TARiXiN YAŞI, YAŞIN TARiXi

ƏBÜLFƏT MƏDƏTOĞLU
27988 | 2006-12-12 02:05
Həmişə deyirlər ki, tarix təkrar olunur. Sadəcə olaraq, təkrarın içində forma dəyişikliyi, bir də məzmun redaktəsi mümkündür. Yəni zamanın tələbləri həmin o tarixdə öz əksini tapır, fərqi yoxdur, az, yoxsa çox. Bax bu mənada 12 dekabrın "21 Azər" gününün anımı əslində bizi o tarixdən heç də uzaqlaşdırmayıb. İstər Güneydə, istər Quzeydə. Azərbaycan xalqı həmin tarixi öz yaddaşının süzgəcindən keçiribdir. Yaşanıb o tarix, bu gün də yaşanır, sabah da yaşanacaq. Ən azı ona görə ki, o tarix faktla bağlıdır, onun milli istiqlal mücadiləsi ilə bağlıdır.
   
   Bütün dövrlərin özünəməxsus tələbləri olur. Bəzən bu tələblər xalq tərəfindən birmənalı qəbul edilir və öz içində yaşaya-yaşaya onu hətta özünün alətinə, vərdişinə də çevirir. Amma bəzən bu əksinə olur. Dövrün tələbi müəyyən zaman kəsiyini əhatə edir. Elə ki o zaman gəlib öz dövrünü başa vurdu, yəni ötüb keçdi, onda həmin tələb də atılır tarixin arxivinə və onu toz basır.
   
   Biz bir xalq olaraq çox tarixi məqamlarla qarşılaşmışıq və çox tarixi yaşamışıq, çox tarixi də özümüzdə yaşatmışıq. Ona görə də tarixə yanaşanda, ona öz baxış bucağımızdan nəzər yetirəndə bəzən durub dayanmalı oluruq. Ona görə ki, seçmək, saf-çürük etmək müəyyən anlarda problemə çevrilir. Yaşadığımız və yaşatdığımız tarixə həmin o zorən qatılan məqamlar, yəni toz basmış anlar bir kölgə salmağa, bir ləkə olmağa cəhd göstərir. Bax, elə həmin o ləkəli, kölgəli anlara ayrı fondan yanaşmaq, ayrı nəzərlərlə baxmaq özü bir məharət istəyir. Bunu da ki, bəzən ya fərqinə varmırıq, ya da elə-beləcə yanından ötüb keçməklə, özümüzü görməzliyə vurmaqla unutmaq istəyirik. Nəticədə isə hardasa bir qarışıqlıq, bir qaranlıq məqam da yaranır.
   
   Azərbaycan müstəqillik əldə etdiyi gündən üzü bəri tariximizin elə bir günü, elə bir səhifəsi yoxdur ki, orada nəyinsə qeyd olunmadığı, nəyinsə xatırlanmadığı mümkün olsun. Elə içərisində olduğumuz dekabr ayının ilk günündə böyük Məmməd Arazın anımı və bu anım günlərinin bir-birinin mahiyyət və məzmunundan asılı olaraq əvəz etməsi onu göstərir ki, bəli, həqiqətən də bizim təkcə yaddaş tariximiz deyil, həm də yazılı tariximiz də zəngindir və bu zənginliyin içərisində seçim etmək hər kəsin öz ixtiyarındadır. Bax, elə dekabr ayının mənzərəsi bu dediklərimizə konkret bir sübutdur. Onun ilk günü böyük Məmməd Arazın haqqa qovuşduğu tarix, son günü isə Dünya Azərbaycanlılarının Həmrəylik tarixidir. Bu silsilədə Ulu Öndərin vəfatı və digər məqamlar da yanaşır.
   
   Biz ilin bir ayının bu günlə səsləşən tarixini göz önündən keçirdik. Amma bütünlüklə yox, çünki dekabrda ölkənin və xalqın tarixində yeri olan insanların həm də doğum günləri də var. Ona görə də tarixi tarix kimi bilməklə yanaşı, tarix kimi sevmək heç də pis olmaz, ən azı zənginləşmək üçün.

TƏQVİM / ARXİV