adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YETİM QIZIN ŞÖHRƏT ZİRVƏSİ...

BABƏK YUSİFOĞLU
56237 | 2014-05-13 00:45
İnsanlar dünyaya gəlir, günbəgün, həftə-həftə böyüyür, ilbəil yaşı artır. Sonra verilən həyatı yaşa bilmək üçün hər kəs çox şeyi öyrənməyə ehtiyac hiss edir. Çünki başqa cür mövcud olmaq mümkün də deyil. Əlbəttə, bura həm elm, həm sənət bilgiləri, həm də yaşamaq qaydaları daxildir.
İnsanlar bütün bunların daha sistemli, daha effektli, daha tez qavranılması üçün yollar da axtarıb tapdılar. Yəni, münasib şəxslərdən müəllim kimi istifadə edib bilgilərə yiyələnməyə başladılar. Kitablar, nəzəriyyələr yazıb-yaratdılar. Lakin...
İlk baxışdan bir o qədər də inandırıcı görünməsə də araşdırmalar sübuta yetirir ki, adamlar həyatda yaşamaq qaydalarını elmdən, sənətdən daha gec, daha çətin əxz edirlər. Bəzi sosioloqlar bu nəticəni daha çox həyat şərtlərinin sərt, dəyişkən, gözlənilmməz, güzəştsiz, amansız... olmasıyla əlaqələndirirlər. Onlara görə, inanılmaz qaydalar, qanunauyğunluqlar, dəngələr... elmi və ya sənəti insanlar üçün çox əlçatan edir. Amma həyatda mövcud olmaq üçün qarşıya çıxan çətinlikləri, maneələri, əzabları aşmaqdan ötrü düsturlar, nəzəriyyələr yoxdur. Acılarla, amansız və ya şirin sürprizlərlə dolu olan, heç bir düstura, proqnoza uymayan gerçək həyat var olmağın yeganə müəllimidir. Özü də sərt, güzəştsiz, fasilə bilməyən müəllimi. O, insanı döyə-döyə, söyə-söyə, səhvlərə görə cəzalandıraraq öyrədir. Öyrənmək istəməyənləri, barmaqarası baxanları isə məhv edir...
O da hələ özünü dərk etməyə macal tapmamış, Həyatın şagirdinə çevrildi. Və "müəlliminin" ən acı dərslərinə, zərbələrinə tab gətirdi: təslim olmadan, sınmadang Əlbəttə, bu dərsləri yaxşı öyrənməsəydi milyonlar onu tanıyardılarmı?..

(əvvəli qəzetin 6 may sayında)

HƏYATINI DƏYİŞDİRƏN ADDIM

Günləri birdən-birə cansığıcı oldu. Daxilində bir səs ona aramsız deyirdi ki, artıq həyatını dəyişməli, arzularına doğru getməlisən. Bəlkə də o həmin zamanlar konkret şəkildə bu arzuların nədən ibarət olduğunu anlaya bilmirdi, amma onu dərk edirdi ki, bu şəhər artıq ona görə deyil. Koko hələ çox gənc və həyatda təkbaşına olmasına baxmayaraq xaraktercə çox cəsarətli birsi idi. Və mənə elə gəlir ki, məhz bu, onun sonrakı uğurlarında ən önəmli rolu oynamışdı.
Qabriel Şanel çox sonralar həmin zaman haqqında belə demişdi: "Mən özümün vokal karyerama da son verməyi qərara aldım. Çünki incəsənətin bu sahəsində mənə yer olduğunu hiss etmirdim. Baxmayaraq ki, mənim səsim bir çoxlarının xoşuna gəlirdi və onların bəziləri həmin yolda irəliləməyimə kömək göstərməyə hazır idilər. Mənsə tamam başqa bir sənətlə məşğul olmaq istəyirdim. Buna görə də ürəyimin dərinliyindəki istəklərə uyğun addım atmağa üstünlük verdim. Hətta o zamanadək nail olduğum hər bir şeyi risqə qoyaraq özümü arzularımın reallaşmasına həsr etdim. Hətta bilirdim ki, mən indikindən daha çox işləyəcəyəm və bu işlər çox ağır olacaq...".
Bəli, Koko günlərin birində özünə aid nəyi varsa bir çemodana yığıb Parisə yola düşdü. O hər şeyi dəyişməli idi, həyatında. Bundan ötrü isə ilk növbədə belə böyük və qarşıq şəhərdə özünə müvvəqəti də olsa bir yer tapmalıydı. Əslində Koko bunun haqqında heç də uzun müddət baş sındırmadı da. Çünki Balzanın harada yaşadığını bilirdi və birbaşa onun evinə gedəcəyinə qərar vermişdi. Köhnə dostu onu qapıdan qovmayacaqdı ki?..

ÜRƏYİNİ VERDİYİ ADAM

Etyen Balzan onu qarşısında görəndə çaşqınlıq keçirsə də evinə qəbul etdi. Mulendəykən aralarında elə də uzun olmayan məhəbbət romanı yaşanmışdı axı... Demək ilk uğur əldə edilmişdi. Bioqrafların yazdığına görə, Koko Şanel bir müddət Balzanın mülkündə yaşayandan sonra gələn qonaqlarla da qaynayıb qarşımağa başladı. Və gəlib-gedənlərin heç də az olmadığını nəzərə alsaq, deyə bilərik ki, bir müddətdən sonra arıq, heç də gözqamaşdırıcı gözəlliyə malik olmayan bu gənc qız bir çoxlarıyla tanış olmuşdu.
Həmin qonaqların sırasında Artur Keypel adlı bir ingilis sənayeçisi də vardı. Əslində ingilisin nəzərlərini cəlb edən bu qızcığazıın davranışlarının digərlərindən fərqlənməsi - daha təbii hərəkətləri, danışığı, cəsarətli fikirləri, qəribə parıltılı gözləri, xəyallara dalmasıydı. Söhbətləri də alınırdı. Və ara-sıra baş tutan görüşlərdən sonra Kokoyla Artur Keypel arasında səmimi bir ünsiyyət yaranmışdı.
Sevgilisi ilə Keypelin dostluğuna dərin məna verməyən Balzan hətta günün birində Arturun Kokonu gəzməyə çəxarmaq, bir neçə günlüyünə qonaq aparmaq xahişini də yerə salmadı. Ona elə gəlirdi ki, belə bir xahişə qarşı çıxması qısqanmaq, qıza olan bağlılığını etirafda bulunmaq kimi görünəcək. Etyensə buna ötəri bir şey kimi baxırdı. Bir də ki, Balzana görə çox varlı, zəngin bir ailənin qızıyla nişanlı olan Artur bu kimsəsiz, yetim qızla necə ciddi əlaqələr qura bilərdi? Lakin xəbəri də yox idi ki, Koko ilə dostu arasında tezliklə başlayan sevgi duyğuları qızcığazı onun əlindən alıb aparacaq. Və o, yalnız bu zaman Kokoya nə qədər bağlı olduğunu hiss edəcək...
Qabriellə Artur bir neçə müddət birlikdə oldular, biri-birlərini sevdilər. Məhz Artur Keypel Koko Şanelə Parisdə ilk mağazasını açmağa yardımçı oldu. Kokonunsa müştəriləri cəlb etmək yolunda gecə gündüz çalışmaları, axtarışları, yeni-yeni ideyaları, ağıla sığmayan fantaziyaları heç də nəticəsiz qala bilməzdi.
Maraqlıdır, qısa zaman kəsiyində mağazanın müştəriləri sürətlə çoxaldı, adı şəhərdə məşhurlaşdı. Məhz bu səbəbdən də Şanel özünün də gözləmədiyi gəlir əldə etməyə başlamışdı. Və daha maqarlı bir fakt da budur ki, iki il keçər-keçməz Koko özünün zəngin himayədarının vaxtıyla mağazanın açılması üçün xərclədiyi pulları son frankınadək sevgilisnə geri qaytardı.

HƏDİYYƏ EDİLƏN "AZADLIQ" VƏ DAHA BİR FACİƏ...

Əslində həmin pulun borc qismində geri qaytarılmasıyla bağlı qəribə bir məqam da yaşanmışdı. Koko pulları geri almaq istəməyən Keypelə götürməsini çox böyük təkidlə israr etmişdi. Pulu geri almaqdan savayı bir əlacı qalmayan Arturun onda yarızarafat-yarıciddi söylədiyi - "Mən belə hesab edirdim ki, sənə oyuncaq (mağaza nəzərdə tutulur-red.) vermişəm, amma sən demə, bununla sənə əslində azalıq hədiyyə etmişəm..." - sözləri uzun müddət unudulmamışdı. Lakin heç nə onların birliklərinə mane olmadı. Amma...
1919-cu ildə Koko Şanel həyatının növbəti, daha amansız zərbəsini aldı. Avtomobilində ağır qəza keçirən Keypel həlak oldu. Bu itgi Şaneli həqiqətən də çox sarsıtdı. Çünki sonra həyatında başqa kişilər olasa da o, ömrü boyu Arturu unuda bilmədi. Ən təsirli məqamlardan bir də bu idi: ölüm hadisəsindən sonra Şanelə məlum olmuşdu ki, sevgilisi onun adına 40 min frank pul da qoyub. Sanki başına gələcək qəzadan qabaqcadan xəbərdarmış kimi...
Arturun ölümündən sonra Koko "Milinez" villasındakı bütün pərdələri, yataq dəstlərini, örtüklərini... qara rəngdə elətdirdi. Həmişə çətin zamanlarda özünü toparlamağı bacaran Şanel etiraf edirdi ki, Arturun itgisi ondan ötrü çox ağırdı: "Bu ölüm mənim üçün çox üzücü bir zərbədir. Keypelin ölümüylə mən hər şeyimi itirdim...".


O, AİLƏ QURA BİLƏCƏKDİMİ?..

Onun depresiyadan çıxmasına yaxın dostları kömək etdilər. Və işinə qayıdan Koko zaman keçdikcə özünə gəldi. Bir müddət də ötəndən sonra yorulmaq bilməyən Şanel işini böyütməyə nail oldu, şəhərdəki mağazalarının sayını artırmağa, insanlara yeni, inanılmaz geyim dəbləri verməkdə davam etdi.
Qeyri-adi istedadı onun adını nəinki Parisdə, hətta bütün Fransa da məşhurlaşdırmışdı. Amma bu harasıydı, deyə bilərik ki, artıq 1920-ci ildə Koko Şanelin şöhrəti hətta dünyanı dolaşmaqdaydı. İndi heç bir moda evi, modelyer-rəssam onunla rəqabət aparmaq gücündə deyildi. Kokonun təqdim etdiyi dəblər, geyimlər bir brendə çevrilməkdəydi. Hətta o dövrün nüfuzlu dərgisi "Harper-s" belə bir şüar səsləndirmişdi: "Hər hansı bir qadının qarderobunda Şaneldən heç olmasa bir şey yoxdursa, demək o, dəbdən ümidcəsinə geri qalıb".
Yenicə tanış olduğu rus kökənli iş adamları Dyaqilyev və Staravinski Şanelə biznesini daha da böyütməyə köməkli göstərdilər. Dyaqilyev "Müqəddəs bahar" tərtibatı üçün ona 300 min frank pul köçürmüşdü. Şanelin şöhrəti elə bir həddə çatmışdı ki, ən məşhur adamlar, kino ulduzları, tanınmış müğənnilər, yüksək rütbəli dövlət nümayəndələri, hətta ölkə liderləri onun müştərilərinə çevrilmişdi.
Şəxsi həyatında müxtəlif sevgi macəraları yaşayan Koko Şanel məşhur ispan rəssamı Pol İrublə birlikdə olanda o artıq 50 yaşı ötmüşdü. Cütlük münasibətlərinin ciddiyyətini nəzərə alıb onu rəsmləşdirmək - evlənmək istəyirdilər. Amma bu dəfə də ölüm buna izm vermədi: tenis kortunda qəfildən ayağı sürüşən və uğursuz şəkildə yıxılan Pol İrib elə oradaca keçindi. Sanki tale Qabrielin bir ailənin içərisində olmağına qadağa qoymuşdu.

HƏBS VƏ...

Bir-iki ildən sonra isə Koko Şanel ümumiyyətlə bütün mağazalarını, moda evini bağlamalı oldu. Çünki artıq Avropa qorxunc bir kabusun - müharibənin ağzıında idi. Və Fransa faşist Almaniyasının işğalı altına düşmüşdü. Lakin bu dəfə də onun şöhrəti və bənzərsiz olması işinə yaradı. Alman diplomatlarının biri ilə tanışlığı onu Üçüncü reyxin yüksək rütbəli şəxslərindən biri olan Valter Şellenberqlə dostlaşmasına gətirib çıxardı
Bəzi bioqrafların yazdığına görə, almanların bu məşhur qadının müttəfiqlər hesab olunan dövlətlərin yuxar ranqlı adamlarıyla əlaqələrindən yararlanmağa çalışması sonradan Koko üçün ciddi problemlər yaratdı. Belə ki, müharibədən sonra faşistlərlə əlaqəsi üzündən onu həbs etdilər. Bəzi mənbələrdə bildirilir ki, Böyük Britaniyanın baş naziri U. Çerçillin tövsiyələri nəticəsində azadlığa buraxılan Kokoya ölkəni tərk etmək şərti qoyulmuşdu. Və o, İsveçrəyə getmək məcburiyyətində qaldı.
Uzun illər xarici ölkələrdə yaşayan Koko Şanel nəhayət 1954-cü ildə Fransaya qayıda bildi. Həyatın ən müxtəlif üzünü görən bu qadının vətənə dönüşündə nə az- nə çox 70 yaşı vardı. Və onun yenidən moda dünyasına qayıtmaq təşəbbüsü əvvəlki tək effekt vermədi. Tənqidçilər, sosioloqlar, vaxtıyla onun rəqibi olmuş iş adamları haqlı-haqsız tənqidlərini səxavətlə yayırdılar. Elə Şanelin özü də yaşlandığı üçün hər şeyi yenidən başlamaq enerjisinə sahib deyildi.

KOKO ADLI BİR NAĞILIN SONU...

Lakin bütün bunlara baxmayaraq Koko Şanelin bir modelyer kimi, geyim aləmində inqilab yaradan bir sima kimi insanların yaddaşına həkk edilməsi üçün elə də çox vaxt gərək olmadı. Və o, heç də nahaqdan Fransanın milli sərvəti sayılmır. Nüfuzlu "Time" jurnalı XX əsrin 100 ən məşhur insanının adlarını bəyən etdiyi sırada da Koko Şanel moda dünyasının yeganə nümayəndəsi kimi yer almışdı.
O, 1971-ci ilin 10 yanvarında 88 yaşında bu dünyanı tərk etdi. Son illərini yaşadığı Parisin "Ritz" otelində. Bioqraflar qeyd edirlər ki, məşhur modelyerin son sözləri bu olmuşdu: "Bax beləcə boğulmaq üçün bizi tərk edirlər". Qabriel Bonyer Şanel vətəni Fransada yox, İsveçrədə, Lozannanın Bua-de-Veo qəbiristanlığında dəfn edildi. Amma...
Şanel ölümündən sonra da "dəb"dən "düşmədi". Məhz sonsuz maraq, sevgi üzündəndi ki, onun haqqında əsərlər yazıldı, həyatından bəhs edən onlarla filmlər çəkildi. Və fransızlar Şanel Kokonun qoyub getdiyi Moda evini də unudulmağa qoymadılar, yaşatdılar...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV