adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

BİR ÖMRÜN BEŞİNCİ FƏSLİ

VAQİF YUSİFLİ
70031 | 2014-05-09 03:45
Bizdən uzaqda, Rusiyanın paytaxtı Moskvada daha bir şairimizi sizə tanıtmaq istəyirəm. Əslində, onu tanıtmağa elə bir ehtiyac yoxdur, çünki Afaq Şıxlı Azərbaycanımızla sıx ələqə saxlayır, hər yeni şeirlər kitabı çıxanda Bakıya gəlir, ədəbi sevincini dostlarıyla, qohumlarıyla, yazarlarla bölüşür. O, 1000-dən artıq şeir və hekayələrin, türk və rus müasir ədəbiyyatından bədii tərcümələrin və eyni zamanda, altı kitabın müəllifidir.
Əsərləri rus, türk, fransız və ingilis dillərinə tərcümə olunub. Açığını deyim, mən onun "Ömrümün beşinci fəsli" şeirlər kitabından başqa heç bir kitabının üzünü görməmişəm. Amma elə bircə kitab və bu kitabda toplanan 140 şeir sübut edir ki, Afaq Şıxlı istedadlı şairdir. Digər tərəfdən, müasir Azərbaycan poeziyasının görkəmli bir nümayəndəsi-Məmməd İsmayıl "Ömrümün beşinci fəsli"nə gözəl bir ön söz yazmışdır. Əslində, bu ön sözlə M.İsmayıl Azərbaycandan uzaqda yaşayan bir həmyerlimizin - bir zərifin poetik istedadını kəşf etmişdir. Yazıda Məmməd müəllimin fikirlərinə müraciət edəcəyik.
Öncə Afaq Şıxlının bir şair kimi özünəməxsusluğunu qeyd etmək istəyirəm. Sənətdə, xüsusilə poeziyada özünəməxsusluq birinci sırada durur. Böyük şairimiz Səməd Vurğun deyirdi ki, özünəməxsusluq böyük sözdür. Əgər sən buna nail olursansa, deməli, bir şair kimi özünü təsdiq edirsən.
Afaq xanımın şeirləri bugünkü poeziyamızın yaxşı mənada səviyyəsini əks etdirir. O da həmkarları kimi ənənəvi mövzulara müraciət edir yaxud lirik "mən"in fikir və duyğularını poeziya dilinə çevirir. Lirik qəhrəmanın timsalında Vətənini, təbiəti, həyatı və onun gözəlliklərini sevir, "Mən və Dünya" poetik dialoqu vasitəsilə müasirimizin etik, estetik kredosunu müəyyənləşdirir. Ancaq bütün bunların hamısında öz sözünü deyir, fikrini orijinal şekildə ifadə etməyə çalışır.
Dünya haqqında onlarla, yüzlərlə, hətta minlərlə şeirlər yazılıb, deyim ki, bir-birinə oxşarları çoxdur. Amma Afaq Şıxlının "Bu dünya belə dünyadı" şeiri bir kimsənin şeirinə bənzəmir.

Dözməyəsən neyləyəsən,
Bu dünya belə dünyadı.
Bəzən sərtdi qaya kimi,
Bəzən də pilə dünyadı.

Hikməti var hər daşında,
Hərə bir can savaşında.
Bilməzləri iş başında,
Biləni kölə dünyadı.
Sirr körpüdü gen sinəsi,
Açılmazdı məngənəsi.
Sevincləri-qum dənəsi,
Dərdləri-şələ dünyadı.

Bağlanıbdır haqqa yolu,
Nə sağı var, nə də solu.
Gündüzləri ümid dolu,
Gecəsi-tələ dünyadı.

Kimi "ömür-fani" deyir,
Kimi "zaman-cani" deyir,
Kimi "həyat-ani" deyir,
Bu dünya belə dünyadı.

Bədii təzadlar üzərində qurulan bu şeirdə DÜNYA obrazı müəllifin özünəməxsus fikirlərini əks etdirir və bu fikirlərin poetik ifadəsi də səni qane edir. Ümumiyyətlə, obraz yaratmağa meyli biz Afaq Şıxlının digər şeirlərində də görürük. Onun bir neçə şeiri qürbət mövzusundadır. Azərbaycana, Bakıya, ata-baba məskəni Qazaxın Şıxlı kəndinə bir qürbət havasından boylanan Afaq xanım bu hissləri təqdim etmək üçün axtarışlar aparır.

Qorxuruq yad eldə tapşıraq canı...
Elə qərib kimi bükülək ağa.
Bir də görənməyək Azərbaycanı...
Gömülək bu ögey, soyuq torpağa.

Afaqın qürbət şeirlərini onun Vətən şeirlərindən təcrid etmək olmaz. Uzaqda Vətənlə bağlı yazılan şeirlər daha təsirli, emosional olur. Olsun ki, Afaqın həm qürbət, həm də Vətən şeirləri bir qədər minor çalarlıdır (Almas Yıldırımın şeirlərini xatırladır bəzi məqamlarda). Amma bu şeirlərdə böyük səmimiyyət var, yalançı vətənpərvərlikdən uzaqdır.

Canım Vətən!
Anasını qorumayan oğulları
doğan Vətən!
Kədərini ağartmayıb sinəsində
boğan Vətən!
Övladlrı dərbədiyar,
Torpaqları dağım-dağım,
Ümidləri param-parça olan Vətən!

Elə güman eləməyin ki, Afaq Şıxlının şeirlərində qəm, kədər motivləri üstünlük təşkil edir. Əlbəttə, belə deyil. Onun nikbin, misralarından işıq süzülən şeirləri də az deyil.
Şairin özünəməxsusluğunu açıqlayan bir əsas cəhət onun şeir dili ilə bağlıdır. Məmməd İsmayıl çox doğru qeyd edir ki: "Ədəbiyyat dil hadisəsidir. Hər şeydən əvvəl Afaqın şeirlərində mükəmməl, coşqulu və axıcı bir dilin varlığı razılıq doğurur. Onun misralarındakı hər söz canlı, yerində və dipdiridir. ...Afaqın əsərlərindəki bu axıcılığı onun "Şıxlı" nəslindən olmasında da axtarmaq olar". Daha sonra Məmməd İsmayıl yazır: "Sən mənim ömrümün beşinci fəsli" kitabına toplanmış şeirlərdə... Qazax-Tovuz aşıqlarının ruhi halında yazılan qoşmalara da rast gəlmək olur, fikrin sərbəstliyini içində barındıran şeir biçimlərinə də! Bir tərəfdə saza, sözə, Vaqif, Vidadi, Dilqəm, Azaflı Mikayıl kökünə köklənən aşiqanə qoşmalar, o biri tərəfdə çağdaş ritmləri öz içinə alan Mikayıl Müşfiq, Əli Kərim ruhi halları!"
Afaq Şıxlının həm hecada, həm də sərbəstdə yazdığı şeirlərin içində dilimizin gözəlliklərini əks etdirən nümunələr çoxdur. Gətirdiyimiz şeir parçaları da bunu sübut edir.
Kitabın adı ilə bağlı bir açıqlama da vermək olar.
Fikrimizcə, ömrün beşinci fəsli qürbətdə keçən ömür ola bilər. Yaxud, sevgini də ömrün beşinci fəsli hesab etmək olar. Amma söhbət addan yox, bu adı ümumi şəkildə mənalandıra biləcək şeirlərdən gedir. Belə qərara gəlmək olur ki, ümumi şəkildə ömürlə, günlə bağlı mətləblər ömrün beşinci fəsli sayıla bilər. Bura qürbət sıxıntısı da daxildir, sevən bir ürəyin hıçqırıqları da, Vətən üçün canından keçməyə hazır olan bir yurddaşımız da ömrün beşinci fəslinə qədəm qoyur, sevgi yolunda hər əzaba dözən müasirimiz də...
Qeyd edim ki, Afaq Şıxlının sevgi şeirlərində də mümkün qədər ənənəvi deyimlərdən, sevgiyə standart münasibətdən qaçma dərhal nəzərə çarpır. Ya da bəzi məqamlarda lirik qəhrəmanın monoloqlarını dinləyir, onun sevgi ilə bağlı duyğularının izinə düşürük.

İstəyirəm gül qoxuyan
Ətrin dolu otaq olsun...
Göylər bizə şahid dursun,
Yerlər bizə yataq olsun.

Sabah çağı qoşa duraq
Bir aynanın qabağında.
Bu gecənin izi qalsın
Gülümsəyən dodağında.

Bir əyləşək süfrəyə biz,
Nə çay olsun, nə qənd olsun-
Baxışımız birləşəndə
Qolun mənə kəmənd olsun.

Bir lampanın işığında
Sən yazasan, mən də baxım.
Misra-misra, sətir-sətir
Ürəyinə sızıb axım.

Görürsən ki, sevdalınam,
Sən də elə, məndən betər!
Bir yasdıqda qocalaq biz...
Ömür harda bitər... bitər!

Diqqət yetirin, görün bu necə səmimi etiraflardır. Bu səmimi etirafların təsdiqedici pafosu ondan ibarətdir ki, Afaq xanımın təsvir etdiyi sevgi aləmi təmizlik, saflıq ülvilik əsasında qurulub. Deyəndə ki: "Uzaqda olsan belə, Səni xatırlayanda gözlərimdə bir işıq, dodağımda təbəssüm addımlayıb keçirəm. Eşqin-doğan Günəşdi! Bu Günəşin nurundan doya-doya içirəm..!" Yaxud: "Mən ünvansız, kimsəsiz bir sevgini sevirdim... Səni sevənə kimi! Məhəbbət vurğunuydum... Təbiət vurğunuydum... Uydurduğum aləmdə xəyallarda gəzirdim, xəyallardan bezirdim- Tənhalıq yorğunuydum... Dünyaca gözəlliyin, cazibənin içində susmuşdu qəlbin səsi... Seviləsi aləmdə sevməmişdim heç kəsi-Səni sevənə kimi!" Sevginin insanı necə dəyişdirdiyi, məhəbbətin ali bir hiss kimi sevənlərin ruhunda parlaması... Afaq Şıxlının sevgi şeirlərinin mətləbi, qayəsi budur. Çox istərdim ki, Afaqın bəzi sevgi şeirlərindəki publisistik əda olmasın. Məsələn, "Sevgi-bir həyatdır!" şeirində olduğu kimi: "Sevgi bir həyatdır, yaşadır bizmi... Sevgi bir dünyadır: sənin və mənim... Sevmək könüllərin bir adətidir, Sevgi-yaradanın səxavətidir" . Ona görə də Afaq Şıxlının bəzi şeirlərindəki yavan-yalxı ifadələri, yerinə düşməyən sözləri, ifadələri görəndə onun ən yaxı şeirləri durur göz önündə və deyirəm ki, aşağıdakı gözəl şeiri yazan bir şairin ortabab şeir yazmağa əli gəlməməlidir:

Dərdim-duman, həsrətinsə yel olmuş
Ürəyimi aparalı il olmuş.
Aşıb-daşan aramızda sel olmuş
Bacarırsan, keç gözümün yaşından!

Qırmaq olmaz bir ümidi, bir andı!
Yaxşı-yaman çiynimizdə qalandı.
Bu nə zülüm! Ölüm belə yalandı!
Qatilimsən, iç gözümün yaşından!

Günüm çıxmır, eşqin bağı göy mamır...
Gözlərimdən ürəyimə hey damır...
Ömrüm mənim, daha dözüm tablamır,
Gözlərini aç gözümün yaşından!

Nisgilimi desəm səbir daşına
Biçarə daş çatlayacaq boşuna.
Dörd tərəfi götürəcək başına, -
Qaça bilsən, qaç gözümün yaşından!

Vəssalam. Gözəl şeirdir, XXF əsrdə yazılan yaxşı qoşmalardan biridir. Və Afaq xanıma poeziya yolunda beləcə gözəl şeirlər yazmağı, dünyanı poeziya dilində yeni rənglərlə, naxışlarla bəzəməyi, cilalamağı arzulayıram!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV