BiZi KiM SEViR Ki?

ƏBÜLFƏT MƏDƏTOĞLU
26791 | 2006-12-12 23:34
Dünənki qəzetlərdən oxudum ki, türkiyəli ekspert Mansur Akgün Kipr məsələsi ilə bağlı şərh verərkən Dağlıq Qarabağ hadisələrinə də toxunub və bütövlükdə hər iki məsələyə böyük dünyanın, o cümlədən də Avropa Birliyinin münasibətini qabardıbdır. Mansur Akgün bildirib ki, "bu gün dünyada, o cümlədən də Avropa Birliyində məsələlərə tamamilə başqa prinsiplərdən yanaşılır və heç kimə də sirr deyil ki, Avropa Birliyində bizi Ermənistan qədər sevmirlər".
   
   Məsələnin bu cür qoyuluşu həqiqi mənada mənim də içərimdə olan bəzi duyğulara, hisslərə toxundu. Və istər-istəməz etiraf etməli oldum ki, doğrudan da bizi sevmirlər. Ümumiyyətlə, bizi sevən var ki?
   
   Bəli, Dağlıq Qarabağ hadisələri başlanandan bəri birmənalı olaraq hər kəs hiss etməyə başladı ki, illərlə fərqinə varmadığımız və az qala böyük Sovet xalqları ailəsində özümüz üçün ən doğma saydığımız yaxın qonşumuz olan ermənilər, o cümlədən də millətçi ruslar və digər millətçiliyi özü üçün birinci vəzifə sayan xalqlar bizləri, bütövlükdə isə türk dünyasını heç vaxt sevməyiblər. Onlar bunu çox məharətlə, heç kimə birbaşa demədən, amma ilana zəhər verən kərtənkələ kimi həyata keçirməyə, bu yola üstünlük veriblər. Bir az da dəqiq ifadə etsəm, əsərlərində, yaratdıqları sənət nümunələrində daha çox türkçülüyün, türk dünyasının yaxşı elementlərini götürərək onu erməniləşdiriblər. Əvəzində isə özlərinin naqis tərəflərini hər yerdə türk dünyasının adı ilə təqdim ediblər. Biz də bilmirəm, sovet qanunlarındanmı, yoxsa dərin yuxuya getmiş yaxşı mənada millətçilik hisslərimizin oyanmasından qorxub gah özümüzü görməməzliyə vurmuşuq, gah eşitməməzliyə, gah da aşkarca etinasızlıq nümayiş etdirməklə demək istəmişik ki, "it hürər, karvan keçər. Yel qayadan heç nə aparmaz". Amma zaman göstərdi ki, itin hürməyinə, karvanın keçməyinə baxmayaraq, yel qayadan ən azı onun rahatlığını, dincliyini, sabitliyini apara bilir. Hər gün yellə, küləklə üzü-üzə qalmaq qayanın duruşuna (söhbət burda böyük mənada millətdən, xalqdan gedir), düşüncəsinə, həyat tərzinə təsir edir. Onu sınaqlarla üz-üzə qoyur.
   
   Xristian dünyasının Baş Çayxanası olan BMT-nin, eləcə də AŞ-ın və yaxud Avropa Birliyinin türk dünyasına qarşı aşkar mövqeyi bu gün təəccüb doğurmamalıdır. Çünki Türk dünyası özünün böyük dövlətçilik ənənəsi ilə, maddi-mədəni nümunələriylə, tarixiylə həmişə bir ox olaraq həmin o dünyanın sinəsini parçalayıb və bu yaranı həmin o Baş Çayxanada toplaşanlar sinirə bilmirlər, həzm edə bilmirlər. Görünür onlar bizdən daha çox öz tarixlərinə bağlıdırlar. Unutqanlıq onlar üçün yaddır. Ona görə də ötən yüzilliklərin qisasını almağa çalışırlar, özü də demokratiya pərdəsi altında. Bax, ona görə də Türkiyəni, bütövlükdə türk dünyasının çevrəsində həmişə qalmaqallar olub. Çalışırlar ki, bizim başımızı öz əlimizlə qatsınlar, öz əlimizlə çəksinlər. Belə olan halda hansı sevgidən danışmaq olar?
   
   Bəli, türkiyəli ekspert Mansur Akgün öz müsahibəsində bəyan edib ki, "Avropa Birliyində Ermənistana qarşı bir simpatiya var". Bunu bildiyi halda xüsusi olaraq gündəmə gətirən Mansur Akgün əfəndi görəsən ayrı nə gözləyirdi ki. Axı o özü deyir ki, türk dünyasına qarşı düşünülmüş şəkildə gizli iyrənc işlər görülür. Əfəndim, bu belə olub, bundan sonra da belə olacaqdır. Çünki türkü, türk dünyasını özündən başqa heç kimsə sevmir. Barı biz bir-birimizi sevək, bir-birimizlə anlaşaq, bir-birimizə dayaq durub ayaq üstə qalaq. Başqa yolu yox artıq.

TƏQVİM / ARXİV