adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

NƏ DEYiRSiNiZ, QALXSIN, QALXMASIN?

OQTAY SALAMOV
24375 | 2007-02-27 03:28
Çuğul yenə bəd xəbər gətirdi, başbilənlərimiz bəd danışıblar, qiymətləri yenə qaldırmaq istəyirlər. Bizim ağ ətimizdən qara qovurma edib özümüzə yedirdəcəklər. Kim yeməsə ona paz çalacaqlar. Deyir biri ölür və düşür Cəhənnəmə. Yeri gəlmişkən, Azərbaycandan Cənnətə düşmək faktiki olaraq qeyri-mümkündür. Bu dünyamız bir yana, bizi o qədər günahlara yönəldiblər ki, axirətimizi də bu başdan müəyyənləşdiriblər; Azərbaycan ölüsüsənsə sorğu-sualsız Cəhənnəmliksən. Nə isə, ölüb Cəhənnəmə düşür və görür ki, bir il qabaq ölmüş qonşusu oturub yuxarı başda, başında da yaşıl çələng. Soruşur ki, qağa, burada nə hörmətin sahibisən ki, başına çələng qoyublar. Qonşu köks ötürüb deyir ki, çələng döyül, məni paza keçiriblər, ağacın ucu göyərib... Tak çto, yemək lazımdır...
   
   Baş nazirimizin birinci müavini Yaqub Eyyubov deyib ki, hökumət qiymət artımı ilə ilə bağlı məsələyə yenidən baxacaq. Yaqub müəllim deyib ki, gündəlik tələbat mallarının qiymətinin qalxmasına imkan verilməyəcək":: "Ancaq bir sıra malların qiymətinin qalxması istisna olunmur". Mən bilmirəm Yaqub müəllim "imkan verilməyəcək" deyəndə kimi nəzərdə tutur və "gündəlik tələbat malları" kateqoriyasına nəyi daxil edir. Çünki, qəti əminəm ki, qəbir yeri, bütün sular (o cümlədən qiymətinin mütləq qalxacağı suvarma suyu da), qaz, bütün xidmətlər əhalinin mütləq əksəriyyəti üçün gündəlik tələbat mallarıdır. Bəs onda "imkan verilməyəcək" nədir, "qalxması istisna olunmur" nədir? Əgər benzinin qiymətinin 80 qəpiyə qaldırılması məsələsi də doğru olsa, onda təcili olaraq İrandan külli sayda molla çağırmaq lazım gələcək, çünki yerlilər, lap girdirmələrlə birgə, yenə ölənlərin öhdəsindən gələ bilməyəcək. Mollasız, "Yasin"siz öləndə də əgər varsa heç əməli-salehlər də Cənnətə yaxın düşə bilməyəcəklər.
   
   İqtisadçı Əli Əlirzayev qiymətqaldırmanın yeni dalğası haqda danışanda deyib ki, "Hakimiyyətin xalqın durumundan xəbəri yoxdur". Niyə yoxdur, Əli müəllim, hakimiyyət Banqladeşdə yaşayır, yoxsa xalq? Hamının hər şeydən çox yaxşı xəbəri var. Bir çox ekspertlər deyirlər ki, qiymətlərin yenidən qaldırılması sosial partlayışa səbəb olacaq. Heç bir partlayış olmayacaq. Dolu şar partlayar, bizim havamızı elə alıblar ki, partlamağa da gücümüz qalmayıb.
   
   Əli müəllim deyir ki, məmurlar öz prinsiplərini əsas tutaraq qiymət artırmaq niyyətindədirlər. Ay əzizlərim, ay qardaşlar, bu nə deməkdir, bu necə məsələ qoyuluşudur, məmur kimdir ki, qiyməti qaldırır? Əgər qaldırırsa, onda bu dövlətin adı niyə "məmur dövləti" deyil? Bizim iqtisadçılar bizə başa salmağa çalışırlar ki, benzinin qiyməti qalxsa, hər şeyin qiyməti qalxacaq. Çox sağ olun, baş əyirik, çox qiymətli məlumat verirsiniz... Hələ "məmurlar qiymətləri dünya səviyyəsinə qaldırmaq fikrindədir, ancaq qiymətlər deyil, yaşayış səviyyəsi dünya standartlarına uyğun olmalıdır" kəlamının əzəmətini necə, hiss edirsinizmi? Söz verirəm ki, krasqanın, kistin, şilə parçanın qiymətləri qalxmasa bu kəlamı şüar kimi yazdırıb balkonumuzun uçuq yerinə yapışdıracam; həm uçuğu görünməz, həm də oxuyanlar feyziyab olarlar.
   
   Bütün bu bədbinliyin içərisində yenə də nikbin xəbər Tarif Şurası (ə.s.) mətbuat xidmətinin katibi Elşən Əsədovdan gəldi. Elşən müəllim bütün eli şən edən bir açılqama verdi ki, benzinin qiymətinin artırılması ilə bağlı onlara müraciət daxil olmayıb":: "Əgər yenidən müraciət daxil olarsa, məsələyə baxılacaq və veriləcək qərar ictimaiyyətə çatdırılacaq"... Burada iki şən məqama diqqət yetirin":: birincisi, hələ benzinin qiymətinin qaldırılması ilə bağlı rəsmi müraciət olunmayıb. İkincisi və ən əsası":: Tarif Şurası (ə.s.) qaldırmaq və qaldırmamaq haqqında bütün müraciətləri diqqətlə araşdırır, yekun qərar qəbul edir və onu ictimaiyyətə çatdırır. Deməli, əgər ictimaiyyət müraciət eləsə ki, məsələn, xiyarın qiymətini ucuzlaşdır, Tarif Şurası (ə.s.) araşdırandan sonra istəsə xiyarı lap pulsuz edər və bunu mütləq ictimaiyyətə çatdırar. Sadəcə olaraq, qiymətqaldıranlar aktiv olurlar, müraciət edirlər, TŞ əleyhissalam da onların müraciətini cavabsız qoymur, qiymətləri qaldırır. Əgər ictimaiyyət passiv olmasa, müraciət eləsə Şura mütləq xiyarın qiymətini aşağı salar. Xiyar da starteji məhsuldur, qiyməti düşdüsə çox şey ucuzlaşacaq. Belə çıxır ki, hər şey öz əlimizdədir. Onda necə bilirsiniz, qalxsın, yoxsa qalxmasın?..

TƏQVİM / ARXİV