Elzad Ərzadoğlu

ƏBÜLFƏT MƏDƏTOĞLU
35888 | 2007-03-12 18:45
Redaksiyamıza cavan, necə deyərlər, sütül və hələ abır-həyası üzündə olan bir oğlan gəlmişdi. Onu Seyran Səxavət göndərmişdi. Elə utana-utana da dedi ki, məni Seyran müəllim göndərib. Və şerlərini mənə təqdim etdi. Oxudum, işıqlı sözlər, bal kimi fikirlər və bir də ürəyə yatımlı məqamlar bu şerlərin misaraları arasından aydınca duyulurdu. Və mən də Seyran Səxavətin bəyənib, "Ədalət"in oxucuları üçün dərc edilməsini məsləhət bildiyi bu şerləri Sizin ixtiyarınıza verirəm, əziz oxucular. BDU-nun filalogiya fakültəsinin III kursunda oxuyan, doğulduğu Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndini ancaq təsəvvür edən Elşad böyük şerə gedən yolun əvvəlində Sizin xeir-duanızı gözləyir. Mən də öz tərəfimdən Uğur olsun!- deyirəm.
   
   Mən həsəd aparıram,
   
   göydə ayın ömrünə.
   
   O yazıq, zavallı ay,
   
   ömrünü başdan-başa,
   
   zülmətdə keçirsə də,
   
   İnsanların ömrünə
   
   İşıq saçır,
   
   nur saçır.
   
   Başı üstə parlayıb,
   
   yol göstərir,
   
   yol açır.
   
   Qaranlıqda qorxudan
   
   rəngi ağappaq olur.
   
   Aydınlıq bir gecədə,
   
   Köhnə görüş yerində
   
   Sevgilisin həsrətlə
   
   gözləyən bir aşiqin,
   
   dərdinə ortaq olur.
   
   
   
   YARATMAQ İSTƏMİRƏM
   
   
   
   Əlim gəlmir mənim
   
   meyvə dərməyə.
   
   Bilirsinizmi niyə?
   
   Çünki,
   
   mən ayrılıqdan-
   
   bulutdakı yağışın
   
   qüvvətli bir küləkdən,
   
   qorxduğu tək qorxuram.
   
   Çünki,
   
   mən ayrılıqdan-
   
   balaca bir uşağın
   
   o qorxulu "xoxan"dan
   
   qorxduğu tək qorxuram.
   
   Baxdıqca qəlbim yanır,
   
   bir ömürdə min kərə.
   
   Ayrılığın odunda,
   
   qovrulub bişənlərə.
   
   Bax elə buna görə,
   
   sevincli ürəkləri
   
   "ayrılıq neşdəri"ylə,
   
   qanatmaq istəmirəm.
   
   Ana budaqla,
   
   bala meyvə arasında,
   
   əbədilik bir hicran,
   
   yaratmaq istəmirəm.
   
   
   
   BU HİCRANIN GÜNAHKARI SƏN OLDUN
   
   
   
   Baxma gözlərimə günahsız kimi,
   
   Bu hicranın günahkarı sən oldun.
   
   Mən daim eşqimə sadiq qalmışam,
   
   Danan əhdi, etibarı sən oldun.
   
   
   
   Məndən ayrı xürrəm gəzib dolaşdın,
   
   Salmadın bir kərə yadına məni.
   
   Pərvanə tək dolanırdım başına,
   
   Şam kimi yandırdın oduna məni.
   
   
   
   Eşqin ilə xəndan olan könlümü,
   
   Elə susdurdun ki, dinməz bir daha.
   
   Qonmuşdu qəlbinə qaranquş kimi,
   
   Uçurdun, geriyə dönməz bir daha.
   
   
   
   İndi yazıq-yazıq baxıb üzümə,
   
   Könlümü almağın nə faydası var?
   
   İndi o günlərin həsrətin çəkib,
   
   Peşiman olmağın nə faydası var?
   
   
   
   İndi ağlamağın əbəsdir, əbəs!!!
   
   Tanrı da eşitməz bu ahlarını.
   
   Bil ki, sel tək axan göz yaşların da,
   
   Yuya bilməz daha günahlarını.
   
   
   
   VƏFASIZ
   
   
   
   Bir vaxt məni atıb gedən vəfasız,
   
   Mən daha yanmıram oduna sənin.
   
   Söylə görüm axı niyə gəlmisən?
   
   İndimi düşmüşəm yadına sənin?
   
   
   
   İndi-indi öləziyən, səngiyən,
   
   Hislərimi oyatmağa gəlmisən?
   
   Ürəyimdə təzə qaysaq bağlayan,
   
   Yaraları qopartmağa gəlmisən?
   
   
   
   Söndürdün ürəkdə sevgi odunu,
   
   Bir daha eşqinlə alışan deyil.
   
   Elə küsdürmüsən kövrək qəlbimi,
   
   Nə qədər yalvarsan, barışan deyil.
   
   
   
   Mən səni bir zaman huri sanırdım,
   
   Mənimçün əvvəlki mələk deyilsən.
   
   Gecikmisən bu gəlişin əbəsdir
   
   Get, daha sən mənə gərək deyilsən.
   
   
   
   Çıx get, ürəyimdə yer yoxdur sənə
   
   Çıx get yalvarıram, bir daha gəlmə.
   
   Get, məndən uzaqda gəz dolangınan
   
   Səni and verirəm Allaha, gəlmə.
   
   
   
   YAMAN DARIXMIŞAM
   
   
   
   Gündüzlər fikrinlə dolaşıram mən.
   
   Gecələr həsrətdən alışıram mən.
   
   Hey, səni görməyə çalışıram mən,
   
   Yaman darıxmışam səninçün, gülüm!
   
   
   
   Bir bax göz yaşlarım selə dönübdür
   
   Həsrətdən ürəyim külə dönübdür.
   
   Sənsiz hər dəqiqəm ilə dönübdür
   
   Yaman darıxmışam səninçün, gülüm!
   
   
   
   Ürəyim gör nələr çəkibdir mənim
   
   Qəlbimə bir kədər çökübdür mənim.
   
   Sənsizlik qəddimi bükübdür mənim
   
   Yaman darıxmışam səninçün, gülüm!
   
   
   
   Sənsiz taleyimə gəlməyir bahar,
   
   Daima şaxtadır, daim yağır, qar.
   
   Sənsiz yaşamağın nə mənası var?
   
   Yaman darıxmışam səninçün, gülüm!
   
   Yaman darıxmışam səninçün, gülüm!
   
   
   
   YOZA BİLMƏZSƏN
   
   
   
   Ərimişəm gilə-gilə, yazmışam.
   
   Kəlməyə yazmışam, dilə yazmışam.
   
   Adını qəlbimə elə yazmışam,
   
   Nə qədər çalışsan, poza bilməzsən.
   
   
   
   Məndən başqasının məhəbbətiylə,
   
   Özgənin verdiyi səadət ilə.
   
   Özgə ürəyinin hərarətiylə,
   
   Qızına bilməzsən, qıza bilməzsən.
   
   
   
   Qorun ayrılıqdan, qorun həsrətdən
   
   Tənə eyləməsin səni hər yetən.
   
   Bir sevgi yolunun yolçususan sən,
   
   Bu eşqin yolunu, aza bilməzsən.
   
   
   
   Sən mənim eşqimi sanma oyuncaq
   
   Əgər rəhm etməsən, qəlbim yanacaq.
   
   Mən səni sevirəm, mən səni ancaq,
   
   Bunu başqa yerə yoza bilməzsən.
   
   Bu eşqin yolunu aza bilməzsən.
   
   
   
   CIRCIRAMA
   
   
   
   Cırcırama cırıldamır,
   
   onun kövrək səsində
   
   min nalə var,
   
   min ah var.
   
   Qaragəlmiş bir tale,
   
   açılmamış sabah var.
   
   O incə,
   
   titrək səsiylə
   
   kədər dolu nəğməsiylə
   
   duyan,
   
   kövrək ürəkləri
   
   parçalayır,
   
   dəlir,
   
   didir cırcırama.
   
   Qismətinə düşən
   
   ömür payının
   
   qısalığına görə,
   
   fəryad edir cırcırama...
   
   
   
   BORC
   
   
   
   İki cür borc var dünyada
   
   birinci - adi borcdur.
   
   Hansısa bir insandan
   
   ehtiyac ucbatından
   
   bu borcu alan insan
   
   hey çalışır, vuruşur
   
   onu öz sahibinə
   
   tezcə qaytarmaq üçün.
   
   Hey çalışır,
   
   bu borcdan canın qurtarmaq üçün7
   
   Bir az gec qaytaranda
   
   özün borc sahibinin
   
   yanında xəcil sanır.
   
   Bir az gec qaytaranda
   
   o insanın üzünə
   
   baxmğa da utanır.
   
   Birinci - adi borcsa
   
   ikinci - can borcudur
   
   hər insan yaranandan
   
   böyük Yaradanına
   
   öz canını borcludur.
   
   Ancaq, insan can borcun
   
   heç qaytarmaq istəmir
   
   nə qədər mümkündürsə
   
   nə qədər bacarırsa
   
   yubandırır, ləngidir.
   
   Sonda səbri tükənir
   
   məcbur olan Yaradan
   
   bir vaxt özü verdiyi
   
   borcunu tələb edir
   
   zorla alır insandan.
   
   İnsan oğlu
   
   adi bir insana olan borcunu
   
   geri qaytarmaq üçün
   
   dəridən qabıqdan çıxırsa əgər
   
   özünü odlara yaxırsa əgər
   
   bəs böyük Tanrısına
   
   olan öz can borcunu
   
   niyə ləngidir görən
   
   Borclar arasındakı
   
   bu təzad nədir görən
   
   Bu cavabsız suallar
   
   buraxmır rahat məni
   
   düşündürür nə vaxtdır
   
   borclar arsındakı
   
   qəribə təzad məni.

TƏQVİM / ARXİV