin anlarda o haralara səyyahət etmişdi. Akif Səməd başını stulun başına keçirdiyi qoluna söykəyib xəyallar aləminə qərq olmuşdu. Mən isə gözümü Ağamalıdan çəkə bilmirdim, hər hərəkətini izləyir, arada alnından sellənən təri dəsmalımla silirdim.
Nəfəsini dərən Ağamalı, azacıq ara verib heyranlıqdan məst olmuş məclis üzvlərinə nəzər saldı:
-Həə... Avdı babamız bax beləcə yaradır "İncə gülü" havasını.- Sonra üzünü Məmməd İlqara tutub, müxəmməs əvəzi;- Məmməd, beləmi yazıbsan?- deyib sazı yenə sinəsinə basdı:

Bu dagların bəxti bir də durulmaz,
Cığırları bulaglara burulmaz.
Həsrət-həstət gözləməkdən yorulmaz,
Kimi gözlər köç yolları, yurt yeri,
Avdı baba, "Yurd yeri" çal, "Yurd yeri"...

Qəribə insan idi Ağamalı Sadiq Əfəndi. Sazı sinəsinə götürəndə bir ayrı cür olardı. Adətən ilk baxışdan ağır taxtalı, zəhimli və çox ciddi təsir bağışlayan bu insan, saz çalanda çox kövrək, üzüyola, həlim və mehriban bir ozan babaya oxşayırdı. Kimliyindən aslı olmayaraq, bütün sifarışləri can-başla oxuyar, saza-sözə canını qoyardı, oxuyan zaman bu dünyadan təcrid olar, alnında puçurlanıb, yanaqlarında cığır salan tər selini belə duymazdıg
Bax beləcə, əziz oxucular, sinəm doludu. İncə Dərəsinin mənəvi atası olan Avdı babamız haqda hələ çox yazılacaq. Sadəcə mən balaca bir etüd parçasıyla uzaq xatirələrə səyahət etdim, Ağamalı Sadiqin ruhuna söykənərək "İncə gülü"-nün necə yaranmasını təsvir etməyə çalışdım.
Onun sağlığında mən hələ uşaq idim. Məclislərində olanda heyranlıqla bu uca boy, arıq qamət kişini peyğımbərə bənzədirdim. Ədəbinə, ərkanına heyran olurdum. Şirmayılı sazını sinəsinə qaldıranda elə bilirdim Xəstə Qasımdı, Qurbanidi, Aşıq Ələsgərdi, Qoç Koroğludu.
Evləri məktəbə yaxın idi. Çox zaman Palazoğlunun dükanının yanında başına cəm olmuş ağsaqqalarla oturub söhbərt edəndə, uzaqdacan ona tamaşa edərdim. Uzun saplı qəlyanı damağından, buxara papağı başından əsgik olmazdı. O, həm də urvatlı, müdrik el ağsaqqalı idi.
Qısaca ömür mənzərəsi isə belədir:
Aşıq Avdı Qaymaqlı1909 cu ildə Qazax mahalının İncə Dərəsində dünyaya göz açıb. Böyük Vətən mühürıbəsində döyüşüb, yaralanib tərxis olunmuşdur. Səməd Vurğunun dost idi, bir neçə gün də Vurğunun öz evində qonqğı olub. Saz mülkünə "İncəgülü" havasını bağışlamış, aşıq Cəlal Qəhrəmanov, aşıq Sadıq, aşıq Yəhya, aşıq Sədi, və bir çox ustad sənətkarların ustadı olmuşdur. Akif Səməd deyərdi ki, hara aşıq Avdının suyu sıçrayıb, orada saz göyərib, söz bitib. 1988-ci ildə, 79 yaşında dünyasını dəyişib. 2009-cu ildə öz həmyerlilərinin və Aşıqlar birliyinin təşəbbüşü ilə 100 illik yubleyi təntənəli formada qeyd edildi. Nəfis bir kitabi çap olundu.
Dərya Məhəmmədlə bir deyişməsini sizlərə ərmağan edirik.
Aşıq Avdı ilə Şıxlı Dərya Məhəmmədin dördüncü düyişməsi.

Aldı dərya Məhəmməd:

Gözüm yolda, könlüm haxda qalıbdı
Gözlərəm gələcək ay beləsinnən.
Hərdən də durasan qarşı-qarçıya,
Ömür-gün sürəsən ay beləsinnən.

Aldı Aşıq Avdı:

Üzərdə insandır, ürəkdə şeytan,
Heç xəbərin varmı ay beləsindən?
Dilində şirindi, feyildə filman,
Haqq özü saxlasın ay beləsindən.

Aldı dərya Məhəmməd:

Eşit deyim sözlərimi mərdana,
Mərd insanlar bəsləyirlər mərd ana.
Gedərəm ölümə mərdi- mərdana
Qatsalar yanıma ay beləsinnən.

Aldı Aşıq Avdı:

Dost, qardaş yanından uzağ olarsan,
Məhəbbət gölündən uzağ olarsan,
Hər dərddən- bəladan irağ olarsan
Əgər ki, gen gəzsən ay beləsindən.

Aldı Dərya Məhəmməd:

Dəryalar içində ada keçibsə,
Yazıq cismim yanıb oda, keçibsə,
Məcnun Leyli sevib o da keçibsə,
Məhəmməd də keçər ay beləsindən.

Aldı Aşıq Avdı:

Avdı deyər hər bir yana var, canım,
Eyləməzmi namus, qeyrət, ar canım?
Əsirgəmə devlət, canım, var, canım,
Ver qurtar özünü ay beləsindən.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV