adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

İKİ GÜN SONRA...

MƏZAHİR ƏHMƏDZADƏ
64313 | 2014-05-03 06:11
...mayın 5-dir. SSRİ-nin mövcud olduğu vaxtlarda da indiki kimi müxtəlif bayramlar, günlər keçirilir və qeyd olunurdu. Təbii ki, müstəqillik illərində keçmiş ittifaq respublikalarının bayramlarında əsaslı fərqlər yarandı və hərə öz bayramını, bayramlarını seçib müəyyənləşdirdi. Bütün bunları artıq hamı bilir və yaşayır. SSRİ zamanı ən əsas dövlət bayramları Yeni ildən başlayaraq 8 Mart Beynəlxalq qadınlar günü, 1 May, 9 May Qələbə günü, 7 noyabr böyük oktyabr sosialist inqilabının il dönümü və 5 dekabr Konstitusiya günü idi. İstirahət günü hesab olunmadan yaşanan bayram səviyyəli tarixlər isə demək olar ilin bütün aylarına təsadüf edirdi. Bəzən hətta ay ərzində 2-3 dəfə. 23 fevral, 12 aprel, 22 aprel, 28 aprel, 19 may, 1 iyun, 5 oktyabr, 29 oktyabr, 10 noyabr... və sairə. Və saysız-hesabsız peşə bayramı günləri... Mən yuxarıda sadaladığım tarixi günləri açıqlamadan ötürüb keçdim. Onsuz da həmin günlərin əksəriyyəti qeyd olunmur, getdikcə unudulur. İndi yaşı 30-dan aşağı olan vətəndaşlarımızın heç 1 faizi də tam şəkildə 19 mayın, 29 oktyabrın, 10 noyabrın... hansı məna daşıdığını bilməyəcək. Artıq tarixin arxivinə göndərilmiş pioner və Lenin komsomolu günləri kimə lazım olacaqdı ki?...
...Və bir sovet mətbuatı günü də var idi. Hər il may ayının 5-də, 1 may və 9 may bayramlarının təntənələri arasında yada düşüb yola verilirdi. O mətbuat ki, ölkədə keçirilən bütün bayramları, bayram səviyyəli tarixi günləri, eləcə ayrı-ayrı peşə günlərini işıqlandırırdı, vaxtaşırı nömrələr, səhifələr, guşələr hazırlayıb oxucuları məlumatlandırırdı, çoxlarını sevindirirdi, ruhlandırırdı. Bu bayramlarda partiya-sovet rəhbərlərinin çıxışları təqdim olunurdu, görkəmli şəxdiyyətlər, müharibə və əmək qəhrəmanları, müxtəlif peşə sahibləri haqqında məqalələr dərc edilirdi. Bu bayramlarda sovet cəmiyyətinin öncüllərinə və ya ölçü-biçiyə uyğun gələnlərə çoxlu orden-medallar paylanırdı, adlar, rütbələt, digər mükafatlar verilirdi. Bu bayramlarda mətbuat öz qəzet və jurnalları ilə bütün ölkəni bəzəyirdi, təntənələri daha vüsətli hala gətirirdi. Əksər nəşrlərin yeknəsəkliyinə baxmayaraq hərənin əlində ən azı 2-3 qəzet olardı. Yəni adi günlərdə də...
5 may mətbuat günü 1912-ci ildən nəşrə başlayan "Pravda"nın nüfuzuna hesablansa da jurnalistlərə gözlənilən qayğı və diqqət yox idi. Sovet dövləti başqa peşə, ixtisas sahibləri ilə müqayisədə jurnalistlərdən umulduğundan daha çox vətəndaş mövqeyi, partiyalılıq tələb edirdi. İdeologiyanın təbliğatçılarının başı üzərindəki "Domokl qılıncı" - sərt senzura əbədi ayıqlıq və narahatlıq demək idi. Çoxları unuda bilər, ancaq əsl həqiqət bu idi ki, mətbuat işçiləri gecə-gündüz çalışmalı, verilən cüzi maaş və qonorara "bərəkət" deyib adi siqaret satandan da maddi cəhətdən aşağı yaşamağa dözməliydi. Jurnalistlərin əmək fəaliyyətlərindən yazdıqları mexanizatorlar, tornaçılar, ekskavatorçular, tikişçilər, üzümçülər, pambıqçılar, təmirçilər, maşınqayıranlar, neftçilər, tütünçülər, inşaatçılar... ucdantutma partiya sıralarına qəbul olunur, qurultaylara nümayəndə seçilir, ali sovetin deputatları olur, orden-medallara layiq görülür, xarici ölkələrə göndərilir, pulsuz putyovkalar alırdılar. Jurnalistlərə bütün bu diqqət və imtiyazlardan çox cüzi pay düşürdü. O da ən yuxarı vəzifədə olanların... yenə də çox cüzi qisminə. Jurnalist oden-medalı heç yuxusunda da görə bilməzdi. 5 may mətbuat günündə babat bir dövlət tədbiri də keçirilməzdi. Sakit, yığcam bir günün yaddaşı... Bir neçə qəzet redaktoruna da "Qızıl qələm" mükafatı - ən yaxşı halda.
O vaxtlar əsl peşəkarlar, əsl jurnalistlər üçün bu adın belə əzablı yollarına rəğmən, həm də bu qədər cazibədar olduğunu hələ də tam anlaya bilmirəm. Baxmayaraq özüm də içimdəki etirazlarım və "başqa cür" düşüncələrimlə həmin ömrü müstəqilliyimizə qədər bir xeyli yaşamışam.
5 mayı qabaqcadan xatırlatmaqla başqa məsələlərdən də söhbət açmaq mümkündür. İndiki halda bir neçəsi kifayət edər, zənnindəyəm. O vaxtlar jurnalistika fakultəsinə qəbul iş stajı ilə bərabər, yaradıcılıq nümunələrinin təqdimi ilə reallaşırdı. Jurnalistika universitet və digər bütün ali məktəblər daxil, yeganə fakultə idi ki, burada tələbədən rüşvət alınmayıb və alınmır da. Heç kənardan gələn müəllimlərə də (qeyri-ixtisas fənləri üzrə) fakultənin ümumi havası buna imkan verməzdi. Ali məktəblərin bütün ixtisaslarının təyinatı təhsil nazirliyi ilə yanaşı uyğun nazirliklər tərəfindən müəyyənləşdirilib bölünürdü. Junalistika fakultəsinin təyinatları mərkəzi komitədə həll olunurdu - mətbuat bölməsinin təqdimatı ilə. Tələb diqqət və fərqlənmə bax, bu şəkildə idi. Başadüşülən və başadüşülməyən cəhətləri ilə birlikdə.
...Stajlı jurnalist kimi indiki halda bir məsələni diqqətə çatdırmağı özümə borc bilirəm. Azərbaycan Respublikası qismən Pribaltikanı çıxmaq şərtiylə keçmiş SSRİ məkanında ən demokratik və inkişaf etmiş mətbuata malikdir. Bunu danmaq vicdan məsələsi olardı. Respublikaların heç birində tənqidçi - müxalifət mətbuatı bizdəki kimi sərbəst fəaliyyət göstərə bilmir. Üstəlik Prezidentin qayğı sərəncamları bütün qəzet və jurnalları, saytları, televiziya kanallarını əhatələyir. Orden-medal, ev, fəxri ad və digər mükafatlar normal qaydalarla təqdim olunur. Mətbuatın inkişafı üçün dövlət tərəfindən ayrılan vəsait, necə deyərlər, rentabelsiz fəaliyyət göstərən və yaxud belə bir məcburiyyətdə qalan nə qədər qəzetlərin xilaskarı olub. İqtidar, müxalifət, müstəqil...
Ölkə yüksək inkişaf yolundadır, mətbuatımız da inkişaf edir. Bütün bunlar yaxşıdır,mətbuatın daha sərbəst və düzgün gələcəyinə də yollar açır. Bəs pis olan nədir?
İlk növbədə demokratiyanın yaratdığı şəraitdən və bu şəraitə sinonim olan digər səbəblərdən qeyri-peşəkarlığın daha çox mətbuat sistemində formalaşması; ömründə normal bir məqalə yaza bilməyənlərin redaksiyalara yol tapması; bu azmış kimi qeyri-ixtisas sahiblərinin redaktorluq iddiaları və buna nail olmaları (nümunəvilər və yüksək istedad sahiblərini bu bölgüyə aid etməyək); mətbuatın pis mənada yeni zümrəsinin yaranması - rekert və dilənçi obrazlı qəzetçilər qismində; ölkədə gedən yüksək quruculuğu, inkişafı "qara eynəklə" görüb, "qara qələmlə" yazanların yalançı vətənpərvər iddiaları; peşəkarların və dürst jurnalistikanın bu tip neqativlərə qarşı əlbir ola bilməməsi (müstəqil, iqtidar və tənqidçi mətbuatın timsalında); və ən nəhayət qərəzli və böhtançı mətbuat işçilərinin, cibində 4-5 qəzetin vəsiqəsini gəzdirənlərin, fürsət düşəndə bəzən çalışdığı qəzetin deyil, başqa qəzetlərin adından da təşkilatlara üz tutan yaramazların özlərini jurnalist adlandırması!
Bu qədər əcaib məsələlərin fonunda gerçək Azərbaycan mətbuatı cəmiyyətin arzu və istəklərini əks etdirib güvənilirsə, sevilirsə, auditoriya qazana bilirsə, gələcəyə ümidli olmalıyıq. Xalqına və dövlətinə xidmət edən mətbuat qarşıya çıxan hər hansı maneəyə, çətinliyə baxmayaraq yenə irəli gedəcəkdir. Elə bu səbəbdən də bizim bayramımız tamam başqa bir günün işığında əsl adına qovuşub ki, bu da bizim fəxr yerimizdir.

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV