TANRIYA PIÇILTILAR

VAQİF YUSİFLİ
37451 | 2014-05-24 02:08
XX əsrin sonlarıydı. Dünyanın çarpaşıq, "iti bazarında atından baha" bir zamanıydı. Əsrin ziddiyyətləri hələ bitməmişdi, dünyada dərdlərin sayı bəlkə insanların sayı qədərdi. Belə bir gündə içi göylər qədər təmiz, dənizlər kimi təlatümlü bir şairə üzünü Tanrıya tutdu və dedi:

Bir çiçək ömrünü qıymadın mənə,
Qıymadın dağların küləyi olum.
Barı, bu torpaqda daş da olmadım,
Elin dar günündə gərəyin olum.

Neynirəm başıma yığılan qəmi,
Neynirəm qan ilə dolu ürəyi?
Yaxşıdı, ey Vətən, yaxşıdı məndən
Süfrənin bir qırıq qara çörəyi.

Bu necə taledi, bu necə bəxtdi,
İlahi, səsimi eşidirmisən?
Könlümə bu qədər azadlıq odu
Özümə bir kölə ömrü vermisən.

Bu şairə Tanrının ona bəxş elədiyi ömrün cəfasını çəkə-çəkə Vaxtın, Zamanın axarında dünyanı dərk etməyə can atırdı. Dünyanı dərk etməyin yolu özündən, öz taleyindən başlayırdı. Öz ürəyindən başlayırdı. O, Tanrının ona bəxş edəcəyi İlahi Vaxta qovuşmaq istəyirdi. Könlündəki azadlıq odu ilə ömrünün, taleyinin acılıqları arasında amansız mübarizə gedirdi və get-gedə o, İlahi vaxta doğru uçurdu. Müasir Azərbaycan şeirində sufilik anlamına gəlib çıxan ilk qadın yazarlarımızdan biri oldu.
NİSƏ BƏYİM. İndi o, tanınmış bir şairdir. Sabirabadda yaşayır və heç qaynar ədəbi mühitə-Bakıya köçmək haqda da fikirləşmir. Belə bir həqiqəti sübut edir ki, Şair kimi yaşamağın, Şair kimi tanınmağın və sevilməyin hansı məkanda qeydiyyatda olmağa heç bir dəxli yoxdur.
...XX əsrin sonlarıydı. Sabirabaddan Bakıya, "Azərbaycan" yurnalı redaksiyasına qəşəng, sarıbəniz bir qız gəlirdi. Şeirlərini o zaman jurnalın baş redaktor müavini İsa İsmayılzadəyə təqdim edirdi. Yusif Səmədoğlu da hələ sağdı. Bu iki adam Nisəbəyimin ədəbi taleyində böyük rol oynadılar. Sonralar etiraf olunacaqdı ki: "Tale elə gətirdi ki, mənim ədəbiyyata gəlişim "Azərbaycan" jurnalı ilə bağlı oldu. 2000-ci ildə bu jurnalda çap olunmuş ən yaxşı poeziya nümunələrinə görə İsa İsmayılzadə adına mükafatın mənə verilməsini yaradıcılığım üçün ən dəyərli qiymət hesab edirəm. Mənim poetik uğurlarımın təməli məhz o vaxtdan - "Azərbaycan" jurnalında ilk dəfə çap olunduğum vaxtdan qoyulub. Curnalın baş redaktoru Yusif Səmədoğlu və redaktor müavini İ.İsmayılzadə yaradıcılığıma ürək genişliyi, diqqət və qayğı ilə yanaşaraq, çap olunmağım üçün həmişə şərait yaradırdılar".
Nisəbəyimin ilk şeirlər kitabı - "Yerə, Göyə, Tanrıya" - 1997-ci ildə çap olundu. O vaxtdan bəri Nisə Bəyimin daha on kitabı işıq üzü görüb və bu kitabların hər biri ədəbi aləmdə etinasız qarşılanmayıb. Bir neçəsinin "Natəvan" klubunda təqdimatı olub. Amma etiraf edək ki, hələ Nisə Bəyim adlı bu orijinal, bənzərsiz şairəmizin poeziyası barədə bu sətirlərin müəllifinin bir-iki yazısı istisna olmaqla heç bir məqalə, resenziya ilə qarşılaşmadıq.
"Yerə, Göyə, Tanrıya" şeirlər kitabı bizim fikrimizcə Nisə Bəyim ədəbiyyata uğurlu gəlişi oldu. Mən bir oxucu-tənqidçi-ədəbiyyat adamı kimi bu şeirlər kitabını indi də o dövr üçün ədəbi hadisə hesab edirəm. O zaman yazmışdım ki: "O şeirləri ki, sən yazmısan, o misralar ki, sənin duyğularını ifadə edir, bunları sənin kimi bir kimsə yaza bilməz". Bu sətirlərdən sonra Nisə Bəyimlə Xurşudbanu Natəvan arasında bir doğmalıq axtarmışdım: "Bu necə taledi, bu necə bəxtdt, İlahi, səsimi eşidirmisən? Könlümə bu qədər azvadlıq odu, özümə bir kölə ömrü vermisən". Bu elə bir dərddi, yanğıdı, ağrıdı ki, Məhsətidən, Heyran xanımdan, Natəvandan üzü bəri yol gəlir və indi Nisəbəyimin şair taleyində yaşayır... Bir neçə əsr keçib. Dərdin, ağrının rəngi, çalarları, çevrəsi dəyişsə də, mahiyyəti, məzmunu dəyişməyib. O dərd, o ağrı dünyanın ən həssas barometri olan şair ürəyinə çox asanlıqla yol tapır. İllah da kövrək qadın ürəyinə".

Mənə ürəyimdən yol verin gedim,
Yarpaqdan, çiçəkdən, daşdan ayrılım.
Torpaqdan yol verin, göydən yol verin,
Bahardan, payızdan, qışdan ayrılım.

Gecədən, gündüzdən yol verin mənə,
Yol verin, ruhumu çəkib aparım.
Açıq gözlərimdən göz yaşlarımı,
Dərdimdən ahımı çəkib aparım.

Mənə ölümümdən yol verin, göylər,
Ən böyük sədləri uçura bilim.
Ən çətin sınaqdan yol verin mənə,
Yoxdan var olmağı bacara bilim.

O zaman biz bu şeiri Nisə Bəyimin "proqram" şeirlərindən biri kimi qələmə vermişdik. Sonda qeyd etmişdik ki, onun şeirlərində ifadə olunan mənəvi sarsıntılar, qəm, kədər motivləri ancaq və ancaq şəxsi, subyektiv hallardan irəli gəlmir, həmişə fərdin əzablarına dünya kədəri qovuşmalıdır, daha doğrusu, şəxsin iztirablarında dünyanın da nəbzi döyünməlidir.
Nisə Bəyimin "İlahi vaxt", "Ulduz səsləri", "Ayla, günlə bərabər", "Mənə dünyanı sorma" şeir kitablarında artıq ilk kitabındakı potensial enerjinin gücünü, təsirini hiss etdik. Yaradıcılığın yönünü, axarını müəyyənləşdirmək həmişə şairlər üçün bir qədər çətin olur. "Yoxdan var olmağı" arzulayan bir şairin get-gedə var olmağı göz qabağında idi. Nisə Bəyim istər öz fərdi duyğularını, istərsə də zaman, həyat, gerçəklik və dünya ilə bağlı hisslərini, düşüncələrini bir spektr ətrafında birləşdirməyi bacardı. Və sübut elədi ki, bu dünyada yalnız öz qəminə, kədərinin içinə sığınmaqla yox, həm də bir huşyar gözüylə dünyaya boylanmaq da lazımdır. Sən özünü dünyada, dünyanı da özündə dərk edəndə İlahi Vaxta qovuşa bilərsən. Çünki dünya sirlərlə, möcüzələrlə doludur. Şair də ona görə bu dünyaya gəlir ki, bu sirlərə, möcüzələrə vaqif ola bilsin.
VAXT AXARINDA DÜNYANI DƏRK ETMƏK...

Dünyayla aramda bir sirr var mənim,
Nə gözdən oxunar, nə dilə gələr.
Kimin ürəyinə daha yaxındır
Nə mən deyə billəm, nə dünya bilər.

Bu sirr dolandırır bizi başına,
Hərdən başını da itirir dünya.
Çıxarıb atıram hərdən başımdan
Hərləyib başıma gətirir dünya.

Dünyanın ürəyi sirlə doludur,
Taleyin sirridir sevinc də, qəm də.
Hər şeyi dəyişən vaxtın hökmünə,
Dünyanın gözüylə baxıram mən də.

Öz ömrünün vaxt axarını tapmağa, onun arxasınca arzularına qovuşmağa can atan lirik qəhrəman ağrılarla üzləşir, dərdlər əl çəkmir ondan. "Vaxt etüdləri", "Vaxt duyğuları", "Vaxt macəraları", "Vaxt ağrıları" və b. silsilələr də bu ovqatlardan yaranır. Çoxçalarlıdır bu vaxt duyğuları.

Kimsənin duymayacağı bir həyəcanla,
Oxu duaların ən gözəlini!
Kimsənin eşitməyəcəyi bir səslə
Danış nağılların ən gözəlini!
Kimsənin bilməyəcəyi bir dillə
Ağla sevənlərin ən gözəlini!
Kimsənin ağlamayacağı sevda ilə
Aç ölüm qapısını!
Kimsənin duymayacağı bir həyəcanla
Yaşa ölümlərin ən gözəlini!

Nisə Bəyimin vaxtla bağlı poetik monoloqları onun sonrakı kitablarında da ("Qürub rəngləri", "Günəşdən yağan yağışlar", "Aran fraqmentləri", "Yeddinci kitab") davam edir. Deyə bilərik ki, Vaxtla, Zamanın gedişatıyla, özünün Vaxta, Zamana, Dünyanın bu halına münasibətiylə bağlı fikir və düşüncələrini bir az da genişləndirir. Amma fikrimizcə, vaxtla bağlı bəzi şeirləri yeni bir söz demək, fikir söyləmək missiyasını yerinə yetirə bilmir, İLAHİ VAXTIN həndəvərində gəzib-dolanır.
Nisəbəyim çağdaş qadın yazarlar arasında təkcə şeirlərinin fəlsəfi ahənginə və məzmununa görə deyil, həm də poetikasına görə xüsusilə seçilir, fərqlənir. Vaxtilə biz onun belə bir şeirini füzuliyanə düşünüş tərzinin ifadəsi hesab edib alqışlamışdıq:

Eh, dünya özü him-cimsə,
Biləmməz sirrini kimsə,
Onu sevə bilmədimsə,
Bu, mənim günahım deyil.

Varmı göydə, yerdə həyan,
Olmadı haqq mənə əyan,
Bəndəsini tanımayan,
Haqq mənim allahım deyil.

Qəm buludları qat-qatsa,
Dağılacaq ahım çatsa,
Hələ göylər salamatsa,
O ah mənim ahım deyil.
Böyük Füzulinin belə bir beyti var: "Deyil bihudə gər yağsa fələkdən yağsa başıma daşlar, Binasın tişeyi-ahımla viran etdiyimdəndir". Şair deyir ki, əgər göydən başıma daşlar yağsa, əbəs deyil, ahımın külüngü ilə özülünü dağıtdığımdandır bu. Nisə Bəyim də elə bunu deyir: "Əgər göylər salamatsa, O ah mənim ahım deyil". Demək, hələ ah çəkməmişəm, çəksəm, göylərin ulduzları parçalanıb yerə tökülər.
Nisə Bəyimdə belə obrazlı, poetik düşüncə tərzinin universallığını nümayiş etdirən şeir parçaları çoxdur. O, şeirlərində qəfil, gözlənilməz obrazlar yaratmağa o qədər də meyl eləmir, çünki obrazlılıq elə ibtidadan onun şeirlərinin canındadır.

Məni dinləmədən qapanma mənə,
Məni dinləmədən ötmə yanımdan.
Qulaq as, gör ruhum necə çırpınır,
Gör necə ayrılır canım qanımdan.

Gör necə yaxındır olumla ölüm,
Biri o birində necə dincəlir.
Hansı gün xeyirdir, hansı gecə şər,
Biri digərinə necə tən gəlir?

Ayıra bilməzsən məni kədərdən,
İçimin, çölümün işığı dərddi.
Görüb görmədiyin vaxt yaddaşında
Nə varsa Allahdan aşağı-dərddi.

Bu şeir başdan-ayağa təzadlar üzərində qurulub. Üçüncü bəndə Şair və Dərd çözümü ilə qarşılaşırıq. Onun bütün "dərdli" şeirlərinin başlanğıcıdır bu misralar. Çox qəribədir ki, Nisə Bəyimin Dərdlə bağlı şeirlərini oxuyanda səni dərd yox, işıq seli bürüyür. Çünki onun söhbət açdığı DƏRD sufiyanı dərddir, ilahiyə qovuşmağa doğru yol gedən haqq adamının dərdidir. Və istedadlı Azərbaycan şairəsi Nisə Bəyim haqda söhbətimizi də elə bu haqqa doğru yol gedən bir Tanrı bəndəsinin sözüylə bitirək:

Mən bu əyri dünyanın,
Əyilməmiş üzüyəm.
Əvvəlindən sonuna
Deyilməmiş sözüyəm.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV