adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

iLiN AXIRI DüNYANIN DA AXIRIDIR?

OQTAY SALAMOV
20394 | 2006-12-14 05:15

   
   İlin sonu yaxındadır. Bütün əlamətlərdən belə görünür ki, deyəsən dünyanın da axırı yaxındadır. Daha doğrusu, bizim üçün dünyanın sonu yaxınlaşıb. Daha onu deyə bilmərəm ki, bizdə son olanda kimdəsə əvvəl, orta olacaq, ya yox. Amma bilirəm ki, hər ilin sonunda bizimkilər özümüzünkülərə qarşı elə haqsızlıqlar edirlər ki, Allah-təala bizi gələn ilin balansına keçirəndə fikrə gedir ki, bəlkə bu elə axırıncı oldu. Xoşbəxtlikdən Yaradanın səbri böyükdür, amma biz deyəsən onun da səbrini daraltmaqdayıq.
   
   
   
   Mən bilmirəm, "Barmek" hansı qələtləri edib, kimə nə qədər atıb. Amma bildiyim bircə odur ki, "Barmek" gedəndən işıqlarımız sovet dövrünü xatırladır. Sovet dövründə ilin sonu yaxınlaşanda işıqlar tez-tez sönərdi və deyərdilər ki, əyər-əskiklərinin yerini doldururlar. İndi də nəyisə doldururlar, amma bunun bizim səbr kasamızdan başqa nə olduğunu başa düşmürük. Elə həyasızcasına da adamın üzünə bozararlar ki, işığın yoxdu, pulunu vermə. Sayğacında yazılandan artıq pul istəyirik səndən? Nadanları başa salmaq olmur ki, işığımı kəsdiyin üçün sən mənə kompensasiya ödəməlisən, ən azı üzrxahlıq eləməlisən. O bizi uyğunlaşdırmaq üçün hoqqalardan çıxdığınız Avropa standartları tələb eləyir ey bunu. Biz cəhənnəm, bəs Avropanın yanında niyə milləti üzüqara eləyirsiniz?..
   
   
   
   Ötən həftənin (kompüterin klaviaturasında "ö" ilə "i" yan-yana olduğundan "ötən" sözü "itən" kimi gedirdi, vaxtında xəbər tutmasaydım bədbəxtlik olacaqdı) son gününün bir qəzetinin "İqtisadiyyat" səhifəsinə baxanda mənim kimi nikbin adamın da qanı qaraldı. Səhifənin əvvəlində yazılır ki, " Üç ölkənin energetika nazirləri bir arada" yığışaraq Azərbaycanın, Gürcüstanın və Türkiyənin enerji problemlərini müzakirəyə çıxarıblar. Rusiyanın qazın qiymətini qaldırması elə böyük problemlər yaradıb ki, deyəsən "Şahdəniz"dən çıxmalı qazı satsaq, özümüz soyuqdan donacağıq. Satmayanda da götürdüyümüz öhdəliklərə əməl etmirik, adımız olur "etibarsız". İndi bilmirik, donaq, yoxsa etibarsız olaq?! "Keçmə namərd körpüsündən qoy aparsın sellər səni" məsəlinə əməl eləsək, deyəsən ilin axırı elə doğrudan da bizim üçün dünyanın da axırı olacaq...
   
   
   
   Növbəti başlıqda yazılır ki, "Bayram qabağı ətin qiymətini qaldıranlar cəzalandırılacaq". Yüz faiz bilirlər ki, qaldıracaqlar, deyirsiniz biz özümüzü tanımırıq? Ona görə də Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edir ki, belələri cəzalandırılacaq. Bu nazirliyin cəzası isə çox ağır olur ha. Bir də gördün yararsız peyinin bir partiyasını buraxdı məmləkətə. Ya da Koreyadan bir eşalon it əti gətirdi, Uruset qoyunu adı ilə yedirtdi bizə. Cəzadı, yoxsa cəza deyil?..
   
   
   
   Bəd xəbərlər siyahısı davam edir":: "Geyim və ayaqqabı bazarında monitorinq aparılıb". Nəticəsi də elə gözlənilən kimi oldu; giydirmə mallar, baha qiymət, aşağı keyfiyyət... İş qaldırılıb.
   
   
   
   Sonrakı xəbərdə əyalətdə səhiyyənin vəziyyətindən yazılır. Bərbadçılıqdı, "pozor"çuluqdu. Növbəti xəbər":: "Daha 5 rayon qazsız qaldı". Qazpulunu az yığıblar. Daha yığmağa ehtiyac da olmayacaq, rəsmi olarq qazın olmadığını söyləyirlər. Amma bilmək olmaz, bəlkə elə olmayan qazın da pulunu yığacaqlar!..
   
   
   
   "Sement satışında ciddi qayda-qanun yaradılacaq". Xatırlatma"::"Acaq, əcək" gələcək zaman şəkilçiləridir. Amma mütləq gələcək zamanın şəkilçiləridir. Deməli, sement satışında qayda-qanun, özü də ciddi qayda-qanun, mütləq yaradılacaq. "Bəs indi niyə yoxdur, bu günə niyə salırdılar?" kimi suallar siyasi səbatsızlıq nümunələridir...
   
   
   
   Sən demə, Bakımızın kanalizasiya sistemi də bərbad gündəymiş. Xəbərdən belə çıxır ki, gələn ildən daha yaxın yerə rahatca gedə biləcəyik. Amma gələn ildən ha. Hələlik isə aşağı mərtəbələrdən üzr istəməyi unutmayın, biz mədəni sahədə də Avropa standartlarına uyğunlaşmalıyıq axı...
   
   
   
   Bu bədbin səhifəni çevirmək istəyəndə sonuncu başlıq bir yandan bağırdı":: "Ticarət şəbəkələrində yodlaşdırılmamış duz satılır". Deyirəm axı, bizim hökumətimizin çörəyinin duzu niyə yox kimi görünürmüş, sən demə duzunda yod yoxuymuş. Yod da olmayanda elə indi necədisə elə də olmalıymış. Əslində bu həngamələrin əsas səbəbi yodsuzluq imiş.
   
   
   
   Dostumuz olan bu qəzetin cüt səhifəsini niyə "İqtisadiyyat" adlandırdığını bir az çətin başa düşdüm. "İqtisadiyyatsızlıq" olsa idi, daha düz anlanardı. Amma o dəqiqə yadıma düşdü ki, ilin axırıdır, ilin axırında bizdə bütün bunlar təbii sayılmalıdır. Çünki biz elə qövmük ki, nə qədər insafsızlığımız, düşmənçiliyimiz, biganəliyimiz, haqsızlığımız və ... varsa, illik normasını yüz faiz yerinə yetirməliyik. Biz o qədər günah içindəyik ki, elə bilirik ki, ilin axırı elə dünyanın da axırıdır. Allah bizim tamahımızı kəssin, bütün əclaflıqları eləməsək dincəlmərik.
   
   
   
   Deyirəm, kaş Allah-təala bizə elə bir səbat verəydi ki, heç olmazsa təzə ildə təzə fikirli, təmiz arzulu olaydıq... Ay-hay, təzə ilə təzə yaramazlıqlarla çıxmasaq, biz heç biz olmarıq ki. Sadəcə olaraq, bu ilin sonu Qurban bayramı ilə üst-üstə düşür. Qorxuram ki, qurban əti ilə araq içib sağlıq deyək və Qurban olduğumuz Kişi bizi gələn ilin balansına keçirmək fikrindən vaz keçsin. Onun da səbrinin bir həddi var axı...

TƏQVİM / ARXİV