adalet.az header logo
  • Bakı 20°C

BƏLKƏ SABiRƏ DƏ "QƏMiŞ" QOYASINIZ?..

OQTAY SALAMOV
24154 | 2006-12-21 01:44
Deyir, sovet hökumətinin şıdırğı vaxtında biri həftə səkkiz, mən doqquz Moskvaya, Leninin movzoleyinə məktub yazırmış":: "Yoldaş Lenin, çapdılar", "Yoldaş Lenin, taladılar", "Yoldaş Lenin, tədbir görün"... Axırda bir gün kişini çağırırlar milisə, rəis tutur onun yaxasından, silkələyə-silkələyə deyir"::
   
   -Kişi, Lenin ölüb ey, ölüb! Ölüyə məktub yazmaqla nə qazanacaqsan?
   
   Kişi dodağının altında mızıldanır"::
   
   -Özlərinə sərf eləyəndə deyirlər, "Lenin yaşayır", sərf eləməyəndə deyirlər ölüdür...
   
   Vallah, Mirzə Ələkbər Sabir yaşayır. Sərf eləyən üçün də yaşayır, sərf eləməyən üçün də. Əgər Sabirin sözləri bu gün də aktualdırsa, əgər Sabirin qəhrəmanları bu gün də qalmaqdadırsa, deyilənlər düzəlməyib, əksinə, bir az da fənalaşıbsa, Sabirə öldü demək olarmı? Mirzə, sənin dediklərində düz olmayanı yoxdur, amma "öz qövmümüzün başına əngəl-kələfiz biz" deyəndə lap gül vurmusan. İnan ki, bu gün həmin söz bizim üçün sənin yazdığın dövrdən dəfələrlə aktualdır. Çünki sən yazan vaxtlarda biz ancaq öz məmləkətimizdə özümüzün düşməni idik. İndi dünyanın çox yerinə səpələnmişik və həmin yerlərdə də "öz qövmümüzün başına əngəl-kələfiz biz".
   
   Hansı qəzeti açırsan, hansı telekanala baxırsan, hansı İnternet saytına girirsən mütləq və mütləq Azərbaycandan qıraqda yaşayan azərbaycanlılarla bağlı ən azı bir-iki xəbər oxuyursan. "Daha bir azərbaycanlı güllələndi", "Azərbaycanlı fırıldaqçı ələ keçdi", "Həmyerlisini soyan azərbaycanlı", "Saxtakar azərbaycanlıdır" və s. Rusiyadan Azərbaycana gələn təyyarələr üçün "qruz dvesti" gətirmək adət halını alıb. Bu kodla daşınan tabutlardı. Hadisələrin 100-dən 99-da öldürülənləri, soyulanları, yaralananları bu vəziyyətə salan... elə özümüzünkülərdi. Rusiyada da, Ukraynada da, Türkiyədə də, İranda da azərbaycanlıların əsas düşmənləri, əsas qatilləri elə azərbaycanlılar özləridir.
   
   Bəlkə də Azərbaycan hökumətinin ən böyük problemlərindən biri xaricdə yaşayan azərbaycanlıların güclü diasporasını təşkil etmək, onları təşkilatlandırmaqdır. Ona görə də mənim sözlərim bəlkə də bu fonda bir az qəribə səslənəcək":: azərbaycanlıların Azərbaycandan kənarda ən böyük problemləri öz həmvətənlərindən qorunmaqdır.
   
   Bəzən bizimkiləri dili zəif bilməkdə, ancaq alverlə məşğul olmaqda qınayırlar. Artıq bu səddi də keçmişik. İndi bizimkilər yalançı alim də olur, FTX zabiti də, lap general da.
   
   Dünəki qəzetlərin birində Moskva şəhər Milis İdarəsinin Ə.Yarıyev adlı Azərbaycan vətəndaşını həbs etdiklərini yazırlar. Eloğlumuz Federal Təhlükəsizlik Xidmətinin saxta sənədini düzəldərək Moskvada kiçik bizneslə məşğul olanlardan "haqq" alırmış. Bəzi "işgüzarlar" bu məlumatı oxuyanda "Malades" də deyrələr. Yəni gör kişidəki fərasətə bax ki, urusu necə inadırıb. Amma tələsməyin. Məlumatın davamında deyilir ki, FTX "zabit"ini öz həmyerlisi ələ verib. Siz heç bu həmyerliyə də "satqın, əclaf" deməyə tələsməyin. Məsələ belədir ki, bu Yarıyevin qudurğanlığı o yerə çatıbmış ki, onun cikini-bikini bilən həmyerlilərimizdən də pul qoparmaq istəyinə düşübmüş. Özü də Yarıyevi Azərbaycanda törətdiyi ağır cinayətə görə 4 ildən çox imiş ki, axtarırmışlar.
   
   Çelyabinskdə də T.Cabbarov adlı həmyerlimizi həbs ediblər. Barəsində quldurluğa görə cinayət işi qaldırılıb. T.Cabbarovun "biznes"i başqalarından fərqli olaraq daha orijinal biznes idi. O, Tümen-Bakı qatarının sərnişinlərini dərmanla yatırdıb soyurmuş. Özü də əvvəlcə soyacağı adamla oturub yeyib-içir, xəlvətcə onun yeməyinə "Azleptin" (Lailahəillallah, "neujeli" bunun da "Azərbaycan"la əlaqəsi var?) adlı dərman tökürmüş. Sonra da arxayınca dərmanın təsirindən yuxuya gedəni soyurmuş. Kişinin "spisokunda" həriflərin sayı 100-ü keçibmiş. Hə, əzizlərim, bu qaqaşa da "Malades" deməyə tələsməyin. Qaqaşı Samux rayonundan olan iki qadın həmyerlimizi soymağa cəhd edərkən yaxalayıblar. Qadınların birinə dərman zəif təsir edibmiş...
   
   Nə danışım, nə deyim... Hələ qorxuram özümüzünkülərin bir-iki naqisliyini dediyim üçün məni qınasınlar da. Yəni guya başqa millətdə də belə şeylər olmur, adam da öz millətinin pisini açıb ağardarmı? və s. Ona görə də, başına dönüm, ay Mirzə, sənin sətirlərinin dalında gizlənirəm. Ayə, ay millət, məni niyə qınayırsınız, Mirzə Ələkbər Sabir deyib ki, "öz qövmümüzün başına əngəl-kələfiz biz". Nədi, Sabirə də sözünüz var?..

TƏQVİM / ARXİV