KİRPİYİN UCUNDAKI ULDUZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
73333 | 2014-05-09 06:06
İnsan Allahın ən böyük kəşfi olmaqla Yer üzünün əşrəfi sayılır. Və ulu Yaradan özündən sonra yaratmaq qüdrətini, bacarığını insana bəxş edir. Yəni Allah insanı yaradır, insan da ona verilən ürəyin, duyğuların, istedadın imkanları sayəsində dünyanı, həyatı, ömrü-günü bəzəyən və gözlə görünən gözəllikləri, mənzərələri, əşyaları, bir sözlə, hər şeyi yaradır. Hətta peyvənd yolu ilə, calaq üsuluyla yeni nələrsə ortaya qoyur, ixtiralar edir, yerlə göyü birləşdirən kosmik körpülər salırg dənizlərin altından, dəryaların üstündən yollar çəkir...
Bəli, insan yarananda bütün hüceyrələri ilə, bütün görünüşü ilə fizioloji baxımdan kamil yaradılıb. Yalnız müəyyən təsirlər, müəyyən zaman çərçivəsində insanda manqurtlaşma, ürəyin daşlaşması prosesi baş verə bilir və verir də. Ən dəhşətlisi manqurtlaşma və ürəyin daşlaşmasıdı!
Təəssüf ki, bu gün dünya məhz manqurtlaşmaya, daşlaşmaya doğru gedir. Yerinə düşməsə də, gülünc bir faktı xatırladım. İnternet saytlarında oxudum: ABŞ-da beş-on yeniyetmə bütün təmintların bolluğundan bezib ayrı bir məşğuliyyət tapa bilmədikləri üçün cəngəlliyə üz tutbalr, özü də lüt-üryan. Məqsədləri də vəhşi insanların həyatını yaşamq və həmin dövrdən üzü bəri intibah etməkdi. Belə yerdə rəhmətlik Əlağa yadıma düşür - Əlağa Ağayevi deyirəm. Rəhmətlik özünəməxsus şəkildə bu fakta münasibət bildirib deyərdi:
- Heyvanına şükür, İlahi!
Hə, elə zənnimcə, elə o daş dövrünə qayıtmağın özündə daşlaşmanın sindromları görünür. Axı vəhşi düşünə bilmir, o instinqlə hərəkət edir. Nəticədə manqurtlaşma, ürəyin daşlaşması adi bir hala çevrilir. Bu yazdıqlarımı məni hardasa özümü çoxbilmiş kimi təqdim etməyim kimi qəbul etməyin. Sadəcə, məqsədim var, özü də çox çılpaq bir məqsəd...
Uşaqlıq illərimdən yadımda qalıb. Kəndimizin ağbirçək bir qadını dünyasını dəyişmişdi. Hamı onun üçün göynəyib ağlayırdı. Az qala bu kənd bu itkini özü üçün faciəyə çevirimşdi. İndi fikirləşirəm ki, həmin o ağbirçəyin hamı üçün xeyirxah, sevimli olması adamları göynədirmiş. Ona görə hamı ağlamaqla bir növ borcunu, ehtiramını qaytarırmış. Amma indinin özündə də bir şeyi, yəni o vaxtlar başa düşmədiyim bir məqamı artıq indi-indi, yəni son bir hadisədən sonra anlamağa başladım...
Dünyasını dəyişən həmin o ağbirçəyi ağlayanlar arasında 3-cü sinifdə oxuyan nəvəsi də var idi. İnanın, bu uşaq elə ağlayırdı ki, gözünün yaşı obrazlı desək, dupduru bulaq suyu kimi süzülürdü. Özü də heç nə demədən ağlayırdı. Ona baxanlar da nədənsə onu sakitləşdirmirdilər, eləcə ona baxa-baxa onlar da ağlayırdılar. Mən anlaya bilmirdim, əl boyda uşaq necə bu cür ağlaya bilər? Onu da anlaya bilmirdim ki, bu adamlar bu uşağı niyə sakitləşdirmir, kiritmir? Sonra gördüm ki, elə mən də onlara qoşulub ağlayıram. Amma bilmədim ki, dünyasını dəyişən ağbirçəyi ağlayıram, yoxsa o uşağın ağlamağına ağlayıram. Eləcə ağladım və hiss etdim ki, yüngülləşdim...
İllər ötdü, dünya dəyişdi, el-oba pərən-pərən düşdü, ev-eşik yağmalandı, kənd-kəsək yandırıldı, Qarabağ düşmən tapdağı altında qaldı... Biz kəndimizdən didərgin düşəndə əl boyda uşaq olan qızım qəflətən için-için elə ağladı ki, mən onun heç vaxt belə ağladığını görməmişdim. Uşaq elə ağlayırdı ki, ürəyi dayanacaqdı, ürəyi partlayacaqdı. Mən onun, cəmi üç yaşında olan uşağın bizə baxa-baxa ağlamağını görüb hiss etdim ki, içimdən nəsə qırıldı. Məhz onda anladım ki, bizim danışıqlarımızdan, bizim üz-gözümüzdəki ifadədən, bizim "evimiz yandı, kəndimiz yandı!" fəryadından o uşaq da hər şeyi anlayıb... O uşaq da bilib ki, biz hamımız evsiz qalmışıq, biz hamımız qaçqın düşmüşük. Bunu bildiyi üçün atasının gözlərinin içinə baxa-baxa sakitcə ağlayır - için-için, kövrələ-kövrələ ağlayır və gözünün yaşı kirpiyinin ucunda ulduz kimi parıldayır. O Ulduz atadan kömək istəyir... atanı qınayır... atanın gücsüzlüyünə acıyır... atanı bu durumda gördüyündən havalanır... ona görə də dillənmir, danışmır, sadəcə, parıldayır... öz parıltısı ilə anladır hər şeyi...
Dünən Şuşanın işğal günü idi. Hardansa yadıma qızımın həmin o kirpiyinin ucunda parıldayan göz yaşı düşdü. Özüm də bilmədən o göz yaşının, o ulduzun işığında üzü Qarabağa, üzü Şuşaya getdim. Gedə-gedə də yazdığım bir şeiri xatırladım.
Əslində
bu gün susmaq
və öz içinə qısılıb
mövcudluğunu unutmaq
daha doğru olardı...

Əslində
bu gün
heç nə demədən
yaşadığın
ünvandan çıxmaq
və ürəyin
sonuncu güllə kimi
üzü Şuşaya tərəf
bütün gücünə sıxmaq
daha doğru olardı...

Əslində
bu gün
Bozqurd kimi
ulamaq,
nərə çəkib bağırmaq,
lap əliyalın
olsa belə
ağlaya-ağlaya,
gülə-gülə
güllə üstünə
getdiyini bilə-bilə
hamını
Şuşaya çağırmaq
daha doğru olardı...

Əslində
bu gün...
Biz gərək olanı gözlədib -
danışırıq,
özümüzlə,
ATƏT-lə,
hansısa bir
topsaqqalla,
başbilənlə,
ağsaqqalla,
Ağ evlə,
ağ ayıyla
neçə-neçə dayıyla -
vaxt itirib
gün öldürürük...
İçimizdə
düşmənə nifrət,
qəzəb,
kin öldürürük...

Amma
əslində isə
bu gün
ağlımızdan
gözləməyi,
tərəddüdü çıxarmaq

ŞUŞAYA GEDİRİK! -
bağırmaq
daha doğru olardı...

***
İllər bizdən xəbərsiz, bizdən izinsiz, necə deyərlər, başlı-başına ötüb gedir və bir bu illərin içərisində əriyən ömrümüzün fərqinə varmırıq. O vaxta qədər ki, itirdiklərimizin yeri göynəməyə başlayır. Onda bilirik ki, nələri itirdik və necə itirdik. Onda bilmək də gec olur. Çünki artıq qaysaq bağlamış, zamanın arxivində yerini rahatlamış o itkiləri ancaq xatırlamaq və onlar üçün göynəmək bizə qalır.
Bu fikirlərim torpaq itkimizə, Qarabağ həsrətimizə aid deyil. Allah eləməsin də ki, aid olsun. Yoxsa onda yurd həsrətli, vətən nisgilli nə qədər ürəklər partlaya bilər. Mən bunu səmimi deyirəm və dediyimə də inanıram. Çünki tanıdığım adamlar var ki, Şuşada ölmək, Şuşada şəhid olmaq, Qarabağ torpağına qovuşmaq üçün nəzir-niyaz ediblər, qurban deyiblər. Bu onların içindən gəlib və içdən gələn də nə vaxtsa göyərir, bir az geci-tezi var... zamana ehtiyacı var! Mən bilirəm ki, o zaman mütləq olacaq. Üstəlik də...
Son illərin bütün şərhlərində, bütün proqnozlarında bu əsrin türk əsri olacağına geniş yer verilib. Hər kəs türk əsrinin gəldiyini, daha doğrusu, gəlməkdə olduğunu önə çəkir. Hətta Alparslan, Türrkeşin də - böyük Bozqurdun xatirələrində də vurğulanır ki, türk özünə qayıdır! Deməli, Türk böyük olur! Türk söz sahibi olur!
Siyasətə qarışmadan elə yerindəcə vurğulayım ki, son illərin hadisələri deyilənləri az-çox göstərməyə başlayıbdı. İndi hər addımda türkün böyüklüyü vurğulanır, dilə gətirilir. Təbii ki, bu da bir sevinc, bir qürur bəxş edir. Məhz həmin bu yazdığım ümidverici notların üstündə əvvəlki fikrimə qaydıram. O fikrə ki, Şuşanın, Qarabağın qayıdacağına, bir az da dəqiq ifadə etsəm, bizim onları geri alacağıma məndə heç bir şübhə yoxdu.
Çünki bildiyimə görə, Azərbaycanda evləri üzü qibləyə tikilən yeganə şəhər Şuşadı! Üzü qibləyə olan isə düşmən əlində, kafir caynağında qala bilməz. Elə bu inamla da yazımın əvvəlinə qayıtmaq istəyirəm.
O məqama ki, evimiz, kəndimiz işğal olan gecə əl boyda uşaq səssiz, için-için ağlamışdı. Onun göz yaşları kirpiyinin ucunda ulduza çevrilmişdi. O ulduz öz parıltısını hələ də saxlayır. Mən onu bugünlərdə bir də gördüm və gördüyüm o məqam məni Şuşalı günlərə, Qarabağlı günlərə görüşə inandırdı. Çünki budəfəki göz yaşının parıltısı tamam fərqli idi. Yəni...
Nəvəmi həkimə aparmışdıq. Qucağımda elə sığınıb durmuşdu ki, sanki bütün dünyanın sahibi mən və o idi! Heç kimdən, heç nədən çəkinmirdi... heç kimə təəccüblə, həsədlə, heç qəzəblə də baxmırdı. O vaxta qədər ki, onu həkimin yanında qoyub otağı tərk etməli oldum. Birdən qışqırıb ağladığını eşitdim. Dözməyib həkim otağına qaytdım. O, ağlamağını kəsmişdi. Amma kipriklərinin ucundakı yaş parıldayırdı. O parıltı tamam fərqli idi. Sanki məni qınayırdı, mənə özünün etirazını bildirirdi. Elə bil o parıltı deyirdi ki, "sən yaxşı baba deyilsən, məni iynənin altında qoyub getdin". Amma mən o parıltıdan oxuduğumun cavabını ancaq nəvazişlə qaytarmaq gücündə idim. Neyləyim ki, o əl boyda uşaq nəvazişimi qəbul etmədi, mənə sığınmadı. Eləcə kipriyinin ucunda donmuş ulduzla mənə baxıb üzünü anasına tərəf çevirdi...
Hə, indi anladım ki, tək qoymaq, atıb getmək, unutmaq insana necə təsir edirmiş. Sən demə, İlhamənin sözü olmasın, burda yaşın heç nəyə dəxli yox imiş, istər əl boyda ol, istər yetkinlik yaşında. İçini büruzə vermək hər zaman mümkündü...
Məhz həmin o hisslərin təsiri altında yazdığım, bəlkə də mövzuya dəxli olmayan misraları diqqətinizə təqdim edirəm. Amma içimdə bir iynə ucu boyda o şeirin mövzuya dəxli olduğuna inam var.

Ürəyini qoy ovcuma
Götürüb gözümə təpim...
Mən öz ürəyimi ovub
Ürəyinin üstə səpim...

Tuş gəlsəm də mən qınağa
Hücrəmdən çıxım qırağa...
Alışmışam tay sınağa -
Qoy ürək şəkili çəkim!

Dünyanın yükünü çəkib,
Canında sevdalar əkib...
Ürək, qarşında diz çöküb -
Üzümə salavat çəkim...

Hə, bu bir az kövərk, biz az nostalji, bir az ümidli, bir az qarmaqarışıq, biz sözlə, içimdə doğulduğu kimi sizə təqdim etdiyim yazının Şuşanın işğalı günü yazılıb-oxunması təsadüfi deyil. Çünki Şuşa hamımızın və bütövlükdə Azərbaycanın Ulduzudu, hələlik üstünü bulud alıb. Mütləq o buludlar topa tutulub dağıdılacaq.

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV