adalet.az header logo
  • Bakı 19°C

QƏBİRİNƏ ADININ YAZILMASINI İSTƏMƏYƏN VİRTUOZ...

BABƏK YUSİFOĞLU
66444 | 2014-05-20 00:56
Həyat, insanlar haqqında danışanda çox vaxt belə bir "tezisi" önə çıxarırlar ki, dünya təkcə yaxşılardan, humanistlərdən, yaxud pislərdən, zalımlardan ibarət olsaydı yaşamaq son dərəcə yeknəsəq, cansıxıcı təsir bağışlardı. Bu iddianın həqiqətlə nə qədər uyuşduğunu söyləmək çətin olsa da hər halda onu təsdiqləyə bilərəm ki, qarşılaşdığımız müxtəliflik, fərqli rənglər, fərqli səslər, bənzərsiz hadisələr, təkrarsız insan xarakterləri, elə təbiətin də min cür çaları...g mövcud olduğumuz sərhədsiz mühitdəki mükəmməlliyin elementlərdir. Və bütün bunların vəhdəti elə bütövlükdür.
Yəqin ki, dialektikanın Əksliklərin vəhdəti qanunu da bu heyrətamiz müxtəliflik tendesiyası üzərindən yaranıb. Çünki bir bütövün var olması üçün onun müxtəlif tərəflərinin, əksliklərinin mütləq vəhdədi lazımdır. Və mənə elə gəlir ki, ictimai həyatın özü də bütövlükdə həmin qanunauyğunluq üzərində mövcuddur.
İnsanlığın fəlsəfəsində Xeyirlə Şər, İblislə Mələk mübarizəsi yoxdurmu?.. Birinin varlığı, əks tərəfin də varlığını zəruri etmirmi?.. Elə bu əzəli və əbədi qaydalar sivil dünyanın da qanun kitablarında, birgəyaşayış prinsiplərində öz əksini tapmayıbmı? Təkcə bir misal üzərində fikrimizə rəvac verək...
Həqiqətən də qanunun qoruyucuları, polislər, prokurorlar ölüm-dirim savaşı apardıqları, bir sıra hallarda həyatlarını belə itirdikləri oğrulara, cinayətkarlara görə vardırlar. Yəni, qanunu pozanlar olmasaydı, onu qoruyanlar olardımı? Yəqin ki, yox...
Amma əminəm ki, məşhur "Villi" və onun kimilər heç də bu kriminal yolu ona görə seçmirlər ki, qanunu qoruyanlar da var olsunlar. Sadəcə belələri dünyanın fərqli tərəfinin sakinləridi. Öz düşüncələriylə, həyata baxşılayla, həyat tərzləriylə... Elə sıxıntılarıyla da, dərdləriylə də bərabər... Siz "Villi"ni tanıyırsınızmı?..

VİLYAM - "VİLLİ"

Vilyam "Villi" Satton cinayətkar dünyanın ən nüfuzlu, ən şöhrətli, məşhur şəxslərindən biri olub. Və nə qədər paradoksal görünsə də ictimaiyyət onu qanunu qoruyanlardan və həmin zamanların qəhrəmanları kimi dəyərləndirilənlərdən daha çox tanıyıb, onun haqqında əfsanələr yaradıb. Gəlin, çox maraqlı, maraqlı olduğu qədər də qəribə bir ömür yaşayan bu şəxsi yaxından tanıyaq.
(Məgər həmişə alimlər, şairlər, ixtiraçılar, müğənnilər, aktyorlar, eləcə də digərləri haqqında oxuyub öyrənməli, onları tanımalıyıq? Məncə xeyr. Çünki cəmiyyət bütün məziyyətləriylə bir bütövdürsə, onun qaranlıq tərəfində məskunlaşmış məşhurlarından da bəhs etməliyik). Ən azı yeraltı dünyanın boslarından biri sayılan bu adamın bəzi inanılmaz prinsiplərinə görə...
Bir çoxlarının təəccübünə səbəb olsa da deyim ki, Sattonun kriminal prinsipləri sırasında özünəməxsus qanunları vardı və günlərin birində bunları özü də etiraf etmişdi. Vilyam Satton demişdi: "Mən heç vaxt bankda qadınların və uşaqların olduğu zaman qarəti həyata keçirməmişəm... Mən həmişə alçaq adamların sahib olduğu bankları soymuşam... Mən kimsəni qətlə yetirməmişəm..." Əlbəttə, bunlar şəhər "Robin Qud"luğuna bənzəsə də onun haqında toplanmış sənədlərdə hər şeyi görmək mümkündü.
Bəlkə də həyatın şərtləri onu bu yola salmışdı... "Villi" Satton 1901-ci ilin 30 iyununda Bruklində irland kökənli kasıb bir ailədə anadan olmuşdu. Vilyam beş uşaqlı ata-ananın dördüncü övladıydı. Ağır güzəran onu elə uşaqlıqdan küçələrə sövq etmişdi. Əksər həmyaşıdlarından fərqli olaraq Vilyam heç orta təhsilini də tamamlamışdı: səkkizinci sinfə çatmamış məktəbdən çıxmışdı. Və elə bu da onu "yeraltı dünya"nın qapılarına sarı istiqamətləndirmişdi. Çünki küçələrdəki amansız şərtlər kimsəyə rəhm etmirdi.

"ARTİST"

"Villi" cinayətlərinə əvvəlcə oğurluqla başladı. Sonra isə bu məşğuliyyətə basqınlar da əlavə olundu. Təəssüf ki, cəsarətli xarakteri daha məqbul bir istiqamətdə yox, ona kriminal yolda irəliləməsinə şərait yaratdı. Yaşadıqları ərazidə törətdiyi qarətlər, düzənlədiyi basqınlar çox çəkmədi ki, onu "qaranlıq dünya"da tanıtdı, həmkarlarından daha çox "hörmət"ə mindirdi. Amma bu hələ harasıydı, bir qədər sonra ağılı, fərasəti və polislərin, qaravulçuların diqqətini özündən yayındırmaq üçün göstərdiyi aldadıcı davranışları ona "Aktyor" ləqəbi qazandırdı.
Artıq bu o zamanlar idi ki, Satton ailəsindən demək olar ki, ayrı düşmüşdü. Evdə Vilyamı daha görə bilmirdilər. O isə mənsub olduğu aləmdə daha dərin qatlara enməkdəydi. İlk dəfə həbs olunanda "Villi"nin cəmi 21 yaşı vardı. Və ona qarşı çox ağır ittihamlar irəli sürülmüşdü. Sattonu adam öldürməkdə suçlayırdılar. Əgər şübhələr təsdiqlənsəydi Sattonu irəlidə çox ağır cəzalar gözləyirdi. Amma hüquq-mühafizə orqanları bununla bağlı tutarlı sübutlar tapmadığı üçün onu azad buraxdılar. Ümumiyyətlə, "Aktyor" həm həbsə alındığı vaxt, həm də ondan sonra, yəni bütün ömrü boyu kimsəni öldürmədiyini israrla söyləyib.

BANKLARA DOĞRU BAŞLANĞIC...

Həmin hadisədən sonra "Villi" daha dərin "əməliyyatlar" gerçəkləşdirməyi düşünməkdəydi. Ona görə bu elə bir "iş" olmalıydı ki, çəkdiyi zəhmətə, aldığı riskə dəysin. Buna görə də Satton bankları soymağı qarşısına məqsəd qoydu. Özü də elə adamların banklarını ki, onların sahiblərini adamlar "pis" insan kimi tanıyırdılar. Əslində belə "əməliyyatlar"ı keçirmək üçün "Artist" bütün məziyyətlərə malik idi. Beləliklə 1926-27-ci illərdən başlayaraq Amerikada bankların inanılmaz qənimi "doğulmuş" oldu. 1927-ci ildə ilk bank soyğununu həyata keçirən Vilyam bir daha bundan əl götürmədi.
Maraqlıdır, tədqiqatçılar yazırlar ki, "Villi" "əməliyyat"a gedərkən özüylə "Tommi-qan" (amerikan tapança-pulemyotu) götürsə də heç vaxt onun bu silahı dolu olmayıb. Ona görə yox ki, Satton kimisə öldürəcəyi təqdirdə nə vaxtsa veriləcək cəzadan qorxub. Xeyr, sadəcə olaraq "Villi" basqınlar zamanı kimsənin həyatına son qoyulmasını istəməyib. Hətta kriminal karyerası boyu ən məşhur, ən amansız qanqsterləri tanısa da heç vaxt onların köməyindən istifadə etməyi düşünməyib. Bəlkə də bu üzdən idi ki, o, heç bir "iş"ində bu cür qətllər törədə biləcək kimsəyə ehtiyac duymur, etibar da etmirdi.
Vilyam Sattonun 1920-1930-cu illərdə düzənlədiyi basqınlar demək olar ki, hər tərəfə səs salmışdı. Artıq Amerikanın ən böyük mafiyaları belə onun adını bilirdilər. Və bu məşhurluq bir qədər sonra daha da artdı. Çünki günlərin birində polislər tərəfindən yaxalanan Sattonu türmədə uzun müddət saxlamaq mümkün olmadı və o, bir yol tapıb oradan qaçdı.
Düzdü, çox keçmədən polislər tərəfindən yaxalanaraq həbsxanaya gətirilən, Sattonun bu bacarığı və cəsarəti "yeraltı dünya"da inanılmaz bir rezonans doğurmuşdu. Sərt və amansız qanunları olan bir dünyada qısa müddət ərzində qazandığı məşhurluğu hətta həbsxana "sakinləri" arasında da ona qarşı böyük hörmət yaratmışdı. Oralarda hamı onunla hesablaşırdı...
Vəkillərinin bacarığı sayəsində bir neçə ildən sonra azadlığa çıxan "Villi" heç də sakit oturmağı düşünmür, yeni hədəflər üçün fürsət gözləyirdi. Və belə bir fürsət əlinə 1930-cu ildə düşdü. "Aktyor" "Westeren Union" kompaniyasının kuryerinin uniformasını geyinərək Manhettendə yerləşən böyük bir bankı soydu. Oğurlanan məbləğ haqqında dəqiq rəqəmlər bildirilməsə də oradan küllü miqdarda pul aparıldığı söylənirdi. Amma ən qəribəsi isə bu idi ki, "Villi" bank soyğununa ara vermədən ərazidə yerləşən bir neçə zərgər dükanını da qarət edərək "qeybə çəkildi".

HƏBS VƏ...

Hakimiyyət dairələri bu səs-küylü qarətlərin "müəllifləri"nin tapılması, ələ keçirilməsi üçün bütün imkanlarını işə salmışdı. Çünki artıq burada təkcə oğurlanan pullardan, qarət edilən qızılların miqdarından söhbət getmirdi. Nyu-York kimi bir sənaye mərkəzində, dünyanın ən böyük şəhərlərinin birində belə hadisələrin ard-arda törədilməsi artıq hakimiyyətə, dövlət qanunlarına etibar, inam məsələsinə çevrilmişdi.
Həmin olaylardan iki ay sonra polis ayrı-ayrılıqda bir neçə nəfəri şübhəli şəxs qismində ələ keçirdi. Və həmin şübhəlilərin içərisində artıq kriminal dünyanın "avtoritet"lərindən birinə çevrilmiş Vilyam Satton da vardı. Və az sonra onu "Sinq-Sinq" türməsinə göndərdilər. Bununla da onun müəyyən fasilələrlə uzun türmə həyatı başladı...

(Ardı qəzetin 27 may sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV