YUXU

ƏBÜLFƏT MƏDƏTOĞLU
35108 | 2006-12-07 21:52
Mən doğma yurdumdan zor gücünə didərgin düşəndən ikinci dəfədir ki, çox qarışıq yuxu gördüm. İlk dəfə həmin yuxunu Tuğda, 1991-ci ilin oktyabrın 30-dan 31-nə keçən gecə görmüşdüm. Elə vahiməli yuxuydu ki, indi də xatırlayanda içimdə bir titrəyiş, bir nəfəs boğulması duyuram, sanki havam çatmır. Bir növ susuz qalmış balıq kimi çabalayır ürəyim. Bax, onda yuxumu danışmağa dilim gəlmədi, qorxdum ki, çin çıxar, amma danışmasam da çin çıxdı. Məhz oktyabrın 31-də doğma yurd-yuvam talan oldu, yağmalandı.
   
   Və mən bu millətin bir sıra nəfəri kimi bir milyona yaxın qaçqının içərisində əriyib itdim. Adım müxtəlif beynəlxalq təşkilatların yardım siyahılarında, özüm isə gün harda batdısa, orda. Qaldım Bakı ilə Beyləqanın, Əhmədbəylinin arasında. Elə həmin o yuxudan sonra bir daha inandım ki, insanda həqiqətən elə bir duyum hissi var ki, ondan yan keçmək mümkün deyil. Bilmirəm onun adı nədir, amma olacaqları adam elə bil ki, kimdənsə eşidir və yaxud hardansa oxuyur. Və həmin o olacaqlar baş verəndə də qalırsan mat-məəttəl. Bu Allahın möcüzəsidir, yoxsa...
   
   Həmin yuxunun oxşarını da gördüm... Vallah, onu da dilimə gətirməyə qorxuram. Elə bilirəm ki, bu yuxum da çin çıxacaq və ondan sonra bütün ümidlərim puça çıxacaq, Qarabağın yolları üzümə bağlanacaq, qalacam elə Beyləqanın Haramı düzündən üzü Ərgünəşə, üzü Kirsə tərəf boylana-boylana. Allah-Allah, birdən belə olsa onda biz necə dönəcəyik? Axı ümidlərin puç olması Qarabağın əldən getməsi deməkdir. Deyə bilərsiniz ki, bəs 15 ildir necə dözürsən ki? Onda da dözəcəksən. Yox, düz fikirləşmirsiniz, 15 ildir ki, içimdə ümid yaşayır. Hər gün o ümidi suvarıram, göyərdirəm, o ümidə sitayiş edirəm. Birdən-birə bu ümid ölərsə, bu ümid tapdalanarsa, onda bəs ürəyimizdə nə qalacaq? Ümumiyyətlə, ürək bir parça ətdən başqa nə olacaq ki? Bilmirəm, hələ də o yuxunun təsiri altındayam...
   
   Son günlərin mətbuatında, eşitdiyim söhbətlərdə əsas mövzu Qarabağla bağlı aparılan danışıqlar idi. Hələ o danışıqların içindən, yəni lap ortasından xəbərim olmasa da, amma oxuduqlarım məndə bir qəribə hiss yaradıb. Sanki od üstündə yeriyirəm. Bilmirəm, bu eşitdiklərim, bu oxuduqlarım doğrudur, yoxsa yanlış, amma vallah-billah, bunların içərisində bir sürüşkənlik var. Yumşaq desəm, bir başa düşülməyəcək məntiq var. Ona görə də qalırsan çabalaya-çabalaya, qalırsan baş sındıra-sındıra, qalırsan odla-suyun, iki daşın arasında, qalırsan yol ayrıcında və bütün bu qaldığın məkanlarda isə əlini uzadıb yapışacağın ümid işığı yoxdur. Səni harasa istiqamətləndirəcək ümidverici bir hənir duymursan, bir səs eşitmirsən. Bax, elə ona görə də, yuxumu kiməsə danışmağa da ürək eləmirəm.
   
   Doğrudur, müdriklər deyib ki, yuxunu suya danışarlar, aydınlıq olsun deyə. Bunun üçün bulaq başına, çay üstünə getmək lazımdır. Bakıda isə su saatla verilir, yuxunu danışmağa sumu var oturub saatı gözləməsən. Allah axırını xeyir eləsin. Ümid Allahadır.
   
   P.S. Hansısa Pribaltika şairinin bizlərdən kiminsə tərcüməsində qəribə bir bəndi yadıma düşdü"::
   
   
   
   Əgər yuxunda bir gün
   
   Görsən mənim qəbrimi,
   
   Demə, hardan gəldi bu vaxtsız ölüm?
   
   Tərsinə yozulur yuxular, gülüm...
   
   
   
   Kaş yuxuda ağrı görəydim, yozulaydı tərsinə. Yuxuda ağrı görmədim, bəlkə Allahın yazığı gəlib ki, heç olmazsa yuxuda mənə ağrı göstərməyib. Amma yuxular tərsinə yozulurmuş...

TƏQVİM / ARXİV