adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

SI?AL, ŞAPALAQ, MÖHüR, ...XOŞBAXTLIQ

OQTAY SALAMOV
19155 | 2007-03-02 00:04
Səadət Sarayını başqa yerə köçürürlər. Adını təmirlə bağlayırlar. Amma əslində düz eləyirlər. Səadət Sarayı şəhərin düz, əvvəl istədim yazam ki, köbəyində yerləşir, sonra fikirləşdim ki, onda Bakı Şəhər İcra Hakimiyyəti (ayıb da olsa, BŞİH) şəhərin harasına düşür, ona görə də yazıram ki, mərkəzində yerləşir. Şəhərin mərkəzi də hər adama səadət bəxş eləyə bilməz, ən azından probka yaranar. Şəhərin mərkəzində olar özündəndeyən nazirlik, filankəsin evi, lap uzağı bir ərkək Fond. Yoxsa o gözəllikdə binanı, tarixi abidəni ver evliliyi neçə gün çəkəcəyi bilinməyən uşaq-muşağın ixtiyarına ki, gəl şampanskini partlat, "Zaporojets"lə yolu bağla... Xeyirli olsun, voobşe Səadət Sarayı heç kimə lazım deyil, kəbini lyuboy Şadlıq evində heç də Səadət Sarayından pis kəsmirlər. Bu da sünnət deyil ki, dəllək eləsin, yoxsa həkim sporu düşə. Binanın isə nə olacağını yaxınlarda görərik, inşallah...
   
   Türkiyənin "Hürriyyət" qəzeti aləmi qatıb bir-birinə. Bir şəkil çap eləyib ki, orada "Sabah" qəzetinin baş yazarı Mehmet Barlas əlini Türkiyənin indiki baş naziri Rəcəb Tayyib Ərdoğana oxşayan birinin sifətinə vurur. İndi Türkiyə müzakirə eləyir ki, jurnalistin baş nazirin üzünü sığallaması nə dərəcədə etikdir, intimdir, nə bilim nəmənədir. Qəribəsi odur ki, bizimkilər də bu müzakirələrə qoşulublar və qəribə-qəribə versiyalar irəli sürürlər. Biri deyir ərkdi, biri deyir montajdı, biri deyir şapalaqdı, biri deyir bəlkə bu şəkil Ərdoğan baş nazir olmamışdan əvvəl çəkilib, daha nələr. Ola bilsin ki, türklərdə bu adət yoxdur, amma bizimkilər niyə gün kimi aydın olan bir şeyi görə bilməyiblər, mat qalıram. Bu şəkildəki eynəkli kişi profildən Ərdoğana oxşayan kişiyə deyir ki, "bu sən öl, düz deyirəm". Yəni and içir ki, yalan danışmır. Tay burada rəng qarışdırmağın qətiyyən yeri yoxdur...
   
   Əli İnsanova məhkəmədə deyiblər ki, qanunsuz özəlləşdirdirməyə çıxardığın obyektləri öz qohumların alıb. Əvvəlcə deyib ki, bunu mən bilməmişəm. Sonra hirslənib və deyib ki, "mənim qohumlarım acından ölməli idi"? Bu məsələ haqda danışanda həmkarlarımdan biri dedi ki, mən obyekt özəlləşdirməmişəm, amma acından da ölmürəm. Başqa bir həmkarım onu elə yerində oturtdu ki, hamımıza ləzzət elədi"::
   
   -Əvvəla sən yaşamağın nə olduğunu qanmırsan, heç elə ölməyin də nə olduğunu qanmırsan. Bu sözün sözaltı mənasını isə voobşe qanmırsan. Yəni hamıya adət olanda bizə biadət olur?
   
   Deyir ötən il məktəbi əlaçı bitirən 23 məzun qəbul imtahanlarında 100 baldan az toplayıb. Neynəsin fağırlar, buraxılış imtahanlarına xərcləri çox çıxıb dana. Qoy təhsil haqda yeni qanun qəbul olunsun, ondan sonra əlaçı-məlaçı sayan olmayacaq, olacaq girən və girməyən. Müəllimlərin də üzünü danlayan olmayacaq. Çünki müəllimlik də lisenziya ilə olacaq. Danladınsa lisenziyasını gözünə (özünün yox ey, sənin) soxacaq ki, filan qədər verib, pardon, oxuyub lisenziya almışam, müstəqil respublikanın peçatı ilə, nədi peçatımıza da inanmırsan?
   
   Mən indi dəqiq bildim ki, Tarif Şurası (ə.s.) niyə yumurtanın qiymətini aşağı salmırdı. Özünüz dünyagörmüş adamlarsınız, birinə 20 qəpik verib aldığın yumurtanı redaksiya binasına hansı axmaq atar? Televizorda gördüm, "Gündəlik Azərbaycan" qəzetinin redaksiyasına atılan yumurtalardan üç yetim evinin uşağına qayğanaq bişirmək olardı. Deyilənə görə, birini 6 qəpikdən optom alıblar. Amma bir şey məni yaman narahat eləyir. Nə qədər baxdımsa anışdıra bilmədim, yumurtaların üstündə peçat var idi, yoxsa yox. Əgər yox idisə, redaksiyanı və redaksiyadakıları üstəlik "quş qripi" də tuta bilər. Deyir, əri evdən qovanı it də tutdu bir yandan...
   
   Müxaliflər yığışıb sözü bir yerə qoyublar və qəzetdə kollektiv çıxış ediblər ki, bəs "Sərdar Cəlaloğlu müxalifəti aşağılayıb". Yekə dərddir, o bizim müxalifətdi ki, bu dərdi çəkə bilir, başqa yerin müxalifəti olsa heç iki-üç fil də köməyə gəlsə bu dərdi çəkə bilməzdi. Amma məni qınamayın, mən heç Sərdar Cəlaloğlusuz da müxalifətin yuxarda olan vaxtını görməmişəm. Ya iqtidar "Kamasutra"nı oxumayıb, ya da müxalifət özü mazoxistdir. Hər nə isə, indiki müxalifəti yuxarılayan bu müxalifətin içərisindən çətin çıxar...
   
   Əsas xəbəri sona saxlamışam. Keçirilən zırıltı sorğunun nəticəsində məlum olub ki, Avropalıların 87 faizi xoşbəxtdir. Sağ əlləri bizim başımıza. Mən biləni, Avropanı Asiyadan ayıran xətt Xırdalandan keçir. Belə çıxır ki, Xırdalanın da bir hissəsi, Sumqayıtın sploşnoy hamısı 87 faizin içindədir. Kaş olsun, istəməyən kor olsun, sağ əlləri bizim başımıza. Yarımbaşlığı bir də oxu!..

TƏQVİM / ARXİV