2006-nın ViDA NOTLARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
25965 | 2006-12-30 03:11
Hər əvvəlin bir sonu olduğu kimi, 2006 da əyrü-üyrü, dolanbac, enişli-yoxuşlu, kələ-kötür, aşırımlı, dağlı-dərəli, qarlı-çovğunlu, sürüşkən, asfalt döşəməli, bir sözlə - min bir formalı yolunu artıq başa vurmaq üzrədir. Cəmi bir barmaq qalıb. O barmağı da qatlayandan sonra ömrümüzdən bir il ötüb keçəcək. Yəni, dekabrın 31-ni saxlamışıq əl barmağımızın sonuncusu kimi. O da payız yarpağı kimi titrəyir. Özü də qopacağını, küləklərin qoynunda yelpənək olacağını artıq hiss edir. Amma danışıb dinə bilmir. Çünki bilsə nə deyəcək. Nəfəs gəlib dirənibdir döş qəfəsinə. Can ilişib qalıb xirtdəyə. İl kürəyini yerə vurmasa da, heç ayaq üstə durmağa da gücü qalmayıb...
   
   ...Həmişə belə olub. Əvvəl sevinirsən, doğumk, yaranışı qeyd edirsən, sonra gözlərini bulud alır, kövrəlirsən. Vida musiqisi səslənir. İndi də belədir. Biz 2006-nı elə sevgilərlə, elə həyəcanla, elə toy-bayramla qarşıladıq ki... Onu nə demək, nə də təsvir etmək bir yazıda mümkün deyil. Sadəcə onu demək yerinə düşər ki, 2006 artıq tarixdir. Öz möhürüylə, öz imzasıyla, öz izləriylə... Və biz həmin o dediyim tarixi, o möhürü, o izləri, o imzanı nə ömrümüzdən, nə tariximizdən, nə də yaddaşımızdan silə bilməyəcəyik. Çünki tarixi dəyişmək mümkün deyil. Olsa-olsa ona bir blaca düzəliş və yaxud da bəzək-düzək vermək olar. Amma mənə elə gəlir ki, 2006-nın nə düzəlişə, nə də bəzək-düzəyə ehtiyacı yoxdur. Çünki o gözəlliyi özündən olan, naxışı xaliqdən gələn, ilməsi insan əlləri ilə toxunan bir dünəndi. Təəssüf ki, artıq o dünəndi...
   
   2006 perronda dayanıb. Qatar tərpənmək üzrədir və bu qatarın ardınca kimlərin baxıb-baxmayacağından asılı olmayaraq mənim üçün bir şey önəmlidir. İl həyatıma necə gəldi və həyatımdan necə gedir. Sual kimi sələnsə də, amma cavabı da sual cavabı kimi olacaqdı. Çünki 2006-dan aldığım da çoxdu, onun məndən çığırda-çığırda qopardıqları da. Bilirsiniz niyə? Çünki 2006-da mən bir millətin sıra nəfəri olaraq özümə görə sınaqlardan keçdim. Çətinliklərdə bərkə-boşa çəkildim. Ən çətini bəlkə də həyatımın bütövlükdə mənası olan oğul payımın cərrah bıçağı altından qoparıb qaytarmağım olub. Bunun həyəcanlı və sevincli anlarını heç bir zaman unutmaq və yaxud da o məqamlara ötəri göz yetirmək mümkün deyil. Ən azı ona görə ki, candan can qopmağı söhbəti var idi ortada. Allah səsimi, dualarımı eşitdi. O biri tərəfdən yazı adamı üçün ortaya qoyduğu ədəbi nümunə də övladdı. 2006-da "Allah məni unutma" kitabım işıq üzü gördü. Dostlarım, ədəbi ictimaiyyətin söz sərrafları bu kitab barəsində öz ürək sözlərini dedilər və ilin son günündə Ankaradan da xoş xəbər aldım. Orda da şerlərimin seçmələrindən ibarət əl boyda kitabım dünyaya gəlib. Bunun ardınca 2006-nın son günlərində Beynəlxalq Avroasiya Mətbuat Fondunun dəstəyi ilə keçirilən müsabiqədə "Bakıdan baxanda "Yeni Tuğ" görünmür" yazım birinci mükafata layiq görüldü. Yəni, sevinc-sevincə qarışdı. Bir dost da sirr gəldi ki, gözəl şairimiz Şahmar Əkbərzadənin adını daşıyan mükafatın laureatları sırasında mənim də adım var...
   
   Bəli, 2006 itirdiklərim ilə ömrümdə, yadımda qalmağa çalışsa da, amma son anlarında elə sevinclər bəxş etdi ki, onu dilə gətirmək, kağıza köçürmək mənim üçün çox çətindir. Bir söz adamının ilhamının, duyğularının və ilahi sevgisinin iişığına qərq olduğu ən müqəddəs nə varsa, bütün bunların fonunda 2006 mənə yaşamaq, bir az da çox sevib-sevilmək (bütün mənalarda) imkanlarını bəxş etdi. Mən yaradanımı heç kimin yaddan çıxarmadığını bir daha gördüm və inandım. İnandım ki, həqiqətən ümid sonuncu ölür. İnandım ki, sonuncu ölən ümid ölümünə qədər neçə-neçə yeni ümidlər gətirir dünyaya. Və bir də inandım ki, yaşamaq və sevmək, eləcə də yaşayıb sevməklə yanaşı, sevib yaşamaq da Tanrının insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir. Bu mənada 2006 bu qaçqın soydaşlarımın sırasında neçə mininci olduğumu bilmədiyim halda bir şeyi, daha doğrusu bir məqamı qulağıma pıçıldadı. Dedi ki, hələ sevə-sevə yaşayıb, yaşaya-yaşaya sevmək Allah qismətidir. Ondan əl üzmək, ondan uzaq düşmək, onu görməmək günahdır. Mən elə bilirəm ki, 2006 günahlarımdan keçəcək və 2007-yə vidalaşdığım bu anların xeyir-duası ilə qədəm basıram.

TƏQVİM / ARXİV