adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

POLİSİN PAPAĞI BUMERANQ OLMALIDIR

MAHİR QABİLOĞLU
27458 | 2014-05-09 05:10
Leyla Yunus nə qarışdırıb? Bilmirəm.
Leyla Yunus hara qaçmaq istəyirdi? Bilmirəm.
Leyla Yunus aeroporta hansı maşınla, kimin maşınında gəlmişdi? Onu da bilmirəm.
Leyla Yunusu niyə ölkədən çıxmağa qoymayıblar? Onu da bilmirəm. Çünki gözümlə görməmişəm. Bütün bu vaxtı mən rahatca yatırdım.
Bircə onu bilirəm ki, sağ-salamatdır. Həbs olunmayıb. Bunu bilirəm. Çünki videosuna baxmışam. ANS-in mikrofonuyla mırt tutmağını da görmüşəm. Bu mikrofonun yumşaq, yaxudda bərk olmasını yoxlamağını da seyr etmişəm. Hamısını qoyuram bir tərəfə.
Küçədə məni polis saxlasa, sənəd tələb eləsə və məndə şəxsiyyətimi təsdiq edən sənəd olmasa onda məni polis şöbəsinə aparmağa haqqı çatır. Əgər mən yaşadığım həyətdə, səhər saat 7-də aləmə car çəkib qışqırmağa başlasam ki, "pipişim gəlir" və buna görə polis çağırsalar günahım bəllidir. Əgər mən kiməsə "eşşəyin biri eşşək" desəm, azı 5-10 sutka həbsimə qərar verilə bilər. Əgər mən bu sözü polisə desəm cəzam daha ağır ola bilər. Çünki iş başındadır. ABŞ-da polisi öldürənin məhkəmə tərəfindən edamına fərman əvvəlcədən bəllidir. Fikir vermisinizsə polislər lap yolu düzgün keçməyən piyadaya, qaydaları pozan sürücüyə yaxınlaşanda əl barmaqlarını cütləşdirib gicgahlarına yaxınlaşdıraraq "çest" verirlər, özlərini təqdim edirlər . "Çest" yalnız papaq başda olanda verilir. Papağın Qafqazda nə demək olmasını da qoyuram bir kənara. Papağa görə neçə kişi, neçə nakişi qətlə yetirib - bu da başqa bir yazının mövzusudur. Əsrin əvvəllərində Opera teatrına gələnlər hərəyə iki bilet alırlarmış. Birində özləri otururmuş, o birinə isə papaqlarını qoyurlarmış.
Keçim əsas məsələyə. Vətəndaş Leyla Yunus polisin başından papağını götürüb atır yerə. Belə olsaydı nə var idi ki? Deyərdik ki, papağı başından ona görə götürdü ki, polis kapitanının üzü aydın görünsün.
Papağı yerə niyə atdı? Onu sizə kim dedi ki? Sadəcə papaq Leyla Yunusun əlindən düşüb.
Amma belə olmadı, axı? Leyla Yunus papağı polisin başından qapdı və atdı. Atmadı ye... vızıldatdı. Bu kadrlara dəfələrlə baxdım. Sonra gördüm ki, vızıldatmadı da... papağı sadəcə bumeranq sayağı atdı. Polis kapitanını deyə bilmərəm, mən onun yerində olsaydım... Sonra gün boyu mətbuatı izlədim ki, Leyla Yunusun bu hərəkətinə hüquqi qiymət veriləcək. Heç olmasa, heç olmasa 15 sutka iş kəsəcəklər. İctimai işlərə cəlb edəcəklər. Küçə süpürmək və sairə. Amma bu da olmadı.
Leyla Yunus papağı bumeranq kimi atdı. Amma bu papaq bumeranq olub özünə qayıdıb dəymədi. Niyə?

MAHİR QABİLOĞLU

TƏQVİM / ARXİV