adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ÖLMƏK OLAR

OQTAY SALAMOV
26074 | 2007-01-18 23:05
Əvvəl başdan çox ağır mövzu haqda bu tonda danışdığım üçün üzr-zad istəmirəm. Birincisi, ölüm haqdır, hətta qiymətqaldıranlar da öləcək, ondan faydalananlar da. İkincisi də, bu qədər allahsızlaqları edənlər üzr istəmirlər, onlar haqda danışanda mən niyə üzr istəməliyəm ki?
   
   Srağagün qəzetimizin birinci səhifəsində baş redaktorumuzun "Bir qəbir yeri 1500 dollar" başlıqlı replikası getmişdi. Replikada bir qaçqının şəhər ətrafındakı qəbiristanlıqda əzizinə qəbir yeri almaq üçün 1500 dollar verməyə məcbur olduğu xəbəri verilirdi və deyilirdi ki, "çalışın ölməyin, yoxsa övladlarınız borc içində qalacaq". Müdirə "protiv" getmək kimi çıxmasın, bəlkə də gorsatanlar bununla millətə torpağın nə qədər qiymətli olduğunu xatırladırlar ki, məmləkətin düşmənə verdiyimiz 20 faiz ərazisinin qiymətini hesablayaq və heç olmazsa, bu dəyərin xatirinə torpaqlarımızı almaq üçün bir iş görək.
   
   Məmləkət əhlinin əksəriyyəti müsəlman dinindən olan siyahısındadır. Toylarında olmasa da, yaslarında bəzisi ürəkdən, bəziləri də göstərmək xatirinə müsəlmanlığın bir-iki qaydasına əməl edirlər ki, bunlardan biri də ölənin məclisində, qəbir üstündə Qur`an oxutmalarıdır. Və bütün deyilənlərə, yazılanlara, şəriətə əks olmasına baxmayaraq, həm diplomlu, həm diplomsuz, həm də tam saxta mollalar bütün dini ayinlərin icrası, o cümlədən Qur`an oxunması üçün tarif müəyyənləşdiriblər və hərə öz fərasəti daxilində bu tarifi pozmamağa çalışır. Bir yana baxanda mollanın da çörəyi buradan çıxdığı üçün onları qınamaq olmur. Həm də ölü sahibi halallıq üçün ayinləri icra elənlərə öz imkanı daxilində müəyyən qədər vəsait ödəyir. Daha burada tarif müəyyənləşdirmək və iki ayağını bir başmağa dirəyib ondan kənara çıxmamaq ən azından günah və küfrdür. Nə isə, yas mərasimi və qəbiristanlıqlarda "Yasin" (və ya başqa surələr) oxunması üçün pul alınır və yaxşı da pul alınır.
   
   Tarif Şurasının gözündən və qulağından uzaq, Bakının Yasamal qəbristanlığı adlanan məzarlığının "Azərbaycan" nəşriyyatından Yasamala tərəf qalxan yol tərəfindəki girişlərinin divarlarına dörd yerdə çox maraqlı bir reklam mətni yazılıb":: "Burada ən ucuz qiymətə Yasin oxunur".
   
   A kişi, dünya zor kişilərdən xali deyilmiş. Bu vətənin vətənpərvər mollaları var imiş. Azərbaycanın 80 faizində qiymətlərin qaladığı tonqalın içərisində (elə bilməyin ki, 20 faizində ucuzduqdur, sadəcə olaraq, verdiyimiz torpağı nəzərdə tutub 80 faiz deyirəm) birdən-birə belə risq eləmək hər kişinin işi döyül haa... Bəzi ağzıgöyçəklər deyirlər ki, qiymətlər belə qalxandan sonra kliyentlərin sayı çoxalacaq, yəni ölənlər artacaq, mollalar da sayın çoxluğundan qazanacaqlar, ona görə də "Yasin" oxumağın qiymətini ucuzlaşdırıblar. Boş, mənasız və axmaq söhbətdir. Elədirsə, bəs onda qəbir yerlərinin qiyməti niyə ucuzlaşmır? Qəbir daşlarının qiyməti niyə ucuzlaşmır? Kəfən pulu, yumaq pulu, gətirmək pulu, qazmaq pulu... niyə ucuzlaşmır? Yox, bu ancaq Yasamal qəbiristanlığında toçkaları olan mollaların vətənpərvərliyinin bariz sübutudur. Təklif eləyirəm ki, qəbiristanlığın bu tərəfini pilot qəbiristanlıq elan etsinlər və onun təcrübəsini yaysınlar. Yoxsa, adamı o qədər qorxudurlar ki, ölmək də istəmirsən .
   
   Bu mövzuda yazı işlədiyimi görən qəzetimizin reklam şöbəsinin müdiri Ceyhun Rüstəmov qanımı yaman qaraltdı. Dedi ki, bu yazının reklam haqqını mollalardan alacaq - bu bir. İkincisi də məni inandırmağa çalışdı ki, "Burada ən ucuz qiymətə Yasin oxunur" sözləri elə sözdən başqa bir şey deyil. O qədər belə yazılarla müştəri cəlb eləmək istəyənlər var ki. Deyir, sən yaxınlaş, qiymət öyrən, sonra get başqa qəbiristanlıqda öyrən, müqayisə elə, faktı dəqiqləşdir, sonra yaz. Allah sənə insaf versin, ay Ceyhun, adamın əl-qolunu soyudursan, yoxsa əməlli-başlı inanmışdım ki, daha arxayın ölmək olar ki, övladlar borc içində batmasın...

TƏQVİM / ARXİV