MƏKTUBLAR, MƏKTUBLAR...

ƏBÜLFƏT MƏDƏTOĞLU
29139 | 2007-03-06 03:43
Mən inanmıram ki, yaşlı nəsildən tutmuş ta bizlərə qədər, yəni yaşı 25-dən yuxarı olanlara qədər kimsə məktub yazmamış olsun. Təbii ki, bu məktubların içərisində çeşitlər fərqi olacaq, ən azı ona görə ki, ünvanlar fərqlidir... əsgər məktubu, həbsxanadan gələn məktub, tələbə məktubu, sevgi məktubu, redaksiyalara ünvanlanmış məktub, rəhbərliyə göndərilən məktub, bəd xəbər gətirən məktub və sairə və ilaxir.
   
   Hər məktub bir duyğunu, bir düşüncəni, bir istəyi, bir niyəti özündə əks etdirir. Elə-belə yazılmır. Mütləq qələmə, kağıza üz tutmaq üçün bir səbəb olmalıdır. Kimdənsə hal-əhval tutmalısan, kiməsə ürəyini boşaltmalısan və yaxud da kiminsə məktubunu cavablandırmalısan. Yəni burada qeyri-adi heç nə yoxdur. Zaman-zaman belə olub, bu gün də belədir. Sadəcə bir az forma dəyişib. İndi daha heç kim poçtalyon yolunu gözləmir. (Səhv etmirəmsə indi orta məktəb dərsliklərində Sülyeman Rüstəmin "Ana və poçtalyon" şerini çıxarıblar) Çünki indi bütün məktublaşmalar internetlə, kompüter vasitəsilə həyata keçirilir. Oturusan evdə, açırsan kompüteri yazırsan məktubu, uzağı 10-15 dəqiqəyə yazdığın məktuba cavab da gəlir. İstəyirsən bütün günü məktublaş. Amma bir şey var ki, bu internet məktubların bir az insan orqanizminə ziyanı var. Baxma, şüası var axı...
   
   Amma heyf deyildi üçkünc, dördkünc məktublar. Yazırdın, üstünə də yapışdırırdın markanı, bir bəhanə ilə evdən çıxırdın və tullayırdın poçt qutusuna. İstəsən cavab gələnə kimi qutunu da oturub gözləyə bilərsən. Cavab da gələndə öp qoy ürəyinin başına...Lap gecələr şam işığında, yorğan altında da kövrələ-kövrələ oxu...Təbii ki, sevgi məktubundan gedir söhbət. Heyf səndən gözəl günlər. Kimdir indi sevgi məktubuna məhəl qoyan. Hər şeyi mesaj həll eləyir...
   
   Deyəsən bir az çox uzaqdan dolaşıb gəldim. Əsas məsələ bir az uzaq düşdü. Amma fərq etməz. Nədən yazacağam yadımdadır. Daha doğrusu yazdığım bu yazının kökündə, yəni bünövrəsində məhz məktub durur. Özü də ABŞ-dan gəmiş məktub. Beş-altı gündür bu məktub hər nədisə Azərbaycan müxalifətini qatıb bir-birinə. Okeanın o tayından qanadlanmış bu məktub deyilənə görə qrifli olub. Ona görə qrifli olub ki, çox məhdut dairəyə ünvanlanıb. Daha doğrusu "Azadlıq" Blokunun həmsədrlərinə göndərilib bu məktub. Amma nətəri olub, necə olub babalı deyənlərin boynuna, bu məktub məsələsi qəfildən partlayıb. Yəni sızıb mətbuata. Elə bütün qarşılıqlı ittihamlar da, giley-güzarlar da bu "sızma"dan sonra başlayıb. İstər ayrı-ayrı siyasilər, istər onların mətbuat üzrə köməkçiləri hamısı etiraf edir ki, bu məktubun mətbuata çıxarılması "etikadan kənardır, yol verilməzdir".
   
   Təsəvvür edin ki, AXCP sədri Əli Kərimli məsələ ilə bağlı münasibət bildirərkən deyib ki, "hesab edirəm ki, bu etikadan kənardı. Çünki məktubu Rəsul Quliyev bizə göndərib və orada onun ictimai-rəyə açıqlaması ilə bağlı heç bir qeyd yoxdur". Elə onun ardınca APA-ya açıqlamasında Lalə Şövkət xanım da, Əli Əliyev də həmin fikirləri təkrarlayaraq söyləyiblər ki, "bu etikadan kənar hərəkətdir". Ancaq nədənsə Rəsul Quliyevin tərəfdarları həmin məktubun mətbuata çıxarılmasında həm "Azadlıq" Blokunu, həm də öz aralarında olan müəyyən adamları suçlayırlar. Sərdar Cəlaloğlu bildirir ki, bu məktubu mətbuata Rəsul Quliyevin tərəfdarları ötürüb"::"Biz də onun özünü necə biabır etdiyini göstərmək üçün məktubun çap olunmasına etiraz etmədik".
   
   Bəli, bir məktub az qala əməlli-başlı bir bomaba rolunu oynayıb. Nə təhər partlayıbsa hamı bir-birindən şübhəlidir. "Bakı-Xəbər" qəzetində yazılanlar, "Azadlıq"da dərc olunanlar, "Yeni Müsavat"da oxuduqlarımız, daha nə bilim iqtidarlı mxalifətli, müstəqil-qeyri müstəqil, gündəlik, aylıq qəzetlərin az qala hərəsində bununla bağlı açıqlamalar, şəhrlər, müsahibələr, rəylər... daha nələr çap olunmayıb. Hamısı da, bax o məktubun günahı ucbatıdan. Rəsul Quliyevə deyən lazımdır ki, ilin-günün bu vaxtı sənin nəyinə gərəkdir ki, ABŞ-dan Bakıya məktub göndərirsən. Və üstündə ünvanı dəqiq göstərərkən isə mötərzədə yazmamısan ki, çatacaq şəxsən "Azadlıq" Blokuna! Kənar adamların oxuması qəti qadağandır. Axı, bizdə hər şeyə sayqıyla yanaşılır. Tutaq ki, hansısa bir filmi nümayiş etdirməzdən əvvəl titildə yazılırsa ki, 16 yaşından aşağı uşaqların baxması qadağandı. Onda uşaqlar tay dinməzcə keçirlər o biri otağa... və qapını azca aralı qoyub qapının arasından baxırlar. Bax, indi Rəsul müəllim də məktubun üstündə xüsusi qeydlər etsəyidi, o məktub da ailəmi bir-birinə qatmazdı. Uzağı 5 nəfər oxuyacaqdı. Tay bütün ölkə yox.
   
   Nə isə, görünür elə bu məktub yazmağı düz eləyib tərgitmişik. Yoxsa biz də götürüb nəsə yazarıq, gedib düşər onun-bunun əlinə. Sonra gəl altından çıx görüm, necə çıxırsan. Heç bilirsən məktub nə yaman şeydi. Adamın üzünə durar. Axı faktdır. Qısası, çalışın məktub yazmayın. Yazanda da özünüz yanında durun, qoyun yanınızda oxusunlar.Yoxsa...Yoxsasın yəqinki özünüz bilirsiniz, işdi, bilmirsirizsə onda, zəhmət olmasa, bilənlərdən soruşarsınız...

TƏQVİM / ARXİV