adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

HAMI DO?MA BiLDiYi DƏRD...

VAHİD ƏLİFOĞLU
20547 | 2006-11-30 01:49

   
   
   
   ...Dünyada hər şeyin öz rəngi var. Yazın yaz rəngi, payızın payız rəngi... Hər rəng yerində olanda gözəldi. Yaşıl rəng yaza necə yaraşırsa, elə sarı rəng də payıza elə yaraşır...Dərd də ağrılar kimidi. Hər ikisi gün batandan sonra gəlir. Dərdin, ağrının rəngi nədi ki? Elə şeylər var ki, nə rəngdə olursa-olsun qəbulsuzdu. Dərdi, ağrını nə rəngdə çəkirsən, çək... Dərd elə dərddi, ağrı da elə ağrı...
   
   ...Biləsuvar yolunun üstündəki çadırların yerində əkilmiş buğda zəmisinə ha baxdım rəngini tapa bilmədim... Torpaq bütün eyiblərin sandığıdı. Elə bil burda heç vaxt çadırlar olmayıb.... Kanalın o üzündəki dəyirmanın tuşuynan iyirmi addım yeridim İrana tərəf. Mənim çadrım burda idi. On il bax burda, hələ bir qarışda olmayan buğda cücərtilərinin boy verdiyi yerdə yaşamışam... On illik yurd yerindən bir iz də yoxdu... Yurd yeri yox olur, itir, batır. Xatirələr ölmür... O da ki, ola çadıra, Qarabağa bağlı xatirələr...
   
   ...Məni bura çəkən, bura bağlayan nədi, axı?
   
   ...Yuxarıda məktəb var idi. Çadır məktəb...
   
   ...Zəminin içiynən bir dəstə uşaq qaçır. Üzü aşağı. Uşaqların hamısının sifəti tanışdı. Qabaqda qaçan iki qızın biri Elgündü, biri də Günel... Məndən ötüb keçdilər... Arvadın səsi gəlir, özü yoxdu"::
   
   -Ay Elgün, ay Günel hara gedirsiniz? Bura qayıdın...
   
   Səsi mən eşitdim, uşaqlar eşitmədi...
   
   ...Ramiz müəllim maşından düşən kimi deyir"::
   
   -Yoldaşına de, bir gilənar mürəbbəsiynən çay dəmləsin...
   
   ...Heç vaxt içəri keçməzdi. Çadırın hündürlüyü boyuna uyğun gəlmirdi. Deyirdi ki, içəri keçsəm gərək yerdə oturam...
   
   ...Əyləşərdik qapıda. Stulu, stolu qoymazdı yaxına. Bir döşəkçə atardı köhnə, paslı neft "kanistir"inin üstünə... Qabaq stolumuz da sınıq-salxaq yeşik...
   
   ...Ağdamdan danışardı. Ağdamdakı evindən, dostlarından, qohum-əqrabadan... Danışardı, danışardı kövrələrdi... Gözləri atasının, anasının üzünü görməmiş yetim uşaq gözlərinə oxşayırdı, Ramiz müəllimin... Onun kədərlə siləbəsilə gözlərinə baxanda atamın, anamın nə vaxtsa olduğuna şübhə edirdim...Söhbəti tez dəyişirdi... Keçirdi şerə, ədəbiyyata...
   
   ...Ənvər Əhməddən danışırdı, Aqil Abbasdan danışırdı, Rəşad Məciddən danışırdı...
   
   ...Ramiz Məmmədzadə o vaxtlar köçkünlərin işi üzrə məsul vəzifədə işləyirdi. Biləsuvara çatar-çatmaz gəlirdi çadıra, bizə. Rayon rəhbərliyə Ramiz müəllimin "izinə" düşüb bizdə tapırdı... Bir dəfə rayonun yüksək vəzifəlilərindən biri elə mənim yanımda dedi"::
   
   -Ramiz müəllim, sən Allah bizi niyə biabır edirsən. Sənin vəzifən hara, bu qaçqının çadırı hara?..
   
   ...Ramiz müəllim belə kişiydi, onda. Elə indi də həmin kişidi...
   
   Təəccüb qalırdımki, belə incə təbli, kövrək qəlbli insan necə dözür bütün bu dərdlərə... Şairi heç vaxt belə vəzifələrə qoymayın, qardaşlar! Özü də belə şariri...
   
   ...Məni indi Haramıda tez-tez xatırlayıram Ramiz Məmmədzadəni. Savadına, biliyinə, bacarığına görə çox-çox məsul vəzifələrə layiq görülmüş, amma şairliyinin qiymətini almamış Ramiz Məmmədzadəni...
   
   ...Axırınıc dəfə televiziya ekranında gördüm onu. Aparıcı çox dirəndi, amma Qarabağ haqqında şer oxumadı...
   
   Ramiz müəllim elə belə qəsdən köhnə şerlərini, tamam ayrı mövzuda olan şerlərini oxuyurdu. Qarabağlı olasan, amma Qarabağ haqqında şer oxumayasan. Mən bildim Ramiz müəllim o mövzuda niyə şer oxumadı. Amma aparıcı qız bilmədi. Qız heç bilə də bilməz. Çünki çadırda yaşmayıb. Mən ona görə bildim ki, on il çadırda yaşamışam. Bir də indi mənim də Füzulidəki evim Ramiz müəllimin Ağdamdakı evi kimdi...
   
   ...O verilişdən sonra Ramiz müəllimin bir şerindən bəzi şeyləri oğurladım. Niyə elə o şerdən. Bax bunu özüm də bilmədim... Ramiz müəllim, halal elə qardaşına bu "oğurluğu""::
   
   
   
   ...Qapaqsız tabutdu,
   
   Sahildəki qayıqlar,
   
   Açıq gözlərinə
   
   qum dolmuş balıqlarıynan...
   
   Nəfəsliksiz soğan
   
   anbarıdı Bayıl,
   
   Məhkəmə zalları
   
   Göz yaşlarıyan dolu,
   
   Haqlı, haqsız...
   
   ...Türmənin göylərində
   
   Qara paltarlı qadın kölgələri...
   
   ...Evinin pənəcərəsin
   
   Aç pişiklər kimi,
   
   Nə qədərki kameraların
   
   rəzələri kilidlidi,
   
   Özü boyda türmə qapısına dönər,
   
   Öz baxtına, öz taleyinə,
   
   Əri türmədə olan qadınlar...
   
   ...Əkilən ağaclar
   
   yarpaqsız, meyvəsiz,
   
   Kəndiri yellənən
   
   dar ağacları.
   
   Yetim uşaqları
   
   Ümidsiz, kədərli
   
   gözləridi,
   
   Bozarmış dizlikləridi,
   
   Bayılın dənizə sürüşən
   
   Gülsüz, çiçəksiz
   
   yamacları...
   
   ...Kişi adına oxunan
   
   Bütün
   
   məhkəmə hökmləri
   
   Ən azı,
   
   Bir qadın gözəlliyinin payızıdı...
   
   
   
   ...Ramiz müəllim, bilmirəm bu şer necə alındı? Hər halda ideya sizindi...
   
   ...Quruçaydan, bulaqdan 20-30 litr bulaq suyu gətirmişəm. Gilənar mürəbbəsi də ki, bir aya bəs edər... Bəlkədə bizdə, Haramıdakı qəsəbədə, 195 nömrəli iki otaqlı evin həyətində bir çay içək? Necə bilirsən, Ramiz Məmmədzadə? Çoxdandı Füzulidən danışmıram kiməsə, çoxdandı Ağdamdan kimsə danışımır mənə...

TƏQVİM / ARXİV