...Biri hər hansı işi başlayandan sonra bir də görürsən ki, yorulub əldən düşür və sonra da əli işdən soyuyur. Deyir ki, əşi, qoy bu gün qalsın, Allah qoysa sabah bir iş görərəm. Sabah ötür, yenə bir iş görmür. Günü günə calayır, həftəni həftəyə. Bir də ayılıb görür ki, ay başa çatıb, amma iş hələ də yarımçıq qalıb.
Nəsə bizim millət dədə-babadan bir iş görəndə həmişə ləng tərpənir. Fikirləşir ki, vaxt gələr bu işi aşıraram. Vaxt da gəlir, işi aşıra bilmir və sonra da başqalarının yanında xəcalətli qalır. Xəcalətli düşməniniz olsun!
Yadıma Üzeyir bəy Hacıbəyovun "Biz nə tövür iş görürük" felyetonu düşür. Həmin felyetonun məzmunu belədir ki, başqa millətlər bir iş görəndə biz yatırıq. O iş camış boyda olur, yenə yuxudan oyanmırıq, dəvə boyda olur şirin yuxuda mürgü vururuq və bir də görürük ki, başqa millətlər fil boyda işlər görürlər. Bax onda biz qəfil yuxudan qalxırıq və başlayırıq bir iş görməyə. O iş də nə işdi? Birdən-birə fil boyda iş görmək istəyirik. Elə ki, filin ayağını düzəldirik, yenə yorulub əldən düşürük, deyirik fildən balaca bir iş görək. Yəni dəvə boyda bir iş görək. Yenə əlləşirik bir iş çıxmır. Keçirik camışa, bu iş də alınmır və başlayırıq dilxor olmağa. Deyirik ki, ay kişi, bizimki balaca işlərdir, elə siçan boyda iş görsək yaxşıdır. Siçan boyda bir iş görüb başa çatdıran kimi o dəqiqə aramızdan bir pişik çıxır, o siçanı yeyir...
İndi həmin dövrdən bəri uzun illər keçib. Bakının küçələrini, prospektlərini gəzirsən, görürsən ki, maşallah, nə boyda lap elə fil boyda işlər görülüb. Bu işlərə baxırsan, sevincindən ürəyin dağa dönür. Amma elə ki, bir balaca diqqətli olursan, müəyyən yerlərə baş çəkirsən, görürsən ki, balam, yox, bizim millət yenə köhnə vərdişlərindən əl çəkmir ki, çəkmir. Məsələn, bir prospekt neçə illərdir ki, əsaslı surətdə yenidən tikilir, işlər bitmək bilmir ki, bilmir. Dərnəgül yolunun çəkilişinin bitməyini gözləyən insanların lap səbri tükənib. Çünki o istiqamətdə hərəkət edən insanlar nə vaxtdandır ki, yolun açılışını səbirsizliklə gözləyirlər. Yol tikintisi ilə məşğul olanlar da deyirlər ki, bir az səbirli olun, Allah qoysa bu gün-sabah həmin yol istifadəyə veriləcək və rahat gedib-gələcəksiniz. Şükür Allaha, deməli, nəsə bir iş görülür. Heç buna görə də qanınızı qaraltmağa dəyməz.
Adamın qanı onda qaralır ki, şəhərin bir küçəsinə yenidən asfalt çəkirlər, bir də görürsən ki, bir aydan sonra həmin gül kimi asfaltı dağıtdılar, hansısa kanalizasiya xəttində olan təmir işlərinə başladılar. Bəzən də bu təmir işlərini həyata keçirən qurumlar elə ləng hərəkət edir ki, adam bu işə baxanda lap ürəyi qısılır. Çünki işlər yarımçıq qalır, dağılmış asfalt yol təmir edilmir, üstəlik də yolda təmir işlərinin görülməsini əks etdirən nişanlar da qoyulmur. Dəfələrlə Bakının küçə və prospektlərində təmir işləri apararkən həmin nişanların olmaması nəticəsində ağır avtomobil qəzaları baş verir. Bu qəzalar zamanı ölənlər və xəsarət alanlar olub.
Bax, belə. Hələ biz bəzi yerlərdə məişət tullantılarının dizə çıxmasını və həmin tullantıların zamanında daşınmamasını demirik.
Bir dəfə qəzetimizin əməkdaşlarından biri gəlib dedi ki, Binəqədi rayonunun küçələrinin birində məişət tullantıları yığılıb qalıb, üstəlik də həmin yerdən kimlərsə zibil qutularını yığışdırıblar. Biz həmin hadisəni qələmə alıb aidiyyəti quruma göndərəndən sonra qısa zaman kəsiyində həmin ərazidə mövcud olan məişət tullantıları daşındı. Qəzetimizin əməkdaşı isə bizə bildirdi ki, sakinlər razılıq edirlər. Deyirlər ki, nə yaxşı siz yazdınız, əlaqədar qurumlar da hərəkətə gəldilər.
Gözəl Bakımızda çox gözəl parklar salınıb. Həmin parklarda bir-birindən gözəl ağaclar, güllər, çiçəklər əkilib. Amma bəzən görürsən ki, bu ağaclar və çiçəklər isti yay günlərində baxımsızlıq üzündən susuzdan yanırlar. Düzdür, əksər yerlərdə, xüsusən şəhərin mərkəzi parklarında ağaclara, güllərə çox yaxşı qulluq edilir. Amma bir balaca gözdən uzaq, könüldən iraq olan yerlərdə isə bu məsələlərə barmaqarası yanaşırlar.
Hər il Bakı şəhərində minlərlə yolun kənarında ağaclar əkilir və o ağaclar da bir çox halda baxımsızlıq üzündən isti yay günlərində su verməyəndə inkişaf edə bilmir. Bakının elə bir rayonu yoxdur ki, orda hər il bu qiymətli ağaclar əkilməsin. Amma biz dəfələrlə müşahidə etmişik ki, Xətai, Sabunçu rayonlarının bəzi ərazilərində yeni əkilmiş ağaclara yetərincə qulluq göstərilmir. Ağac da insan kimi bir varlıqdır. Gərək vaxtlı-vaxtında onun dibini belləyəsən, su verəsən və qurumuş budaqlarını budayasan. Elə ki, bu işlər zamanında icra edilmir, bax onda əkilən ağaclar müəyyən vaxtdan sonra quruyur.
Biz fikirləşmirik ki, bu gün yarımçıq qoyduğumuz və başa çatdırmadığımız bir iş sonradan çox çətin ki, qaydasına qoyulsun. Düzdür, müəyyən adamlar bir işi görəndə bir gündən, iki gündən sonra o yarımçıq qalmış işi başa çatdırırlar. Yarımçıq qalan o qədər işlərimiz var. Adam fikirləşəndə tükləri biz-biz olur. Onları sadalasaq böyük bir siyahı alınar və bəzi adamların və bəzi vəzifəli şəxslərin qanları itin qanına dönər. Ona görə də sadalayıb kiminsə qanını qaraltmaq istəmirəm. Hamı yaxşı bilir ki, yarımçıq qalmış işlər nədir?
Ataların belə bir deyimi var: "Əldən qalan əlli il qalar". Yəni bu deyimin də açması ondan ibarətdir ki, bir iş ki yarımçıq qaldı, çətin ki, onu yenidən görüb başa çatdıra biləsən. Ona görə də heç kimə, heç kəsə yarımçıq iş görməsini arzulamırıq. Elə mənim özümün də nə qədər yarımçıq işlərim var. "Bu gun-sabah eləyərəm" deyib günü günə satmışam və bir də ayılıb görmüşəm ki, artıq hər şey arxada qalıb. Heç kimə işlərinin yarımçıq qalmasını arzulamazdıq...
Faiq QİSMƏTOĞLU
[email protected]