adalet.az header logo
  • Bakı 19°C

ATSIZ iLLƏRƏ...

VAHİD ƏLİFOĞLU
23403 | 2006-12-19 02:57
...Orxan Fikrətoğlu kişilikdən, qeyrətdən elə yana-yana danışdı ki, istədim bu gecə vaxtı durub tərpənəm Şükürbəyliyə. Cəbhə xətti ordan keçir... Piyada iki-üç saatlıq, atınan yarım saatlıq yoldu. Bir siqaret yandırıb düşdüm həyətə. Ərincək-ərincək bir xeyli günbatana tərəf baxıb, növbəti dəfə səfərimi təxirə saldım. Ən əsası da bizim dədə-babadan qapımızda at olmayıb. Gəl gör ola Haramıdakı qaçqın qəsəbəsi...
   
   ...Atilla, Çingiz xan, Əmir Teymur... Atilla, Çingz, Teymur adlı nə qədər desən oğlanlarımız var. Di gəl ki, içimizdə, düşüncəmizdə yoxdu Atilla, Çingiz, Teymur...
   
   Orxan da yaxşı olar ki, gedib otura evində ya öz-özünə danışa, ya da...
   
   ...Qızım aldı başımın üstünü"::
   
   - Ata, mənə üç min manat pul ver. (Köhnə pulunan).
   
   - Neynirsən, qızım?
   
   - Məktəbin bufetinə şəkil gəlib. Şəkil alacağam...
   
   ...Evmizin divarları doludu Cenifer Lopesin, Necati Şaşmazın, Elifin şəkilləriynən. Hamısı da təqvimlə bir yerdə...
   
   Tək bizim ev deyil belə. Qəsəbədə hansı evə girmişəm, divarlardan bu şəkillər boylanıb üzümə...
   
   Bu Beyləqanda da belədi, hələ desəm Bakıda da... Bu şəkilləri kim buraxır görəsən? Kim indiyənəcən təqvim görüb üstündə Məmməd Arazın, Ziya Bünyadovun, Əlağa Şıxlinskinin şəkili... Ya da Əlif Hacıyevin şəkli...
   
   ...Mən görmüşəm Faiqin, Röyanın, Aygün Kazımovanın şəkillərini...Bu millətə nə olub, ilahi?...
   
   ...Kənddə olanda böyük qardaşımın otağının divarında atamın, anamın böyüdülmüş, çərçivəyə salınmış şəkilləri var idi, divarda...Kənddən çıxanda heç bilmədim o şəkillər necə oldu... Atamın, anamın şəkillərinin həsrətini çəkən evimin divarları...Cenifer Lopesdən, Nicati Şaşmazdan, Aygün Kazımovadan bezmiş divarlar...
   
   ...Kəndimizdə bir nəfər oğluna hesab öyrədirmiş. Deyir ki, ay bala evimizdə iki alma var, üç alma da nənən gətirdi. Neçə alma oldu? Uşaq bir xeylii fikirləşib qayıdır ki, qağa, almalar hanı?...
   
   ...Biz heç vaxt hesab aparmamışıq, həmişə almanı yeməyi düşünmüşük...
   
   ...Toyda əyləşib uşaqlarınan vətənin, anaların, Qarabağın sağlığına asta-asta vururduq ki, böyrümdəki məni dümsüklədi"::
   
   - Tamada səni çağırır mikrofona...
   
   Diqqətimi cəmləyib axırıncı cümləni eşitdim"::
   
   - Buyursun, şair xeyir-dua versin...
   
   Və dərhal da başladı mənim gəlişimə, deyəcəyim sözə qətiyyən aidiyyəti olmayan bir qəzəli deməyə"::
   
   ...Hər bir insana şərəf, şöhrət ilə şan, atadır,
   
   Başa tac, qəlbə fərəh, təxti-Süleyman, atadır...
   
   ...O dəqiqə bildim ki, bir "şirvan" getdi. Arağın təsiri yox oldu. Əlimi cibimə salıb pulu çıxartdım. Tamadanın gözləri işıqlandı, Sözsüz ki, içəri girəndə tamadaya pıçıldamışdım ki, mənə söz vermə. Bir "şirvanın kefliliyi" məni yavaş-yavaş "məst" edirdi ki, qəfil yadıma bir məsələ düşdü. Pulu tamadanın cibinə qoyub əyildim onun qulağına"::
   
   - Ə, bu ata söhbətin çox ağartma.
   
   - Niyə şair, noolub ki?
   
   Dedim ə, sənin dədən on üç ildi qapını tanımır. 93-dən Beyləqanda kababçı Əvəzin mal damında olur...Və mikrofonu alıb, qəzəlin son beytini özüm dedim"::
   
   - Bakira, öz yeri vardır atanın, həm ananın.
   
   Nə qədər artsa da övladı, yenə sultan atadır...
   
   ...Atasını, anasını kürəkən, qohum-əqraba umuduna qoyub, ata-ana haqqında kövrələ-kövrələ şer deyən oğullar...
   
   ...Mən də elə həmin kənddənəm. Yaxamı kənara çəkmək fikrim yoxdu...
   
   ...1989-cu ildə mən də bir "havalı" şair idim. Özümü Koroğlunun, Nəbinin nəvəsi hesab edirdim. Elə həmin hislərlə də "Atsız illərə" adlı bir şer yazmışdım və o şer də "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunmuşdu"::
   
   
   
   Elə bil yoxmuş, getdi o illər,
   
   Seyrəldi, bu kəndin atı qalmadı.
   
   Çıxdı əlimizdən, itdi o illər,
   
   Daha at minməyin dadı qalmadı...
   
   
   
   Zaman gərdişində, vaxt öz işində,
   
   Qayalar keçmişin pərsəngi kimi.
   
   O üzü arana dağın döşündə,
   
   Yellənər cığırlar üzəngi kimi...
   
   
   
   Nisgilim həsrətdi, sağalmaz axı,
   
   Qaysaqsız yaralar göynəyər elə.
   
   Tozlu yol ağarar dərə aşağı,
   
   Bir dəli haray var, kişnəyər elə...
   
   
   
   Aşırım keçilməz, bu üzündə mən,
   
   Bağlı gədikləri alov gəmirər.
   
   Son günün yaşayan əfsanələrdən,
   
   Qalan xatirələr cilov gəmirər...
   
   
   
   İgidlər başına basıb qeyrəti,
   
   Qəmər köhlənləri yəhərləyərlər.
   
   Yüz illik qocalar sözü, söhbəti,
   
   O atlı illərə dəhmərləyərlər...
   
   
   
   Yanar ocaq-ocaq yastı balaban,
   
   Lal-kar qayalar da dillənər indi.
   
   O həsrətə sarı atsız obadan,
   
   Atlı göz yaşları sellənər indi...
   
   
   
   Bu ilxı yanğısı, ilxı çovğunu,
   
   Döyür gecələri qamçı əlində.
   
   Min ildi kişilər yollar yorğunu,
   
   Qılınclı, qalxanlı, atın belində...
   
   
   
   Babamın soraqsız qınaq yeritək,
   
   Sel yudu, qərq etdi dəhnə atların.
   
   Təzə qapılarda dırnaq yeritək,
   
   Çürüyər nalları köhnə atların...
   
   
   
   Sirli təlatümüm dünyaya heyrət,
   
   Oddur o qasırğa tumarlanmamış.
   
   Dünənin at verdi, yalında qeyrət,
   
   Bu günüm at istər, cidarlanmamış...
   
   
   
   Amma öz aramızdı, pis şer deyil, ha. Bu şerin ətrafında Orxan Fikrətoğlu istəsə "Zorxana"nın bir həftəsin yola verər...
   
   Elə ona görə də bu yazının parafrazı da heç şübhəsiz var. Parafrazın ideyası şair qardaşım Akif Əhmədgildəndi, nəzmə "çəkənidə ki, on illik çadır stajı" olan bəndənizdən. Özü də yuxarıdakı şer kimi "sicillənmə" deyil. Cəmi bir bənddi"::
   
   ...Canavar ağzıdı, "hə", yağlı tələ,
   
   Bizə də dünyada "yox" qalır, oğul.
   
   Mindiyin eşşəyi dəhmərlə hələ,
   
   Ata çatmağına çox qalır oğul...
   
   P.S. Atalar deyib ki, eşşəyə min ata çatanacan...Amma deməyib ki, eşşəyi neçə il minmək lazımdır ki, at çatasan...
   
   Mən eşşək minənlərin at mindiyin çox görmüşəm... Di gəl ki, həmin adamların altında atda eşşəyə oxşayıb, həmişə...

TƏQVİM / ARXİV