adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

HƏDiYYƏSiZ KiŞiLƏRiN "BAYRAM TÖHFƏSi"

OQTAY SALAMOV
19817 | 2007-03-08 03:32
Kişilər Klara Setkinin əbəcəddatını söysələr də, qadınlar o xanımın sayəsində ildə bir gün taxta çıxırlar. Yox, mən hər gün taxtda olan bəzi qadınları demirəm, mən optom, beynəlxalq səviyyədə, ucdantutma bütün qadınları nəzərdə tuturam. Bayramınız mübarək, nənələr, analar, bacılar, həyat yoldaşları, sevgililər, baldızlar, məşuqələr və ümumiyyətlə, qadın cinsinə aid olanların hamısı. Bu gün sizin ünvanınıza hansı gözəl sözləri desək, yazsaq yenə az olacaq. Ona görə də mən sizin müdrikliyinizi, bizim sizsiz əlimizdən bir iş gəlmədiyini bir daha göstərmək üçün bir arxiv yazımı üzə çıxarıram.
   
   
   
   ARVAD SÖZÜ
   
   
   
   Ömründə ikinci dəfə idi ki, arvad sözünə baxırdı. Əslində buna elə birinci dəfə də demək olardı. İlk dəfə qulaq asanda nişanlı idilər. Dünyanın düz vaxtı idi. Qasım onda Sumqayıtda peşə məktəbində oxuyurdu. Güləndam məktəblə üzbəüz binanın ikinci mərtəbəsində yaşayırdı. Adı ilə naturası arasında olan fərq yaman gözə çarpırdı. Məhəbbətləri də yüzüncü baxışda yaranmışdı. Qasım kənddə üçmərtəbəli evlərinin olduğunu deməklə Güləndamın ürəyinə yol tapa bilmişdi. Nişanlanandan sonra günorta yeməyini də onlarda yeyirdi.
   
   Qasım bir dəfə Güləndamı "Romeo və Cülyetta" kinosuna da aparmışdı. Amma deyəsən bu mədəniliyin ona çox baha oturacağını bilmirmiş. Deyəsən elə ilk səhvi də onda etmişdi. Kinonun səhəri günü Güləndam onların sevgilərində romantikanın olmadığından şikayətlənmişdi":: "Hər günorta gəlib borş yeyib getməklə romantika olar?". Kinodan təsirlənən Güləndam Qasıma təklif eləmişdi ki, onunla görüşə balkondan gəlsin. Qasım da ikinci mərtəbəyə dırmaşanda yıxılıb ombasını çıxarmışdı. Bakıda "travmotologiya"da remontdan sonra yeriyəndə elə bil "lambada"nı tək oynayırdı. Amma indiki arvadı onda yaman kişilik eləmişdi, "atam evində heç bu da yox idi"- deyib Qasıma ərə gəlmişdi. Qasım arvadla bərabər Sumqayıtdan kəndə bir "Omba" ləqəbi də gətirmişdi.
   
   Güləndam kəndə gələndə "Zapı"nın pəncərəsindən üçmərtəbəli ev axtara-axtara birində toyuqların, ikincidə Qasımgilin, üçüncüdə mal-qaranın qaldığı birmərtəbəli daxmanı görəndə Qasım ombasını dartıb demişdi ki, "mən üst-üstə üç mərtəbə deməmişdim, yan-yana demişdim". Güləndam taleyi ilə razılaşmağa məcbur olmuşdu.
   
   İndi isə həyatında ikinci, evliliyində birinci dəfə idi ki, arvad sözünə baxırdı. Özəlləşmə başlayan vaxt idi. Kənddə fermanı özəlləşdirirdilər. Cins mallar, əkiz doğan inəklər, peyintullayan konveyer, bir sözlə, gözəgəlimli nə varsa gözəgəlimlilər tərəfindən özəlləşdirilmişdi. Güləndam iki ayağını bir qaloşa dirəmişdi ki, damazlıq üçün Ukraynadan gətirilmiş kələni özəlləşdirək.
   
   "Xaxol" ləqəbli (pasportunda Rudolf idi) bu kələ niyəsə elə ilk gündən kənd kişilərinin xoşuna gəlməmişdi. Deyirdilər ki, bizi el içində xar eləyir. Kələ birinci gün fermaya gətiriləndə fermadan asılan qırmızı bayrağa hücum etməklə inəklərin simpatiyasını qazanmış və elə həmin gündən fermada şəriksiz liderə çevrilmişdi. Şöhrəti ətrafa yayılan "Xaxol" nəyə görəsə özəlləşmə vaxtı yaddan çıxmışdı. Bəlkə də kişilər bu yolla hayıflarını çıxırdılar.
   
   Bir gecə Qasım kürəyi Güləndama tərəf xorna çəkdiyi vaxt arvad onu dümsükləyib yuxudan oyatmış və "Xaxol"u özəlləşdirməyi təklif eləmişdi. Ürəyində "gecənin xeyirindən səhərin şəri yaxşıdır" deyən Qasım arvadının qabırğalarında "ərəb marşı" çalmağı səhərə saxlamışdı. Amma tülküdurmazdan yerindən qalxmış Güləndam Qasımın özü demişkən, elə "dovod" gətirmişdi ki, kişi arvad sözünə baxmağa qərar vermişdi.
   
   İki aydan sonra özündə olanın üstünə "dörd paçqa şirvan" da borc aldığını verəndən sonra "Xaxol" Qasımın şəxsi malı idi.
   
   ...Kələ fontan eləyirdi. Seansı üç "şirvan"dan əvvəlcə qohumların, yaxın qonşuların inəkləri "bəxtəvər" oldular. Sonra taksa qalxdı":: iki kilo kişmiş, iki kilo qoz ləpəsi, beş "şirvan" da nəqd pul. Növbənin də ucu poçtun yanından başlayırdı.
   
   Kənddə bir kişinin duxu nə idi ki, Qasıma "Omba" deyəydi?! Qasım dönüb olmuşdu "Delovoy Qasım". "Xaxol"a gələn ləpənin, kişmişin hesabına kəndin arvadları da Qasımı görəndə özlərini yığışdırırdılar. Güləndamın adı ilə naturası əməlli-başlı bir-birini tamamlayırdı. Podruqalarının da sayı artmışdı. Biznes çiçəkləyirdi, qardaş!.. Kəndin qısır inəkləri Qasımgilin qapısından nazlana-nazlana keçir, özlərini "Xaxol"a göstərmək üçün min oyundan çıxırdılar. Elə inək sahibləri də onlardan geri qalmırdılar...
   
   Qasım ilk dəfə idi ki, ataların müdrikliyinə şübhə eləyirdi. Arvada qulaq asıb tərsini eləmədiyi üçün hədsiz qürur duyurdu.
   
   ...Kəndin camaatı bayram paltarını geyinib yol qırağına düzülmüşdü. Qasım "Mercedes"in qapısını şəstlə açıb Güləndamı maşına dəvət elədi. Türk nömrəli "TIR"-da "Xaxol" dəridən düzəldilmiş yataqda şellənə-şellənə "Mercedes"in dalınca yola düşdü. Qasımgil Antalyaya istirahətə gedirdi. Kəndin inəkləri həsrətlə yola boylanırdı...

TƏQVİM / ARXİV