adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

DO?RUDAN BAKININ DƏRDi VAR?

OQTAY SALAMOV
25113 | 2007-01-23 23:54
Səməd Vurğun "Bakının dərdi var, Bakı xəstədir" sözlərini 20-ci əsrin əvvələri üçün yazmışdı. Üstündən düz bir əsr, 100 il keçib. Mən heç nə demirəm, nəticəni özünüz çıxarın. Həm də guya siz bunları bilmirdiniz?
   
   "Turan"ın eksperti Zəfər Quliyev yazır ki, "Hakimiyyətin ağılsızlığı müxalifətin imkanlarını artırır". Əgər imkanları artmış müxalifət bu gündədirsə, onun ağlına böyük şübhə var. Və ya əksinə, əgər müxalifətin imkanları belədirsə, deməli, iqtidar kifayət qədər ağıllıdır.
   
   ***
   
   "Müsavat" partiyasının yanvarın 28-də Tarif Şurasının qiymətləri qaldırması ilə bağlı mitinq keçirmək planı çox qətidir. Qərara görə yürüş-mitinq "Həzi Aslanov" metro stansiyasının yanından başlayaraq "Ukrayna" dairəsinə qədər davam edəcək, orada mitinq keçiriləcək və qətnamə oxunacaq.
   
   Niyyətin özü başadüşülən və kifayət qədər cəlbedicidir. Amma ya "Müsavat" partiyası özünü uğursuzluqdan sığortalamaq üçün guya heç nədən xəbəri olmadığını göstərir, ya da, daha pisi, doğrudan da çox şeydən xəbərsizdir. Yəni "Müsavat"da bilmirlər ki, Bakı Şəhər İcra Hakimiyyəti (ayıb da olsa, BŞİH) "Ukrayna" meydanını mitinq yeri kimi təklif eləyən günün sabahı oranı təmir adı ilə söküblər? İndi meydanın park tərəfi tamamilə hasara alınıb, meydanın özündə isə qazıntı işləri aparılır, ortasında da yekə bir təpə düzəldirlər. Birdən elə bilərsiniz ki, bu təpəni tribuna kimi düzəldirlər ki, müxalifət rəhbərləri çıxıb təbii tribunadan çıxış etsin, hakimiyyəti söysün? Ay-hay, onda gərək tamaşaçılar, yəni mitinq iştirakçıları "Radiozavod"un yanında dursunlar ki, rəhbərlərini görə bilsinlər. "Radiozavod" isə mitinq yeri siyahısında yoxdur.
   
   Deməli, ya "Müsavat" bu təmir oyunundan xəbərsizdir, ya da... Daha nə ya da, təmir dünən başlamayıb ki, müxaltfətçilərdən hər gün oradan keçənlər var. Deməli, bu mitinq məsələsi də, ən azından, siyasi prikoldur...
   
   ***
   
   Bakı Şəhər İcra hakimiyyəti (ayıb da olsa, BŞİH) "Azadlıq" bloku və Müsavat partiyasının kütləvi aksiyalar keçirmək istəyini araşdırıb və ictimai təşkilatlar və siyasi partiyalar şöbəsinin müdiri Zaur Ramazanovun dili ilə cavab verib ki, aksiyaların vaxtına 24 saat qalmış müraciətçilərə cavab verəcək.
   
   Bilirəm, bəziləriniz dodaq büzürsünüz, bəziləriniz "denən vermirəm" lətifəsini xatırlayırsınız, bəziləriniz ayıb da olsa, BŞİH-i qınayırsınız ki, niyə məhz son anda, 24 saat qalmış. Heç haranızı büzməyin və başqa fikrə də düşməyin, qanunvericiliyə uyğun olaraq müraciətlərə aksiyaların təyin olunduğu vaxta 24 saat müddət qalana kimi cavab verilməlidir. Sovet vaxtı tərxis olunmalı intizamsız əsgərləri dekabrın 31-də, gecə saat 12-yə 5 dəqiqə qalmış hərbi hissədən buraxardılar. Sovet sistemində bu da bir tərbiyə forması idi...
   
   ***
   
   APA bir məlumat yayıb ki, "AŞ PA həmməruzəçiləri Köçəryanı qınayıb". Malades. Sağ olsun AŞ PA həmməruzəçiləri. Köçəryanın kitabı bağlandı. Bəlkə utandığından torpaqları da qaytardı, hələ lap çox utansa prezidentliklən də gedəcək. Bu yandan da Hrant Dink dərdi... Roberti infarkt vurmasa ...çox pisdir...
   
   ***
   
   "Azadlıq" qəzetində gedən bir yazıda adı hallandığı üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin 50 nəfərlik bir qrupu yazıya etirazlarını bildiriblər. Etiraz məktubunda deyilir":: "...Qətiyyətlə etiraf olunur ki, bu ali məktəb müəssisəsində rüşvətxorluğun kökü kəsilmişdir"...
   
   Təbrik edirik. Uşaqlarının sessiyanı "quyruq"suz başa vurması üçün borca düşən valideynlərin bu xəbəri oxuması məsləhət deyil. Amma "kökü kəsilmişdir" deyirsinizsə, deməli, rüşvət var idi hə? Öz aramızdı, heç onda da etiraf etmirdiniz...
   
   
   
   ***
   
   Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib ki, yol qəzalarının və yol-hərəkəti qaydalarının pozulmasının sayını azaltmaq məqsədi ilə Bakıda 8 nazarət kamerası quraşdırılıb. Sonra da birbəbir həmin kameraların quraşdırıldığı məkanlar sadalanır. Deməli, Bakının ...8 nöqtəsində qəza və qayda pozulmaları azalacaq. Sürücülər yol polisi maşınlarının harada dayandığını bildikləri üçün o yerlərdə sürəti əvvəllər də azaldırdılar...
   
   ***
   
   Bakı da Azərbayycanın bir hissəsidir. Deməli, Məmməd Araz bu yerdə deyərdi ki, "Mən belə Bakının..."

TƏQVİM / ARXİV