adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 May 2014 16:27
47738
GÜNDƏM
A- A+

Yeganə hədəf: Asılı olmayan Azərbaycan

Qarabağ probleminin həllinə nail olmaq üçün bəlkə də heç vaxt bu qədər münbit şərait yaranmayıb. Əslində uzun illərdir hərb və sülh arasında gedən proses dünyanın yenidən bölüşdürülməsi mərhələsində qəfldən dayandı.

Ortaya yeni variant çıxıb. Bunun adı nə sülhdü, nə müharibə. Azərbaycanın yürütdüyü daxili və xarici siyasət, yəni daxildə iqtisadiyyatı gücləndirmək, regionda varlı, başqalarına əl tutacaq səviyyədə varlı dövlətə çevrilmək, xaricdə isə bütün dövlətlərlə eyni məsafə saxlayıb Azərbaycanın müstəqil maraqlarından çıxış etmək öz bəhrəsini verdi.

Təbii ki, ağalıq siyasətinə öyrəşən bəzi dövlətlər Azərbaycanın bu mövqeyindən çaşqınlıq keçirməyə bilməzdi. Onların hesablamalarına görə, Azərbaycan yaxın zaman çərçivəsində bunca söz sahibinə çevrilməli deyildi. Necə ola bilir, ABŞ-ın 250 ilə keçdiyi yolu Azərbaycan 20 ilə başa vurur? Həm də xarici təzyiqlərin fonunda.

Xarici təzyiqlər Azərbaycanın qarşısına itələnən daşlardı. Hər addımda ayağa ilişir, ancaq ki, əllər onları yerdən götürüb kənara tullayırlar. Yolun belə sürətlə təmizlənməsi adlarının qarşısında "nəhəng” sözü yazılan dövlətləri qıcıqlandırmaya bilməzdi. ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın son müsahibəsində səsləndirdiyi fikirlər məhz qıcıqlanmanın təzahürüdü.

Azərbaycan hədəfinə çatıb. Heç kimdən asılı olmayan dövlətlə diqtə dilində danışa bilməyəcəklərinin həyacanı bəzi dövlətləri tələsik addımlar atmağa vadar edir. Vəziyyət o həddə çatıb ki, dünənə qədər 7 rayonun qaytarılmasını müzakirəyə çıxarmayan Minsk qrupunun həmsədrləri bəyan edirlər ki, həmin ərazilər qeyd-şərtsiz qaytarılmalıdı.

Qələbəmizdi. Azərbaycan prezidenti İlham Əliyevin müxtəlif ölkələrə etdiyi səfərlərdə ölkəsinin müstəqilliyini qabartması regionda hamıyla eyni məsafədə durmaq bacarığını nümayiş etdirməsi, yalnız Türkiyəni bu sırada istisna ölkə kimi dəyərləndirməsi, yəni qardaşlığmızı vurğulaması rəsmi Bakını təhdid altında saxlamağa cəhd göstərən ölkələrinin beyin tərpənişinə səbəb olub.

İndiki halda cəbhədə lokal əməliyyatlara start vermək lap yerinə düşər. Gücün təcrübədə sübutunu göstərmiş olarıq. Əlbəttə, bu istək vətəndaşlıq mövqeyindən doğur. Dövlətin siyasətində başqa planlar olmamış deyil. Sadəcə kənar müdaxilələri heçə endirmək əsas amil olmalıdı. Kənar süni müdaxilələrə isə cəmiyyət adekvat reaksiya göstərməyi bacarmalıdı. "İnsan haqları” çərçivəsində edilən hücumların qarşısına çıxmaq təkcə hakimiyyətin işi deyil, vətəndaş cəmiyyəti də fəallığını əsirgəməməlidi.

Tutulanlar var. Gənclərin həbsi heç də xoş deyil. Ancaq onları hədəf götürüb üstümüzə yeriyənlərin məqsədlərini anındaca anlamağa borcluyuq. Liviyada müharibə yaradıb minlərlə uşaqların, qocaların, ümumiyyətlə insanların qırılmasına rəvac verən ABŞ və Avropa diğrudanmı həbsdəki gənclərin taleyinə acıyır? Buna inanmaq sadəlöhvlükdən də o yanadı.

Azərbaycan güclənir. Ermənistanı bölgəsi kimi idarə edə biləcək səviyyəyə qalxıb, bu isə regiona nəzarət etmək istəyənləri qorxudur. Neyləyək, daha irəli getməyək? Yaxın günlərdə Qarabağın azadlığı üçün tamam fərlqi situasiya meydana çıxacaq. Artıq zaman da, məkan da biz tərəfdədi. İndiki halda Ermənistan cəmiyyəti ilə işləmək lap yerinə düşər. Onlara bizimlə birgə yaşayacaqları təqdirdə xoş gün görəcəklərini inandırmaq vacibdi. Qoy bilsinlər ki, Azərbaycan Ermənistanla müqayisə olunmaz səviyyədə müstəqildi.

Ceyhun