adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ZiBiLiMiZ - PUL KiSƏMiZ

OQTAY SALAMOV
31655 | 2007-03-01 00:25
Allahın Azərbaycana rəğbəti o qədər böyükdür ki, Yerə bəxş etdiyi 11 iqlim qurşağının 9-undan bizə pay ayırıb. Tanrı bizə elə torpaqlar verib ki, əl ağacını yerə batırırsan göyərib qalxır. Nefti, suyu, meyvəsi... Dünyanın iş adamları kor deyillər, bilirlər ki, hara vəsait qoyub birə on (bəlkə də min) qazanc götürmək olar. Qoyub götürürlər də. Bizim ağıllı adamlarımız da bunu dərk etdiyindən qadasın aldığım məmləkət yavaş-yavaş krizisdən çıxmaq istəyir. Düzdür, işığın, benzinin qiyməti qalxandan sonra krizisdən çıxmaq məsələsi çətin olacaq, amma ümumi tendensiyada bu meyllər görünməkdədir ( gözünə dönüm, rəsmi dil, krizis, tendensiya, meyl kimi sözləri yazanda adamı savadlı sayırlar, bundan istifadə edib imic, karyera qazananlar o qədərdi ki...).
   
   İş olan yerdə səhvlərin də olması təbii qəbul edildiyi kimi, işin qaynadığı yerdə zibilin də olması təbiidir. Ona görə də əgər Azərbaycanda çox böyük işlər gedirsə, zibilin də çox olmasından təəccüblənməməliyik. İndi Bakını böyük bir tikinti meydanına bənzətmək dəbdədir. Həmin uğurla Bakını yekə bir zibilxanaya da bənzətmək olar. Sözümə siyasi rəng verməyin, mən inşaat, məişət və sənaye tullantılarını nəzərdə tuturam. Rəsmi məlumatda bildirilir ki, il ərzində Bakı şəhərində 775 min tondan artıq məişət tullantısı toplanır.
   
   Bu hələ rəsmi məlumatdır. Di gəl toplanmayanları nəzərə alsaq, milyon tona Allah xeyir versin. Amma bir məsələ var, biz zibilləməkdə pərgar olduğumuz kimi, xaricilər də pul qazanmaqda pərgardılar. İndi məsələ qaldırıblar ki, bizim zibilimizi emal eləmək üçün zavodlar tiksinlər və zibildən də pul qazansınlar. Bir halda ki, ölmüş mal cəsədlərindən, it, eşşək ətindən kolbasa düzəldib özümüzünkülərə yedirdənlər, saxta dərmanla özümüzünküləri zəhərləyib pul qazanan özümüzünkülər zibildən pul qazanmağı özlərinə sığışdırmırlar, qoy bu pulu xaricilər qazansınlar.
   
   Amma deyəsən bu zibildə kalanca pul var ha. Çünki artıq üç xarici şirkət rəsmi müraciət edib ki, gələk zibilinizi emal edək. Bunlar Yaponiyanın "Ebara", Fransanın "Klim" və Avstriyanın "Efoen" şirkətləridir. Yaponiyanın daha bir şirkəti, "Mitsubisi" şirkəti də deyib ki, sizin zibilinizdən qaz emal etməyə hazırıq. Başqa bir şirkət də zibilimizdən elektirik enerjisi istehsal eləmək istəyir. Bəri başdan deyim ki, mən bu elektirik söhbətinin əleyhinəyəm. Zibilimizdən alınan toka bu qədər pul verib işlətsək, özümüzün də zibili çıxar. Amma qaz məsələsi ağılabatandır. Tarif Şurası (ə.s.) da dedi ki, qazın qiymətini hələlik qaldırmayacaq. Özü də "Mitsubisi" yaxşı şirkətdir, maşın da buraxır, bir də gördün zibilimizdən alıb bizə satdığı qazın puluna bizə ucuzvari maşın da satdı. Kənd yerində birindən inək, eşşək alanda az qala həmin adamları qohum sayırlar, yəni deyirsiniz bu qədər zibilimizi etibar elədiyimiz yaponlar maşının qiymətində "ustupka"ya getməzlər?
   
   Amma bizim arzularımızın zibilə heç bir dəxli yoxdur. Hökumətimiz özü çox gözəl bilir ki, zibilimizi kimə etibar eləmək olar, ya da bizi bu zibildən kim daha yaxşı qurtarar. Artıq texniki məsləhətçi şirkətlər seçilib və yaya qədər işlər başa çatdırılacaq. Ondan sonra gözəlim Bakı təkcə gecələr yox, elə gündüzlər də Neapola oxşayacaq.
   
   
   
   SÖZGƏLİŞİ
   
   
   
   "Azadlıq" qəzetinin 28 fevral sayında Ərhun Saday "Qeyri rəsmi MTN" yazısında çox qəribə bir ifadə işlədib":: "Prezident aparatının ən məsul əməkdaşlarından biri olan Arif Rəhimzadə günümüzün bu oğlan vaxtında korrupsiya ittahamı ilə həbsdə yatır". Mən inanıram ki, "Azadlığ"ın bu günkü və sonrakı saylarında heç bir düzəliş, üzrxahlıq verilməyəcək. Bir müddət öncə elə həmin qəzetdə şahmatçımız Teymur Rəcəbovun atasının adı Boris Şeynin getimişdi. Zəng vurub irad bildirdim, dedilər ki, bu, APA-nın xəbəridir, bir hərfini dəyişsək bizi məhkəməyə verərlər. İndi Arif Rəhimzadə də istəsə məhkəməyə verə bilər. Reaksiya da belə olacaq ki, "mətbuata basqı var, demokratiya boğulur".
   
   Amma "Yeni Müsavat" demokratiyadan geninə-boluna istifadə edir. O da 28 fevral tarixli sayının 3-cü səhifəsində çox mühüm bir xəbər verib. Qəzetin bu nömrəsini əldə edə bilməyənlər üçün məlumatın məğzini çatdırıram. Müsavat başqanı İsa Qəmbər bundan sonra siqaretdən, qəlyandan istifadə etməyəcək. İki gün əvvəl (siz bu məlumatı oxuyanda artıq üç gün-O.S.) o bu vərdişlə vidalaşıb. Özü də İsa bəy bu addımı qəfildən atmayıb, ötən həftənin sonunda bu haqda həmin qəzetdə anons da verib.
   
   Mən də tərgizmişəm. Sizə də məsləhət görürəm. Kim də tərgizsə, bizə yazsın, səhifəyə qoyaq. Amma üçüncü səhifəni söz verə bilmərəm, adətən burada daha ciddi yazılar gedir...

TƏQVİM / ARXİV