adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

NƏ HACI, HANSI HACI

OQTAY SALAMOV
24306 | 2006-12-14 05:16

   
   Şerfason bu ifadəni hansı idarədə kimin işlətdiyi dəqiq yadımda deyil. Onu bilirəm ki, hansısa idarədə iki nəfər Hacı adlı adam işləyirdi. Biri yaşlı, biri cavan. Bir gün gözəl bir xanım gəlib Hacını soruşur. İşdə olan yaşlı Hacı sevincək özünü təqdim edir"::
   
   -Buyurun, xanım, xidmətinizdə olmaqdan çox məmnun olaram.
   
   -Sağ olun, amma bilirsiniz, mənə o biri, ..cavan Hacı lazımdır.
   
   Onda yaşlı Hacı başlıqdakı şerfasonla cavab vermişdi. Sözümün canı var. İndi hər idarədə, hər müəssisədə azından 4-5 hacı var. Türklər bir-birinə "əfəndi" deyə müraciət edirlər, indi deyəsən azərbaycanlıların müraciət forması "hacı" olacaq. Düzünü deyim ki, artıq əndazə hissini itirmişəm, Azərbaycanda bu qədər halal hacının olduğuna nəinki inanmıram, hətta çooox böyük şübhə edirəm. Özü də əsaslı olaraq şübhə edirəm.
   
   İmanı olan, ürəyinin istəyi ilə, halal yolla Həccə gedənlərin hamısının ziyarətini Allah qəbul edəsin! Amma indiyə qədər gedib-gələnlər və indi gedənlər arasında o qədər turistlər var ki, vallah, billah, Allah-təala nəinki onların ziyarətini qəbul etmir və etməyəcək, əksinə, dindən alver, şirma məqsədilə istifadə etdiklərinə görə, onları və onları hacı kimi qəbul edənləri cəzalandıracaq. Bax, onda qurunun oduna yaş da yanacaq. Çünki yalançı hacılar o qədər çoxalıb ki, birinin başına daş düşəndə yanında olan günahsızlar da, "probka"da olan adi sürücülər də ziyan çəkəcək.
   
   Hacının mağazasında araq-çaxır satılır, Hacının "Şadlıq sarayı"nda şərab şəlalələri düzəldilir, Hacının saunasında fahişəxanalar işləyir və... Əşi, daha nə və, "və"lik iş qalıb ki?..
   
   Bu il də hacılarımızın sıraları 4500 nəfər genişlənəcək. Qurban olduğumuz neçəsinin ziyarətini qəbul edəcəksə, məsləhət özünündür. Amma nə qədər saxta hacıya görə cəza göndərəcəksə, cəzasını hamımız çəkməliyik. Çünki bizim susmağımız, heç olmazsa etirazımızı dilə gətirməməyimiz bunların sayının həndəsi silsilə ilə artmasına səbəb olur. Ona görə də ilk baxışda səbəsiz yerə kimi görünən Allahın bizi cəzalandırdığını görəndə asi olmamalıyıq. Çünki haqsızlığa, zülmə dözmək Allah tərəfindən günah sayılır. Günahın da mütləq cəzası var. Görəsən bu baxımdan bu il günahlarımız neçə nəfərlik artmış olacaq?..
   
   
   
   Nə hacı, hansı hacı,
   
   Bizdə hacı çoxdu, bacı...
   
   
   
   P.S. Dostumuz İlaham deyir ki, İranda yaşlı adamlara Həccə gedib-getməməsindən asılı olmayaraq ağsaqqal, yaşlı kişilərə "hacı ağa" deyə müraciət edirlər. Çünki, ağsaqqllar, yaşlılar yaşına görə yol göstərən, məsləhət verən kimi olmağa məhukmdurlar. Bəs biz necə eləyək, min bir kələkdən çıxmış, zinalar, qansızlıqlar, haramlıqlar edən .....a Ərəbistana turist səfərinə gedib-gəldiyi üçün hacı deyək?..
   
   
   
   ***
   
   ANS EFİRƏ QAYITDI?..
   
   
   
   ***
   
   
   
   GÖZƏL
   
   XALQIMIZ GÖZƏL RƏQS ELƏYƏ
   
   BİLİRMİ?
   
   
   
   Yox, bilmir! Toylara gedirsən, "leş bir yana, baş bir yana", burcutma, qarınatma, kərkinmə və başqa əndrabadi formalar xalqı boğaza yığıb. Bu qlobal və həyat əhəmiyyətli məsələnin təxirəsalınmadan həlli hələ də dövlət səviyyəsində müzakirə edilməyib, günahkarlar cəzalandıralmayıb.
   
   Nəhayət ki, özəl vətənpərvərlər sinələrini irəli veriblər. "Gülnarə" rəqs məktəbi 5-dən 75-ə qədər hamını rəqs öyrənməyə dəvət edir. Deyir ki, Azərbaycan, Müasir, Latino, Avropa, Şou-Balet, Ərəb və əsasən də Bəylə Gəlinin toy rəqsini hamıya öyrədəcək. Telefonunu da verib, imeyl ünvanını da. Devizi də çox gözəldir":: BİZİM GÖZƏL XALQIMIZ QƏŞƏNG RƏQS ETSİN!
   
   Etsin qardaş, etsin bacı, biz də rəqs etməyəndə bəs kim oynamalıdır ki? Əsas da 5 və 75 yaşlıların Bəylə Gəlinin toy rəqsini öyrənməsidir. Bəylə Gəlin də burcutma, qarınatma, kərkinmə ilə oynasalar, daha onda nə oldu ki?..
   
   
   
   

TƏQVİM / ARXİV