adalet.az header logo
  • Bakı 17°C

GİYA PAÇXATAŞVİLLİ

MƏMMƏD DƏMİRÇİOĞLU
37079 | 2014-05-09 03:32
Əyani olmasa da çoxdan tanıyırdım Giyanı. Onun maraqlı zahiri, qiyafə tərzi məni çox maraqlandırırdı. Akif Səmədin təqdimatında istedadına və yaradıcılıq qabiliyyətinə də bələd idim. Hər adamı tərəfləməyən Akif, ondan söz düşəndə maraqlı insan, gözəl tərcüməçi, mükəmməl dostluq qabiliyyəti olan insan olduğunu vurğulayardı.
Günlərin birində tale bizi Gəncə şəhərində görüşdürdü. O da məni qiyabi tanıyırmış, mətbuat səhifələrində yazı-pozularımı, şeirlərimi oxuyubmuş. Gəncədə səfərdə olarkən mənimdə Gəncədə işlədiyimi eşidib, görüşməyimiz üçün telefon əlaqəsi qurdu. Görüşdük. Bağrına basıb min illik dostu kimi görüşdü mənimlə, özünə məxsus bariton səsi və ahəngdar nitqiylə kef-əhval tutub məni çoxdan aradığını söylədi.
Qax rayononda yaşadığını bilmirdim. Tanışlıqdan sonra dəfələrlə Qaxın füsunkar mənzərələrindən söz açıb, gəlməyimi xahiş etmişdi. Çox istəmişdim gedib həm Givinin qonağı olum, həm də heç zaman güzarım düşməmiş o gözəl məkanı gözlərimlə görüm. Di gəl ki, bu işin-gücün, günü-gündən çoxalan qayğıların qırsaqqızından qopa bilmirdim...
İndi ağ atı yəhərləyib (Ağamalı Sadiq maşına at deyərdi və məni görmək istəyəndə "Əmməd, atını min bir biz tərəflərə gəl"- deyərdi) Qax rayonuna, tələsirəm.
Həyat yoldaşının vəfat etdiyini eşidib, telefonla baş sağlığı vermişdim. Amma dəfnində iştirak edə bilməmişdim və Gəncədə olduğumdan yararlanıb fürsəti əldən vermədim, 9-u gününə (onların adəti ilə dəfnin 9-u günü də qeyd edilir.) getməyi planlaşdırdım. Gəncəli dostum Ruslan və sevgilisi İlahə xanım da mənə yol yoldaşı oldular. Sənətdən və sözdən xeyli aralı olan bu gənc dostlarıma yolboyu Giyadan danışdım, onun zillət dolu həyatinin məqamlarından etüdlər nəql etdim. Hər iki gənc maraq və heyrət içində idilər.
- Giya elə anasının qoynunda olarkən yetim qalıbmış- deyərək hekayətimi davam etdirdim.- O, özü həyatının acı anlarını xatırlayaraq söyləmişdi ki, mən anamın bətnində olarkən atam avtomobil qəzası keçirib, dünyasını dəyişir və anam ağır xəbərdən çox sarsılır. Görünür bu sarsıntını mən anamdan çox keçirmişəm və elə anamın bətnindəykən saçlarım qar kimi ağarmışdı. Anam məndən xəbərsiz öz ağrı və istirablarıyla atama yas saxlamış, mənim bətnində olduğumu belə unutmuşdu. Qəfil sancıdan məni xatırlayıb, mən dünyaya göz açanda iusə məndən eymənib. Tanımayıb məni. Adətən analar öz doğduğu uşaqlarını yüz uşağın içindən seçirlər. Amma saçları, qaşları və hətta kirpikləri belə dümağ olan uşağını tanımadı, məndən imtina etdi anam...
Tükləri ürpəşən İlahə xanım": aman Allah"- deyib həyacanını gizlədə bilmədi.
-Hə, mənim gənc dostlarım, balasından eymənən ana ondan imtina etmiş, körpə 40 gün doğum evində qalmışdı. Sonra isə ana, bu günahsız körpəni Gəncəyə gətirib uşaq evinə təslim emiş və bir daha arxasınca gəlməmişdi. Tamamilə unudub adını Giya qoyduğu oğlunu.
Giya elə bilirmiş ki, göydən düşüb, nə atası olub, nə anası. Beləcə, yetimlər evində böyüyüb, balalarına baş çəkməyə gələn ata-anaları gördükcə ürəyi qövr eyləyib, "Görəsən mənim də atam-anam varmı?"- deyib, illərlə yol gözləyib. Altı yaşı tamam olanda, inandırıcı olmasa da Qax payonu icra komitəsinə məktub yazaraq anasını axtarıb.
-Bəs sonra?- dyərək söhbətin dalını gözləyən dostlarımın gözləri dolmuşdu.
- Ata-anasını əlindən almış Uca Tanrı sən demə əvəzində Giyaya bolluca fərasət istedad, ən başlıcası səbir, dözüm və dəyanət veribmiş. Yadımdadı, bunları mənə özü söyləyirdi. Nə qədər təmkinli və soyuqanlı idi bunları söyləyəndə. Anasını tapdıqdan sonra onu Bakıya, gözdən əlillər təmayülünə göndərmişlər. Orta məktəbi həmin internetdə bitirən Giya 1981-ci ildə ali məktəbə qəbul olur və Respublikanın birinci katibi H. Əliyebin sərancamı ilə seçilmiş qrupun daxilində Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alıb, təhsilini orada bitirir...
Maşınımız Şəkiyə yaxınlaşanda, bahar xoş ətriylə açıq pəncərədən içəri dolub köksümüzə yayılırdı. Uzaqdan başı qarlı qafqaz dağları görünürdü. Dağların ağ zirvələri çox aydın idi. Tən ortadan uca dağları iki yerə bolmüş ağ buldlar sanki ağır dağları çiyninə, yamyaşıl bahar donu geymiş ətəkləri, ətəklərə səpələnmiş irili-xırdalı kəndləri, dərin dərələri uzun düzənləri isə ağuşuna almışdı. Yolun sağında, solunda əkilmiş taxıl zəmiləri gömgöy göyərmiş, yaşıllığın aralarına qan kimi çilənmiş lalələr par-par yanıb halələnirdilər.
Bu da Qax rayonu. Doğrudan da özünə məxsus özəlliyi və gözəlliyi ilə gözümüzü oxşayan Qax mənzərələri hər birimizi valeh etmişdi. Şəhərin maraqlı görkəmi, səliqə səhmanı, həm də füsnükar bahar mənzərələri ağlımızı çaşdırırdı. Qaxbaşı kəndində yaşayır dostumuz Giya. Soraqlaşdıq və çox qısa zamanda Qaxbaşıya çatdıq. Giya bizi yolun kənarında gözləyirdi. Meşlərlə bürünmüş uca dağların ətəyindəki evlərə baxıb köks ötürürərək, "buralarda yaşayanın nə xoş halına, əsil cənnətdir ki buralar" fikriylə gedirdik ki, Giyanı yol kənarında görüb maşını saxladıq. Sən demə elə Giya bizim həsəd apardığımız o evlərin birində yaşayırmış.
Şəkidən bir qrup dostlar da gəlmişdi. Tanış olduq. Şəki Dram Teatrının aktyorları, Respublikanın əməkdar artistləri Əbülfət Salamov, İqrar Əliyev və Qaxbaşı kənd sovet sədrinin müavini Fərhad Hüseynov, diksiyasına, danışıq mədəniyyətinə, əxlaqi səviyysinə heyran olduğum kənd müəllimi Aydın Məhərrəmov, Qiyanın dərdinə şərik olmaq üçün onun ətrafında idilər. Sən demə onların hamısı məni qiyabi tanıyırmış, bu səbəbdən köhnə dostlar kimi görüşdük.
Görünür İncəli olmağımdandı, burnum "samaqon" arağının iyini aldı. Ani olaraq fikirləşdim ki, yəqin səhv edirəm, yas yeri hara, araq hara. Sən demə yanılmamışam, Giya ayağa qalxıb hamımıza xoşgəldin etdi və adətlərini anladıb dedi ki, üç badəni ayaq üstə toqquşdurmadan vurmalıyıq. Birinci badəni Lamara xanının ruhunun sağlığına qeyd edək. O, mənim sevimlim, məni duyanım, məni yaşadanım idi. Əslində o ölümü ilə ağrılardan canını qurtardı. Mən isə yaşayıram ki, onun yarımçıq qalan ömrünü yaşadım. Beləliklə birinci badələr içildi və ikinci badədə Giya lamarasına həsr etdiyi şeiri oxudu:
Ağ günümün hədiyyəsi,
Sınıq könlümün şüşəsi,
Evin ilk isti nəfəsi
Olubdu xanım Lamara.

Sevgi ümid sarmaşığı,
Misralarımın işığı,
Qəmə çəpərdi, ha şığı,
Durubdu xanım Lamara.

Xəyanətdə qıvrılırdım,
Talehimlə tək qalırdım,
Ev-eşiyim yıxılırdı,
Qurubdu xanım Lamara.

Sonra dostlardan rica etdim ki, Giya haqda hərə öz fikrini söyləsin. Şəkili sənətçi dostları Əbülfət və İqrar müəllim, İTV-nin çəkdiyi "Fosvor adam" filminin çəkliş məqamlarından, həmin filmin baş qəhrəmanı olan Fosfor adamın- Giya Paçxataşvilinin insani və yaradıcılıq keyfiyyətindən söz açdılar, onun zəngin xüsusuyyərlərini səciyyələndirəcək maraqlı söhbətlər etdilər. Könül dostu, əslən Borçalıdan olan Fərhad müəllim bir poeziya vurğunu kimi onun Borçalıyla bağlılığından, yazdığı şeirlərdən, Aydın müəllim isə zəngin yaradıcılığının, tərcümələrinin orjinallığını vurğulayıb digar sahələrdə əldə etdiyi uğurlardan danışdı, Azərbaycan ədəbiyyatına verdiyi töhvələrə qayğılara görə təşəkkürünü bildirdi.
Şəkili qonaqlar getdikdən sonra Fərhad müəllimlə Aydın müəllim bizi yuxarılara- İlisu kəndinə qaldırdılar. Etiraf edim ki, özümü nağllar alamində hiss edirdim. Rəssam gözlərim 4 olmuşdu. Heç bilmirdim hara baxım. Gözünü hara çevirirdin, bir əsrarəngiz mənzərə canlanırdı. Bu mənzərədən gözünü çəkməmiş bir başqa mənzərə açılırdı göz önündə. Uca dağ döşünə ilişib qalmış topa buludlar, quş sədalarına qoşulub dağ ətəyi ilə yellənib axan cıyının səsi, sağdakı yuksəkliyin zirvəsindəki Şeyx Şamil qalası, Qədimliyini qoruyub saxlayan İlisu kəndinin daş döşənmiş enişli-yoxuşlu burma yolları, kirəmid damlı evləri, daş hasarları bir-birinin ardınca adamın gözlərini oğurlayırdı. Bəldçimiz olan Fərhad Məllim isə kəndin özəlliklərindən, qədim abidələrin tarixindən söhbətlər açırdı.
Allah Lamara xanıma Rəhmət eləsin. Kim bilir yolumuz düşəcəkdimi Qax rayonunun bu füsnükar gözəlliklərinə.
Gənc dostlarımla geri dönəndə artığ gün əyilmişdi. Qaxdan çıxanda hər şey bir andaca adiləşdi sanki.
Təbiətin və təbiət qədər maraqlı insanların cezv dairəsinə düşmüş gənc dostlarım sanki yuxudan ayılmışdılar. İlahə xanım heyrətini gizlətmədən nağıılar alimnə düşdüyünü deyib soruşdu:
-Məmməd müəllim, tanış olduğumuz insanlar da gözümüz doymayan təbiət mənzərələri qədər zəngin idilər. Mən bu səfəri yaddaşıma yazdım. Amma içimdə bir kədər hissi oyandı. Giya Lamarasız necə yaşayacaq?
- Həə, bu kədər çoxlarını düşündürür. Amma Giya çox təmkinli və müdrik insandır. Onda ruhdan düşmək, pessimizə qapılmaq, ümiddən əl çəkmək, ümidsizləşmək əlamətləri yoxdur. Çün ki, özü demiş," Dostlar var olsun." Onun özü kimi ləyaqətli, etibarlı dostları şoxdur və bu dostlar ordusu həmişə onun arxasındadır. Ona görə o çox güclüdü, yenilməzdi. Nə gizlədim, mən hərdən ümidzizliyə qapılanda Giyanın əqidəsindən təsəlli tapıram...

P.S. Giya Paçxataşvilli 1961-ci ildə, yanvar ayının 29-da, Çexovun anadan olduğu, Puşkinin dueldə öldüyü gündə anadan olub. 21 tərcümə, 5 müəllif kitabının müəllifidi. 2000-ci ildə Prezidentin fərmanı ilə Az.TV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam" sənədli filmi çəkilmişdir. Ədəbi Birliklərin "Zərdabi", "Ümid işığı" ödüllərini və Səməd Vurğunun "Qolos" adlı kitabının tərceməsinə görə 2006-cı ildə "Səməd Vurğun medalı" ilə təltif olunmuşdur.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV