adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

YETİM QIZIN ŞÖHRƏT ZİRVƏSİ...

BABƏK YUSİFOĞLU
51835 | 2014-05-06 00:37
İnsanlar dünyaya gəlir, günbəgün, həftə-həftə böyüyür, ilbəil yaşı artır. Sonra verilən həyatı yaşa bilmək üçün hər kəs çox şeyi öyrənməyə ehtiyac hiss edir. Çünki başqa cür mövcud olmaq mümkün də deyil. Əlbəttə, bura həm elm, həm sənət bilgiləri, həm də yaşamaq qaydaları daxildir.
İnsanlar bütün bunların daha sistemli, daha effektli, daha tez qavranılması üçün yollar da axtarıb tapdılar. Yəni, münasib şəxslərdən müəllim kimi istifadə edib bilgilərə yiyələnməyə başladılar. Kitablar, nəzəriyyələr yazıb-yaratdılar. Lakin...
İlk baxışdan bir o qədər də inandırıcı görünməsə də araşdırmalar sübuta yetirir ki, adamlar həyatda yaşamaq qaydalarını elmdən, sənətdən daha gec, daha çətin əxz edirlər. Bəzi sosioloqlar bu nəticəni daha çox həyat şərtlərinin sərt, dəyişkən, gözlənilmməz, güzəştsiz, amansız... olmasıyla əlaqələndirirlər. Onlara görə, inanılmaz qaydalar, qanunauyğunluqlar, dəngələr... elmi və ya sənəti insanlar üçün çox əlçatan edir. Amma həyatda mövcud olmaq üçün qarşıya çıxan çətinlikləri, maneələri, əzabları aşmaqdan ötrü düsturlar, nəzəriyyələr yoxdur. Acılarla, amansız və ya şirin sürprizlərlə dolu olan, heç bir düstura, proqnoza uymayan gerçək həyat var olmağın yeganə müəllimidir. Özü də sərt, güzəştsiz, fasilə bilməyən müəllimi. O, insanı döyə-döyə, söyə-söyə, səhvlərə görə cəzalandıraraq öyrədir. Öyrənmək istəməyənləri, barmaqarası baxanları isə məhv edir...
O da hələ özünü dərk etməyə macal tapmamış, Həyatın şagirdinə çevrildi. Və "müəlliminin" ən acı dərslərinə, zərbələrinə tab gətirdi: təslim olmadan, sınmadang Əlbəttə, bu dərsləri yaxşı öyrənməsəydi milyonlar onu tanıyardılarmı?..

***
Mən dünyalarca məşhur bir insandan danışacağam...
Gözlərinə olduğundan nəhəng görünən, köhnə, qəribə binanın darvazası önünə çatanda bacısıyla onu irəlidə nələrin gözlədiyini bilmirdi. Ətrafını çaşqınlıq içərisində seyr edən bacısı ona sığınmışdı. Bu qızcığazların heç ağlına da gəlmirdi ki, onları evlərindən buraya gətirən bu yollar bir daha geriyə aparmayacaq, yanlarında olan qaşqabaqlı kişi isə - ataları onları Obazindəki bu yetimxanaya qoyub gedəndən sonra bir daha buralara ayaq basmayacaq. Əslində geridə buraxdıqları ürəksıxıcı şeylərdən başqa bir şey də deyildi. Yenicə ölmüş analarının xəstə, dərdli çöhrəsi, çox kasıb evləri... Övladlığa verilmiş qardaşları, atalarının daim yorğun görünən siması...
Çoxları kimi Qabriel də o gündən başlayaraq atasının tezliklə onlara baş çəkəcəyini gözləyidi. Bəlkə də onun uşaq qəlbindəki kiçicik ümidlər idi hələ də doğmalarının arasında olacağına, həyətdə gözlərini uzaqlara dikib qurduğu xəyallara yenidən qapıla biləcəyinə inandıran. Amma olmadı. Günlər keçdi, yad simalar arasında qəribsəyən Qabrielin yollara dikilən gözləri doğma kimsəni görmədi. Və beləcə keçən hər gün onu təkcə keçmişindən deyil, uşaqlığından da uzaqlaşdırıb yaşının üstünə yaş gətirdi...
Valideyn sevgisindən uzaq olmaq necə də çətin idi. Hələ üstəlik həyatın dibindən yüksəlib Fransanın, ondan ötə dünyanın məşhuruna çevirilmək daha inanılmaz idi.
Çox-çox sonralar məşhur qəzetlərin birinə verdiyi müsahibələrinin birində keçmişdəki ən acı sıxıntıları haqda belə demişdi: "Mənim üçün ən böyük tənhalıq gerçək mənada ailəmin olmaması idi. Doğma adamlarımdan yalnız ikicə nəfərlə qarşılaşdım - onlar mənim qardaşım və bacım idi. Elə buna görə də taleyimə minnətdəram. Yanımda mənim nə atam, nə də anam vardı. Və bunun özü də mənim üçün sanki bir mübarizə idi. Əlbəttə, çox arzu edirdim ki, yanımda məni dəstəkləyəcək bir doğmam olsun..."
Bunları söyləyəndə o, artıq dünyanın ən öndə olan, ən məşhur modelyeriydi: Koko Şanel.

QABRİEL

Qabriel 1883-cü il, 19 avqustda Somyurda kasıb bir ailədə doğuldu. Anası Janna adi kəndli qızıydı, atası isə yarmarkada alverlə ailəsini keçindirirdi. Maraqlıydı ki, bu xəyalpərvər qız inadla israr edirdi ki, o, 1893-cü ildə Samyurda deyil, Overnidə anadan olub.
Bioqrafların yazdıqlarına görə, əslində Qabriel elə uşaqlıq yaşlarından başlayaraq hamıdan seçilirmiş. Hətta həmyaşıdlarından fərqli olaraq onun özünəməxsus məşğuliyyətləri də varmış. Uzun-uzadı sakitcə xəyallara qapılması, daha çox müstəqil hərəkət etməsi, yaxud qəbiristanlığa gedib orada saatlarla vaxt keçirməsi çoxlarını təəccübləndirirdi. Çox maraqlıdır, Qabriel orada özünə dostlar da axtarıb tapmışdı. Bəlkə inandırıcı görünməyəcək, Qabriel orada iki qəbiri özünə dost seçmişdi və buna görə onlara qulluq da göstərirdi. Və günlərin birində o ən qiymətli hesab etdiyi "rəfiqəsi"ni - atasının verdiyi köhnəlmiş gəlinciyini həmin qəbirlərin birində basdırdı...
Bəli, Qabrielin özü üçün yaratdığı bir dünyası vardı ki, orada şahzadə təkcə o özü idi. Anasını erkən yaşlarında itirsə də, kiçik bacısı ilə birlikdə yetimxanada böyüsə də o, həmin dünyanın şahzadəsiydi.
Qabriel elə orada oxumağı, yazmağı, daha sonra rahibələrdən tikmək-biçməyi öyrənməyə başladı. İnadkarlığı, dikbaşlığı, həm də bacısının qayğıları onun üçün müəyyən maneələr törətsə də, əlavə problemlər yaratsa da işgüzarlığı, bacarığı, fantaziyaları, hətta məlahətli səsə malik olması işinə çox yarıyırdı. Qabrielin uşaqlıq və yeniyetməlik dövrləri ilə bağlı çox az məlumat olduğu üçün bioqraflar həmin dövrlərdən ətraflı bəhs edə bilməyiblər.

O NECƏ KOKO OLDU?..

Məlumdur ki, yetimxana həyatından sonra Qabriel Bonyer Ana Məryəm kilsəsi institutunu bitirmişdir. Sonra - 18 yaşına girən gənc qız pal-paltar tikmək məsələsində çox gözəl qabiliyyəti olduğu üçün işi də elə o sahədə axtarmağa başladı və tezliklə Mulen şəhərində geyim mağazalarının birində satıcı kimi işə düzəldi. Və bundan sonra bacıların həyatı az da olsa düzəldi.
Onu da mütləq qeyd etmək lazımdı ki, Qabriel eyni zamanda musiqiyə olan həvəsinə də bir yol açmışdı. Belə ki, o, işdən sonra qalan boş vaxtlarında yaxınlıqda yerləşən "Rotondo" adlı kabaredə oxuyurdu. Tezliklə, əvvəldə xatırlatdığım kimi, məlahətli səsi və ifa etdiyi sevimli "Ko Ko Ri Ko" mahnısı dillər əzbəri olmuşdu.
İş o yerə gəlib çıxdı ki, müştərilər, tanıyanlar mahnıya uyğun olaraq onu Koko deyə çağırmağa başladılar. Hətta elə müştərilər vardı ki, onlar kabareyə sadəcə Kokonu dinləməyə gəlirdilər. Həmin dövrdə hamı elə düşünürdü ki, bu gənc qız müğənniliyi seçib bu sənətin ardınca da gedəcək. Lakin həqiqət çox fərqli idi...
Bir çox hallarda Qabriel Bonyer mağazadakı işlərinə görə kabaredəki müğənniliyini tez-tez axsatmalı olur, buna görə əlavə söz-söhbət də eşidirdi. Lakin belə narazılıqların ortaya çıxmasına baxmayaraq Koko - Qabriel mağazadakı işini buraxıb, özünü daha cəzbedici görünən müğənniliyə həsr etməyi düşünmürdü. Və əgər o bunu düşünsəydi çox yəqin ki, dünya şöhrətli modalyer, qeyri-adi bacarığıyla geyimlərini illərlə dəbdə saxlaya bilən Koko Şanel də olmazdı.

KABAREDƏ BAŞLAYAN TANIŞLIQ

Əslində kabare sahibinin də bu qara hörüklü, gözləri qəribə parıltı, yaşından daha kiçik görünən qızcığaza ehtiyacı vardı. Çünki Mulen həm də hərbi qarnizon şəhəri olduğundan zabitlər Kokonu dinləmək üçün tez-tez onun obyektinə gəlirdilər. Günlərin birində kabaredə vaxtını keçirən Etyen Balzan adlı bir zabit Kokonu gördü, qulaq asdı, davranışlarını seyr etdi və ona vuruldu. Bu qızcığaz necəsə başqalarına bənzəmirdi...
Qabriel Şanelin Balzanla tanışlığı bir müddət sonra dostluğa, daha sonra isə mərhəm münasibətlərə malik əlaqələrə çevrildi. Bəzi bioqraflar qeyd edirlər ki, məhz həmin ərəfədə Qabrielin bacısı tanış olduğu bir gəncə qoşularaq onu tərk etmişdir. Və Balzanın həmin dövrlərdəki varlığı onun üçün sanki həyatındakı boşluğu doldurudu. Bundan başqa, o hər şeydən inciyən, məğlubiyyətdən sınan, yıxılmaqdan qorxan xarakterə malik deyildi. Elə bu üzdən də günlərin birində birlikdə olduğu zabitin ona tezliklə bu şəhərdən gedəcəyini söyləməsi gənc qızı sarsıtmadı.
Heç Balzan onda heç ağlına da gətirmirdi ki, Parisdəki ünvanını istəyən kimsəsiz bir qız nə vaxtsa onun ardınca gələ və böyük, qaynar Parisdə onu tapa bilər. Lakin bütün bunlar bir müddət sonra reallığa çevrildi. Günlərin birində öz evinin kandarında Kokonun durduğunu görən Balzan bir neçə dəqiqə bu qarşılaşmaya sevinib-sevinməyəcəyini bilmədi. Sən demə, bu zərif, amma inadkar qız heç də göründüyü kimi deyilmiş...

(Ardi qəzetin 13 may sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV