MƏN AXI DEMiŞDiM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
31457 | 2007-02-27 03:28
Bir qəribə atalar sözü var, heç bilmirəm yerinə düşəcək yoxsa yox, amma məqamıdır, dilimə gəlib. Atalar deyir ki"::"Aləm aləmlədir, kor qız da xalamla". İndi onun sözü olmasın, bilmirəm bu rus bizdə nə görüb, əl çəmir ki, çəkmir... Çox da uzaq tarixə getməyə ehtiyac yoxdur.
   
   Gəlin elə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrin ilk günlərinə qayıdaq. Əgər xatırlayırsınızsa, onda bir Moskva var idi. Elə indi də var. Amma onda birbaşa, yəni "pramoy" başımızın böyüyü idi. Və biz də üzümüzü tutmuşduq başımzın böyüyünə tərəf. Ondan məsləhət umur, kömək diləyir, haqqı nahaqqa verməməyi, yəni bu sovet ailəsi deyilən məclisdə hər kəsi öz yerində oturtmağı təvəqqə edirdik. Amma həmin o Moskva bizləri emosialara uymamağa, ekstremist ünsürlərə qoşulmamağa, millətçilik ədavətini qızışdırmamağa, quş tüfənglərini təhvil verməyə və ən nəhayəti ocaq başında oturan ermənilərin yanından da belə keçməməyə təhrik edir, çağırırdı. Bizim səsimiz isə qalırdı öz içimizdə. Ən yaxşı halda gedib çatırdı Biləcərini körpüsünə. Oradan o tərəfə isə qırmızı işıq idi.
   
   İndi də Moskva var. Bilmirəm nə bəladırsa indiki Moskvadan da kömək umuruq. Demək olar ki, rəsmi və qeyri-rəsmi bütün görüşlərdə həm dövlət, həm iqtidar, həm müxalifət səviyyəsində keçirilən bütün tədbirlərdə Qarabağ probleminin Kremldən asılı olduğu (həm də obrazlı formada deyildiyi kimi, "Qarabağın açarının Kremldə olduğu" ifadə edildiyi kimi), Moskvanın bu bəlanın yuvası olduğu söylənilir. Daha dəqiq ifadə etsək, Qarabağ problemi Moskvada yaradılıb, oradan da bizim bölgəyə, bütövlükdə isə Cənubi Qafqaza səpilibdir. Və həmin səpilmiş bəlanı da yaradan, yəni Moskva indi düşüb qapı-qapı ki, bəs gəlmişəm problemi həll etməyə.
   
   Əgər xatırlayırsınızsa, Sovetlər İttifaqı dağlandan sonra problemin həlli ilə məşğul olmaq missiyası ATƏT-in Minsk qrpunun üzərinə düşdü. Əvvəl-əvvəl biz elə bildik ki, tay düyün açıldı, inşallah məsələ ortadan qaldırılacaq. Amma sən demə Moskva barmağını heç də cibində saxlamayıbmış. Onun barmağı yenə də problemin quyruğunun altındaymış. Ona görə də Moskvanı bu qrupda təmsil edənlərin həmişə dillərinin altında bir çöp olubdur. Danışıqlarından heç bir səmimiyyət duyulmayan, əslində isə guya bölgə probleminin çözümü missiyasını öz üzərinə daha çox çəkən rusiyalı təmsilçilər həmişə digər iki təmsilçini, yənin ABŞ və Fransa təmsilçilərini arxa plana keçirməyə çalışıblar. Merzlyakovdan əvvəl Rusiyanı bu qrumda Kazimirov deyilən birisi təmsil edirdi. Zalım oğlu ağzını açan kimi dilindən "yan...yan" tökülürdü. Bilirdin ki, təpədən dırnığa erməni üçün yanır. Ona görə də adam heç onu qınamağa da, söyməyə də nə özündə həvəs görürdü, nə də buna baş qoşmaq istəmirdi. Amma indi...
   
   İndi Kazimirovu Merzlyakov əvəz edir. Görkəmindən bir az rəssama, bir az bəstəkara, bir az nə bilim nəyə oxşayan Yuri Merzlyakovun şəkilinə baxanda adama oxumuş adam təsiri bağışlayır. Lakin müsahibələrini oxuyub çıxışlarına qulaq asanda hiss edirsən ki, o adamın heç kitabdan xəbəri yoxdur. Əgər oxumuş olsaydı Qarabağ məsələsi barəsində bircəcə yol dilinə düz söz gətirərdi. Ən azından həqiqəti deməsə də, heç olmasa eyibinə kor olub susub oturardı yerində. Lakin bu Merzlyakov ATƏT-in Minsk qrupunda həmsədr olan gündən ağzını açıb nə deyibsə, hamısı birbaşa və yaxud da dolayısıyla Azərbaycanın əleyhinə olub. Hətta iş o yerə gedib çatıb ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Nizami Bəhmənov da artıq dillənəyə məcbur olub. Nizami müəllim deyir ki"::"Mənimlə Bakıda görüşməyə vaxt tapmayan həmsədrlər Laçında qeyri-qanuni məskunlaşmış ermənilərin evində oturub nahar da edirlər. Və ən dəhşətlisi də odur ki, həmsədrlər Artsağın bayrağı altında Qukasyanla müzakirələr aparırlar".
   
   Nizami müəllimi hövsələdən çıxaran məqamlardan biri də məhz rusiyalı həmsədrin, yəni Yuri Merzlyakovun ermənipərəst mövqe nümayiş etdirməsi olubdur. İş o yerə çatıb ki, həmin o Merzlyakov qətiyyən utanıb eləmədən qırmızıcasına deyib ki, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, o cümlədən də mən, yəni bu sözlərin müəllifi doğma yurd-yuvasına qayıdıb orada ermənilərlə bir yerdə yaşaya bilməz. Az qalır qışqırıb deyəsən, niyə ə, filan...
   
   Çox qəribədir ki, bunu guya problemi həll etməli olan, bölgəyə sülh gətirmək istəyən, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ən yüksək səviyyələrdə bəyan edən bir dövlətin Yuri Merzlyakov adlı bir rusu deyir. Özü də o rusu ki, hər dəfə gələndə qarşısına çıxıb pişvazında dururuq və ondan ağıllı, ədalətli qərarlar gözləyirik. Tay demirik ki, bu saqqallı rusda düşüncə də, ürək də ermənicən işləyir. Bilmirəm bu haradan qaynaqlanır, amma aşkarca görünür ki, Merzlyakov bütün gücüylə Azərbaycanın əleyhinə fəaliyyət göstərir və bunu da gizlətmir. Doğrudur, bəzi ekspertlər belə hesab edir ki, Azərbaycan hökuməti ən yaxşı halda Rusiyadan bu saqqalı rusu başqası ilə əvəz etməyi tələb edə bilər. Amma nə dəyişəcək. Kazimirovdan sonra Merzlyakov gəldi, o da gedəcək bir ayrı İvanov gələcək. Məzmun dəyişəcək, mahiyyət ki, yenə Kremldə qalır. Ona görə bu "Kreml məsələsi"nin özünə təzədən baxmaq lazımdır.
   
   Bu günədək heç bir əməli fəaliyyəti olmayan, ancaq səfərlərlə və bir də görüşlər təşkil etməklə münaqişənin ömrünü uzadan Minsk qrupu və onun həmsədrləri deyəsən bir yerdə çox qaldıqlarından artıq bataqlıq iyi verirlər, kifləniblər. Ona görə də yaxşı-yaxşı düşünmək lazımdır, yoxsa... Mən Merzlyakov Azərbaycana ilk səfər edib müsahibə verəndə dostlarıma demişdim ki, mənim bu saqqallı rusdan "gözüm su içmir". Və yekəlik olmasın, indi aydın oldu ki, bu rus elə həmin mən deyəndən imiş, yəni ermənilərin dayılarından. Dayısı rus, bacısı oğlu da erməni olanın nələr etdiyini Xocalıda, Qaradağlıda, Tuğda, Malıbəylidə, Kərgicahanda, Quşçularda, Şuşada... daha haralarda görmədik ki.

TƏQVİM / ARXİV