adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"MƏN ORDA GÖYLƏRLƏ DANIŞIRAM"

ƏBÜLFƏT MƏDƏTOĞLU
25315 | 2014-05-17 04:01
... On üç-on dörd yaşlı bəstəboy bir oğlan Cıdır düzündən üzü aşağı dərə boyu baxır. Kənardan onu müşahidə edən hər kəs bu cavan oğlanın, əslində isə hələ üst-başından orta məktəb qoxusu çəkilməmiş, hələ gözləri böyük şəhərə alışmamış bu Allah bəndəsinin yalnız cüssəsini görə bilər. Çünki onun ruhu, onun iç dünyası özündə deyil, bədənini tərk edib, göylərə üz tutub mələklərlə, yerin-göyün mizan tərəzisini qoruyan, varlıqları rövnəqləndirən, canlandıran və bir də özünü özünə tanıdan böyük dərgah sahibi ilə həmsöhbət olmaq üçün onun himayəsinə çıxıb gedib. Düşünməyin ki, mən hardasa hisslərə qapılıram, nəyisə olduğundan artıq, bədiiləşdirilmiş, lap bir az da alt qata ensək, fantastik nələrsə söyləyirəm. Xeyr, doğrudan-doğruya bu uşaq məhz həmin nöqtədə, həmin yerdə dayananda bu Yer üzünün, bu dünyanın adamı olmurdu özü də bilmədən, özü hiss etmədən, səbəbini, kökünü özü də anlamadan onun içi, onun ruhu bədəninidən elə çıxır, elə uzaqlaşırdı ki, heç kirpiyinin ucu da səksənmirdi. Bu da bir Allah möcüzəsi idi, bu da bir Allah kəraməti idi. Bugünün özünə qədər də bir vaxtlar 13-14 yaşında olan, indi isə 50 yaşın dizini qatlayan dostum o sirrə bir yozum tapa bilmir, baxmayaraq ki, neçə-neçə elmin qapılarını açıb... neçə-neçə akademiyaların və saysız elm ocaqlarının tribunalarından çıxışlar edib, mühazirələr oxuyub, onların fəxri doktoru adlarını qazanıbdı. Bu yerdə onun nə vaxtsa dediyi bir söz yadıma düşür...
... İnsan bütün elmlərin altını üstünə çevirə bilər, bütün sirlərə baş vura bilər. Amma insanı, Allahın onun üçün gözlə görünməyən, əllə toxunulmayan və yalnız bir an yaşanması mümkün olan elə bir dünya ilə üzbəüz qoyub ki, o dünyanın nə adı var, nə səndən başqa sakini, nə də o dünyanın şəkli yoxdu. Onu ancaq məhz həmin o anda görürsən... danışanda da söhbət edəndə də onu kimsə təsvir də edə bilmirsən. Çünki Allahın həmin o möcüzəsi elə Allahın özü kimi təsvirsizdi...
Hə, mən Şuşada, Cıdır düzündə dayanıb üzü aşağı, Xankəndiyə, Xocalıya, Ağdama tərəf boylanan həmin oğlanın bir sükut işarəsi olduğunu hərdən ağlıma gətirirəm. Elə bir sükut işarəsi ki, o sükut yalnız oxunur, müşahidə edilir - elə cizgilərlə, görünməyən, amma fəhm edilən işıqla. Bu dediklərim, bu yazdıqlarım sizə sözün yaxşı mənasında nağıla bənzəməsin. Düşünməyin ki, yenə şairliyim başıma vurub söz oynadıram. Xeyr, doğrudan-doğruya göylərlə danışan insanlar nə dil tərpədir, nə dodaq. Onların sadəcə cizgiləri danışır, baxışları danışır, hətta kirpiklərinin ucu danışır. Ən həssas bir vasitədən istifadə etməklə bu cür insanların həmin məqamlarını izləsən, o dediyim nöqtələrin pıçıltısını da, musiqisini də dinləmək olar, amma anlamaq yox. Sadəcə, səsi eşidərik, amma sözləri bizə eşitməyə icazə verməzlər. Çünki həmin söhbət bəndə ilə Allahın arasında gedir, özü də seçilən, sevilən bəndə ilə... sevib özünü fəda etməyə hazır olduğu Allah arasında....
Həyat çox qəribədi. Gözünün qarşısında olanı bəzən qiymətləndirmirsən. Heç ağlına da gəlir, fikrindən də keçmir ki, gördüyün bu varlıq, bu əşya, bu bəndə sabah, beş gün sonra tamam fərqli bir yerdə, fərqli məqamda, fərqli görüntüdə, fərqli təqdimatda qarşıma çıxa bilər. Biz bir insan olaraq bu xırdalıqlara əhəmiyyət vermirik. Yalnız zaman dəyirmanı ömrümüzü üyütdükcə biz anlamağa başlayırıq ki, bəli, yanından ötdüyümüz, görmədiyimiz, əhəmiyyət vermədiyimiz nələr, kimlər indii bizdən min addım qabaqdadı. Biz ona əlimizi gözlərimizə günlük edib baxırıq. Bax, bu mənada Ağdamdan Şuşaya gedən avtobusda əyləşmiş 13-14 yaşlı bu oğlanı da demək olar ki, heç kim görmürdü, heç o da kimisə narahat etmirdi. Arxa sırada sakitcə oturub gözlərini yola zilləyirdi. Ağdamdan Şuşaya gedən bu avtobus bilmirdi ki, bu bəstəboy uşaq Cıdır düzünə tələsir. Ağdamdan Şuşaya gedən və üzü geri qayıdan həmin o avtobus bilmirdi ki, onun sərnişini bu iki şəhəri özünün bayrağına, simvoluna çevirəcək. O, bütöv Azərbaycanın əzəmətli bayrağı ilə yanaşı, içində daşıdığı Şuşa Bayrağının da, Ağdam Bayrağının da pərvanəsi olacaq...
Bəli, atasının onun üçün verdiyi məktəb xərcliyini o, qəpik-qəpik toplayıb özünə yolpulu edərdi. Həmin o pulla da ayda heç olmasa iki dəfə, xüsusilə isə bayram günlərində, məktəbdə kiçik bir uğur qazananda, rüblük qiymətlərinin nəticələrini biləndə, hansısa qəzetdə balaca bir yazısı çıxanda, şəkili məktəbin şərəf lövhəsini bəzəyəndə o, mütləq Cıdır düzünə tələsirdi. Gəlirdi Cıdır düzünə... dayanırdı həmişə durduğu yerdə... baxırdı, baxırdı, baxırdı... hesabat verirdi göylərə də, uzanıb gedən dağlara da, dərələrə də... hesab verirdi Cıdır düzünə... Məhz bu yarım saatlıq, bir saatlıq sözsüz söhbətdən, hesabatdan sonra o həm yüngülləşir, həm də ürəyinin döyüntüsü, arzularının üfüqü daha da artırdı, daha da genişlənirdi. Sanki ona ikinci bir güc gəlirdi, özü də inam dolu bir güc...
... Uşaqlığım Şuşada - Malıbəylidə keçib. Üç yaşıma qədər Şuşa şəhərində, yeddi yaşıma qədər Malıbəyli kəndində yaşamışıq. Atam dəmiryolu mühəndisi olub. Ona görə də Xənkəndi dəmiryolunun çəkilişində mühəndis-mexanik kimi işləyib, sonra Ağdama köçmüşük. Əhmədavar kəndində səkkizillik məktəbdə təhsil almışam. Ordan isə Ağdamdakı 6 nömrəli məktəbə dəyişmişəm. Bu məktəbə gələndə mənə bir az qəribə baxırdılar. Adətən kənardan gələn uşaqlar kollektivdə dərhal qəbul olunmur. Amma birinci rübün yekununda artıq şəklim şərəf lövhəsində idi. Müəllim kollektivi də, məktəb uşaqları da kənd məktəbindən gələn bu balacaboy oğlanın "od parçası" olduğunu artıq qəbul etmişdilər. Çünki onun hazırlığı, elmə marağı, xüsusilə dərs danışmaq qabiliyyəti, üstəlik də zamanın ən populyar elmi juranllarından olan "Kvant" jurnalındakı istedadlı şagirdlərlə bağlı açıqlama, yəni 1979-80-ci illərin fizika fənnində qazandığı uğur, adının jurnalda qeyd olunması... bir sözlə, hər bir nailiyəti onu ön cərgəyə çıxarmışdı, məktəbin sevimilisi etmişdi....
... O da arzularla, xəyallarla yaşayırdı, o da yaşıdları kimi böyük xəyalların yolçusu idi. Məhz o xəyallar, o arzuları onu 1981-ci ildə qızıl medalla bitirdiyi 6 nömrəli məktəbdən indiki Politexnik Universitetinə gətirdi, tələbə adı qazandı. Auditoriyaya daxil olanda müəllimlər də, tələbə yoldaşları da ona bir qəribə nəzərlərlə baxdılar. Çünki cəmi 46 kiloqram çəkisi olan bu bəstəboy oğlan sözün bütün mənalarında qaynayırdı, hər kəsə qarşı bir xoş aura yaradırdı. Elə həmin o xoş aura da get-gedə əhatəsini genişləndirdi. Onun məqalələri artıq təkcə oxuduğu ali məktəbin qəzet və jurnalında deyil, həmçinin respublikanın elmi jurnallarında çap olunmağa başladı. Hətta yazdığı böyük alim, əvəzsiz unudulmaz şəxsiyyət Xudu Məmmədovun rəy verdiyi məqaləsi SSRİ üzrə ali məktəb tələbələrinin yarışmasında qızıl medala layiq görüldü. Bax bu, Cıdır düzünə hesabat verən, göy üzü ilə həmsöhbət olan gənc alimin həyat kredosunun ilk addımları idi. ilk səhifələri idi...
... Həyatımda üç insanın silinməz, əvəzolunmaz izi var. Onlardan biri Xudu Məmmədovdu. O mənim elmə, araşdırmalara olan marağımı formalaşdırmaqda, onu qığılcımdan alova çevirməkdə müəllimim olub. O mənim sanki elm dünyasında bir günəşimdi. Onun alimliyinin kristallığı şəxsiyyətinin də kristal olmasına şəksiz bir sübutdu. Mən bunu öyrən-öyrənə elm dünyasında özümü təsdiq etmişəm. İkincisi, Məmməd Arazdı. O mənim ədəbiyyat dünyamı, söz dünyamı formalaşdırıb, sözlə yaşamağı ondan öyrənmişəm. Bu ustadın xeyir-duasıyla, könül verdiyim sözün arxasında durmuşam. Üçüncü insan mərhum Şahmar Əkbərzadədi. O, fiziki cəhətdən mənim ən böyük dostum olub. Mən onun məsləhətlərini, onun qayğısını heç vaxt unuda bilmərəm...
Burdaca xatırladım ki, mən bu yazını hazırlayarkən qəhrəmanımla söhbət etmək, ondan müsahibə almaq fikrində olmamışam. Sadəcə istəmişəm ki, illərdən bəri tanıdığım ruh qardaşımla zaman-zaman etdiyim söhbətlərdən, onun dilindən eşitdiyim sözlərdən yaddaşımda qalanları bir məxrəcdə birləşdirim və həmin o məxrəc də dostumun 50 yaşı olsun. Bilmirəm, alınır, alınmır, amma gerçək olan odu ki, mənim 50 yaşlı dostum bu dünyada artıq rahat 500 il yaşayıb. Özü də elə-belə yox, hər günü 50 ilə bərabər olan bir zamanın kürəyini yerə vurub. Təsəvvür edin ki, Şuşada doğulub Malıbəylidə, Əhmədavarda, Ağdamda orta məktəb bitirib. Bakıda ali təhsil almış bu dostumun dünyanın ən aparıcı dillərində, ən tanınmış mətbu orqanlarında yazıları çap olunur, kitabları işıq üzü görür. Onun ən böyük dostları arasında dünya şöhrətli yazıçı Çingiz Aytmatovun, mərhum prezident Rauf Denktaşın ayrıca yeri var idi. O, bu gün də türk dünyasının önəmli şəxsləri Abdulla Gül və Rəcəb Tayyib Ərdoğanın önəm verdiyi insanların sırasındadı. Hətta bu gənc alimə Türkiyə prezidenti Abdulla Gül avtomobil də bağışlayıb...
... Mənim həyatımda xüsusi yeri olan dostların sırasında adlarını böyük hərflərlə yazdığım müəllimlərim və ürək dostlarım var. Onlardan biri Aqil Abbasdı. O, mənim üçün Qarabağ deməkdi, Ağdam deməkdi. Mən hətta Aqil Abbasın 40 yaşında bir yazı yazmışdım və o yazıda vurğulamışdım ki, Aqil Abbas bütöv Qarabağdı - sözüylə, xidmətləriylə, Qarabağ sevgisiylə, bir sözlə, bütün varlığıyla Aqil Abbas mənim üçün doğmadı, əvəzolunmazdı. Və həm də mənə elə gəlir ki, Aqil Abbas Qarabağsız yaşadığı hər gündə 40 il qocalır. Həmin dostlarımın arasında Rəşad Məcidin də özəl yeri var. Mən onu da həmin o Qarabağa olan böyük istəyimlə dəyərləndirir, o cür görür, o cür də bağrıma basıram...
... Bir şeir oxuyuram. 1996-cı ilin may ayının 3-də yazılıb.

Qəribədir...
Bu boyda alimin
bu boyda Dünyada
təkcə bir Allahı var.
Həmin Allahın
Həmin Aliminə
Verə biləsi
Bircə qəpik pulu yox!

Bu şeiri elə-belə oxumuram. Bu şeir bir həyat gerçəkliyidi. O gerçəkliyi bizlər yaşamışıq, elə dostum da yaşayıb. Amma Allah və istedad onu həmin o ehtiyacdan çəkib çıxara bildi. İxtiraları, elmi uğurları onun üzünə böyük-böyük qapılar açdı və onun sorağı Azərbaycanın hüdudlarını heç kimdən soruşmadan, izinsiz-filansız keçib getdi. Bircə onun qanadlanan sorağının ünvanı dəyişməz qaldı. O ünvanda ki, Cıdır düzü idi. Elə Cüdür düzü adlı bir yazı da yazdı. Həmin yazının bir neçə cümləsini uca səslə oxuyuram: "Aydanın da hərifləyə-hərifləyə oxudu ilk sözlər belə səslənirdi:
- Ş-u-ş-a, Şuşa, C-ı-d-ı-r, Cıdır, d-ü-z-ü, düzü... Rəqəmləri isə hələ oxuya bilmirdi.
Bir dəfə adəti üzrə hecaladığı sözləri yenə də təkrar edə-edə nə fikir etdisə, özünü üstümə atıb üzümdən öpə-öpə:
- Ata, noolar, məni də sənin Cıdır düzünə apar!"
... İndi yazacağım bu sözləri əsrin yarısını böyük ürəklə, böyük uğurlarla və böyük şərəflə yaşamış dostum özü söyləyib və vurğulayıb ki, bu fikirləri nə vaxtsa yazılarımın birində istifadə edərsən. Mən indi bu məqamda, bu yerdə həmin fikirləri diqqətə çatdırmağı özümə borc bilirəm:
- Təbii ki, bir vətəndaş və insan kimi formalaşmağımda Texniki Universitetimizdə mənə dərs demiş unudulmaz müəllimlərimin - əvəzsiz alim-pedaqoqlar Niftulla Qədirov, Nadir Qasımzadə, Salman Qarayev, Xalıq Yahudov, Ayaz Abdullayev, Vaqif Mövlazadə, Nəriman Rəsulov və başqalarının, o cümlədən də mənəvi müəllimlərim hesab etdiyim Havar Məmmədov və Həsən Hüseynovun misilsiz xidmətləri olub. Mən bunu xüsusi vurğulamalıyam. Müəllim haqqı danılmazdı, mən də bunu dana bilmərəm.
... Onun barəsində millət vəkili, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Nizami Cəfərov yazıb: "Cəsarətlə deyə bilərəm ki, o, kifayət qədər böyük şairdi. Onun yaradıcılığı müasir poeziyamızda kifayət qədər ciddi hadisədir".
... Bu fikirlər onun barəsində 2008-ci ildə mətbuatda işıq üzü görüb. Elə həmin vaxtdan xeyli əvvəl isə o, özünün "Qələmim, əlim, ürəyim" şeirini yazmışdı.

Qələm əlimin,
Əlim ürəyimin
Quludu, köləsidi.
Ürək nə əmr eləsə
Sağ əlim edəsidi.
ilahi, nə qədər olsa acı
sağ əlim qələmimə
ürəyim sağ əlimə
bu dünya ürəyimə
dar ağacıdı,
dar ağacıdı...

... Mən onun barəsində fikirlərimi bir yazıda cəmləşdirmək istəyərkən yadıma bu misralar da düşdü.

Mən bu gözəl dünyanın
nəşəsni, qəmini,
sevgisini, ölümünü,
cənnətini,
cəhənnəmini
bir şair kimi görüb gəldim
dərgahına, Allahım.

Bəli, ömrünün 50-ci ilini çox yaxın bir zaman kəsiyində qeyd edəcək və barəsində artıq müəyyən fikirəlir səsləndirdiyim bu qəhrəmanımı sizə təqdim edirəm. O, Elçin İsgəndərzadədi! Hər kəsin yanında üzüağ, hər kəsin ürəyində yeri olan və hər kəsə də qayğısını, diqqətini ürək genişliyi ilə əsirgəməyən Elçin İsgəndərzadə!..
Onunla hər görüşümdə təkcə ruh, duyğu qardaşımın yox, həm də dərd qardaşımın, kədər şərikimin çox geniş diapozonlu aurasında mən özümü müəyyən qədər Qarabağda - Tuğda, Şuşada hiss edirəm. Təkcə buna görə onu hər gün görmək, hər gün ziyarət etmək mənə çox xoşdu... Hətta bunun müəyyən qədər tamarzısıyam da.
Çünki işi, qayğıları başından aşan 120-dən çox elmi əsərin, 40-a yaxın ixtiranın, 70-ə yaxın bədii, elmi-publisistik kitabların müəllifi olan və bununla paralel həm də tanıyıb-tanımamasına baxmayaraq, hər bir söz adamına diqqətlə yanaşan Elçin İsgəndərzadə demək olar ki, iki qardaş dövlətin - Türkiyə ilə Azərbaycanın arasında həm də çox möhtəşəm bir körpüdü. Şükürlər olsun ki, ailə həyatı qurandan xeyli müddət sonra Tanrı ona, xanımına, eləcə də qızlarına bir hədiyyə də bağışladı - oğlu Əli dünyaya gəldi. İndi öz haqq yolunu, öz tale yazısını yaşayan Elçin İsgəndərzadənin ən böyük nisgilini dilə gətirirəm. Bu nisgil də Cıdır düzünə hesabat verə bilməməkdi. O hər gün bu ağrını içində azı min dəfə keçirir. Hər gün xəyalən Cıdır düzünə gedib həmin o yerdə dayanır, amma hesabat verə bilmir. Çünki ora gedib çatan xəyalı, ruhudu. Amma o, bütün varlığı ilə hesabat vermək istəyir. Mən o günün - o hesabat anının mütləq gələcəyinə inanıram. Elə o inamla da bir vaxtlar Elçinə ünvanladığım "İsti misralar" adlı şeirimi təkrar diqqətə çatdırıram.

Yaşı
və boy-buxunu
o qədər də
görünmür.
Yaşı da
boy-buxunu da
misralara,
düsturlara çevrilib -
iz salır,
özgə izilə
iməkləmir,
sürünmür...
calanıb bir-birinə,
duyğuları,
əməli...
ötüb keçib irəli,
ha baxırsan
düz gəlmir -
yanında dayansan da
lap çox-çox qabaqdadı -
bir ayağı, bir əli.
Tanrım,
payına şükür
sənin sevgin,
ülfətin
gör necə böyükdü ki,
bu yaşda,
boy-buxunda
bir cavanı çevirdin
pasportuna millətin!

Hə, düşünürəm ki, mən Elçin İsgəndərzadə barəsində, əslində heç nə yazmadım. Çünki onun xidmətləri, onun yaradıcılığı, onun həyatı bir yazılıq mövzu deyil. Və mən sadəcə olaraq ruh qardaşım, kədər dostumun 50 yaşına hədiyyə kimi bu fikirləri sizinlə bölüşdüm. Yəqin ki, buna görə Elçin İsgəndərzadə məni anlayışla qarşılayar.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV