adalet.az header logo
  • Bakı 17°C

Hər ayrılıq bir limandır...

SAMİRƏ ƏŞRƏF
39813 | 2014-05-09 06:18
"Ruhunuzu söndürməyin" deyirdi İsa Məsih. Bir də "məhəbbət bütün günahların üzərini örtər" söylərdi. Hələ neçə əsr bundan əvvəl bu əzabkeş insan ruhunun gözlə görünməz qidasının məhəbbət olduğunu tapmışdı. O, bilirdi ki, təkcə insanların bir-birilərinə olan məhəbbəti bütün bəlaların qarşısını alıb onları zərərsizləşdirə bilərdi. Bunun üçün də bu günə qədər də İsa hər kəsin yaddaşında yaşaya bilir. İnsanlar onu çəkdiyi əzablara görə çox sevdilər. O, çox az və yalnız tanrı tərəfindən seçilmiş insanların çəkə biləcəyi əzabları çəkdi.
Dinlərə cəhənnəm odunun xofundan qurtarmaq məqsədi ilə dörd əlli sarılan insan İsanı əsl, saxta olmayan bir məhəbbətlə sevdi. Ürəyinin ağrılarına onun əzablarına sitayiş etməklə məlhəm axtardı hər kəs. Məhz bu səbəbdən onlar İsanın çarmıxa çəkilmiş rəsmlərini yaralı sinələrinin üzərində gəzdirdilər. Hamı yaxşı bilirdi ki, İsanın iztirabları bəşəriydi.
Sonralar onun kimi əqidələrinə sadiq insanlar çox gəldi keçdi bu dünydan. Lakin bütün sələflər də onun əzabları qarısında diz çöküb ondan xeyir-dua aldılar. Çünki onun tanrı yolunda çəkdiyi kədər çox böyük anlam daşıyırdı.
Ona tapınıb İncildən bəhrələnən dühalardan biri Dostoyevski isə deyirdi ki, "səadətinizi kədərdə axtarın".
Dostoyevski əlbəttə ki, haqlıydı. İnsan çəkdiyi ağrı-acının, kədərin qiymətini bilməyi bacarmalıdı. Gözündən axan hər damla yaşı qiymətləndirib, həmin göz yaşını nə üçün axıtdığının fərqinə varmalıdı. Çünki, axıdılan hər damla göz yaşı, ürəkdən qopan hər ah insanı paklaşmağa, mərhəmətli olmağa, kamilliyə aparır.
Əgər bir insan əzab çəkməyi, göz yaşı axıtmağı bacarırsa, deməli, onun qəlbində insan sevgisi vardır.
Deməli o, nə vaxtsa küçədə dilənən, dənizdə boğulan, yanğına ürcah olan insaı xilas etməyi bacaracaqdır.
Əgər bir insan gedən birinin ardınca göz yaşı axıdıb, ayrılığa mətanətlə dözməyi bacaracaqsa, deməli, o, heç vaxt həyatında ikinci ayrılığa düçar olmasına yol verməyəcəkdir. Çünki, hər ayrılıq sahibsiz, boş qalan bir limana bənzəyir. Gəmi limandan ayrılıb gedir, liman isə boş qalır. Bomboş...
Bunun üçün də İsanın və Dostoyevskinin dediklərinə əməl edib kədərimizdən əldə etdiyimiz səadətlə ruhumuzu sönməyə qoymayan, bütün günahlarımızın üzərini örtən məhəbbəti qazanmağa və onu qoruyub, saxlamağa çalışaq.

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV