adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DOLUNUN MAARİFLƏNDİRİLMƏSİ

MƏZAHİR ƏHMƏDZADƏ
41392 | 2014-05-09 06:27
Yox, sərlövhədə görünən bu dolu həmin dolu deyildir. Bu yazıda söhbət o məşhur romandan, həmin o romanın ssenarisi əsasında lentə alınmış o məşhur filmdən getməyəcək. Onun öz yeri var: oxunur və baxılır. Hələ ki, buzlanıb özünə boy-buxun seçməkdə, göylərdən aşağı şığımaq əhvalındadır.
Özüdür, əsl doludur. Yəni hərb sənayesinin istehsal etdiyi "qrad" deyil, sferik dənəciklərdən, buz parçalarından ibarət atmosfer yağıntısıdır. Elə müharibənin özü kimi, dinc dövrün də dolusu hələm-hələm yağan deyil. Ölçüsü 5 mm-dən 50 mm-dək, bəzən də 150 mm-dək olan və ən irilərinin çəkisi 1 kiloqrama qədər çatan həmin bu buz parçaları harda gəldi göydən yerə tökülməz də. Hətta dolu yağmaq ehtimalı müəyyən qədər xarakterik hesab edilən bölgələrdə belə, bəzən illərlə görünməz, insanlar isti ayların bu nadir yağıntısını yaddan çıxarıb unudarlar da. Necə ki, mayın 4-də gecə saatlarında respublikanın bəzi rayonları "dolu atəşi"nə tutularkən çoxları təəcüb və heyrətlə deyirdi: "Bu nədir, belə...?"

Bu doludur, mənim balam,
tufanlardan doğan dolu...

(Müəllif zarafata salıb iki misra şeir quraşdırdı. Müəllif söz verir ki, bu köşəni mövzuya uyğun gəldi-gəlmədi, əsl şeir parçası ilə bitirəcək.)
Mənim balam! Uşaq vaxtı o dolunu ovuclayıb dişlərinin arasında xırçıldadanda sənə nə söyləyib, nələr demişdilər, yadındamı?
Yox, belə olmaz, camaat hələ də o vahiməli gecədən danışır, mənsə şeir diliynən keçmişləri xatırlayıram...
Qaldığımız yerdən davam edək.
Həmin gecə Göyçay şəhərini və rayonun bir neçə kəndini də bu dəfə dolu vurub. Məsələn, Qarabaqqal kəndində (yenə Qarabaqqal!) elə ərazilər olub ki, dolu yumurta boyda görünüb. Camaata, meyvə ağaclarına, üstü aprelin sonlarında açılmış parniklərə xeyli ziyan dəyib. Şəhər təsərrüfatı da müəyyən çətinliklərlə üzləşib.
...Ancaq xoşbəxtlikdən özəl telekanallarımızdan bir neçəsinin müxbir-operatorları iş başında olublar. Gerçəkdən onların bu cəsarətini alqışlayıram. Bundan sonrakı fəaliyyətlətini başa düşmədiyimdən isə nə edəcəyimi bilmirəm, sadəcə yazıram.
...Dolu kəsən kimi, xəstəxana ilə eyni ərazidə yerləşən təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına yetişirlər. Televizyonçuların belə obyektlərə üz tutmasının səbəbini artıq hamımız yaxşı bilirik. Bir də gördün kanalın aparıcısı anons verir: "...Hörmətli tamaşaçılar, bir azdan çox maraqlı bir hadisənin şahidi olacaqsınız, bizdən ayrılmayın..."
Biz də ayrılmayıb gözləyirik. Və bir neçə dəfə təkrar olunan anonsun sonunda əsasən atomobil qəzaları, xəstəxana və ya təcili yardım stansiyalarının qarşısına toplaşmış insanların ah-naləsi, bıçaqlaşma, ölüm-itim...
Maraqlı əhvalat... (?)
Bu dəfə "maraqlı əhvalat" yoxdur. Qəfl yağan bu tufanqarışıq dolu da heç kəsin başını yarıb yerə sərməyib. Heç xam sürücüləri də çaşdırıb toqquşdurmayıb. Tərs kimi hələ bıçaqlaşma da yoxdur. Nə olubsa təsərrüfatlara, ağaclara, açıq tərəvəz və bostanlara olub, köhnə evlərin köhnə damları deşilib...
Bütün bunlar öz yerində, igid televizyonçularımız təcili yardım stansiyasının iş başında olan, yəni hansısa səbəbdən müraciət edən vətəndaşımıza yardım göstərən xanım həkimin otağına icazəsiz və xəbərsiz keçərək sorğu-suala başlayıblar. Baxmayaraq xanım həkim bildirib ki, bura özünəməxsusluğu ilə fərqlənən bir səhiyyə müəssisəsidir və xəbər vermədən qəfil çəkiliş aparmaq prinsipcə düzgün deyil.
Cəsur televiziyonçularımız isə bunu nəzərə almayaraq dolunun fəsadlarını sanki bir "paparatsi üsulu" ilə faş etməyə çalışmışlar. Həm də təxminən aşağıdakı şəkildə "məntiqə" əsaslanaraq.
- Doludan ziyan çəkənlərin sayı çoxdurmu?
- Ölən-yaralananlar olubmu?
- Dolu ilə əlaqədar hansı profilaktik və maarifləndirmə tədbirləri görürsünüz?
Və sairə...
Təbii, bu suallara konkret cavablar verilibdir. Ancaq bu suallardan birinə - profilaktik-maarifləndirmə tədbirləri məsələsinə tibbi nöqteyi-nəzərdən nə cür cavab vermək mümkündür, axtarıb tapmaq olmur. Jurnalistikamız, xüsusilə telejurnalistikamız elə bir sürət götürüb ki, heç tozuna da çatmaq mümkün deyil. Əcəba, bu təcili yardım stansiyası əməkdaşlarının, lap elə bütövlükdə tibb işçilərinin doluya qarşı profilaktik-maarifləndirmə tədbirləri necə həyata keçirilməlidir ki? Bəlkə səhiyyə təşkilatının doluya qarşı mübarizə alayı da var, xəbərimiz yoxdur? Bu dolu deyilən şey tez-tez yağırmı, dolu brüsselyozdurmu, hepatitdirmi, malyariyadırmı, asqırmaqdırmı?.. Hansı ağıldankən dolu yağarkən qaçıb onun altında dayanar ki, başı-gözü yarılsın? Doğrudur, hamı görməsə də hər gün göydən yağış nədi, dolu nədi, daş nədi, çox şeylər yağır. Ancaq bütün bunlar heç kimin, heç nəyin yox, peşəkar jurnalistikamızın təpəsinə düşür. Bəlalı başına...
Daha bəsdi, köşəni bitirirəm. Az qala yadımdan çıxmışdı, şeir söz vermişdim axı... Ancaq ilk dəfədir ki, sözümü geri götürürəm, bağışlayın, şeir olmayacaq...

P.S. Bizi onsuz da şair xalq adlandırıblar. İndi də "jurnalist xalq" olmaqdayıq. Hamı iş-gücünü, peşəsini atıb qəzetlərə, televiziyalara, saytlara axışır. Əsl jurnalist adına layiq olmaq o qədər də vacib deyil. Əsas bu ada "svarkalanmaqdır". Guya şair adlananların hamısı şeir yazır ki?
Antilop - qnu kimi tam sürətlə irəli, qardaşlar!
Ecazkar "Vasyuki" bizi gözləyir, irəli!

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV