adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

BƏDƏNİMDƏ GƏZDİRDİYİM "MİNA"

FAİQ QİSMƏTOĞLU
19395 | 2014-05-13 00:40
... Çox möhkəm ağrıyırdım, ancaq buna məhəl qoymayıb iş-güc dalınca qaçır və bəzən də elə bilirdim ki, bu ağrı-acı tezliklə ötüb keçəcək. Artıq üçüncü dəfəydi ki, öd daşının ağrısı məni boğaza yığmışdı. Ağrı o qədər güclü idi ki, dırnağımla yeri cırmaqlayırdım. Buna dözmək olmazdı. Bir neçə həkim dostumla məsləhətləşib çıxış yolu tapmaq istəyirdim. Yaxın dostlarımdan biri olan şair-publisist Əbülfət Mədətoğlu Babək həkimə zəng elədi. Dedi ki, Faiq Qismətoğlu ödündən şikayət edir. O da bildirdi ki, gəlsin yanıma müayinə edək və sonra da əməliyyata götürək...
... Ancaq mən qorxumdan Babək həkimin yanına getmədim. Ağrı isə azalmaq bilmirdi. Günlərin bir günündə ağrının lap pik nöqtəsində çoxdankı dostum, çörək kəsdiyim və ərk elədiyim həkim-cərrah, tibb elmləri namizədi Müşfiq Həsənova zəng vurdum. Ona bütün vəziyyətimi incəliyinə qədər danışdım. Həkim məni dinləyəndən sonra dedi:
- Təcili bizim klinikaya gəl!
- Baş üstə! -deyib səhər tezdən Müşfiq həkimin işlədiyi klinikaya getdim. Səhəttimdə yaranmış problemi danışdım. Həkim dedi ki, bəlkə sənin ödün ağrımır, qoy aparatdan keçirək, onda hər şey aydınlaşacaq, biləcəyik ki, dərdin nədir. Məni aparatdan keçirtdilər və məlum oldu ki, ödümdə üç iri daş və çoxlu qum var. Müşfiq həkim diqqətlə mənə baxdı və dilləndi:
- Səni bu vəziyyətdən qətiyyən buraxan deyiləm. Sanki bədənində bir mina gəzdirirsən, o hər an partlaya bilər. Mümkünsə elə günü bu gün analizləri ver, axşam da əməliyyat edək.
Analizləri verdim, amma həmin gün qorxumdan əməliyyata getmədim. Bunu həkim də bildi və mənə ürək-dirək verdi:
- Heç qorxub eləmə, cəmi yarım saatlıq vaxt aparacaq. Heç nə hiss eləməyəcəksən. Bir də ayılıb görəcəksən ki, hər şey arxada qalıb...
Müşfiq həkimin bu cür cəsarətlə danışması məni daha da ürəkləndirdi. Daha doğrusu, göydə Allaha, yerdə də Müşfiq həkimə güvəndim. Həkim diqqətlə gözlərimə baxıb dedi:
- Sabah axşam saat yeddidə əməliyyat edəcəm. Yenə qorxma, hər şey əla olacaq!
Aprelin 23-də axşam saat 7-də məni əməliyyat stoluna qaldırdılar. Əvvəlcə ayaqlarımı möhkəm-möhkəm sarıdılar, sonra da yanımdakı tibb bacıları ilə zarafatlaşdım. Dedim ki, mənim də qızım var, ümumiyyətlə, mən qız uşaqlarını çox istəyirəm. Qız Allahın verdiyi ən gözəl paydır. Əməliyyatdan girməmişdən öncə qohum-əqrəbadan çoxları xəbər tutsa da, amma qızıma bir kəlmə də məlumat sızmamışdı. Həyat yoldaşıma demişdim ki, əməliyyat başa çatandan sonra qızıma məlumat verəsiniz.
Əməliyyat stoluna qaldırılmamışdan öncə "Qurani-Kərim"dən beş surə oxudum və Allahdan kömək dilədim. Narkoz verilməmişdən öncə bir əl çiynimə dəydi və dedi ki, Əli sənin köməyin olacaq...
... Həkim-cərrah Müşfiq Həsənov bir də gördüm ki, əlləri ilə saçımı sığallayır və deyir ki, əməliyyat qurtardı. Həmin anda onun çöhrəsində puçurlanmış tər damcıları alnından çöhrəsinə doğru diyirlənirdi. Hiss edirdim ki, çox ağır bir əməliyyatı başa çatdırıb. Sonra da gülə-gülə dilləndi:
- Sən mənim anamı ağlatdın. Təsəvvür elə ki, vəziyyət o qədər çətinləşmişdi ki, artıq lazerdən açıq əməliyyata keçəcəkdim. Allahın köməkliyi ilə əməliyyat uğurla başa çatdı.
Həmin axşamı reanimasiya otağında qaldım. Ayın 24-də isə səhər saat 8-də məni palataya köçürdülər. Yenə ətrafımda mələk çöhrəli qızları gördüm. Heç adlarını da bilmirəm. Amma adama o qədər nəvaziş, qayğı göstərirdilər ki, bütün ağrı-acım yadımdan çıxmışdı. Üstəlik də mobil telefonum dincəlmək bilmirdi. Hələ bir gün əvvəl reanimasiya otağında olarkən telefonumu evə aparmışdılar. Həyat yoldaşım bildirdi ki, iş yoldaşların, dost-taışların hamı zəng edib səni soruşurdular, mən də dedim ki, çox sağ olun, Faiqin vəziyyəti yaxşıdı. Aprelin 24-də isə çoxlu sayda dostlar mənə zəng edirdi. Qardaşımız və dostumuz Aqil Abbas mənə telefon açdı, səsimin gümrahlığını eşidib sevindi və "yastığın yüngül olsun. Bir azdan yanına gələcəm"-dedi. Mən də bildirdim ki, elə zəng eləmisiniz, hal-əhval tutmusunuz gəlmiş kimi varsınız, bu mənə çox böyük təsəllidi.
Bir sözlə, deyirlər ki, dostları, qohumları dar gündə tanımaq olur. Mənim də çətin və dar günümdə bütün dostlar və tanışlar yanımda oldular. Yanımda olmayanlar isə telefon açıb hal-əhval tutdular. Allah onların hamısının canını sağ eləsin və heç kimi ağır xəstəliklə sınağa çəkməsin. Sınağa çəksə də Ulu Yaradan şəfa versin.
Mən indi işə çıxmışam. Göydə Allaha, yerdə də mənim həyatımı xilas edən Müşfiq Həsənova minnətdaram. Heç ağlıma da gəlməzdi ki, bu tezliklə sağalıb ayağa qalxacam və işə başlayacam. Allahın qoruduğu, hifz etdiyi bəndəni heç kim yıxa bilməz. Allahın da yıxdığı bəndəni heç kim qoruya bilməz. Şükür ilahinin məsləhətinə. Ayağa durmuşam, işə gəlmişəm və ilk yazımı yazdırıram. Bütün bunlara görə Ulu Yaradanıma minnətdaram. Qoy məni sevən, istəyən oxucular da day bundan sonra darıxmasınlar. Faiq Qismətoğlu gəlib və ürəyi istədiyi yazıları da Allahın köməkliyi ilə bundan sonra qələmə alacaq...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV