BAĞIŞLA, BƏXTİNİ AÇA BİLMƏYƏCƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
79665 | 2014-05-03 05:08
Yolu keçmək istəyirdim, balaca bir uşaq məni lap girinc eləmişdi. Az qala pencəyimin ətəyindən yapışıb pul istəyirdi. Bir-iki dəfə dayandım, əlimi ciblərimə atdım. Xırda pul tapmadım. Ona görə də "əl çək, a bala, pulub yoxdu" - deyib yolumu davam etdirdim. Uşaq ardımca nəsə öz-özünə başa düşmədiyim bir dildə mızıldandı. Bir anlıq dayandım, istədim soruşam ki, "Nə mızıldanırsan? Nə deirsən? Axı sənə başa saldım ki, xırda pulum yoxdug" Amma sonra fikrimdən daşındım...
Başımı qaldırıb ətrafa baxmaq istəyəndə qarşımda onu gördüm. Yolun qadağan olunmuş hissəsindən (hamı kimi - Ə.M) tələsik keçdiyimdən onu görməmişdim. O yol nişanı kimi dayanmışdı düz qarşımda. Çox qəribə baxışları var idi. Canı yanmış özü də suyuşirin bir gəlin idi. İstər-istəməz onu başdan-ayağa süzdüm və elə həmin o məqamda da:
- Buyur, eşidirəm, nə lazımdı? - deyə sual etdim.
Sanki onunla danışmırdım, öz aləmimdə idim. Gözlərini düz gözümün içinə zilləmişdi. Baxışlarından bir balaca narahat oldum. Hiss etdim ki, o baxışlar mənim iç dünyamda axtarış aparır. Özümdən asılı olmadan əlimi ürəyimin üstünə qoydum. Gülümsədi. Elə bil ki, onun baxışlarını iç dünyamda hiss etdiyimi anladı. Və bir az şirin ləhcə ilə həmin o təbəssümün işığında dilləndi:
- Mənə heç nə lazım deyil, amma sənə lazımdı...
Doğrusu, nə bu cavabı gözləyirdim, nə də o baxışların təsir dairəsindən çıxa bilirdim. Sanki məni hipnoz etmişdi. Özümdən asılı olmadan yenə dedim:
- Sən nə bilirsən ki, mənə nə lazımdı?
Yenə öncə dinmədi, yenə həmin baxışlarla məni ələk-vələk etdi. Artıq hiss edirdim ki, bu qaraçı xanım bütün ixtiyarımı əlimdən alıb, onun təsir dairəsindən çıxa bilmirəm. Ona görə də səbirsizliklə nə deyəcəyini gözlədim. O da fürsəti əldən vermirdi. Çünki tam arxayın idi ki, öz istəyinə çatacaq və onun təsiri altında olduğumu qiymətləndirmək onun öz xeyrinə olacaq. Mən bunu həmin o qaraçı xanımdan ayrılandan sonra dərk etdim. Anladım ki, bu da bir peşəkarlıq, bu da bir məharətdi. Həyatımda ilk dəfə könüllü şəkildə qaraçının istəklərini yerinə yetirdim.
- Cavan oğlan, (təbii ki, bu qaraçı xanımın özünəməxsus komplimenti idi - Ə.M) sol əlini ver mənə.
Əlimi uzatdım. Əlimi ovcuna alıb əvvəlcə çox məhrəm bir adam kimi sağ əliylə sığalladı. Hiss etdim ki, əlim onun ovcunun içində titrəyir, həm də barmaqlarımın ucu isinir. O təkrar əlimi sığalladı və sonra da ovcumun içindəki xətləri başala barmağıyla sanki xətt boyunca sağa, sola, müxtəlif istiqamətlərə öz dilində nəsə pıçıldaya-pıçıldaya "oxudu". Və hər dəfə xəttin birini sona çatdıranda başını qaldırıb üzümə baxırdı: yenə həmin baxışlarla. Və mən də bayaqdan tələsdiyimi, gecikdiyimi tamamilə unutmuşdum. Çox rahat bir şəkildə əlim onun ovcunun içində gözləyirdim. Bircə onu hiss edirdim ki, yanımızdan gəlib keçənlər ya söz atır, ya rişxənd edir, ya da boylanıb öturdu. Başqa vaxt olsa kənar adamların reaksiyalarından bəlkə də sıxılardım. Amma inanın ki, indi o sıxıntı da yoxdu...
- Çox maraqlıdı...
- Nə maraqlıdı?
- Bəxtiniz. Amma inciməyin, mən onu aça bilməyəcəm...
Bir anlıq onun üzünə baxdım, əlimi ovcundan çəkmək istədim. Buraxmadı. Mən sanki onun nə dediyini beynimdə, içimdə kitab kimi vərəqləyirdim. Anlamağa çalışırdım ki, o nə dedi və ümumiyyətlə niyə belə dedi. Yenə qaraçı xanım fürsətdən yararlandı.
- Bilirəm, ziyalı adamsınız. Bir az da dəqiq desəm, yazı-pozuyla məşğulsunuz. Çox çətinliklərdən keçmisiniz, müharibə görmüsünüz, şəhidlər vermisiniz, həyatın ağırlıqlarını çox çəkmisiniz. Amma inanın ki, bəxtinizə düşənin bu heç də hamısı deyil və mən də sizin bəxtinizi aça bilməyəcəm.
Bir az özümə gəldim, necə deyərlər, ürəkləndim:
- Mənim bəxtimə noolub ki? Sən nəyi açmaq istəyirsən ki?
Bu dəfə o, sualıma dərhal cavab verdi:
- Gəl mübahisə eləməyək. Mən axı dedim nələrdən keçmisən. Yaxşı da bir ailən var, uşaqların, nəvən var, hamısından razısan. Çətinliklərdən qorxmursan, naşükür deyilsən. Ən vacibi, dərdi özünə qardaş sayırsan. Allah nə veribsə, nə göndəribsə, onunla razılaşırsan. Ona görə də mən sənin bəxtini aça bilməyəcəm.
Təbii ki, bütün bu deyilənlər mənə bəlli olan gerçəkliklər idi. Bu qaraçının mənim gözlərimin içindən, ovcumdan oxuduqları da təzə bir söhbət deyildi. Ancaq özünün dediyi kimi, bəxtimi niyə aça bilməməsi indi də məni maraqlandıran suala çevrildi. Bu dəfə də mən ondan əl çəkmədim. Öncə əlimi cibimə salıb iki manat çıxardım, ona tərəf uzatdım və dedim:
- Doğrusunu de, bəxtimdə dolaşıq nə var ki, aça bilmirsən?
Pul uzatdığım əlimi geri itələdi. Bu da mənə çatmadı. Qaraçının pul götürməməsi çox təəccüblü oldu:
- Mən bəxtini, falını demədiyim adamlardan heç vaxt götürmürəm. Sənin də falını, bəxtini deməyəcəm. Bayaq dedim də sənə, sən dərdi özünə ən doğma adam hesab edirsən. Belə adamların bəxtini demək də olmaz, açmaq da olmaz. Onlar özləri öz yollarını müəyyənləşdiriblər.
Qaraçı xanım bayaqkı təbəssümlə məni bir də süzüb yolumdan kənara çəkildi. İnanın ki, dayandığım yerdən addım atmaq gücüm qalmamışdı. Uzaqdan bir də üzüm güldü və mən yalnız bundan sonra hara tələsdiyimi, hara gedəcəyimi xatırlayıb ona baxa-baxa yoluma davam etdim. Uzun müddət nə o baxışları, nə o gözəlliyi, nə də onun demək istəmədiyini yadımdan çıxara bilmədim.
İndi bu yazını diktə edərkən hardansa yadıma yenə çox-çox uzaq illər bundan öncə, lap tələbəliyimin ilk illərində, özü də Azərbaycandan xeyli uzaqda, yəni Moskva metrosunda məndən bir rubl alıb falımı oxuyan qaraçı düşdü. Həmin vaxt o qaraçı bildirmişdi ki, səni çox çətinliklər gözləyir... səni evindən qovacaqlar, amma axırı yaxşı olacaq.
Bilmirəm, bu qaraçıların bir-biriylə əlaqələri, bağlılıqları var idi, yoxsa yox, amma etiraf edirəm ki, Moskva metrosunda üzümə oxunan falı elə ordaca unutmuşdum. Tələbə dostlarla birlikdə öz aləmimizdə məzələndiyimiz həmin o qaraçıdan ayırlandan sonra özümüzü ayaqüstü kafelərdən birinə verib, rus arağı vurub qaraçını bir də xatırlayıb gülmüşdük. İndi isə...

İçimdəki zərrə-güman
Ovuna bilmirəm hələ...
Mən qumdan da yumşaq adam-
Ovula bilmirəm hələ!

Çınqı-çınqı közərdkicə
Çınqı közdən köz dərdikcə...
Qəm özünü göstərdikcə -
Ovuna bilmirəm hələ...

Ümidlərim içib, dəmdi
Kipriyimin ucu nəmdi...
Bu bostanda şum da qəmdi -
Sovula bilmirəm hələ!

Əlim ələ kömək atmır
Xilaskarım mələk yatmır...
Saxlamağa gücüm çatmır -
Qovula bilmirəm hələ...


** *

Mənə görə söz adamlarının ən böyük problemi bəlkə də həyat məsələlərindən biri yaddaşla bağlıdı. Yəni onların yaddaşına naxış salan heç nə unudulmur, izsiz-tozsuz silinib getmir. O mütləq hardasa öz naxışını işarələyir. İllər, aylar ötsə də, günün, saatın birində boy göstərir, varlığını xatırladır. Söz adamı da yaddaşının işığı altında həmin o naxışları yenidən oxuyur, yenidən yaşayır. Bu mənada yazımın əvvəlində diqqətinizə çatdırdıqlarım ömrün iki məqamını, iki anını bir-birinə elə bağladı, elə əlaqələndirdi ki, mən bunun nə vaxtsa belə olacağını heç ağlıma da gətirməmişdim.
Bəzən deyirlər ki, təsadüflər var və bu təsadüflər də bütünlüklə zərurətlərdən irəli gəlmir. Yəni öz axarına da, elə-belə gözlənilmədən də nəyəsə təsadüf etmək mümkündü. Təəssüf ki, biz gözləmədən, istəmədən, zərurət duymadan yaşadığımız təsadüflər də əslində bizim üçün bir tale hədiyyəsi, bir bəxt yazısıdı. Çox da ki, biz onu oxuya bilmirik. Amma o, hardasa, nə vaxtsa üzümüzə oxunur...
Şəhərin demək olar ki, gur olan yerlərini gəzib-dolaşıram. Özü də məqsədli şəkildə. İstəyirəm ki, o qaraçı xanımla qarşılaşım, ürəyimdə ilişib qalan o sözlərin "sim-sim"ini ondan alım. Ancaq neyləyim ki, onunla rastlaşmırıq. Ona görə də bəzən xəyala dalıb özüm-özümə təsəlli verib inandırmaq istəyirəm ki, bəlkə heç o qaraçı xanım olmayıb, məni qara basır... Düzü, bunun özünü də fikirləşmək gülüş doğurum, amma neyləyim ki, mən səmimiyyətdən kənara çıxa bilmərəm. Yazının əvvəlində bütün məqamları səmimi etiraf etmişəmsə, sonunda da o səmimiyyəti qoruyub saxlamağa borcluyam, xüsusilə diqqətli oxucularımın qarşısında. Onları narazı salamaq mənim ən birinci vəzifəmdi. Çalışıram ki, bu vəzifəni də bacardığım qədər normal bir şəkildə icra edim.
Hə, bu qarışıq dünyada fikirlərin də qarışıq, dolaşıq düşməsi bəlkə də bir təbii prosesdi. Amma bütün təbii olanların ən təbiisi zənnimcə etirafdı. Mən də həyatda dərdə, qəmə, sevincə, sevgiyə, həsrətə könül verdiyimi həmişə etiraf etmişəm və vurğulamışam ki, bütün yazdıqlarım sevgidəndi, sevgiyədi. Amma neyləyim ki, bu yazdıqlarım, təkcə çap etdirdiklərim yox ha, hətta üzümü dan üzünə tutub oxuduqlarım da heç nəyi dəyişməyib. Bilmirəm, daha nə yazım, nə edim ki, ürəyimcə olsun, sənin könlünə insaf cücərtiləri səpsin. Məhz o göyərən, daha doğrusu, göyərəcəyinə ümid etdiyi sevgi üçün yazıram:

Qovulan da mənəm,
qaçan da mənəm
Sənə qollarını açan da mənəm
Sənin sorağına uçan da mənəm -
Daha nə edim ki, könlün xoş olsun?!

Əzablar verirsən - çəkib, dözürəm
Çiçək istəyirsən - tərin üzürəm...
Onu qədəminə bir-bir düzürəm -
Daha nə edim ki, könlün xoş olsun...

Ürəyim yanında qışı yaz bilib
Yaşanan həsrəti - işvə, naz bilib
Olan görüşləri sayca az bilib -
Daha nə edim ki, könlün xoş olsun?!

Ömür göz qırpımı, il barmaq sayı
Çəkilib mənim də oxumun yayı
Sənə həsr elədim, bu ömür payı
Daha nə edim ki, könlün xoş olsun...

Hə, hələ də bəxtimin bundan sonrakı yozumunun nə, necə olacağını bilməsəm də, amma sənə, bütövlükdə sevgiyə bütün varlığımla əsir düşdüyümə, onun pərvanəsi olduğuma tam əminəm. Hər kəsi də sevgi pərvanəsi olmağa səsləyirəm!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV